525.Az

Bakı Dövlət Universiteti: keşməkeşli və şərəfli yol


 

Bakı Dövlət Universiteti - 100

Bakı Dövlət Universiteti: <b style="color:red">keşməkeşli və şərəfli yol </b>

“Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır”.

Heydər Əliyev

Bu gün dünyada irili-xırdalı minlərlə xalq yaşayır və onların çox az hissəsinin öz müstəqil dövləti var. Azərbaycan xalqı qədim dövrlərdən dövlətçilik ənənəsinə malikdir. Xalqımız tarixən öz müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda mübarizə aparmış və bu yolda saysız qurbanlar vermişdir. XX əsrdə Azərbaycan xalqı müstəqillik əldə etmək imkanına iki dəfə müvəffəq olmuşdur. 1918-ci ildə yaranmış və fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti, Naxçıvan və Şərur-Dərələyəz qəzalarını özündə birləşdirən Araz-Türk Respublikası qısa ömür sürmüş, Sovet imperiyasının işğalçılıq siyasətinin qurbanı olmuşdur. Lakin onların hər biri dövlətçiliyimizin yaranması və inkişafında, xalqımızın tarixi taleyində böyük rol oynamışdır. Milli tariximizin qızıl səhifəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin  mövcud olduğu 23 ay ərzində həyata keçirdiyi saysız-hesabsız müsbət işlər içərisində ən mühümlərindən biri ölkədə dünyəvi ali məktəbin yaradılması olmuşdur.

Məlum olduğu kimi, Çar Rusiyası dövründə bütün Cənubi Qafqazda olduğu kimi, Azərbaycanda da ali təhsil müəssisələri yox idi. Çar hökuməti milli ziyalıların yetişməsindən ehtiyatlandığından universitetlərin açılmasının qarşısını hər vəchlə alırdı. Cənubi Qafqaz regionu Rusiyadan ayrıldıqdan və üç müstəqil respublika yarandıqdan sonra 1918-ci ilin iyununda Tiflisdə üç fakültədən ibarət Zaqafqaziya Universiteti yaradıldı: təbiət, tarix-filologiya və tibb fakültələri. Tədris rus dilində keçirilən universitetə rektor olaraq Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski dəvət olunmuşdu. 1918-ci ilin payızında universitetin 2150 tələbəsi var idi. Lakin ali məktəbə maliyyə vəsaiti ayrılmadığından onun Tiflis şəhərində mövcudluğu ciddi problemlə üzləşmişdi. 1919-cu ilin martında rektor V.İ.Razumovski universitet şurasının iclasında təhsil müəssisəsinin Bakıya köçürülməsi təklifini etdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə danışıqlar aparmaq, universitet üçün ayrılacaq binanı nəzərdən keçirmək və s. məsələlərlə əlaqədar olaraq rektor başda olmaqla komissiya üzvləri Bakıya gəldilər. Onlar yerindəcə əmin oldular ki, hökumət və ictimai qüvvələr universiteti dəstəkləməyə, onun gələcək inkişafı üçün lazımi şərait yaratmağa hazırdırlar. Hökumət tərəfindən bu məqsədlə böyük vəsait ayrılmışdı, universitet və onun müəssisələri üçün hər cür şəraiti olan binalar hazır idi. Tiflisə qayıdan nümayəndə heyəti universitet şurasına danışıqların nəticələri barədə məlumat verdi və bəyan etdi ki, Bakının təklifinin qəbul edilməsi məqsədəuyğundur. Lakin nəyə görəsə qərar qəbul edilməsi ləngiyirdi: Zaqafqaziya Universitetinin Bakıya köçürülməsinə münasibət birmənalı deyildi, köçürülmənin lehinə olanlar da vardı, əleyhinə olanlar da. Təyin olunmuş vaxta qədər - mayın 1-nə kimi Bakıya heç bir cavab verilmədi. Elə həmin gün Azərbaycan Xalq Maarif Nazirliyindən teleqram daxil oldu: Bakıda yeni universitet açılır. Ona görə də Zaqafqaziya Universitetinin Bakıya köçürülməsi məsələsi təbii olaraq ortadan qalxdı. Azərbaycan xalq maarif naziri Həmid bəy Şahtaxtinski Bakıda universitetin təşkilində kömək etmək üçün rəsmi xahişlə V.İ.Razumovskiyə müraciət etdi. Professor öz həmkarları ilə danışıqlar apardıqdan sonra bu təklifi qəbul etdi və Zaqafqaziya Universitetinin rektoru vəzifəsindən istefa verdi.

