525.Az

"Qara ağrım Qarabağım..." - Allahşükür Qurbanovun şeirləri


 

"Qara ağrım Qarabağım..." - <b style="color:red">Allahşükür Qurbanovun şeirləri </b>

İlahi işığın nuru üzündə

Vasim Məmmədəliyevin əziz xatirəsinə

Bu elə, torpağa tale töhfəsi,
Ata ocağının gur işığıydın.
İrfanın, imanın, göylərin səsi,
Kürsülər, məclislər yaraşığıydın.
  
İlahi işığın nuru üzündə,
Mərifət gül açmış hər bir sözündə,
Səmavi sirr vardı gözəl səsində,
Haqdan yaranmışdın, Haqq aşiqiydin.
  
Saysız xidmətlərin sənin adını,
Zamandan zamana daşıyacaqdır.
Alim, gözəl insan, müəllim adın
Əziz xatirətək yaşayacaqdır...

Mən tariximdən gəlmişəm

Yurdum odlar diyarıdır,
Mən işığam, mən atəşəm,
Zülməti yarmaqdır peşəm.
Vətənə anam demişəm,
Mən tariximdən gəlmişəm.

Oğuz xanın nəvəsiyəm,
Ulu tarixin səsiyəm,
Soruşma nəyin nəsiyəm,
Mən tariximdən gəlmişəm.

Qılınc mənəm, qələm mənəm,
Dünyaya ilk gələn mənəm,
Var olmaqçün ölən mənəm,
Mən tariximdən gəlmişəm.

Var olmuşam, olacağam,
Daim alışan ocağam,
Dosta açılan qucağam,
Mən tariximdən gəlmişəm.

Atəş olub yaxan mənəm,
Şimşək olub çaxan mənəm,
Düşmən evin yıxan mənəm,
Mən tariximdən gəlmişəm.

Əsir Şuşam, Cıdır düzüm,
Həsrətinə necə dözüm?!
Bu dərdin çarəsi özüm!
Mən tariximdən gəlmişəm.

Qara ağrım Qarabağım,
Muğamlı doğma torpağım,
Sənə dönəcək bayrağım,
Sən tariximdən gəlmisən.

Ünvanına ağ yalanlar yazsalar da,
Tarixinə saxta möhür bassalar da,
Səm Simurqsan, dəyişməzsən, ölümsüzsən,
Sən mənimsən, parçalanmaz, bölümsüzsən,
Tariximdə öz adınla qalacaqsan,
Sən tariximdən gəlmisən!
Əsgər nəğməsi

Torpağımız qanla sulanmış bizim,
Ürəyimdə düyünlənibdir sözüm.
Düşmən tapdağına yox artıq dözüm,
Ey Vətən övladı, a canım, gözüm,
Marş irəli, marş Vətən imdadına!

Torpağımız, namusumuz, şanımız,
Bu uğurda əsirgənməz qanımız,
Tələb edir dinimiz, imanımız,
Gəl eloğlu, gəl birləşək hamımız,
Marş irəli, marş Vətən imdadına!

Lap sümüyə dayanıb artıq bıçaq,
Bir bayraq altına! Nə sol, nə də sağ,
Sənin, mənim, bizimkidir bu torpaq,
Sənin, mənim, bizimkidir bu bayraq,
Marş irəli, marş Vətən imdadına!

Şuşam

Gözü yolda qalan Şuşam,
Həsrətinlə qovrulmuşam...
İntiqamla yoğrulmuşam,
Gözlə məni, gələcəyəm,
Göz yaşını siləcəyəm!

Çilələrin bitməz olmuş,
Bülbüllərin ötməz olmuş,
Səsin mənə yetməz olmuş,
Qayaları dələcəyəm,
Gözlə məni, gələcəyəm!

Şimşək olub çaxacağam,
Atəş olub yaxacağam,
Düşmən evin yıxacağam,
Gözlə Şuşam, gələcəyəm,
Göz yaşını siləcəyəm!

