525.Az

Azərbaycanda “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası” təsdiqlənib


 

Azərbaycanda “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası” təsdiqlənib<b style="color:red"></b>

Nazirlər Kabineti “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nı nı təsdiq edib.

APA-nın verdiyi məlumata görə, bu qayda aviasiya təhlükəsizliyi personalının anket məlumatlarının toplanılması, yoxlanılması və onların seçilməsi qaydasını və şərtlərini müəyyən edir, aviasiya təhlükəsizliyi sahəsində kadr axınının qarşısının alınmasını, müvafiq xidmət mədəniyyətinin formalaşdırılmasını təmin etmək üçün həmin sahəyə yararlı kadrların seçilməsi və onların peşə hazırlığının artırılması məsələlərini tənzimləyir.
 
Aviasiya təhlükəsizliyi sahəsində müvafiq vəzifələrin tələblərinə uyğun peşə hazırlığına malik, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, sağlam, həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla) və məhkumluğu olmayan Azərbaycan vətəndaşlarının xidmət etmək hüququ var. İkili vətəndaşlığı olan, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə bu sahədə işləməyə qadir olmayan, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, əvvəlki iş yerindən işdə yol verdiyi kobud nöqsanlara görə xaric olunmuş şəxslər aviasiya təhlükəsizliyi sahəsində xidmətə qəbul edilmirlər. Qanunvericiliklə müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar aviasiya təhlükəsizliyi sahəsində xidmətə qəbul edilmirlər.
 
Aviasiya təhlükəsizliyi sahəsində xidmətə qəbul zamanı ali təhsilli, idman dərəcəsi olan, İCAO-nun rəsmi 6 (altı) dilindən birini bilən və yaşı 30-dan çox olmayan şəxslərə üstünlük verilir. Aviasiya təhlükəsizliyi personalı işə müsahibə yolu ilə qəbul edilir. Aviasiya təhlükəsizliyi personalının fiziki hazırlığı və sağlamlıq vəziyyəti onun işlədiyi dövrdə mütəmadi, anket məlumatları isə hər 5 (beş) ildən bir yoxlanılır. Aviasiya təhlükəsizliyi personalının sayı yerinə yetirilən vəzifələrin həcmindən və xarakterindən asılı olaraq “Azərbaycan Hava Yolları” (“AZAL”) QSC tərəfindən Dövlət Mülki Aviasiya Administrasiyası ilə razılaşdırılmaqla müəyyən edilir.
 
Aviasiya təhlükəsizliyi sahəsində işə qəbul edilən və qanunsuz müdaxilə aktının qarşısının alınması zamanı qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etmək hüququna malik olan şəxslər vəzifələrinin icrasına daxili işlər orqanlarında xüsusi hazırlıq keçdikdən sonra başlayırlar. Aviasiya təhlükəsizliyi üzrə tədbirlərin həyata keçirilməsinə yalnız işə qəbul edildikdən sonra icbari təlimə cəlb edilmiş və bu təlimi müvəffəqiyyətlə bitirmiş və müvafiq şəhadətnamə (sertifikat) almış personal buraxılır.
 
Namizədin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün hər bir namizəd “AZAL” QSC-nin Tibb-sanitar İdarəsinin Aviasiya poliklinikasında və ya poliklinikanın göndərişi əsasında digər tibb müəssisəsində cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq həkim-mütəxəssislərin müayinəsindən, o cümlədən nəticələrdən asılı olaraq digər ixtisaslardan olan həkimlərin müayinəsindən keçirilməlidir. Aviasiya təhlükəsizliyi sahəsində xidmətə qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər anket məlumatları, fiziki hazırlıq və sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra aşkarlıq şəraitində müsahibədən keçirilirlər.
 
Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı komissiyanın sədri tərəfindən “AZAL” QSC-nin rəhbərinə təqdim edilir. Namizədin işə qəbul edilməsi barədə yekun qərarı “AZAL” QSC-nin rəhbəri qəbul edir və 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə, onunla əmək müqaviləsi bağlayır. Aviasiya təhlükəsizliyi personalı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda nəzərdə tutulmuş vəzifə funksiyalarının pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

 





05.11.2013    çap et  çap et