Bundan sonra Azərbaycan xalqının maariflənməsinə və təhsil məsələlərinə böyük önəm verən Cümhuriyyət rəhbərliyi bu istiqamətdə intensiv işlərə başladı. 1919-cu il iyunun 16-da Nazirlər Kabineti universitet komissiyasının ştatlarını təsdiq etdi və əmək haqlarını təyin etdi. "Azərbaycan" qəzetinin 27 iyun 1919-cu il tarixli nömrəsində "Universitet komissiyasında" adlı baş məqalədə qeyd edilirdi ki, komissiyanın hazırladığı sənədlər tezliklə Nazirlər Kabinetinə və daha sonra isə nəzərdən keçirilmək üçün ölkə parlamentinə daxil olacaq.

Məlum olduğu kimi, V.İ.Razumovski üç universitetin - Saratov, Zaqafqaziya və Bakı universitetlərinin yaradılmasının əsas təşkilatçısı və rektoru kimi elm tarixinə daxil olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan Dövlət Darülfünununun (bugünkü Bakı Dövlət Universiteti) təsis olunması üçün tələb olunan üç qanun layihəsi - "Azərbaycan Dövlət Darülfünununun təsis edilməsi haqqında", "Azərbaycan Dövlət Darülfünununun Nizamnaməsi", "Azərbaycan Dövlət Darülfünununun 1919-1920-ci dərs ili üçün ştat və xərclər smetası haqqında" sənədlər qısa zaman kəsiyində hazırlandı və baxılmaq üçün Hökumətə təqdim olundu. Azərbaycan Hökuməti özünün 7 iyul 1919-cu il tarixli "Azərbaycan Dövlət Darülfünununun təsis olunmasına dair qanun layihələrinin bəyənilməsi və Parlamentin müzakirəsinə verilməsi haqqında" tarixi qərarı ilə həmin hüquqi-normativ sənədləri Cümhuriyyət Məclisi-Məbusanına (Parlamentinə) təqdim etdi. 

Universitetin yaradılması haqqında məsələ 1919-cu ilin iyul-avqust aylarında parlamentdə müxtəlif komissiyalarda müzakirə edildi, sonra isə parlamentin ümumi iclasına çıxarıldı. Universitetin təsis edilməsi, onun nizamnaməsi, həmçinin, ştat və 1919/20-ci tədris ili üçün xərclər smetası barədə qanun layihələri nəzərdən keçirildi. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Dövlət Darülfünununun yaradılması ilə əlaqədar məsələdə Məclisi Məbusan fraksiyalara bölünmüşdü. Bir qrup parlament üzvü ölkədə milli kadrların yoxluğunu əsas gətirərək universitet açmağın tez olduğunu iddia edirdi. Digər qrup millət vəkilləri isə ölkədə maarifçiliyi önə çəkərək universitetin açılmasını vacib məsələ kimi önə çəkirdi.

Nəhayət, Azərbaycan Dövlət Darülfünununun idarə olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən nizamnamə üç ay ərzində aparılan müzakirələrdən sonra 1919-cu il sentyabrın 29-da, Cümhuriyyət parlamentinin 79-cu iclasında qəbul edildi. 5 fəsil, 72 maddədən ibarət olan nizamnamədə universitetin təşkilati quruluşu, onun elm və tədris sahələrinin fəaliyyəti, professor-müəllim heyətinin vəzifə və hüquqları müəyyənləşdirilmişdi.

1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti "Azərbaycan hökumət darülfünununun təşkili haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edərək, Bakıda ilk universitetin yaranması barədə tarixi qərar qəbul etdi. Universitetin ilk rektoru, professor V.İ.Razumovski bununla bağlı yazırdı ki, "Azərbaycan özünün ali maarifçilik ocağını əldə etdi. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovuşuğunda yeni işıq yandı. Biz bu böyük, tarixi hadisənin iştirakçıları kimi özümüzü xoşbəxt sayırdıq".