Azadlığın sorağıyla,
Düşmənlərə göz dağıyla,
Azərbaycan bayrağıyla
And içirəm, gələcəyəm,
Göz yaşını siləcəyəm!

Ey Azərbaycan əsgəri

Qobustanın qayaları,
Xəzərin qırçın suları,
Məsum körpə röyaları,
Qoru deyir, qoru məni...
Gey əyninə, gey səngəri,
Ey Azərbaycan əsgəri!

Xocalının qan yaddaşı,
Kəlbəcərin dərdli başı,
Üzeyirin məzar daşı,
Qoru deyir, qoru məni...
Gey əyninə, gey səngəri,
Ey Azərbaycan əsgəri!

Qədirin göynəyən səsi,
Bülbülün qay nar nəfəsi,
Xan əminin şikəstəsi,
Qoru deyir, qoru məni...
Gey əyninə, gey səngəri,
Ey Azərbaycan əsgəri!

Anaların min diləyi,
Babaların min əməyi,
Nəsillərin gələcəyi,
Qoru deyir, qoru məni...
Gey əyninə, gey səngəri,
Ey Azərbaycan əsgəri!

Xarı bülbül ağlamasın

Səmalar da qara bağlar,
Sular, sellər coşub çağlar,
Ürəkləri həsrət dağlar,
Xarı bülbül ağlayanda.    
Güllərin bağrı qan olar,
Nərgizin gözləri dolar,
Qərənfillər dinməz solar,
Xarı bülbül ağlayanda.
     Buludlar kirpiyin sıxar,
Göz yaşı sellənib axar,
Qəmli-qəmli ay da baxar,
Xarı bülbül ağlayanda.

Haraylar dostu, sirdaşı,
Üsyan edər qan yaddaşı,
Baş qaldırar məzar daşı,
Xarı b ülbül ağlayanda.

Haydı, yürü Qarabağa,
Boynu bükük o torpağa.
Azərbaycan, qalx ayağa,
Xarı bülbül ağlamasın!
Ürəkləri dağlamasın!

Qoy gurlasın gur-gur cəngi,
Dəyişsin dövrün ahəngi,
Açılsın güllərin rəngi,
Xarı bülbül ağlamasın!
Ürəkləri dağlamasın! 

Təbrizim

Təbriz dedim, dilim yandı,
Əl uzatdım, əlim yandı.
Həsrət oduna tutuşdum,
Tək canım yox, külüm yandı.

Təbrizim, Arazım mənim,
Payız olan yazım mənim,
Nə vaxt səsin gurlayacaq,
Ey qırılan sazım mənim.

Quruyan gölün ağrısı,
Farslaşan dilin ağrısı,
Nə vaxt kəsəcək, bilmirəm,
Həsrətli elin ağrısı?!

Ey ulu Təbrizim mənim,
Tarixdəki izim mənim,
Vaxt dolanar, zaman gələr,
Deyilər son sözüm mənim!

