525.Az

“Ağdamda səhiyyə xidmətinin səviyyəsi xeyli yüksəlib”


 

“Ağdamda səhiyyə xidmətinin səviyyəsi xeyli yüksəlib”<b style="color:red"></b>

Səhiyyənin inkişafı dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. Respublikamızda bu sahənin Avropa standartları səviyyəsində qurulması istiqamətində ardıcıl addımlar atılır. Ölkədə səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bərabər, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətcə yüksəldilməsinə də tələbkarlıq artırılıb. Məhz bu səbəbdən də səhiyyə xidməti sahəsində əvvəlki illərlə müqayisədə ciddi dəyişikliklər, yeniliklər müşahidə olunur. İnamla deyə bilərik ki, yüksək xidmət bu gün səhiyyəmizdə başlıca meyara çevrilib. Bunu paytaxt və iri şəhərlərlə yanaşı, bölgələrdəki xəstəxanaların, tibb müəssisələrinin fəaliyyətində də aydın görmək olar.

Ağdam rayon mərkəzi xəstəxanasının baş həkimi Gülnar xanım Abbasovanın dediklərinə görə, son illər ölkə rəhbərliyinin bilavasitə qayğısı sayəsində adıçəkilən bölgədə də əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi xeyli dərəcədə yüksəlib.

Rayon mərkəzi xəstəxanasının qısa müddət

 ərzində maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni istifadəyə verilmiş səhiyyə ocaqlarının ən müasir avadanlıq və inventarlarla təchiz edilməsi, yüksək ixtisaslı tibbi personalın peşəkarlığının artırılması bunun üçün lazımi imkan və şərait yaradıb. Baş həkimin dediyi kimi, bölgə ərazisində salınmış bütün qəsəbələrdə təşkil edilən həkim məntəqələrinin işğala məruz qalan tibb müəssisələri hesabına kadrlarla təmin olunması, müasir tipli doğum evi, uşaq xəstəxanası, poliklinika şöbəsinin fəaliyyətinin genişləndirilməsi bu sahədə mühüm əhəmiyyət kəsb edib. Elə bunun nəticəsidir ki, son vaxtlar yerli sakinlərin, ərazidə məskunlaşan köçkün əhalinin əksəriyyəti rayon mərkəzi xəstəxanasına üz tutmağa, onun imkanlarından istifadə etməyə üstünlük verir. Təsadüfi deyildir ki, cərrahi əməliyyatlar, göz xəstəliklərinin müalicəsi üçün mərkəzi xəstəxanaya müraciət edənlərin sayı xeyli artıb. Təkcə cari ilin 9 ayı ərzində burada 438 cərrahi əməliyyat aparılıb.

Xəstəxanada ötən dövr ərzində 640 doğum faktı qeydə alınıb, uşaq ölümünün faizi xeyli aşağı olub. Həyata keçirilən biokimyəvi analizlər və müayinələr infeksion xəstəliklərin aşkar olunmasında və müalicəsində mühüm rol oynayıb. 2012-ci ildə 350 nəfər vərəmli xəstə uçota alındığı halda, bu ilin ötən dövründə 13 nəfər ilkin vərəmli xəstə müəyyən edilərək qeydiyyata alınıb. Rayonda son vaxtlar şəkərli diabet xəstələrinin sayının artdığını vurğulayan baş həkim, onların hər cür qayğı ilə əhatə olunduğunu da dilə gətirib. Hazırda disponser qeydiyyatında duran 2185 nəfər belə xəstəyə müvafiq xidmətlər göstərilir. Qeyd olunub ki, respublika Səhiyyə Nazirliyinin göstərişinə uyğun olaraq rayonda uşaq əhalisi arasında infeksion xəstəliklərə qarşı peyvənd tədbirləri uğurla həyata keçirilir. Bölgədə səyyari həkim briqadalarının fəaliyyət göstərməsi yerli və köçkün əhali arasında müalicə-profilaktika və maarifləndirmə tədbirləri səmərəliliyinin artmasına səbəb olub. Əlavə olaraq bildirilib ki, mərkəzi xəstəxananın kollektivi tərəfindən müntəzəm olaraq cəbhə bölgələrində əsgərlərlə görüşlər təşkil olunur, xəstə uşaqlara, yaşlı sakinlərə evlərdə tibbi xidmət göstərilir, yardımlar edilir.Kollektiv üzvləri rayonda keçirilən üç qanvermə aksiyasında fəal iştirak edib, bir çox xeyriyyə tədbirlərinə qatılıb.              

Rayonda səhiyyə xidmətinin səviyyəsinin yüksəlməsinə həkim və tibb işçilərinin ixtisaslarının artırılmasının ciddi təsir göstərdiyini qeyd edən Gülnar xanım bu məqsədlə onların davamlı olaraq ixtisasartırma kurslarına cəlb edilməsindən, 2 nəfər həkimin isə səhiyyə ilə bağlı beynəlxalq konfransa göndərilməsindən söz açıb. Baş həkim söhbət zamanı son prezident seçkiləri dövründə seçki məntəqələrində təşkil olunmuş tibbi xidmətdən, bu mühüm kampaniyada həkim və tibb işçilərinin fədakarlığından ürəkdolusu danışıb, onların seçkilərdə bütün ağdamlılarla birlikdə, ölkə prezdentliyinə  ən layiqli namizəd cənab İlham Əliyevə yekdilliklə səs verdiklərini qeyd edib.

Gülnar Abbasova problemlərə də toxunaraq qeyd edib ki, rayon mərkəzi xəstəxanasında bir çox zəruri sahələr üzrə tibbi kadrlar çatışmır. Həkimlərin müəyyən hissəsinin “dondurulmuş” əmək haqqı aldıqları üçün işə çıxmaması isə yalnız təəssüf doğurur. Rayon təcili yardım stansiyasında sanitar maşınlarına, bir çox kənd xəstəxanalarında isə əsaslı təmirə ciddi ehtiyac yaranıb.

Yəhya PAŞAZADƏ

 





05.11.2013    çap et  çap et