525.Az

Azərbaycanlı deputatlar Sofiyada erməni deputatın təxribatının qarşısını aldılar


 

Azərbaycanlı deputatlar Sofiyada erməni deputatın təxribatının qarşısını aldılar<b style="color:red"></b>

"Müzakirəyə çıxarılan mövzu haqqında daha əvvəl Moldovada çıxış etdiyim üçün əslində, bu dəfə çıxışa yazılmağı düşünmürdüm. Lakin müəyyən məsələlər məni bu gün danışmaq məcburiyyətində qoydu. Belə ki, QDİƏT PA 26 ildir fəaliyyətdədir. Mən 14 ildir bu təşkilatın Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Bu təşkilatda hər zaman dostluq, anlayış hökm sürüb. Fikir və təkliflərə hörmətlə yanaşılıb. Əməkdaşlığımız bu təşkilatın daxili qaydaları, daxili nizamnaməsi çərçivəsində qurulub. Bəli, təşkilatın adı - iqtisadi əməkdaşlığı əhatə edir. Amma gəlin qəbul edək ki, siyasi fəaliyyətlər və siyasi qərarlar olmadan iqtisadi nailiyyətlər əldə edilməsi mümkün deyil. Yəni hər bir ölkənin iqtisadi rifah halı, inkişafı, həmin ölkədəki siyasi vəziyyətlə, o ölkədə mövcud olan stabillik, əmin-amanlıq, sülh şəraiti ilə birbaşa bağlıdır".

Bunu Azərbaycan Qara Dəniz İqtisadi Əmək Təşkilatı Parlament Məclisinin (QDİƏT PA) 54-cü Bas Assambleyasının Bolqarıstanın Sofiya şəhərində keçirilən iclasında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin üzvü, professor Jalə Əliyeva deyib. Onun sözlərinə görə, üzv ölkələrdən hər hansı birində mövcud olan qeyri-stabil vəziyyət, münaqişələr, sadəcə ölkələrimizi, xalqlarımızı təsir altına almaqla bitmir, bölgədəki vəziyyəti, hətta dünya düzənini - səhmanını da təhdid edir. "Bizlər, parlament üzvləri olaraq, bu kimi hallara son verilməsi üçün çözüm yolları axtarmaq, dünyamızın daha yüksək bir səviyyə çatması üçün buradayıq. Qurucu olmaq üçün buradayıq! Qırıcı olmaq üçün deyil!  Ölkələrimizin dünya toplumu, Birləşmiş Millətlər Təkilatı tərəfindən qəbul edilmiş sərhədləri mövcuddur və bu sərhədlər bu gün də de-fakto dəyişmiş olsa da, de-yure dəyişməz olaraq qalır. Bu halda, qədim Qarabağ torpağının ermənistanlı deputat tərəfindən "Artsax" adlandırılması və guya "Artsax"da "demokratik seçkilər" keçirildiyini təşkilatın qarşısında elan etməsi, məncə, həm burada oturan təşkilat üzvlərinə, həm də əzəli Azərbaycan torpağı olan Qarabağda 30 ildən çoxdur qaçqın və köçkün vəziyyətinə düşən 1 milyondan artıq soydaşımıza hörmətsizlikdir. Ən əsası isə bu açıqlama BMT qətnamələrinə, insan hüquqlarına ziddir. Unutmayaq ki, erməni həmkarımızın adlandırdığı "Artsax" bu gün dünyanın heç bir ölkəsi tərəfindən, hətta Ermənistan tərəfindən də tanınmamaqdadır.  Toplantımızın mövzusu olan "Qara Dəniz hövzəsi ölkələrində işsizlik və onun aradan qaldırılması"na gəlincə, çıxışımın əvvəlində də dediyim kimi, ötən iclasda bu mövzuda geniş çıxış etdiyimiz və Təşkilatın Katibliyinə ölkəmizin ətraflı hesabatını təqdim etdiyimiz üçün məlumatları təkrarlamağa lüzum görmürük. Mənə ayrılan müddətin dolduğunu nəzərə alaraq, çıxışımın sonunda sadəcə bunu bir daha bildirmək istəyirəm ki, Azərbaycanda hər bir ölkə vətəndaşını əhatə edən çox nəhəng sosial layihələr həyata keçirilir. Ölkə rəhbərliyi vətəndaşının, sadəcə, bu günü deyil, sabahının da təmin edilməsi üçün, ölkədə rifah halının yüksəlməsi üçün analoqu olmayan addımlar atılır. Və bu nailiyyətlər Azərbaycanı, sadəcə, bölgənin deyil, həm də dünyanın üstün ölkələri sırasına çıxarır!" - deyə J.Əliyeva sözlərinə əlavə edib.

Qeyd edək ki, adıçəkilən qurumun bir gün öncə keçirilən plenar iclasında Azərbaycan və Ermənistan deputatları arasında ciddi mübahisə düşüb. Ermənistandan olan bir deputat çıxışında "Artsax"da "demokratik seçki" keçirildiyini elan edib və bu, qalmaqala səbəb olub. Azərbaycan nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə dərhal söz alaraq, erməni deputata kəskin cavab verib. "Mən onun çıxışından sonra təcili söz alaraq beynəlxalq tədbir sədarətindən Ermənistan deputatının siyasi provokasiyasının qarşının alınmasını tələb etdim. Bildirdim ki, heç bir "Artsax" yoxdur, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri var, bu ərazidə yaradılmış Ermənistan işğalçı rejimi var.

Bu ərazilərdə qeyri-qanuni olaraq Ermənistan hərbi qüvvələri var. Ermənistan rəsmiləri vaxtaşırı işğal edilmiş ərazilərə gələrək beynəlxalq hüquq normalarını kobud surətdə pozurlar", - deyən millət vəkili çıxışında sonra bildirib ki,  Ermənistan daim beynəlxalq ictimaiyyəti aldatmaq siyasəti yeridir. "Eyni zamanda bildirdim ki, Azərbaycan öz torpaqlarının işğalına dözməyəcək, diplomatik, ya hərbi yolla torpaqlarımız mütləq asad ediləcək", - deyə A.Mirzəzadə vurğulayıb. Bununla yanaşı, millət vəkili sözlərinə əlavə edib ki, iclasda Azərbaycanla bağlı məsələ müzakirə edilərkən Ukrayna nümayəndə heyətinin üzvü İvan Kirilenko belə bir fikir işlədib ki,  "mən hər bir ölkəyə arzu edirəm ki, Azərbaycan kimi inkişaf etsin, o cümlədən, əhali sayı da artsın..."

Kamil HƏMZƏOĞLU

 





22.11.2019    çap et  çap et