525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış<b style="color:red"></b>

İdris ABBASOV 

İslam dünyasında bir tərəfdən müxtəlif səbəblər üzündən ortaya çıxan ehtiyac, digər yöndən əski yunan düşüncəsindən edilən tərcümələr vasitəsilə fəlsəfənin yayılmağa başlaması qarşısında inanc mövzuları ilə maraqlanan alimlər kəlam elminə ideoloji bir bazis hazırlamışdırlar. İman əsaslarının təməlini təşkil edən üluhiyyət bəhsinin ilk məsələsi tamamilə təbiətin yaradılmış olduğunu və bunun bir yaradıcısının mövcudluğunu isbat etmək idi. Buna görə də kəlam elminin mövzusu faktiki var olan hər şeyi əhatə edə biləcək şəkildə genişlənmişdir. Ancaq kəlam təbiətdən söz edərkən metod baxımından nassa bağlı qalmağı prinsip etmiş və bu yolla sırf ağıldan hərəkət edən fəlsəfədən ayrılmışdır. Bundan başqa, kəlam təbiəti başlanğıcı və sonu baxımından nəzərdən keçirərək pozitiv (təcrübəyə əsaslanan) elmlərdən ayrılmışdır. Əgər təbiətin başlanğıcı varsa, onda yaradıcısı da vardır. Təbiət (insanların bağlı olduğu kosmik sistem) sonu olan və fanidirsə, axirət həyatı da olacaqdır.

İstər daxildən, istərsə də xaricindən gələn tənqidlər VIII əsrdən etibarən mötəzilə və sünni alimlər tərəfindən cavablandırılmağa başlanmışdır. Başda xristianlıq və yəhudilik olmaqla məcusilik, sənəviyyə (dualizm), maniheizm, brahmanizm kimi dini; dəhrilik, yeni əflatunçuluq, materializm, pozitivizm kimi fəlsəfi görüşlərin rəddi kəlam ədəbiyyatında özünə yer tutan mövzulardandır. Maarifçilik dövründən başlayaraq Qərbdə sürətlə inkişaf edən sosial və təbiət elmlərinə mənsub bəzi şəxslər elmi sıçrayışları mütləq mənada dinin və İslamın əleyhinə bir dəlil kimi istifadə etmək istəmişdirlər.

Müasir tədqiqatçıların bəzisi kəlamın əsl mövzusunun Allahın zatı deyil, insanın özü olduğu fikrini müdafiə edirlər. Çünki dinin qaynağını təşkil edən vəhyin mərkəzində insana yer verilmiş, fəqət kəlamçılar bunu tanrı mərkəzli hesab etmişdirlər. Amma bu fikir o qədər də özünü doğrultmur, çünki vəhydə yalnız insan deyil, Allah və kainat da mərkəzi yer tutur.

Kəlam insanlara doğru inanc və düzgün davranışları aşılayır,  onların dünyada ləyaqətli yaşamasını, axirətdə əbədi səadətə çatmalarını təmin etmək məqsədini güdür. Kəlamın əhəmiyyəti və dəyəri mövzusunda müxtəlif fikirlər irəi sürülmüşdür. Əksəriyyətini hədisçilərin təşkil etdiyi sələfiyyəyə mənsub alimlər, bəzi sufilər və filosoflar kəlama qarşı mənfi münasibət bəsləmiş, həm metod, həm də dəlillər cəhətdən onu tənqid etmişdirlər. Onların fikrincə, kəlam varlıqla bağlı problemləri həll edə bilməmiş, düşüncə sahəsində istehsalçı ola bilməmiş, hətta bir şeyin dərin mahiyyətinə varmağa mane olmuşdur. Malik ibn Ənəs, Şafii və Əhməd ibn Hənbəl kimi müctəhid alimlər kəlamın əleyhinə çıxmış, kəlamı müsəlmanlar arasında fikir ayrılıqlarını və təəssübkeşliyi körükləyib dini-əxlaqi həyatı zəiflədən, müsəlmanların bir-birini inkar etməsinə yol açan, fikirlərdə şübhələr oyadan və dolayısilə insanları arzularının qulu edib allahsızlığa sövq edən bir elm kimi qəbul etmişlər. Xüsusilə, kəlam əqli ehkamlardan önə keçirmiş, insanı duyğular dünyasından uzaqlaşdırıb Qurana zidd bir rasionalist metoda üstünlük vermiş, fəlsəfi və məntiqi qiyaslara söykənərək zəif dəlillər formalaşdırıb Quran dəlillərini güman hesab etmiş, ağla ifrat dərəcədə güvənib, ağlı metafizik sahədə tam uyğun saymış, daha çox filosofların görüşlərini təqlid etmişdir. Bundan başqa, kəlam əhəmiyyətini və keçərliliyini itirən orta əsr mübahisələrini günümüzə daşımış, aktuallıqdan çıxaraq yeni düşüncə və ideologiyalar qarşısında İslamı yetərincə müdafiə edə bilməmiş, vəhyin məqsədlərindən biri olan insanı və təbiəti araşdırmaqdan uzaqlaşmışdır. Kəlam insanın psixoloji və hissi yönünə biganə qaldığından iman həyatını bəsləyə bilməmiş, sadəcə onun mücərrəd əqli strukturunu diqqətə alaraq fəaliyyət göstərmişdir. Bu isə xalqın ehtiyacına cavab verməyi əngəlləmişdir.

