525.Az

İtaliya səfiri: “Ümid edirəm ki, Minsk Qrupunun həmsədrləri yeni ideyalar təklif edəcəklər”


 

İtaliya səfiri: “Ümid edirəm ki, Minsk Qrupunun həmsədrləri yeni ideyalar təklif edəcəklər”<b style="color:red"></b>

İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Campaolo Kutillonun (Giampaolo Cutillo) APA-ya müsahibəsi

 

- Hörmətli səfir, İtaliya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin mövcud inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?

 

- Hazırda İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdə çox vacib bir məqam yetişib. Biz İtaliyanın baş naziri Enriko Lettanın iki ay əvvəl Azərbaycana tarixi səfərinin şahidi olduq. İlk dəfə idi ki, İtaliyanın hökumət başçısı Azərbaycana səfər edirdi. O, prezident İlham Əliyev tərəfindən çox isti qarşılandı, maraqlı fikir mübadiləsi aparıldı. Biz bu görüşdə müzakirə olunan məsələlərin inkişafı üçün bir çox layihə üzərində çalışırıq. Belə layihələrdən biri noyabrın 12-13-də iqtisadi inkişaf naziri Karlo Kalendanın rəhbərliyi ilə İtaliyanın ticarət nümayəndələrinin Azərbaycana səfəri olacaq. Bir çox italiyalı iş adamı Azərbaycan-İtaliya  biznes forumunda iştirak edəcək. Mən hesab edirəm ki, biz əməkdaşlıqda yeni səviyyəyə nail olmuşuq.

 

- İki ölkə arasında əlaqələrin inkişaf perspektivini və TAP layihəsini necə qiymətləndirirsiniz?

 

- Neft və qaz bizim əməkdaşlığımızın ən vacib sahələrindən biridir. TAP layihəsi irəliyə doğru önəmli bir addımdır və biz bu layihəni İtaliya və Avropa Birliyi üçün vacib və stabil tərəfdaş olan Azərbaycanın iştirakı ilə enerji təchizatının diversifikasiyası baxımından gözəl bir imkan sayırıq. Eyni zamanda hesab edirik ki, qeyri-neft sektoru da çox vacibdir və İtaliya bu baxımdan Azərbaycan üçün çox önəmli tərəfdaşa çevrilə və qeyri-enerji sektorunun inkişafına dəstək verə bilər. İtaliyanın öz sənayesinə görə Avropada ikinci olduğu nəzərə alınarsa, bizim Azərbaycana nələr təklif edə biləcəyimiz anlaşılar.

 

Hazırda Azərbaycanda 50-yə yaxın İtaliya şirkəti fəaliyyət göstərir, lakin biz bu sayın artmasını, daha çox İtaliya şirkətinin bura gəlməsini və birgə müəssisələr yaradılmasını istəyirik. Tikinti, infrastruktur, neft və qaz bizim üçün prioritet sektorlardır. Ötən il İtaliyanın Azərbaycana ixracatı 400 milyon avro, Azərbaycandan idxalatı isə 7 milyon avro həcmində olub. Bu rəqəmlərin artmağa davam etməsi ölkələrimizin yararına olacaq. Bizim iqtisadi tərəfdaşlığımız məğlubiyyət ehtimalı olmayan bir oyundur.  

 

- İki ölkə arasında əməkdaşlığa dair bir sıra sazişlər imzalanıb. Əlaqələrin daha da inkişafı üçün sizcə daha hansı razılaşmalar olmalıdır?

 

- Azərbaycanla İtaliya arasında iqtisadiyyat, təhsil, mədəniyyət, hüquq və digər sahələrdə çoxlu sayda saziş imzalanıb. Biz hökumətlərarası komissiyanın planlaşdırılan iclası zamanı əməkdaşlığın digər sahələrinə də nəzər salmaq istəyirik. Biz eyni zamanda gələn il Azərbaycandan İtaliyaya bir sıra yüksək səviyyəli səfərlərin gerçəkləşməsini gözləyirik. Gələn il münasibətləri möhkəmləndirmək üçün daha çox imkanımız olacaq.

 

- Sizcə, hər iki tərəfdən qarşılıqlı turist axınının artırmaq üçün nələr edilə bilər?