Təhsil sahəsinə böyük önəm verən Cümhuriyyət Parlamentinin təsdiq etdiyi qanuna əsasən, Bakıda Dövlət Universiteti dörd fakültədən: şərq şöbəsi ilə birlikdə Tarix-filologiya, Fizika-riyaziyyat, Hüquq və Tibb  fakültələrindən ibarət olmalı idi. Universitetə hər iki cinsdən olan və tam orta təhsil almış gənclər qəbul edilirdilər. Lakin gimnaziyanın yeddi sinfini və ya "realnı məktəb"in altı sinfini bitirmiş Azərbaycan vətəndaşları da qəbul edilə bilərdilər, yalnız o şərtlə ki, onlar diplom almaq üçün əlavə sınağa məruz qalsınlar. Müəllimlər seminariyasını bitirmiş gənclər də universitetə daxil olmaq imkanında idilər. Universitetin təşkilat komissiyası yekdilliklə V.İ.Razumovskini rektor seçmişdi. 1919-cu il sentyabrın ortalarında tibb fakültəsinin ilk üç kursuna və tarix-filologiya fakültəsinin birinci kursuna qəbul elan edildi. Ərizələrin sayı qəbul yerlərinin sayını iki dəfə ötüb keçirdi. Hazırlıq mərhələsindən sonra, 15  noyabr 1919-cu ildə universitetdə ilk dərs günü elan edildi.

Universitetin fəaliyyət başladığı ilk günlərdən Məhəmməd Əmin Rəsulzadə, Rəşid bəy Qaplanov və başqaları kimi bir sıra dövlət və siyasi xadimlər böyük məmnuniyyətlə müəllimlik edir, universitet auditoriyalarında mühazirələr oxuyurdular. Görkəmli dövlət və elm xadimlərinin tələbələrlə qurulan canlı ünsiyyəti nəinki elm və təhsilə olan marağı artırırdı, eyni zamanda, xalqın özünə inamının, milli dövlətçilik, vətənpərvərlik hisslərinin daha da güclənməsinə təsir edirdi.

Lakin cəmi 23 ay yaşayan müstəqil Azərbaycan dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu 1920-ci il aprelin 28-də bolşeviklərin hakimiyyəti ilə dayandırıldı. Sovet qoşunları Şərqin ilk demokratik cümhuriyyətinin varlığına son qoyaraq bu əraziləri işğal etdilər. Cümhuriyyət hökumətinin yaratdığı universitet 5 aydan sonra bolşeviklərin nəzarəti altına keçdi. Artıq 1920-ci il may ayının 11-də xalq maarif komissarı Dadaş Bünyadzadənin universitetin rektoru V.İ.Razumovskiyə verdiyi sərəncamda universitetdə təlim və tərbiyə işinin lazımi səviyyədə saxlanılacağı göstərilirdi: "Bütün tələbələrin və müəllimlərin nəzərinə çatdırın ki, Xalq Maarif Komissarlığında universiteti genişləndirmək və onu sosialist əmək quruluşunun vəzifələrinə uyğun ruhda yenidən təşkil etmək layihəsi hazırlanır. Əsl elm və elmi biliklər proqramına hər hansı başqa hakimiyyətdən daha çox fəhlə-kəndli hakimiyyətinin marağı vardır. Buna görə də o, var qüvvə ilə çalışacaqdır ki, universitet lazımi səviyyədə olsun". Sərəncamda, həmçinin, Sovet Rusiyası ilə əlaqə yaradılacağı, oradan müəllimlərin dəvət olunacağı da bildirilirdi. Təzyiqlər böyük rus alimi V.İ.Razumovskini Bakını tərk etməyə məcbur etdi.

Həmin il universitetə məşhur nevropatoloq, Moskva Universitetinin məzunu, sonralar akademik olmuş professor Sergey Nikolayeviç Davidenkov rektor təyin edildi. Yerli kadrlara olan ehtiyacı nəzərə alan hökumət 1921-ci ilin may ayında təhslin türk (Azərbaycan) dilində də aparılması barədə qərar qəbul etdi. BDU-nun ilk rektoru olan V.İ.Razumovski milliyyətcə qeyri-azərbaycanlı olsa da, o, milli kadrların hazırlanmasını diqqət mərkəzində saxlayırdı. 1919-1920-ci tədris ilində BDU-da işləyən 33 müəllimin ancaq 4 nəfəri azərbaycanlı idisə, artıq 1924/25-ci dərs ilində 188 nəfərdən 42 nəfəri azərbaycanlı idi. 5 il müddətində azərbaycanlı müəllimlərin sayı 12 faizdən 22 faizə qalxmışdı. Qeyd edək ki, tanınmış ədib Əbdürrəhim bəy Haqverdiyev də bu təhsil ocağında müəllimlik etmişdir. Universitetdə dünya şöhrətli alimlər çalışırdılar. Məsələn, məşhur şərqşünaslardan professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digərlərini göstərmək olar. BDU rəhbərliyi təhsilin yüksək səviyyəliliyini təmin etmək üçün ali məktəbə mütəmadi olaraq məşhur alimləri dəvət edirdi. Ötən əsrin 20-30-cu illərində universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə gəlmişdilər. 1921-22-ci tədris ilindən xüsusilə humanitar fakültələrdə dərslərin müəyyən hissəsi Azərbaycan dilində keçirilməyə başlamışdı.

