525.Az

"Xoreoqrafiya Akademiyasının məzunları dünyanın ən mötəbər teatr və məktəblərində çalışırlar"


 

"Xoreoqrafiya Akademiyasının məzunları dünyanın ən mötəbər teatr və məktəblərində çalışırlar" <b style="color:red"></b>

Respublikanızın gənc ali təhsil müəssisələrindən olan Bakı Xoreoqrafiya Akademiyasının yaradılmasının beş ili tamam olur. Bəlkə də, beş il kimə isə kiçik görünə bilər. Lakin bu müddət ərzində Akademiyanın əldə etdiyi nailiyyətləri, imza atdığı uğurları gördükdə onun heç də az olmadığını düşünmək olar.

Yeni yaradılmış ali təhsil müəssisəsinin beş il ərzindəki fəaliyyəti ilə bağlı ətraflı məlumat almaq üçün Akademiyanın tədris işləri üzrə prorektoru, Əməkdar rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sevda Sadıxbəyovaya müraciət etdik.
 

- Sevda xanım, Bakı Xoreoqrafiya Akademiyasının yaradılmasına qədər zəngin sənət ənənələrinə malik Xoreoqrafiya məktəbi fəaliyyət göstərib. Azərbaycanda xoreoqrafiya təhsilinin tarixi barədə nə deyə bilərsiniz?

- Bakıda balet studiyasının mövcud olması barədə ilk məlumatlar 1922-ci ilə təsadüf edir. Bu barədə ilk sənəd - Azərbaycan SSR Xalq Maarif Komissarlığı Kollegiyasının 29 aprel 1922-ci il tarixli iclasının qərarı ilə Əli Bayramov adına Mərkəzi klubun nəzdində Balet Studiyasının açılması barədə protokoldur. 1923-cü il avqustun 18-də Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən Bakıda ritm və rəqs studiyası açılmış və "Balet studiyası" adlandırılıb. Artıq 1929-cu ildə Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən, bu studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilib. 1933-cü ildə Bakı Xoreoqrafiya Məktəbində artıq 157 şagird təhsil alırdı və təhsil müddəti 4 ildən 9 ilə çatdırılmışdı. Opera və Balet Teatrının baletmeysteri V.A.Kononoviç məktəbin direktoru təyin edilib, N.R.Soboleva, T.Pavlova-Amiraqo, V.M.Yermolayev və İ.Q.Kostina kimi peşəkar kadrlar məktəbin pedaqoji kollektivinə cəlb olunub. Dosent A.Muradov, Azərbaycan SSR Əməkdar artistləri V.Smoltsov və İ.Arbatov kimi mütəxəssislərin fəal iştirakı sayəsində qısa müddətdə balet səhnəsi üçün mütəxəssislər hazırlanıb, məktəbdə tədris prosesi daha da təkmilləşib, maraqlı tədris tamaşalarının nümayişinə başlanılıb. Bu tədris tamaşalarının sırasında L.Delibin "Koppeliya", Ç.Puninin "Qozbel at", P.Gertelin "Meşə pərisi", P.Çaykovskinin "Yatmış gözəl", Ə.Bədəlbəylinin "Tərlan" baleti müvəffəqiyyət qazanıb. 1935-ci ildə Xoreoqrafiya Məktəbi Azərbaycan SSR Xalq Maarif Komissarları Şurasının qərarı ilə Bakı Xoreoqrafiya Texnikumu, 1962-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsinin qərarı ilə Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Məktəbi adlandırılıb. Bu dövr ərzində Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərən Qəmər Almaszadə, Azərbaycanın xalq artistləri Leyla Vəkilova, Rəfiqə Axundova, Tamilla Şirəliyeva, Çimnaz Babayeva, əməkdar artist Tamilla Məmmədova, Vera Tsiqnadze və digər məşhur balet ustalarını yetişdirmişdi. Məhz bu illərdə milli rəqs adət-ənənələrinin qorunması və təbliği, gənclərdə milli rəqsin professional öyrənilməsi hissinin aşılanması zərurətindən Bakı Xoreoqrafiya Məktəbində xalq bölməsi fəaliyyətə başlamış və bu illər ərzində Azərbaycanın xalq artistləri Xumar Zülfüqarova, Roza Cəlilova, Afaq Məlikova, Təranə Muradova, Cəmilə Bayramova, əməkdar artistlər Nailə Mahmudova, Səbinə Qasımova, Elizbar Osmanov və başqaları təhsil almışlar.

