525.Az

2020-ci ilin yaz semestri üzrə xaricdə doktorantura təhsili üçün müsabiqə


 

İL ƏRZİNDƏ 100 NƏFƏRİN XARİCDƏ DOKTORANTURA TƏHSİLİ ALMAĞA GÖNDƏRİLMƏSİ PLANLAŞDIRILIR

2020-ci ilin yaz semestri üzrə xaricdə doktorantura təhsili üçün müsabiqə<b style="color:red"></b>

Noyabrın 18-dən etibarən 2020-ci ilin yaz semestri üçün "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbuluna start veriıib.

Əsas məqsəd Azərbaycan ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsi məqsədilə dünyanın ən reytinqli universitetlərində doktorantların hazırlığını təmin etməkdir.

Azərbaycan dövləti tərəfindən ölkə vətəndaşı olan gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi ənənəsi olmasına baxmayaraq, "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" tamamilə yenidir. Adından da göründüyü kimi, ölkədə ali təhsil sisteminin gücləndirilməsinə yönələn bu proqramın həyata keçirilməsi nəticəsində təhsilin doktorantura səviyyəsində xaricdə təhsil və təcrübənin maliyyələşdirilməsi ilk dəfə gerçəkləşdiriləcək.

Nəticədə xaricdə təhsil alan və fəlsəfə doktoru dərəcəsi olan ixtisaslı kadrlar ölkə universitetlərində dərs deyəcəklər. Bu yolla Azərbaycan universitetlərinin də kadr potensialı gücləndiriləcək. Proqramın iki əsas istiqamətindən biri olan bu məqsədə doğru artıq real addımlar atılıb. Belə ki, Proqramın təsdiq olunmasından ötən bir il ərzində bu prosesin necə və hansı vəsaitlə həyata keçiriləcəyinə dair hər bir nüans ətraflı şəkildə ölçülüb-biçilib. Bu məqsədlə müvafiq qaydalar hazırlanıb. "Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalar" Nazirlər Kabinetinin bu il noyabrın 13-də qəbul edilən qərarı ilə təsdiq edilib. Qaydaların Azərbaycan vətəndaşları üçün yaratdığı imkanlar, sənəd qəbulu prosesi, iştirak şərtləri, iddialıların seçə biləcəyi istiqamətlər və nüfuzlu universitetlərin siyahısı  Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbər şəxsləri tərəfindən geniş ictimaiyyətə açıqlanıb.

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli  deyir ki, xarici universitetlərdə sənəd qəbulu ildə iki dəfə aparılır. Ona görə də 2020-ci ilin yaz semestri üçün nəzərdə tutulan sənəd qəbuluna Azərbaycanda da start verilib. Gələn il yanvar ayının 10-da başa çatacaq bu prosesə artıq xarici universitetlərdən dəvət almış, nəinki yanvardan təhsil almağa başlayacaq gənclər, hətta artıq təhsili davam edən gənclər də qoşula bilərlər. Növbəti sənəd qəbulu 2020-ci ilin sentyabr ayında elan ediləcək.

Onun sözlərinə görə, Dövlət Proqramından yararlana bilməyin bir çox şərtləri var. Həmin şərtlərdən biri universitetlə bağlıdır. Belə ki, Dövlət Proqramından yararlanmaq istəyənlər ixtisası üzrə universitetlərə müraciət ünvanlamalı və dəvət aldıqdan sonra Təhsil Nazirliyinə sənədlərini təqdim etməlidirlər. Ancaq təhsilalanın dəvət edildiyi ali təhsil müəssisəsi Təhsil Nazirliyinin 600-dən artıq nüfuzlu universitetin adının əksini tapdığı siyahısından olmalıdır. Həmin siyahıda yer alan universitetlər iki beynəlxalq reytinq siyahısından seçilib. Belə ki, azərbaycanlı gənclərin dəvəti "Times Higher Education (THE) World University Rankings" və "Academic Ranking of World Universities (Shanghai)" reytinq siyahılarında ilk 500-də yer alan nüfuzlu ali təhsil müəssisələrindən olmalıdır.

Beləliklə, keyfiyyətli təhsil alıb öz tədqiqatçılıq bacarıqları ilə ölkə təhsilinə faydalı olmaq istəyən hər gənc dövlətin yaratdığı bu fürsətdən yararlana bilər. Maraqlıdır ki, hətta Azərbaycanda doktorantura səviyyəsi üzrə təhsilini tamamlayanlara da "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində yenidən təhsil almaq imkanı yaradılır. Ancaq ikinci dəfə eyni səviyyə üzrə təhsil almağın bəzi şərtləri var. Belə ki, ölkəmizdə doktorantura səviyyəsi üzrə dövlət sifarişli yerdə təhsil alan şəxslərə dövlət vəsaiti hesabına ikinci şans verilmir. Azərbaycanda ödənişli əsaslarla doktorantura təhsili alan şəxslər isə tədqiqatını tutarlı şəkildə əsaslandırmalıdır ki, eyni səviyyə üzrə bu dəfə xaricdə doktorantura təhsili ala bilsinlər.