90 il bundan öncə - 1929-cu ilin payızında bu tədris ocağının onilliyi geniş qeyd edildi. Universitet yaradılarkən ilk tədris ilində 1094 tələbə təhsil alırdı. Onlardan cəmi 294 nəfəri azərbaycanlı idi və bu 294 nəfərin içində heç bir azərbaycanlı qız yox idi. 10 il sonra isə təhsil alanların sayı 2400-ə çatmışdı. Onların yarısı azərbaycanlılar, 300 nəfər isə azərbaycanlı qızlar idi. Bu müddət ərzində universitetin maddi bazası da genişlənmişdi. Belə ki, onun institutları, klinikaları, laboratoriyaları, hər bir fakültənin kitabxanası və habelə, təxminən 100 min adda nəşr - kitab, jurnal fondu olan ümumuniversitet kitabxanası vardı. Təəssüf ki, növbəti il - 1930-cu ildə universitet müstəqil institutlara parçalandı. Bununla bağlı Az.SSR Xalq Komissarları Soveti 19 iyul 1930-cu il tarixli "Az.SSR ali təhsil müəssisələrinin və ali texniki təhsil müəssisələrinin yenidən təşkili və rayonlaşdırılması və onların müvafiq təsərrüfat orqanlarının və xalq komissarlıqlarının tabeliyinə verilməsi haqqında" yanlış bir qərar qəbul etdi. Universitetin İqtisad fakültəsi əsasında Ticarət-Kooperativ İnstitutu yaradıldı, İqtisad fakültəsinin sənaye-iqtisad şöbəsi Neft İnstitutuna, pedaqoji fakültəsi Pedaqoji İnstituta, Hüquq fakültəsi Sovet Quruculuğu və Hüquq İnstitutuna, tibb fakültəsi isə Azərbaycan Tibb İnstitutuna çevrildi. Beləliklə, Azərbaycan Dövlət Universiteti parçalanaraq, 1930-cu ildə öz mövcudluğunu çox təəssüf ki, dayandırdı.

Lakin çox tezliklə sovet hakimiyyəti ciddi səhv etdiyini başa düşərək, universitetlərin lazımlılığını dərk etdi və 1931-ci ilin aprelində ÜKP(b) MK "Universitetlərin məqsədi" adlı növbəti qərar qəbul etdi. Sənəddə ali təhsil sistemində universitetlərin aparıcı rolu ideyasına reabilitasiya verilirdi. 1933-cü ilin noyabrında Azərbaycan SSR Xalq Maarif Komissarlığı Dövlət Plan komitəsinə  universitetin yenidən təşkil edilməsi haqqında məktub-məlumat göndərdi. Burada 1934-cü il yanvarın 1-dən etibarən universitetin dörd fakültədən ibarət tərkibdə - fizika-riyaziyyat, kimya, biologiya-geologiya və tarix-linqvistika üzrə açılması xahiş olunurdu. 25 may 1934-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti "Azərbaycan Dövlət Universitetinin açılması haqqında" qərar qəbul etdi. Qərara əsasən, 1 sentyabr 1934-cü ildən etibarən universitet yenidən fəaliyyətə başlamalı idi. Həmin il üçün tələbə qəbulu 210 nəfər nəzərdə tutulmuşdu. Dövlət Plan Komitəsinə tapşırılmışdı ki, universitet üçün yeni bina tikintisini 1935-ci ilin planına salsın. Beləliklə, Azərbaycan Dövlət Universiteti bir neçə illik fasilədən sonra yenidən fəaliyyətə başladı.

Lakin 1937-ci illərdən etibarən güclənən repressiya siyasəti bütün sahələri əhatə etməyə başlamışdı. Fəaliyyəti cəmi 2 il idi ki, bərpa edilən Azərbaycan Dövlət Univertsiteti də təbii ki, bu qırğın mexanizmindən yan keçə bilmədi. Belə ki, təkcə 1937-ci ildə bu ali təhsil ocağının 2 dekanı, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor "qırmızı terror"a - repressiyaya məruz qaldılar. 1926-1937-ci illər arası dövrdə Universitetin rektorları olmuş Tağı Şahbazi Simurğ, Maqsud Məmmədov, Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyov kimi görkəmli ziyalılar da təəssüf ki, əks-inqilabçı, burjua-millətçi damğası ilə ittiham edilərək 1937-ci ilin sonlarında güllələnmişdilər.