Yollar

Yenə fikir yollarının ağına düşürəm,
Sonu görünən və görünməyən
yollarla görüşürəm.
Çəkir məni arxasınca onlar,
Hər yolun öz taleyi, hər taleyin öz yolu var,
Çeşid-çeşiddir onlar.
Bərli-bəzəklisi, daşlı-kəsəklisi var,
Hərcayi qadınlar kimidir yollar.
Səmtini tez-tez dəyişir,
Gah güllü-çiçəkli çəmənliklərdən keçir,
Gah da bir kolluqda ilişir...
Səmadan, dənizdən, qurudan keçən yollar,
İnsanlara açılan qollar.
Biri bizi uzaq-uzaq ölkələrə, aya, ulduza,
Biri dağa, dərəyə, düzə aparır.
Biri də son mənzilə...
Birini şöhrətin zirvəsinə aparır,
Birini şöhrətin zirvəsindən qoparır.
Haqqa aparan yollar da var,
Haqdan qoparan yollar da var.
İrfani yollar da var,
Şeytani yollar da var.
Hansını seçsən oraya aparır onlar.
Yol səni seçmir, sən yolu seçirsən,
Yolu seçərkən öz taleyinin donunu biçirsən.
Könüllü seçilməyən, könüllü keçilməyən yollar da var,
Alın yazısıdır onlar.
Yolsuzluq sözü də var dilimizdə,
Yolsuzluq özü də bir yoldur,
Bu yolun yolçuları nəfslərinə quldur.
Orta yol da var.
Onun da yol ayrıcı, sağı, solu var.
Sağla gedən sağlıq,
Solla gedən solluq xəstəliyi tapar.
Dünyanın boynuna ilantək sarılan yollar da var.
Onlar gözə görünməzdir, gizlidir,
Təhlükəli, sürüşkəndir, buzludur.
Super güclərin niyyətlərindən keçir o yollar,
Pis niyyətli, xəbis niyyətlidir onlar.
Bir də mənəviyyat yolları var.
Yolların ən çətini, ən şərəflisidir onlar.
Dünyaya gəlmədən də, dünyada da,
Son mənzildən sonra da yollar bizimlədir.
Hələ son mənzildən sonrakı yollar...
Sirli bir aləmə uzanan qollar.
Yolların sinəsini ayaqlayırıq,
İstəyəndə açırıq, istəyəndə bağlayırıq.
Yollarsa sakit-sakit üzümüzə baxır
Və bunların əvəzini son mənzillə çıxır.
Sinəsi tapdaqlı yollar,
Sirli-soraqlı yollar,
Və qələbə bayraqlı yollar!

Daşlar

Boz, ağ, qara daşlar,
Tarixiniz nə zamandan başlar?
Daş dövründənmi, daha əvvəlmi?
"Bilinməyir yaşınız,
Amma nələr çəkmiş başınız".
Siz də bizim kimi torpaq idiniz?
Dəyişdiniz, daş oldunuz?
Fərqli olsaq da, həqiqət budur -
Ata-anamız torpaqla sudur.
Daşlar - ögey və doğma qardaşlar.
Dözümünüz, səbriniz hamıya ibrətdir,
Gözləriniz kor, üzünüz çox sərtdir,
Olsun, bu da bir xasiyyətdir.
Bəzən insanlar da sizə bənzəyir, daşlaşır,
İnsanlıq sərhədlərini aşır.
Belə olmasaydı,
Qarabağ boyda qara ağrı olmazdı,
Yurd-yuva həsrətilə ürəklər qanla dolmazdı...
Dərələr, dağlar sizin olsun,
Çaylar, büllur bulaqlar sizin olsun...
Başdaşısınız, başımızın üstündə də yeriniz var,
Bircə ürəklərə girməyin, nə olar!

Dünya

Dünya, sənin neçə üzün var imiş,
Çox üzlüsən, atalar doğru demiş.
Bir üzün ağdırsa, bir üzün qara.
De, hardan gəlirsən, gedirsən hara?
Bir üzündə əlvan-əlvan naxışlar,
Bir üzündə kinli-kinli baxışlar.
Bir üzündə məhəbbətin cilvəsi,
Bir üzündə xəyanətin kölgəsi.
Bir üzündə anaların şəfqəti,
Bir üzündə bədxahların nifrəti.
Bir üzündə məsum körpə çöhrəsi,
Bir üzündə dəhşətli bomba səsi.
Bir üzündə gözəl həyat həvəsi,
Bir üzündə ölüm, kabus kölgəsi.
Bir üzündə müharibə sorağı,
Bir üzündə dostluq, barış bayrağı.
Bir üzündə "gəlin çıxdı" havası,
Bir üzündə nakam bir gəncin yası.
Sən, ey gəldi-gedər, yalançı dünya,
Həm yaradan, həm də talançı dünya.
Həm gözəlsən, həm çirkinsən, kimsən sən?
Böyüdən, bəsləyən, məhv edən də sən.
Ən sonunda yalan dünya,
Verdiyini alan dünya,
Fatehləri, sultanları yola salıb,
Arxasınca gülən dünya...
Gül ey dünya, gülmək sənə yaraşır!

Allahşükür QURBANOV

 





20.11.2019    çap et  çap et