 

- Biz turizm sahəsində daha dərin əməkdaşlığa nail olmaq üçün çalışırıq. Azərbaycandan mümkün olduğu qədər daha çox turist cəlb etməkdə maraqlıyıq. Bunun üçün viza prosedurunu sadələşdirməyə və bütün arzu edənlərin ölkəmizə gəlişinə şərait yaratmağa çalışırıq. Mən Azərbaycanın da tarix, mədəniyyət və təbiət baxımından italiyalı turistlər üçün maraqlı istiqamət olduğunu düşünürəm. Yaxın həftələrdə iki ölkə mədəniyyət və turizm nazirliklərinin nümayəndələrinin görüşü keçiriləcək və bu görüşdə turizm əməkdaşlığının genişləndirilməsi yolları müzakirə olunacaq.

 

- Azərbaycan orta statistik italyan üçün nə deməkdir?

 

- Son illər Azərbaycan hökuməti ölkənin Avropada populyarlaşdırılması üçün çox iş görüb. Məsələn, Heydər Əliyev Fondunun dəstəyi ilə son illər İtaliyada çoxlu sayda böyük mədəniyyət tədbiri keçirilib. Biz Venesiyadakı biennalı, Roma, Florensiya və digər İtaliya şəhərlərində maraqlı musiqi tədbirlərini xatırlayırıq. Azərbaycan Milanda keçiriləcək “Expo 2015” sərgisində iştirak edəcək. Bununla yanaşı, təbii ki, daha çox iş görmək lazımdır. İtaliya məşhur ölkədir, lakin biz hələ də öz ölkəmizin təbliğatı və tanıdılması ilə məşğuluq.  

 

- Mədəniyyət-humanitar əlaqələrin inkişafını necə qiymətləndirirsiniz?

 

- Azərbaycanda italyan dilinin və müxtəlif mədəni tədbirlər təşkil etməklə italyan mədəniyyətinin öyrənilməsi səviyyəsinin yüksəldilməsini dəstəkləyirik. Biz Bakıda keçirilən Avropa Kinofestivalına qatıldıq və İtalyan dili həftəsi təşkil etdik. Daha iri layihələrə gəlincə, gələn il Roma Opera və Balet Teatrının Bakıda çıxış etməsini gözləyirik. Təhsil sahəsində biz İtaliyada oxumaq istəyən tələbələrə təqaüd veririk. Hazırda bir neçə yüz azərbaycanlı tələbə İtaliyada təhsil alır.

 

- İtaliya bütün dövrlərdə, xüsusən kino və musiqi sahəsində, məşhur adlarla tanınıb. Lakin son vaxtlar bu sahədə dünya şöhrətli italyanların sayı getdikcə azalır. Müasir İtaliya mədəniyyətində bu yavaşlamanın səbəbi nədir? 

 

- İtaliya iqtisadiyyat sahəsində və maliyyə böhranı ilə əlaqədar çətin dövr yaşayır və bu, gənclərə də təsir göstərir. Lakin mən əminəm ki, bizdə ehtiyatlar və istedadlar var və onlar bu böhrandan keçərək özlərini göstərə biləcəklər. Böhranlar olur və keçir. Bu, tarixin bir parçasıdır. İtaliyanın mədəni derjava kimi rolu çətin ki, nə vaxtsa dəyişsin. İtaliya bütün digər məsələlərlə yanaşı, unikal və təkrarolunmaz mədəni irsin daşıyıcısıdır.    

 

- İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi nədən ibarətdir?

 

- Mən Azərbaycan hökuməti və xalqının bu məsələyə verdiyi önəmi səmimi olaraq qiymətləndirirəm. Biz Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik. Mən düşünürəm ki, Azərbaycan və Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra münaqişənin həllində yeni imkanlar pəncərəsi açıla bilər. Çox ümid edirəm ki, Minsk Qrupunun həmsədrləri yeni ideyalar təklif edəcəklər. İtaliya sözsüz bu qərarları dəstəkləyəcək. Gələn il İtaliya Avropa Birliyində sədrlik edəcək və biz bu bölgə üçün fundamental məsələ olan sülh prosesini dəstəkləmək, irəli aparmaq istəyirik. Azərbaycanla dostluğumuza çox inanırıq və bu ağrılı məsələnin həllinə təsir göstərmək üçün bizdən asılı olan hər şeyi etməyə çalışacağıq. 

 

 





05.11.2013    çap et  çap et