Böyük fərəh hissi ilə qeyd etmək istərdim ki, 14 iyul 1969-cu il Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan KP MK-nın məhz həmin gün keçirilən plenumunda partiyanın birinci katibi vəzifəsinə Heydər Əliyev təyin edildi. Bu təyinatdan cəmi 20 gün sonra keçirilən Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumu respublikada əvvəlki illərdə baş verən nöqsanların tənqid olunduğu dönüş plenumuna çevrildi.

XX əsrin 70-ci illərindən etibarən möhtəşəm quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən böyük tarixi şəxsiyyət Heydər Əliyev cahanşümul uğurlara imza atmaqla, ölkənin gələcək müstəqilliyinin əsaslarını yaratmağa başladı. Xarici və daxili siyasət, iqtisadiyyat, kənd təsərrüfatı kimi sahələrlə yanaşı, humanitar məsələlər də görkəmli dövlət xadimi Heydər Əliyevin prioritet verdiyi məsələlərdən olmuşdur. Onun uzaqgörən və müdrik siyasəti sayəsində güclü kadr potensialı yaradılmaqla milli təhsil quruculuğu istiqamətində sonrakı uğurların bünövrəsi qoyuldu. Azərbaycanda  ali təhsilin inkişafı üçün 70-ci illərdə çox böyük və mühüm işlər görülmüşdür. Həmin müddətdə yeni ali məktəblər - Naxçıvanda, Xankəndində pedaqoji institutlar, İnşaat Mühəndisləri İnstitutu, Rus dili və Ədəbiyyatı İnstitutu, Xarici Dillər İnstitutu, Gəncə Texnologiya İnstitutu açıldı. Ali məktəblərin maddi-texniki bazasının inkişafı üçün böyük işlər görüldü: Azərbaycan Dövlət Universiteti, Neft-Kimya İnstitutu, Tibb İnstitutu və başqa ali məktəblər üçün binalar, tələbələr üçün yataqxanalar tikildi, müxtəlif ləvazimatlar alınıb gətirildi. Bütün bunlar Heydər Əliyevin Azərbaycanda ali təhsilin inkişafına verdiyi diqqət və qayğının təzahürü idi.

Bütün sovet dövründə Azərbaycanda yeganə olan indiki Bakı Dövlət Universitetinin ikinci dirçəliş və inkişaf mərhələsi məhz 1969-cu ildən başladı. Haqlı olaraq 1969-cu ildən sonrakı dövr universitetin həyatında bilik və elmin yüksək zirvələrinə doğru inkişaf illəri sayılır. Bu, universitetin dünya şöhrətli məzunu Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə bağlıdır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bu dövrdə BDU-da ikinci və üçüncü tədris korpusları istifadəyə verilmiş, tədris kino-televiziya laboratoriyası, hesablama mərkəzi yaradılmış, çoxsaylı müasir laboratoriya avadanlığı alınıb quraşdırılmış, bununla da tədrisin keyfiyyətində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsinə zəmin yaradılmışdı.

Müasir Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin 1969-cu ildə universitetin 50 illik yubileyinin keçirilməsi ilə bağlı qərarı və bu yubileydəki çıxışı tarixi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, 1969-cu ildə müəyyən insanlar Azərbaycan tarixini saxtalaşdıraraq, Bakı Dövlət Universitetinin açılmasını respublikamızda sovet hakimiyyətinin qurulmasının nəticəsi kimi qələmə verməyə çalışırdılar. Belələri müxtəlif bəhanələr gətirərək, universitetin 50 illik yubileyini bir il təxirə salmaq və növbəti ildə - 1970-ci ildə, yəni Azərbaycanda sovet hakimiyyətinin qurulmasının yubileyi ilə bir vaxtda qeyd etmək istəyirdilər. Ümummilli liderimiz buna kəskin etiraz edərək yubileyi məhz 1969-cu ildə keçirmişdi. Bu isə universitetin məhz sovet hakimiyyətindən əvvəl - Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranmasının rəsmi etirafı demək idi.

Heydər Əliyev çıxışlarının birində bu barədə deyirdi: "Bu, dözülməz bir hal idi. Elə həmin 1969-cu il noyabrın 1-də biz universitetin 50 illiyini qeyd etdik. Mən özüm bu mərasimdə çıxış etdim. Bakı Dövlət Universitetinin sonrakı yubileylərində dəfələrlə qeyd olunmuşdur ki, bu çıxışın universitetdə böyük əks-sədası oldu. Çünki bu çıxış Azərbaycan dilində idi və universitetin qarşısında qoyulan məsələlər bizim ümummilli problemlərimizlə sıx bağlı idi". 

