525.Az

Şeyx Səfiəddin haqqında dəyərli tədqiqat əsəri - Yeni nəşr


 

Şeyx Səfiəddin haqqında dəyərli tədqiqat əsəri - <b style="color:red">Yeni nəşr </b>

Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, tarix üzrə elmlər doktoru Mehman Süleymanovun bu günlərdə Azərbaycan xalqının, eləcə də islam mədəniyyətinin parlaq tarixi şəxsiyyətlərindən biri olan, Səfəvi təriqətinin mürşidi, Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin ulu babası, böyük kəramət sahibi Şeyx Səfiəddinin həyat yoluna həsr olunmuş "Səfəvilər. Şeyx Səfiəddin Ərdəbili" adlı iri həcmli monoqrafiyası çapdan çıxmışdır.
 

Bu monoqrafiya müəllifin uzun illərdən bəri apardığı araşdırmaların nəticəsidir. Müəllifin qeyd etdiyi kimi, Şeyx Səfiəddinin həyat yolu, yaradıcılığı və irsi bir araşdırmaya sığmayacaq qədər geniş olsa da, onun haqqında ayrıca bir monoqrafiyanın çapı Azərbaycan tarixşünaslığında, bütünlükdə isə dünya səfəvişünaslığında ilk cəhddir. Bu əsərlə tanışlıq elmi şəkildə bir daha onu göstərir ki, Azərbaycan xalqının və ictimai mühitinin  yetişdirdiyi bu nadir şəxsiyyət zəmanəsinin ictimai-mənəvi həyatında çox ciddi dəyişikliklərə yol aça bilmiş, minlərlə, on minlərlə, bəlkə də milyonlarla insanı öz şəxsiyyəti və əqidəsi ətrafında birləşdirmiş, onların baxışlarında və dünyagörüşündə bir oyanış yarada bilmişdi. Bundan əlavə XIII-XIV əsrlərin kəsişməsində uzun bir ömür sürmüş bu dahi və müdrik şəxsiyyət öz elmi, biliyi, istedadı və qabiliyyəti ilə dövrünün ən kütləvi dini təriqəti olan Səfəvi təriqətini yaratmaqla Azərbaycan tarixində yeni bir mərhələ olan Səfəvi dövlətinə aparan yolun başlanğıcını qoyub.

Yenicə çapdan çıxmış bu tədqiqat əsərindən göründüyü kimi, dövrünün böyük mütəfəkkirləri də Şeyx Səfiəddinin fenomenal istedadına və biliyinə heyranlığını gizlətməmişdi. Məsələn, mürşid axtarışında olan gənc Səfiəddin Şərqin böyük mütəfəkkiri Sədi Şirazi ilə görüşərkən bu mütəfəkkir Səfiəddinin axtarışında olduğu biliklərə cavab vermək gücündə olmadığını etiraf etmişdi. Ayrılarkən Sədi Şirazının öz əli ilə tərtib etdiyi divanını isə Səfiəddin qəbul etməmişdi. Səfiəddin ona bildirmişdi ki, sənin divanınla Tanrıya yetişmək olmaz. Sədi Şirazi bu cavabı yazdıqlarının Səfiəddinin zəkasına yetişəcək səviyyədə olmaması kimi qəbul etmişdi. Dövrünün başqa bir mütəfəkkiri olan Zahidiyyə təriqətinin mürşidi Şeyx Zahid Gilani də Şeyx Səfiəddinin zəkasını yüksək qiymətləndirmiş və onu özünün varisi elan etmişdi.

M.Süleymanovun əsərində Şeyx Səfiəddinin bir etiqad və kəramət sahibi kimi, dini elmləri bilən zəkalı insan kimi, Azərbaycanın və eləcə də bölgənin ictima-mənəvi həyatında iz buraxmış mürşid kimi, Azərbaycan dilinin və ədəbiyyatının inkişafında böyük rolu olan mütəfəkikir kimi elmi-tarixi portretinin yaradılmasına cəhd göstərilmişdir. Qeyd etmək lazımdır ki, səfəvişünaslıqda, Azərbaycanın təriqət tarixində mövcud olan boşluğun aradan qaldırılması istiqamətində bu əsər diqqəti cəlb edə biləcək bir araşdırmadır.

Əlavə etmək istərdik ki, M.Süleymanov Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Səfəvilər sülaləsinin dəyərli təmsilçisi Şah Təhmasib haqqında iki cildlik monoqrafiyası üzərində işini də başa çatdırmaq üzrədir və növbəti il Azərbaycan səfəvişünaslığı üçün elmi əhəmiyyət kəsb edəcək həmin əsər də çap olunacaq.

Gülsurə HÜSEYNOVA

 





20.11.2019    çap et  çap et