İslam alimlərinin əksəriyyəti isə kəlamı önəmli hesab etmiş, onu öyrənib inkişaf etdirməyin fərzi-kifayə növündən olduğunu hökm etmişdirlər. Bu alimlərin başlıca həqiqətləri belə sadalana bilər: Kəlam İslamın ana prinsiplərini müəyyənləşdirib təməlləndirən bir elm sahəsi olduğuna görə dini elmlərin əslini əmələ gətirir, digər islami elmlər isə ikinci sırada gəlir. Çünki Allahın varlığı və birliyi, peyğəmbərliyin və axirətin gerçəkliyi, ibadətlərlə yanaşı digər dini hökmlərin doğruluğu bilinmədən İslamdan bəhs etmək mümkün deyildir. Buna görə də kəlamla məşğul olmağı zərərli, yaxud haram hesab etmək tutarsız və subyektiv bir yanaşma tərzidir. Kəlamın öhdəsinə götürdüyü şey Quranda edilən və peyğəmbərlərə əmr olunan bir fəaliyyətdən ibarətdir. Bu cəhətdən düşünüldüyü təqdirdə kəlamın liderliyini peyğəmbərlər etmişdir, belə bir şeyin bidət qəbul edilməsi anlamsızdır. Məzhəb qurucusu olan müctəhid alimlər də İslamın təməl prinsiplərinin doğruluğunu əsaslandırmağa çalışmış və bir növ kəlam fəaliyəti göstərmişdirlər. Əbu Hənifə, Şafii və Əhməd ibn Hənbəlin bu mövzuda əsər yazdıqları məlumdur. Kəlam bu gün də dini həyatın inkişafı üçün gərəkli olan bir elm sahəsidir. Çünki inkişafın təmin olunması keçmişdən gələn mədəniyyətin özünütənqidi və ağıl yürütməklə mümkündür.