- Beş il ərzində keçdiyi inkişaf yolunu necə qiymətləndirirsiniz?

- 2015-ci tədris ilində ali təhsil pilləsində cəmi 12 tələbə Akademiyaya qəbul olunmuşdu. Bu gün, 2019-cu ildə 300-dən çox tələbə burada təhsil alır. Bu illər ərzində Akademiyada xoreoqrafiya ixtisasının müxtəlif ixtisaslaşmaları, milli rəqs, baletmeyster, klassik rəqs, modern rəqs və rəqs müəllimliyi ixtisası açılmışdır və fəaliyyət göstərir. Bildiyiniz kimi, ixtisasın, ixtisaslaşmanın fəaliyyəti üçün Dövlət Təhsil Proqramları tərtib olunmalı, müvafiq fənlər üzrə proqramlar, metodik vəsaitlər yazılmalı və təhsil qanunlarına uyğunlaşdırılmalıdır. Bu, böyük zəhmət, bilik və təcrübə tələb edir. Xoreoqrafiya çox incə və zərif incəsənət növüdür. Bunu hər addımda çalışırıq ki, nəzərə alaq.

- Akademiyanın strukturu, buradakı qurumlar barədə hansı məlumatları verə bilərsiniz?

- Hazırda bizdə doktorantura və magistratura şöbəsi, "İncəsənət" fakültəsi, 7 kafedra və Akademiyanın ali qərarverici orqanı olan Elmi Şura fəaliyyət göstərir. Bununla bərabər Akademiyada Bədii Şura, Elmi-Metodiki Şura, kollec və tam orta məktəbin Pedaqoji Şuraları da mövcuddur. İnkişaf etdikcə Akademiyanın strukturu da dəyişir, genişlənir.

- Akademiyada hansı pedaqoqlar dərs deyir?

- Akademiyanın klassik rəqs bölməsində Azərbaycanın görkəmli balet ustaları - Xalq artisti Kamilla Hüseynova, Əməkdar artistlər Rimma İsgəndərova, Tamilla Məmmədova, Yuri Lobaçov, Əməkdar müəllim Pulumb Aqalıu, Əməkdar mədəniyyət işçiləri Mayra Almaszadə və Lyudmila Qutlyanskaya, milli rəqs bölməsində Xalq artistləri Təranə Muradova, Yusif Qasımov, Əməkdar artistlər Səbinə Qasımova, Eteri Cəfərova, Sənan Hüseynli, Gülməmməd Şahverdiyev, Tamilla Əliyeva, Nigar Şahmuradova və başqaları elmi-pedaqoji fəaliyyətə cəlb olunmuşlar.

- Akademiyada ustad dərsləri keçirilir. Bir qədər də bu dərslər haqqında məlumat verərdiniz...