Çox qürurverici hal idi ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin tədbirdə iştirak etməsi və ana dilində nitq söyləməsi təkcə universitet kollektivinə deyil, bütün Azərbaycan cəmiyyətinə milli ruhun qaytarılması istiqamətində bir dönüş anı oldu. Heydər Əliyevin doğma Azərbaycan dilində çıxışı çox cəsarətli bir addım idi və o vaxta qədərki bütün sovet sisteminin ağır repressiyalarından və təqiblərindən əziyyət çəkən universitet kollektivində tamamilə yeni ruh yüksəkliyi yaratdı.

Həmin illər Bakı Dövlət Universitetinin tədris və elmi həyatına da dönüş dövrü kimi daxil olmuşdur. Təhsil və elmi işlərin səviyyəsinin yüksəlməsi, yüksək ixtisaslı elmi kadr potensialına malik olması universiteti nəinki respublikamızda, eləcə də SSRİ miqyasında qabaqcıllar sırasına çıxarmışdı. Odur ki, Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1987-ci il 13 mart tarixli qərarı ilə Azərbaycan Dövlət Universiteti ittifaqın aparıcı universitetləri sırasına daxil edilmişdi.

Universitet təhsildə, elmi inkişafda, maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində ən böyük nailiyyətləri məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qazanmışdır. Bunun əsas səbəbi dünya şöhrətli siyasətçi və müasir Azərbaycanın memarı Heydər Əliyevin başçılığı ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, elm və təhsil sahələrində də güclü islahatların aparılması idi. Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi 1969-82-ci illəri sözün həqiqi mənasında elmimizin, mədəniyyətimizin, təhsilimizin intibah dövrü adlandırmaq olar. Bu illərdə Azərbaycanda neçə-neçə yeni ali məktəb, elmi tədqiqat institutları, mədəniyyət ocaqları yaradılmış, elmimiz və mədəniyyətimiz o zamankı SSRİ miqyasında qabaqcıl mövqelərə yüksəlmişdi.

Azərbaycanın çətin, ağır günlərində əbədi rəhbərimiz yenə xalqın yanında oldu. 1993-cü ilin iyun günlərində Ulu öndər xalqın təkidi ilə Azərbaycanda yenidən siyasi rəhbərliyə qayıtdı. O, Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan və dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi. Heydər Əliyevin qayıdışı ilə həyatımızın bütün sahələrində, o cümlədən, onun daim böyük önəm verdiyi təhsil sahəsində də köklü islahatlara başlanıldı.

Ulu öndər indiki Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdı. Heydər Əliyev BDU-nun məzunu olması ilə fəxr etdiyini dəfələrlə vurğulamış, onu Azərbaycan xalqının milli sərvəti adlandırmışdır.

Xoşbəxtlikdən Azərbaycan müstəqillik qazandıqdan sonra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qovuşması məhz Heydər Əliyev dühası sayəsində gerçəkləşmişdir. Qəbul olunmuş qərar, fərman və sərəncamlar, onların həyata keçirilməsi müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlişini, tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına yaxınlaşmasını şərtləndirmişdir. Yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilməsi və sair sahələrdə də ümummilli liderimizin misilsiz xidmətləri müstəqil Azərbaycanda təhsil siyasətinin prioritet istiqamət təşkil etdiyini sübut edir.

Xatırladım ki, 1994-cü ildə Bakı Dövlət Universitetinin yaradılmasının 75 ili tamam oldu. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə yubiley komissiyası yaradıldı. Yubiley komissiyasının iclasına Heydər Əliyevin şəxsən sədrlik etməsi Azərbaycan rəhbərinin universitetin cəmiyyətin həyatında roluna və yerinə verdiyi böyük qiymət və diqqətlə bağlı idi. Bu, həm də ümummilli liderin ölkəmizdə elm, təhsil və mədəniyyətə yüksək qayğısının birbaşa nümunəsi idi. Təntənəli yubiley mərasimində iştirak edən Heydər Əliyev geniş nitq söylədi. Bu nitq məzmunca geniş, mahiyyətcə dərin, hədəflərinə görə strateji əhəmiyyət daşıyırdı. Ulu öndər qeyd edirdi ki, keçmişdə tariximizi yazarkən bəzən o tərəfə, ya da bu tərəfə əyilirdik. İndi isə müstəqil Azərbaycan Respublikasında öz məmləkətimizin, öz taleyimizin sahibi olduğumuz halda, müstəqil siyasət apardığımız halda, gərək tariximiz doğru, düzgün, ədalətli, obyektiv  yazılsın. Universitetin 50 illiyi, 60 illiyi qeyd olunmuşdur. Amma təəssüf ki, 70 illiyi nədənsə qeyd edilməmişdir. Bunu yaddan çıxarmışlar. İndi 75 illiyi qeyd olunur. Bu 75 illik tarixi ədalətli, düzgün  yazmaq üçün indi ən gözəl şərait yaranmışdır. Amma bu, təkcə universitetin tarixi deyil, bu, Azərbaycan xalqının tarixidir. Azərbaycan Respublikasının tarixidir, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin tarixidir. Ona görə də bunu təhrif etmək olmaz. Heydər Əliyev deyirdi: "Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır..."

