525.Az

Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair ikinci paket müzakirəyə çıxarıldı


 

MİLLƏT VƏKİLLƏRİ MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏKİ SÜRÜNDÜRMƏÇİLİKLƏRDƏN ŞİKAYƏTLƏNDİLƏR

Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair ikinci paket müzakirəyə çıxarıldı<b style="color:red"></b>

Dünən Milli Məclisin (MM) növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 21 məsələ daxil edilib. İclası spiker Oqtay Əsədov açıb.

Parlamentin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov gündəlikdəki "Diaspor fəaliyyətində xidmətə görə" medalının təsis edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı  bildirib ki,  eks deputat Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə  başlamasından sonra adıçəkilən qurumun, Azərbaycan diasporasının fəaliyyətində böyük dönüş hiss olunmaqdadır.Onun sözlərinə görə, ən əsası diaspora təşkilatları və təmsilçiləri arasında ikitirəliklər, soyuqluqlar aradan qalxmaqdadır: "Amma burada bir  vacib məsələyə diqqəti cəlb etmək istərdim. Dünyada "diaspor" sözü yoxdur, "diaspora" var. Yunan sözüdür, "diaspora"dır, ingilisi də belə deyir, rusu da belə deyir, digərləri də. Ona görə artıq bizdə də bu yanlışlığa son qoyulmalıdır. Komitənin adında da, medalın adında "diaspora" yazılmalıdır".Komitə sədri həmçinin, təsis edilən medalın diaspora nümayəndələrinin fəaliyyətində canlanma, irəliləyiş yaradacağını vurğulayıb.

Qısa müzakirələrdən sonra qanun layihəsi ikincin oxunuşda qəbul edilib.

İclasda sonra məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi müzakirəyə çıxarılıb. Qanunvericilik paketi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qeyd edək ki, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi çərçivəsində ilk qanunvericilik aktları paketi bu ilin iyul ayında qəbul edilmiş və islahatların institusional komponentini əhatə edib. 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək həmin dəyişikliklərə əsasən, ixtisaslaşmış məhkəmələrin iki sisteminin - inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulub. Hazırkı sənədlər toplusuna daxil olan layihələr 12 normativ hüquqi akta, o cümlədən Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə, "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında", "Dövlət məhkəmə ekspertizası haqqında", "İnzibati icraat haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və digər qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur. Qeyd edilən layihələrin hazırlanması ilə əlaqədar Ali Məhkəmə, Ədliyyə Nazirliyi və Baş Prokurorluğun nümayəndələrindən ibarət işçi qrupları yaradılıb, statistik məlumatlar və mövcud təcrübə təhlil edilib, qabaqcıl beynəlxalq təcrübə öyrənilib. Həmçinin hüquq ictimaiyyətinin, akademik dairələrin, sahibkarların iştirakı ilə geniş ictimai dinləmələr keçirilib, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda Amerika Ticarət Palatasının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təklifləri və rəyləri toplanıb. Müzakirəyə çıxarılan layihələr vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi kimi iki əsas istiqaməti əhatə edir. "Məhkəmələr və hakimlər haqqında" Qanuna təklif edilən dəyişikliyə əsasən, vahid məhkəmə təcrübəsi yaradılmasının məqsədi ədalət mühakiməsi həyata keçirilərkən məhkəmələr tərəfindən hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etməkdir. Layihəyə əsasən, Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini həm baxdığı ayrı-ayrı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, həm də Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırmalıdır. Ali Məhkəmə izahların dövrün tələblərinə uyğunluğunu təmin etmək məqsədilə onları daim yeniləməlidir. Qanun layihələrinə əsasən, məhkəmələrin fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən monitorinqlərin təşkil edilməsi nəzərdə tutulur. Monitorinqin nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınacaq. Qanun layihələri paketinə daxil olan ikinci mühüm istiqamət məhkəmə prosesi iştirakçılarının məhkəmə ekspertizasının aparılması ilə bağlı hüquqlarının genişləndirilməsidir. Təklif edilən dəyişikliklərə əsasən, yeni bir hüquqi institut - özəl məhkəmə ekspertizası institutu yaradılır, özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir.Layihəyə əsasən mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edə və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcək.Hazırda məhkəmə-hüquq islahatları çərçivəsində növbəti normativ hüquqi aktlar toplusu üzərində iş davam edir. Bu sənədlər toplusuna cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi, mülki prosessual qanunvericiliyin kompleks şəkildə təhlili və təkmilləşdirilməsi, məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması ilə bağlı qanunvericilik aktlarının layihələri daxildir.