- Bu bizim pedaqoji fəaliyyətimizin ən vacib cəhətlərindən biridir. Ustad dərsləri keçirilmədən həqiqi inkişafa nail olmaq mümkün deyil. Akademiyada hər tədris ili ərzində bütün dünyada tanınan balet, rəqs ustaları və pedaqoqları ustad dərsləri keçirlər. Onların arasında Rusiya Federasiyasının xalq artistləri Vladimir Vasilyev, Nikolay Tsiskaridze, əməkdar artistlər Sergey Moxnaç, Vitali Axund , Nikolay Doroxov, pedaqoqlar Yelena Perlina, Tatyana Solomyanko, ABŞ-dan olan müasir rəqs ustası, dünya şöhrətli Mark Morris, Belarusdan Aleksandra Tixomirova, İngiltərəli rəqs ustası Uilyam Pratt və başqaları da vardır. Bundan başqa xoreoqrafiya sahəsinə son illər maraq çox artır. Azərbaycanın müxtəlif bölgələrində Akademiyanın müəllimləri hər il ustad dərslər keçir. Akademiya fəaliyyətə başladığı ilk günlərdən etibarən beynəlxalq məkanda tanınıb və bu sahədə əlaqələrini genişləndirib. İndi bizim müxtəlif ölkələrin nüfuzlu sənət ali məktəbləri ilə əlaqələrimiz var. Bu, tələbə kontingentinə də aiddir. Akademiyada Rusiya, Özbəkistan, Türkmənistan, Yaponiya, Gürcüstan və digər xarici ölkələrdən tələbələr təhsil alır. Diqqətinizə çatdırım ki, Bakı Xoreoqrafiya Akademiyası Avropa İncəsənət İnstitutları Liqasının daimi üzvü seçilib.

- Yəqin ki, məzunlarınız xaricdə yaxşı tanınır və orada fəaliyyət göstərirlər.

- Bu gün Akademiyanın məzunları dünyanın ən mötəbər teatr və məktəblərində səhnə və pedaqoji fəaliyyətlə məşğuldurlar. Onların arasında Rusiyanın Mariinsk Teatrının solisti, beynəlxalq festival və müsabiqələr laureatı, Azərbaycan Respublikasının Əməkdar artisti Timur Əsgərov və solist Şamala Hüseynova, Rusiyanın Mariinsk teatrının Primorsk səhnəsinin baş baletmeysteri və xoreoqrafı Eldar Əliyev və başqaları var. Onların sənət nailiyyətləri bizi çox sevindirir.

- Bakı Xoreoqrafiya Akademiyasının elmi potensialı barədə nə deyə bilərsiniz?

- Akademiyada mütəmadi olaraq elmi-praktiki konfranslar, ustad sənətkarların yubiley gecələri keçirilir, konfransların materialları nəşr olunur, tədris planları və proqramları yenidən işlənilir, xoreoqrafiya sənətinin ayrı-ayrı sahələri üzrə metodiki vəsaitlər, təlimatlar və digər materiallar hazırlanır. Burada "Elmi əsərlər", "Magistr" topluları və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə edilən nəşrlərin siyahısına daxil olan "Sənət Akademiyası" beynəlxalq elmi-nəzəri jurnalı nəşr olunur. Fəaliyyət dövrü ərzində Akademiyada "Xoreoqrafiya sənətinin aktual problemləri" mövzusunda respublika elmi-praktiki, "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda respublika elmi-nəzəri, "Multikulturalizmin Azərbaycan modeli: tarix, mədəniyyət və incəsənət" mövzusunda respublika elmi-praktiki, "Azərbaycançılıq fəlsəfəsi və qloballaşma dövründə mədəniyyətlərin dialoqu" mövzusunda elmi, "Müasir dövr humanitar sahənin elm, təhsil və yaradıcılıq problemləri üzrə elmi və elmi-tədqiqat fəaliyyətinin istiqamətləri və mühüm nəticələri" mövzusunda respublika elmi-praktiki konfransları keçirilib.

- Akademiyanın tələbələri başqa təhsil müəssisələrində oxuyanlardan nə ilə seçilirlər?

