525.Az

Əyyub Quliyevin daha bir uğurlu çıxışı


 

Əyyub Quliyevin daha bir uğurlu çıxışı <b style="color:red"></b>

Parisin Müqəddəs Lüdoviq kilsəsində Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Prezident mükafatçısı, Kunmin filarmonik orkestrinin dəvətli baş dirijoru, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyev və tanınmış fransız dirijoru Salvitri de Rochefortun rəhbərliyi ilə Fransanın simfonik orkestri və xoru - "Zoroastr" ansamblının konserti olub.

Konsertin əvvəlində Paris Vokal Ansamblı Assosiasiyasının sədri və "Zoroastr" ansamblının idarə heyətinin sədri Jerar Pedraglio Azərbaycan, onun tarixi və coğrafiyası, eləcə də Əyyub Quliyev və onun fəaliyyəti haqqında ətraflı məlumat verib.

İki hissədən ibarət konsertdə Baxın "Qloria", Motsartın "Tacqoyma" messası və opera ariyaları  səsləndirilib. Əyyub Quliyevlə bərabər səhnəni bölüşən ifaçıların sırasında Fransanın tanınmış müğənnilərinin ifası xüsusi maraq oyadıb - Motsartın opera ariyaları Anjelina le Rey (soprano), "Tacqoyma" messası isə soprano Sesil Dürasso, metso soprano Qabriel Savelli,  tenor İlvye Ernandez və bas Ervan Piro tərəfindən böyük uğurla təqdim olunub. Anşlaqla keçən konsertin sonunda dinləyicilər azərbaycanlı və fransız dirijoru ayaqüstə alqışlamışlar. Qeyd edək ki, "Zoroastr" ansamblının repertuarına daha çox XVIII əsr və XIX əsrin birinci yarısında yazılmış musiqi əsərləri daxildir. Ansamblda müxtəlif xalqları təmsil edən ifaçılar yer alıb.

 





20.11.2019    çap et  çap et