525.Az

Görkəmli cərrah, unudulmaz şəxsiyyət - Anım


 

Görkəmli cərrah, unudulmaz şəxsiyyət - <b style="color:red">Anım </b>

İnsanları zaman yetirirsə, bəzi insanlara tarixi formalaşdırmaq qismət olur. Ölkəmizin səhiyyə sistemində yaddaqalan və heç vaxt unudulmayan, adları insanların qəlbinə böyük hərflərlə yazılmış həkimlərimiz olub. Haqqında söhbət açacağım görkəmli müəllim-həkim Mürsəl Əbülfəz oğlu Qarayev (1919-1975) belə səhiyyə xadimlərimizdəndir.

Bütün həkimlər bilirdilər ki, nə vaxt çətinliyə düşsələr, Mürsəl müəllimə müraciət edəcəklər və düşdükləri çətin vəziyyətdən onun köməyi ilə çıxacaqlar. Belə də olurdu. O, istər döş qəfəsində, istərsə də qarın boşluğunda ən yüksək səviyyədə əməliyyatlar yerinə yetirirdi. Mürsəl müəllim hətta baş-beyində də əməliyyatları uğurla həyata keçirirdi.

Bir dəfə mən və həkim-cərrah Xanlar Abdıyev F.Əfəndiyev adına 4 saylı xəstəxanada gecə növbəsində olarkən saat 22 radələrində xəstəxanaya 19-20 yaşında xəstə gətirdilər. Xəstə toyda oynayarkən huşunu itirib yıxılmışdı. Bir neçə dəqiqədən sonra özünə gəlmişdi və onu xəstəxanaya gətirmişdilər. Xəstə suallara ətraflı cavab verirdi. Mənim üçün xəstənin vəziyyətini qiymətləndirmək çox çətin idi. Xoşbəxtlikdən professor Qarayev adəti üzrə xəstəxanaya gəldi və mənim xahişimlə bu xəstəyə baxdı. Birmənalı olaraq xəstədə daxili qanaxma olduğunu bildirdi və təcili əməliyyatxanaya götürməyi tövsiyə etdi.

Mürsəl müəllim elmlər doktoru, professor olsa da, çox sadə, təvazökar müəllim idi. Öz tükənməz bilik və bacarığını həkimlərə öyrətməkdən yorulmurdu. O, Pediatriya fakültəsində Cərrahi xəstəliklər kafedrasının professoru idi. Hazırda III Cərrahi xəstəliklər kafedrası görkəmli səhiyyə xadiminin yaratdığı məktəbin ənənələrini müvəffəqiyyətlə davam etdirir.

Mürsəl müəllim nə qədər ciddi müəllim-həkim olsa da, bir o qədər də şən və zarafatcıl idi. Onun həm gənc cərrahların formalaşmasında, həm də aspirantların elmi işlərinin aparılmasında əvəzsiz xidmətləri var. Bunu heç vaxt unutmaq olmaz.

Professor Qarayev II Dünya müharibəsində həkim-cərrah işləmişdi. O, tez-tez müharibə illərini xatırlayırdı. Xüsusilə qəlpə yarası almış xəstələrdən söhbət açırdı. Tələbələrə hansı xəstələrin ilkin müalicəsi ilə məşğul olmağı öyrədirdi. Xüsusilə damar zədələnmələri və qanaxmalarının daimi və müvəqqəti dayandırılmasından geniş danışırdı. Həmişə sabaha inamla baxmağı tövsiyə edirdi.

Mürsəl müəllim təbiəti çox sevirdi. Ovçuluğa və balıqçılığa xüsusi diqqət yetirirdi. Təbiət qoynunda dincəlməyi və şəhərin səs-küyündən uzaq durmaq arzusunda olan insan idi. Çoxlu lətifələr danışardı. Yeri gəlmişkən: "Əgər kiminsə dirsək çuxurunda döyənək yoxdursa, o, balıqçı deyil", - deyirdi. Belə ki, balıq ovuna gedənlər balığın böyüklüyünü göstərmək üçün əlləri ilə dirsək çuxuruna tez-tez vururdular ki, tutduqları balıqların böyüklüyünü sübuta yetirsinlər. Mürsəl müəllimlə təbiət qoynuna gedən insanlar onun sadəliyindən, yaxşı yoldaşlığından ağızdolusu danışırdılar. Bir sözlə, bu insan hərtərəfli xoşbəxt idi.

Onu da qeyd etməliyəm ki, Mürsəl müəllim incəsənətə də çox yüksək qiymət verirdi. Bütün tələbələrinə hər hansı bir musiqi alətində ifa etməyi məsləhət görürdü. Özü tibb işçilərindən ibarət ansamblda ifa edirdi. Professor Qarayev caz musiqisinin incəliklərini də çox gözəl bilirdi.

Ümumiyyətlə, Mürsəl müəllim haqqında danışmaq nə qədər şərəflidirsə, o qədər də çətindir. Bu insan bütün sahələrdə: tibbdə, musiqidə və gündəlik ünsiyyətdə, dostluqda təkrarolunmaz şəxsiyyət idi.

Belə insanlar ölmürlər, onlar əbədi olaraq yaddaşlarda yaşayırlar. Atalar yaxşı deyib: ot öz kökü üstündə bitər. Professor Əbülfəz Qarayev, dünya şöhrətli bəstəkar Qara Qarayev, haqqında danışdığımız professor Mürsəl Qarayev və hazırda ölkəmizin Mədəniyyət naziri olan hörmətli Əbülfəs Qarayev buna dəyərli nümunədirlər. Uzun illərdən bəri dövlətimizə və xalqımıza uğurla xidmət edən nazir Ə.Qarayev Qarayevlər nəslinin layiqli davamçısıdır. İnanıram ki, onun hər bir uğuru nəsil-şəcərəsinin dünyasını dəyişmiş nümayəndələrinin ruhunu sevindirir.

Fariz CAMALOV
ATU-nun III Cərrahi xəstəliklər kafedrasının müdiri, professor

 





21.11.2019    çap et  çap et