1999-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasının 80 illiyi tamam oldu. Bu münasibətlə 1999-cu il dekabrın 28-də universitet kollektivinə göndərdiyi təbrik məktubunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yazırdı: "Diqqətəlayiqdir ki, Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər göstərmiş bir mərkəz rolunu oynamışdır. Bakı Dövlət Universitetinin əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların əməyini daim yüksək qiymətləndirərək, onların xatirəsini böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirəm".

Azərbaycanda milli elmi məktəblərin yaradılmasında böyük rolu olmuş alimlərdən Zahid Xəlilov, Azad Mirzəcanzadə, Həsən Abdullayev, Yusif Məmmədəliyev, Mirəli Qaşqay, Şəfayət Mehdiyev, Həsən Əliyev, Budaq Budaqov, Məmməd Arif Dadaşzadə, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Feyzulla Qasımzadə, Nəsir İmanquliyev, Ziya Bünyadov, Püstəxanım Əzizbəyova, Aida İmanquliyeva və başqa görkəmli şəxsiyyətlər vaxtilə məhz Bakı Dövlət Universitetində çalışmışlar.

Xoşbəxtlikdən Heydər Əliyev məktəbinin ən layiqli davamçısı, ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən İlham Əliyev 2003-cü ildə keçirilən ölkə Prezidenti seçkilərində respublika vətəndaşlarının böyük əksəriyyətinin səsini qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçildi. Ölkəmizdə bütün sahələrdə islahatlara, yeni inkişaf mərhələsinə təkan verildi. Bu baxımdan, ən prioritet sahələrdən sayılan təhsil sahəsi də istisna deyildir. Mən çox böyük qətiyyətlə bildirirəm ki, Bakı Dövlət Universitetinin inkişafının yeni mərhələsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bilavasitə bağlıdır. Ölkə prezidentinin diqqət və qayğısı, təhsil sahəsinə verdiyi böyük önəm və Bakı Dövlət Universitetinin prioritet əhəmiyyət kəsb etdiyini nəzərə alması nəticəsində uzun illər tikintisi başa çatdırılmayan yeni korpus 2008-ci il sentyabrın 15-də istifadəyə verildi. 2013-cü il sentyabrın 18-də Prezident İlham Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Qubadakı Tədris-təcrübə və istirahət mərkəzi açıldı.

Bakı Dövlət Universitetinin 90 illik yubilieyinə həsr olunmuş təntənəli mərasimdə dövlətimizin başçısı cənab İlham Əliyev demişdir: "Bakı Dövlət Universitetinin çox gözəl və böyük tarixi vardır. 1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynamışdır. Bakı Dövlət Universiteti Azərbaycan müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Bu, çox düşünülmüş və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox gənc idi. Buna baxmayaraq, əhalinin maarifləndirilməsi, Azərbaycanda savadsızlığın aradan qaldırılması və intellektual potensialın gücləndirilməsi üçün universitetin yaradılması çox mühüm hadisə olmuşdur. Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı, onun ömrü uzun olmadı, iki ildən sonra süqut etdi. Ancaq Bakı Dövlət Universiteti yaşadı. Düzdür, o zamanın müəyyən ideoloji çərçivələri daxilində fəaliyyət göstərmişdir. Ancaq buna baxmayaraq, Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da güclənir. Bu, bir daha onu göstərir ki, universitetin çox zəngin ənənələri, çox böyük potensialı, professor-müəllim heyətinin təcrübəsi, tələbələrin oxuması və təhsilə verdikləri önəm vardır. Xüsusilə indiki şəraitdə hər şey təhsilin səviyyəsi ilə ölçülür. Hər bir insanın gələcəyi, hər bir gəncin taleyi onun biliyindən, təcrübəsindən, savadından asılıdır".