Kəlam elminin daxili və xarici səbəblərin təsiri nəticəsində meydana gəldiyi qəbul edilir. İslamın yayılmasından sonra dini düşüncədə dərinləşmə ehtiyacı duyan müsəlmanlar zahiri mənaları etibarilə bir-birinə əqaid və fiqh sahəsində tərs düşər kimi görünən nasları (mütəşabih) çözməyə çalışmışdırlar. Məhz bunun nəticəsi olaraq əqaid və fiqh sahəsində fərqli görüş və anlayışlar meydana gəlmişdir. Bir çox ayələrdə insanlar həm özləri, həm də digər varlıq və hadisələr üzərində müşahidələr aparmağa, bu müşahidələrdən yararlanaraq əşya və hadisələri ontoloji və epistemoloji cəhətdən izah etməyə dəvət edilmiş, düşünüb fikir yürüdənlərin doğru biliklərə çatacaqları vurğulanmış, buna müqabil atalarından öyrəndikləri inancları təqlid edənlərin haqq inanc və doğru davranış bilgisinə nail olmayacaqları, yollarını azacaqları bildirilmişdir. Müsəlmanlar bu ilahi əmrə uyaraq dini düşüncəni təməlləndirən bilgilərə meyl etməyə başlamışdırlar. Bu durum kəlamın meydana gəlməsinə müsbət təsir etmişdir. Quranda başda Allahın varlığı, birliyi və üstün səciyyələri olmaqla peyğəmbərlik, qədər, iman-günah, yaxşı-pis davranışlar kimi bir çox məsələnin əqli dəlillərinə təmas edilmiş, bunlara edilən etirazlara əqli və məntiqi cavablar verilmiş, müxtəlif din mənsublarının batil inanc və davranışları açıqlanaraq tənqid edilmiş, onlarla ən uyğun biçimdə ideoloji mübarizə aparılması peyğəmbərə və bilvasitə müsəlmanlara əmr edilmişdir. Bu, bir anlamda kəlam inşa etməyi ehtiva edən bir əmrdir. Hz.Peyğəmbərin vəfatından sonra qısa bir müddət ərzində müxtəlif inanclara bağlı toplumların olduğu bölgələr fəth edilmiş və bir çox insan müsəlman olmuşdur. Müxtəlif dinlərdən gələn yeni müsəlmanların zehnindəki dini problemləri çözmək üçün alimlərlə sorğu-sual aparmaq da kəlamın fəaliyyətinə aid edilmişdir. Rəsuli-Əkrəmin vəfatından sonra müsəlmanlar arasında iki fikir ayrılığı siyasi mahiyyət kəsb edirdi. Peyğəmbərin yerinə kimin xəlifə olacağına dair mübahisələr Əbu Bəkrin seçilməsi ilə çözülmüş kimi görünsə də, dövlət rəhbərliyi məsələsi zaman keçdikcə müsəlmanlar arasında önəmli bir problem təşkil etmiş, xüsusilə, Əli ibn Əbu Talibin sonrakı tərəfdarları, dini təmələ bağlı olduğunu önə sürərək xəlifəni müəyyən etmənin insanların öhdəsinə buraxılacaq bəsit bir məsələ olmadığını, xilafətin vəhy yolu ilə Əli ibn Əbu Talibə və onun soyundan gələn şəxslərə məxsus edildiyini irəli sürmüş və bu mövzu dinin əsl ünsürləri arasında mütaliə edilmişdir. Yenə dövlət rəhbərliyi ətrafındakı mübahisələrin bir nəticəsi olaraq Osman ibn Affanın öldürülməsinin ardından Əli ibn Əbu Talibin xilafəti dövründə meydana gələn Cəməl və Siffin savaşları üzündən bir müsəlmanı öldürmənin dini hökmü, iman-günah, qədər-cəbr, təkfir kimi mövzular mübahisə obyekti olmuş və həll yolları axtarılmışdır. Siyasi iqtidarı bir növ ələ keçirə bilməyən müxalif qüvvələr iqtidara gəlmək ümidlərini canlı tutmaq üçün xilaskar mehdi inancına pənah aparmışlar. Digər tərəfdən əməvi idarəçiləri öz fəaliyyətlərini legitimləşdirmək üçün cəbr inancını yaymağa çalışmışlar. Bütün bunlar kəlam elminin meydana gəlməsinə səbəb təşkil edən daxili faktorlardır.

Kəlam elminin ortaya çıxmasına təsir edən xarici səbəblərin başında müsəlmanların əcnəbi dinlərlə qarşılaşması gəlir. Raşidi xəlifələri dövründən etibarən İslam coğrafiyasının sürətlə genişlənməsi nəticəsində müsəlmanlar müxtəlif dinlərə məxsus alimlərlə təmasa girmiş və onlarla dini mövzularda mübahisə etmişlər. Buna görə də müsəlman alimlər İslama edilən etirazlara cavab vermək məcburiyyətində qalmışlar. Dini mövzularda mübahisələrin edildiyi qrupların başında xristianlar gəlir. Xüsusilə, əməvilər dövründə xəlifələrin şərqdəki xristian alimlərlə dialoqa girdikləri, saraylarında onlara müxtəlif vəzifələr verdikləri məlumdur. Onların öndə gələnlərindən biri olan Yuhanna əl-Dəməşqi İslamı tənqid edən bir kitab da yazmışdır. Hz.İsanın üluhiyyətini əsaslandırmaq üçün Quranda ondan “Allahın kəlməsi” deyə bəhs edilməsini və ilahi kəlmələrin əzəli olması gərəkdiyi dəlilini irəli sürərək xalqu-l-Quran ilə zat-sifət mübahisələrinin ortaya çıxmasında xristian alimlərin cüzi bir rolu olduğu qəbul edilir. Xristianlarla yanaşı təşbeh və təcsimə dair mövzuların müsəlmanlar arasında mübahisə olunmasında yəhudilərin payı olduğunu göstərən ip ucları vardır. Belə ki yəhudilər təşbeh inancı mövzusunda hədis uydurmuşlar. İslamı tənqid edən əcnəbi dinlərə mənsub alimlərin bunu edərkən fəlsəfədən, xüsusilə, yunan düşüncəsindən yararlanmaları müsəlman alimlərini fəlsəfə mədəniyyətini öyrənməyə sövq etmişdir. Əsasən müsəlmanların fəth etikləri Misirdə yunan fəlsəfəsi İskəndəriyyə məktəbi vasitəsilə yayılmışdır. Bundan başqa fəlsəfi əsərlər də ərəb dilinə tərcümə edilmişdir.

(Ardı var)

 





04.11.2013    çap et  çap et