Millət vəkili Qüdrət Həsənquliyev paketin müzakirəsi zamanı deyib ki, məhkəmə süründürməçiliyinə son qoyulmalıdır. "Bu istiqamətdə də islahatlar aparılmalıdır. Süründürməçilik dedikdə isə məhkəmə proseslərinin, məhkəmə çəkişmələrinin uzadılması nəzərdə tutulur. Ona görə də bu yöndə islahatlar getməlidir. Həmçinin, hakimlərin müstəqilliyi təmin edilməlidir. Onlar ömürlük seçilməlidir. Yalnız cinayət əməllərinə yol verdiyi aşkarlandıqda, onun səlahiyyətlərinə son qoyulmalıdır. Bununla yanaşı, peşəkar, vicdanlı hakimlərin layiqli həyat tərzini, şəraitini təmin etmək üçün onlara mənzil də verilməlidir, maaşları da 10 min manata çatdırılmalıdır"-deyə, millət vəkili bildirib.

Millət vəkili Tahir Kərimli ölkədə 8 instintaq komitəsinin olmasına narazılığını bildirib: "Mənə maraqlıdır ki, Baş Prokurorluq bunlara necə nəzarət edir?! Axı, bu qədər istintaq komitəsi nəyə lazımdır ki?! Bizdə sistemli islahatlar aparılmalıdır. Amma çox təəssüflər olsun ki, məhkəmə-hüquq sistemində islahatlar çox dağınıq aparılır.İslahatlar mahiyyəti üzrə aparılmalıdır...".

Millət vəkili Qənirə Paşayeva öz növbəsində məhkəmə qərarlarında, hökm və qətnamələrində bir-birinə zidd məqamların olmasından, məhkəmə süründürməçiliyindən, burada qanunazidd halların yaşanmasından narahatlığını ifadə edib. Millət vəkili xüsusilə, məhkəmə qərarlarının icrasının təmin olunmamasından şikayətlənib: "Məsələn, alimentlərlə bağlı məhkəmə qərarlarının əksəriyyəti icra edilmir, yerinə yetirilmir. Eyni zamanda, yerlərdə vəkillik institutunun gücləndirilməsinə ciddi ehtiyac var. Əgər vəkillik instututu yerlərdə də gücləndirilərsə, bu, məhkəmə qərarlarının ədalətli olmasında və icraya yönəldilməsində öz müsbət təsirini göstərər. Həmçinin hər qurumun ayrıca istintaq komitəsinin olmasını düzgün hesab etmirəm. Çünki bu zaman onların müstəqilliyindən, ədalətliliyindən danışmaz olmaz. Odur ki, bütün istintaq komitələri vahid bir komitədə birləşdirilməlidir".

"Azərbaycanda bir Təhsil Nazirliyindən başqa, bütün nazirliklərin istintaq idarəsi var. Hələ bəzilərinin cinayət-axtarış idarələri də var".  Bunu isə deputat Siyavuş Novruzov deyib. Millət vəkilinin sözlərinə görə, istintaq idarələri aydındır ki, bir ya iki dövlət qurumunda ola bilər: "Qalanların hamısı ümumi olmalıdır. Bilirik ki, bütün növ istintaq istintaqın əsasını təşkil edir. Orada əldə edilən dəlillər bitdisə, ondan sonra hansı istintaq idarəsinə aparıb verirsənsə ver, ordan heç nə əldə etmək olmaz. Əgər bir qurum özü tutub özü istintaqını aparırsa, söhbət hansı tərəfin güclü olmasından və yaxud məsələnin qanunauyğun şəkildə yerinə yetirilməsindən gedə bilər?! Ona görə də müəyyən qənaətlər əldə etmək istəyiriksə, müxtəlif istintaq idarələrini də mərkəzləşdirməliyik". S. Novruzov həmçinin qeyd edib ki, bu gün həbsdən çıxıb müxalifətə qoşulanlar vaxtilə mindən artıq məhkəmə qərarını pozub: "Hansı ki, Azərbaycan vətəndaşını işə bərpa etməyib və dövlətdən narazı salıb. Qanunu yerinə yetirmədiyinə görə ona vaxtında cəzalar verilsəydi, başqa cinayətə yol verməzdi".

Kamil HƏMZƏOĞLU

 





20.11.2019    çap et  çap et