Bakı Dövlət Universitetində bu gün ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində 20 minə yaxın tələbə təhsil alır. Gənclərin təlim-tərbiyəsi ilə 4 minədək əməkdaş, o cümlədən, 2 minə yaxın professor-müəllim heyəti və elmi işçi məşğul olur. Onlardan 21 nəfəri akademiyanın həqiqi və müxbir üzvü, 12 nəfəri Milli Məclisin deputatı, 300 nəfərə qədəri elmlər doktoru, professor, 1000 nəfərə qədəri fəlsəfə doktoru, dosentdir. Hazırda universitetdə 17 fakültə, 127 kafedra, müasir cihaz və avadanlıqlarla təchiz olunmuş iki elmi-tədqiqat institutu fəaliyyət göstərir. Universitetin 30-dək  elmi-tədqiqat mərkəzi və laboratoriyası, 3 milyona yaxın fonda malik kitabxanası var. BDU-da 81 istiqamət üzrə dünya standartları səviyyəsində elmi-tədqiqat işləri aparılır.

BDU ötən illər ərzində yüz əlli mindən çox mütəxəssis, o cümlədən, dünyanın bir çox dövlətləri - Orta Asiya və Qazaxıstan, Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, Latın Amerikası, Afrika ölkələri üçün yüzlərlə yüksək ixtisaslı kadr hazırlayıb.

Hazırda dünyanın 60 ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq edən BDU Avrasiya, Xəzəryanı Ölkələr, Qara Dəniz Ölkələri, Avropa və Qafqaz Universitetləri assosiasiyalarının üzvüdür, dünyanın bir neçə qabaqcıl universiteti ilə ikili diplom verilməklə birgə magistr hazırlığı həyata keçirir.

Müasir Azərbaycanın memarı Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnkişafının yeni mərhələsini yaşayan BDU-da məhz Prezident İlham Əliyevin qayğısı və dəstəyi ilə son beş ildə ən müasir texniki avadanlıq və ləvazimatla təchiz edilmiş yeni tədris binası, idman kompleksi, 800 əməkdaş üçün üç müasir yaşayış kompleksi, tədris-təcrübə və istirahət mərkəzi tikilərək istifadəyə verilib. Universitetdə kadr hazırlığı Bolonya prosesinin tələblərinə və Avropa kredit transfer sisteminə uyğun həyata keçirilir. Bütün fakültələrdə təhsil üç dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır. Universitetdə dünyanın 16 ölkəsindən minədək tələbə təhsil alır. BDU-da Təhsil Nazirliyinin təşəbbüsü ilə yerli və beynəlxalq əmək bazarında rəqabətə davamlı kadr hazırlığı həyata keçirmək məqsədilə yaradılan və 12 ixtisası əhatə edən "SABAH" qrupları fəaliyyət göstərir. Universitetin nəzdindəki "Gənc istedadlar" liseyinin şagirdləri regional və beynəlxalq səviyyəli elmi tədbirlərdə əhəmiyyətli uğurlar əldə edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının ayrı-ayrı institutlarında BDU-nun baza kafedraları, elm və tədris mərkəzləri, müvafiq kafedraların filialları yaradılıb.

Bu il Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam oldu. Azərbaycan Prezidenti İlham Əliyev 14 noyabr 2017-ci ildə BDU-nun yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalamışdır. Sərəncamda göstərilir ki, "Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri var.

Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir. Respublikada yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən, Azərbaycan xalqının tarixi-mədəni dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması Universitetin dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətin başlıca istiqamətlərini təşkil edir".

Hazırda Bakı Dövlət Universiteti əvvəllər olduğu kimi ölkəmizdə bu gün də ali təhsil sistemində aparıcı rola malik olan mötəbər elm və təhsil ocağıdır. Həyatımın 40 ilini doğma divarları arasında keçirdiyim universitetim öz tarixinə, elmi-pedaqoji ənənələrinə, təcrübəsinə, keçdiyi böyük keşməkeşli yola, Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasətə söykənərək, elm və təhsil yolunda xalqımıza, dövlətimizə dəyərli töhfələrini verir, gələcəyə doğru inamla addımlayır və inkişaf edir. Sonda qüdrətli tarixi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin təbirincə fikirlərimi tamamlamaq istərdim: "Mən fəxr edirəm ki, mən Bakı Dövlət Universitetinin məzunuyam!"

 





20.11.2019    çap et  çap et