525.Az

Akademik İsa Həbibbəyli Rusiya və Almaniyadan gəlmiş nümayəndələrlə görüşüb


 

Akademik İsa Həbibbəyli Rusiya və Almaniyadan gəlmiş nümayəndələrlə görüşüb<b style="color:red"></b>

Noyabrın 2-də AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Rusiya Dövlət Ermitaj Muzeyinin direktor müavini, tarix elmləri doktoru Georgi Vadimoviç Vilinbaxovu qəbul edib.

Azərbaycan və Rusiya elmi əlaqələrinin tarixi köklərindən söhbət açan akademik İ.Həbibbəyli AMEA-nın humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin əsas elmi istiqamətləri barədə qonağa məlumat verib. O, qeyd edib ki, uzun illər ölkələrimiz arasında elmi əməkdaşlıq əlaqələri zəifləsə də  müstəqillik illərində bu əlaqələr genişləndirilib, bugünkü  inkişaf səviyyəsinə gəlib çatıb. Ölkəmizin rəhbərliyinin məqsədyönlü xarici siyasətinin nəticəsidir ki, dünyanın bir sıra qabaqcıl ölkələri ilə yanaşı Rusiya ilə də bütün sahələrdə olduğu kimi, elm sahəsində də uğurlu əməkdaşlıq əlaqələri qurulub. Elmi əməkdaşlıq bundan sonra da davam etdirilməli, öz əhatə dairəsini genişləndirməlidir. Qarşılıqlı əlaqələr istiqamətində xüsusilə humanitar elmlər sahəsində hər iki ölkə arasında böyük perspektivlərin mövcud olduğu vurğulanıb.

Səmimi qəbula görə təşəkkür edən Rusiya Dövlət Ermitaj Muzeyinin direktor müavini, tarix elmləri doktoru G.Vilinbaxov da ölkələrimiz arasında uzun tarixi əməkdaşlığı önə çəkərək humanitar elmlər sahəsində qarşılıqlı elmi əlaqələri yüksək qiymətləndirib. O, hər iki ölkənin elmi əməkdaşlığının bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev isə apardığı tədqiqatlardan danışaraq Naxçıvan diyarının tarixi ilə bağlı Ermitaj Muzeyində, eləcə də Sankt-Peterburqun arxivlərində tədqiqatlarını davam etdirmək istəyini bildirib.

Görüşdə humanitar elmlərin, xüsusilə də tarix elminin bir sıra istiqamətləri barədə qarşılıqlı maraq doğuran digər məsələlərdən söhbət açılıb.

Qarşılıqlı elmi əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsi məqsədilə bir sıra vacib məsələlərin həyata keçirilməsi barədə tərəflər arasında qarşılıqlı razılıq əldə olunub.

Həmin gün AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin daha bir görüşü Almaniyanın Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva Mariya Aux ilə olub.

Azərbaycanla Almaniya arasında elmi əlaqələrin perspektivləri barədə söhbət açan akademik İ.Həbibbəyli Nizami adına Ədəbiyyat İnstitutunun tarixi və onun elmi istiqamətləri barədə qonağa ətraflı məlumat verib. Akademikin rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsi ilə Almaniyanın Humboldt Universitetinin birgə əməkdaşlığı üçün xüsusilə müstəqillik dövründə münbit şəraitin yarandığını  bildirən alim qarşılıqlı əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını nəzərə çatdırıb.

Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva Mariya Aux  Azərbaycanda səmimi qarşılandığına görə təşəkkürünü bildirərək təmsil etdiyi universitetlə  Ədəbiyyat İnstitutunun qarşılıqlı elmi əlaqələrinin yaradılmasından məmnun olduğunu bildirib. Bununla bağlı müqavilə bağlanmasının məqsədyönlü olduğu diqqətə çatdırılıb.

Tərəfləri maraqlandıran bir sıra məsələlər barədə fikir mübadiləsindən sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə Almaniyanın Humboldt Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Qeyd edək ki, bu sənəd Ədəbiyyat İnstitutunun fəaliyyəti dövründə imzalanan ilk beynəlxalq müqavilədir.

Sənədlərin imzalanması mərasimində institutun direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli və institutun elmi katibi, filologiya elmləri doktoru Bədirxan Əhmədov da iştirak ediblər.

Ağahüseyn ŞÜKÜROV
Nizami adına Ədəbiyyat
İnstitutu mətbuat qrupunun
rəhbəri

 





05.11.2013    çap et  çap et