Hökumətlərarası təqaüd proqramları üzrə təhsil alanlar isə doktorantura səviyyəsi üzrə təhsilinin 50 faizə qədərini tamamlayıbsa, Dövlət Proqramına müraciət edə bilərlər. Həmin proqramlar üzrə təhsilin digər səviyyələrində təhsilini tamamlayanlar isə istisnasız yeni Dövlət Proqramından yararlana biləcəklər.

Nicat Məmmədli bildirib ki, "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almağın ən önəmli şərtlərindən biri isə təhsilalanın ölkəmizə qayıtdıqdan sonra çalışacağı təhsil müəssisəsi ilə bağlıdır. Belə ki, xaricdə doktorantura təhsili almaq istəyənlər Təhsil Nazirliyinə müraciət edərkən, sadəcə təhsil almaq istədiyi xarici universiteti deyil, həm də təhsilini başa vurduqdan sonra qayıdıb işləyəcəyi universitetin adını göstərməlidir. Təhsilalan Dövlət Proqramından ancaq üçtərəfli - Təhsil Nazirliyi, təhsilalan və onun çalışacağı universitet arasında müqavilə bağlanarsa, yararlana biləcək.

Şöbə müdiri bu şərti belə əsaslandırıb: "Bu şərt universitetlərdə çalışan, təhsilini davam etdirmək istəyən və bunu maddi çətinlik üzündən reallaşdıra bilməyən gənclərə dəstək olmaq məqsədinə xidmət edir. Çalışacaqları universitetlə müqavilə onların qayıdarkən işlə bağlı hər hansı probleminin olmayacağına əminliyi üçün tələb edilir. Bir sözlə, yerli ali təhsil müəssisələri ilə bağlanacaq üçtərəfli müqavilə nəticəsində Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış məzunların akademik və ya inzibati olaraq işlə təminatı nəzərdə tutulub. Həmçinin, Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura səviyyəsində təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin Azərbaycanda elmi-pedaqoji sahədə tətbiq ediləcəyinə şübhə yeri qalmır. Üstəlik, ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunmuş peşə və ixtisaslar üzrə yüksək tədqiqat bacarıqlarına malik kadr potensialı formalaşdırılır. Nəticədə də yerli ali təhsil sisteminin beynəlxalq rəqabətliliyi artır. İndiyə qədər həyata keçirilən xaricdə təhsil üzrə dövlət proqramlarının nəticələrini də göz önünə gətirsək, əminliklə deyə bilərik ki, bu proqram başa çatdıqda qoyulan məqsədə çatacağıq".

Nazirlər Kabinetinin bu ilin may ayında təsdiq etdiyi siyahıda, demək olar ki, bütün istiqamətlər üzrə olan ixtisaslar öz əksini tapıb. Təbiət ixtisaslarından riyaziyyat, mexanika, astronomiya, fizika, kimya, biologiya, yer elmləri, coğrafiya ixtisasları üzrə kadr potensialının gücləndirilməsi planlaşdırılıb. Siyahıda kənd təsərrüfatı üzrə aqrar elmlər, texniki və texnoloji ixtisaslar üzrə texnika elmləri, iqtisadiyyat üzrə iqtisadiyyat elmləri var. Burada təhsil, səhiyyə və humanitar istiqamətlər üzrə müvafiq ixtisaslarda da tədqiqatçı gənclərin təhsili maliyyələşdiriləcək. Məsələn, təhsil üzrə pedaqogika, psixologiya, təhsilin idarə edilməsi, səhiyyə və rifah üzrə əczaçılıq, səhiyyənin idarə edilməsi kimi əhəmiyyətli ixtisaslar salınıb.

N.Məmmədli vurğulayıb ki, "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın da icrasını Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirəcək. İlkin qiymətləndirilmələrə görə, il ərzində 100 nəfərin xaricdə doktorantura təhsili alması mümkün olacaq. Ancaq müraciətlərin saytına uyğun olaraq, bu rəqəmin dəyişə biləcəyi də istisna edilmir.

Dövlət Proqramının yekun büdcəsi isə Azərbaycan Dövlət Neft Fondu tərəfindən təsdiqlənəcək: "Hər il üçün Fonddan bu məqsədlə ayrılacaq vəsaitin məbləği də fərqlənəcək. Dövlət Neft Fondunun illik büdcəsi təsdiq edilərkən, "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın hər iki istiqaməti üzrə icrasına ayrılan vəsait də orada öz əksini tapacaq".

S.QARAYEVA

 





25.11.2019    çap et  çap et