 - Yaradıcı adam digərlərindən hər zaman fərqlənir, bu, xüsusən gənclərə aiddir. Xoreoqrafiya sahəsi hər zaman "gənc" olaraq qalır, çünki bu sahədə səhnə təcrübəsi qısa ömürlüdür. Balet artisti və yaxud ansambl artisti səhnədən hələ gənc olaraq, 30-35 yaşlarında getməli olur. Bu baxımdan Akademiya səhnə fəaliyyəti bitən artistlər üçün böyük imkanlar yaradır. Onlar pedaqoji fəaliyyətlə məşğul olurlar, öz təcrübəsini gənclərə öyrədirlər. Bizdə ali təhsil pilləsində təhsil alan tələbələrin əksəriyyəti solistlər, əməkdar artistlər, laureatlardır. Respublikamızda xoreoqrafiya sahəsinin bir çox tanınmış simaları - xalq artistləri, əməkdar artistlər, solistlər həm dərs deyirlər, həm də təhsil alırlar. Yəqin ki, maraqlı görünə bilər: axı səhnədə artıq öz sözünü demiş artistə təhsil nəyə lazımdır?! Biz çox maraqlı və yeniliklərlə zəngin dövrdə yaşayıb fəaliyyət göstəririk. Mədəniyyətimiz daima inkişaf edir. Ölkə rəhbərliyinin mədəniyyətə göstərdiyi qayğı və diqqət hər zaman göz önündədir. Bu qayğıya, eyni zamanda peşəkarlıq sahəsində artan tələblərə cavab olaraq xoreoqraflar öz bilik səviyyəsini yüksəldir, ali təhsil almağa can atırlar. Zənnimcə, insan ömrü boyu öz üzərində işləməlidir. Bu, həm də dövrün tələbidir.

Digər tərəfdən, BXA fasiləsiz təhsil kompleksidir ki, bu da onu digər sahələrdən fərqləndirir. Baxın, bura 6 yaşından uşaqlar təhsil almaq üçün gəlir. Burada tam orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün orta ixtisas pilləsinə qəbul olurlar. 3 il müvəffəqiyyətlə oxuduqdan sonra ali təhsil pilləsinə də qəbul oluna bilərlər. Kiçik yaşlarından yeniyetməlik və daha sonra, yetkin dövrlərinə qədər doğma divarlar içində, bir müəssisədə oxuyurlar. Artıq bu yer tələbələr üçün doğmalaşır, müqəddəs sənət məkanına çevrilir. Başqa təhsil müəssisələrində belə deyil.

-Qeyd etdiniz ki, Akademiya 5 ildir fəaliyyət göstərir, bəs 5 il sonra Akademiyanı necə görmək istərdiniz?

- Ötən beş ildə nailiyyətlərimizin az olmadığını demişəm. Akademiyada hazırda böyük işlər görülür. Orta təhsil pilləsinin şagirdləri daim Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında müxtəlif tamaşalarda iştirak edirlər, bir çox dövlət tədbirlərində, beynəlxalq müsabiqələrdə qalib olurlar. Orta ixtisas təhsil pilləsinin tələbələri Q.Qarayevin "Yeddi gözəl", P.Çaykovskinin "Şelkunçik" baletlərini səhnəyə qoyublar. Habelə, Ali təhsil pilləsini bitirən ilk dəfə olaraq diplom tamaşaları "Sevgi nəğməsi", "Məchul pilləkən", "Ülvi məhəbbət" (rəhbərlər: Xalq artisti Kamilla Hüseynova, Əməkdar artist Zakir Ağayev) şəhərimizin teatrlarında səhnədə nümayiş olunub. Belə fərəhli faktları çox sadalamaq olar. 5 ildən sonra Akademiyanın 10 yaşı olacaq. Mən onu necə görmək, nələri görmək istərdim? Hər şeydən öncə, əldə olunan bu nailiyyətlərin qoruyub saxlanılmasını və inkişaf etdirilməsini, Akademiyanın maddi-texniki bazasının möhkəmlənməsini, ölkə daxili və beynəlxalq əlaqələrinin daha da genişlənməsini, güclü kadr potensialının yetişməsini görmək istərdim. Akademiya öz inkişafında böyük addımlar atıb, böyük layihələr reallaşdırıb. Düşünürəm ki, bu, gələcəkdə də davam etdiriləcək. Mən Akademiyanı məhz belə görmək istəyirəm və bu arzuya çatmaq üçün səylərimizi əsirgəmirik.

Zeynəb ƏKBƏR

 





20.11.2019    çap et  çap et