525.Az

Bir sevginin etirafı: fəlsəfəsində nə dayanır...


 

Bir sevginin etirafı: <b style="color:red">fəlsəfəsində nə dayanır...</b>

Mən iradəsiz deyiləm və yaddaşıma da arxayınam: keçmişə qaytarır məni, olmuşların həsrətinə aparır və kövrəldir. Ötən əsrin 60-cı-80-ci illərinə.

Kənd müəllimliyimdən Bakıya gəlib aspiranturaya girmişdim, elmə və publisistikaya atılmışdım. Şairlərlə, jurnalistlərlə, yazıçılarla, pedaqoqlarla yaxın ünsiyyətim yaranmışdı. Xüsusilə, gənc yazıçılarla. Redaksiyada ("Azərbaycan müəllimi" qəzetində çalışırdım, 1976-1984) üzündə və saçlarında kənd koloritini saxlayan, iri cazibəli gözlərilə məftunedici təsir oyadan, xoş səsli bir gənc xanımla tanış oldum, dedilər ki, şeir yazır, müəllimədir, fizikadan dərs deyir 31 saylı tam orta məktəbdə. Anası Pedaqoji İnstitutun dosentidir, tanıdım... Təvazökarlıq edib şeir oxumadı, hətta "mən şeir yazmıram" - dedi. Mənim üçün "yazmıram" feili kifayət etdi ki, şairdir! Yanılmamışdım...

İllər keçdi. İmzası müntəzəm göründü, bəstəkarlar onun sözlərinə mahnılar bəstələdilər. Və şeir kitabları işıq üzü gördü. Müəllim səriştəsilə də maraqlandım. Valideynlər və pedaqoqlar bu gənc müəllimədən razılıq etdilər, bu səriştəsiə də sevindim. "Fiziklər və liriklər" adlı geniş məqalə çap etdirdim (70-ci illərdi). İlk məsələni ortaya atdım, məndən 45-50 il sonra Milli Elmlər Akademiyası bu işə başladı, mən isə xatırlanmadım... Amma mən gənc şairə - müəllimə Kəmalə Abıyevanı, onun güclü hisslə qələmə aldığı şeirlərindən süzülüb gələn lirikasını unutmadım. Qəzetlərdə oxuyanda mənə gələn bir hissdə şairənin yaşadığı olmuşlara, ötənlərə və əl yetməyən nəsnələrə aşinalığıdır! Şeir dünəndir, "dünənin" xatirəsindən doğulan poetik sızıltıdır. Şeir boş gurultu və tappıltı deyil, qulaq pərdəsinə güc gəlsin. Şeir ürəkdə qövr edən, pak sevgisini itirən sızıltıdır, amma ah-nalə də deyil!

Kəmalə Abıyevada poeziya canlıdır, misralar diridir, sözlər biçimlidir - şairin içindən gələn və bu daxili ahəngi enerjisi ilə oyadan bir nəsnədir. Şeir Kəmalə üçün bir daha geri qayıtmayan taledir, hansı ki, tale ilə zarafat etməyəsən, özündən küsdürməyəsən. "Bağışla", "Eh, bir yanılma idi" etirafları səndən üz döndərir. Mən A.Kəmalənin şeirlərində, düzü, sosial möhür axtarmamışam, naməlum məmurun ərköyünlüyünə gülməyini eşitməmişəm, acizanə şikayətini duymamışam, yoxsa o, məni bir oxucu kimi itirərdi. Mən isə ən azı şairənin "Məni bağışlama" şeirini itirərdim. Nə gizlədim, şeiri ("Ədalət" qəzeti, 02.11.2019) payızın bir səhər çağında sübh vaxtı oxudum. Təsadüfdənmi, bəxtimdənmi günəş dan yerində qərar tutmurdu, buludlar onun qabağını kəsmişdi, amma əbəs cəhd idi. Dünənin qayğılarından sıxılmamışdım, pəncərəmdən aydınca görünən yaşıl yarpaqlı zeytun ağacları hələ oyanmamışdı, yarpaqlarını-nəvə-nəticələrini ağuşunda qoruyurdu. Bir azdan yan-yörəsində gizlənən tüstü axını yarpaqların gözlərini qamaşdıracaqdı. Mən isə Kəmalənin "Məni bağışlama" poetik yarpağının pıçıltısını eşidirdim misra-misra və ürəyimdən keçirirdim ki, vacib idimi bu şeiri oxuyum? Axı, qəzet səhifəsində "Bağışlaram", "Külək saçlım", "Nə qəribə havadı", "Getmə demədim", "Son sevgimsən" şeirləri də yer alıb, onlar məgər sənin təştəni söndürməyəcək? Cavabım birmənalı idi? Deyə bilmərəm! Ona görə ki, bu yaşımda içimi silkələdi, hər şeyə təslim olmayan xatirələrimi "təslim etdi" və çəkilib kənarda durdu. Ona görə ki, peşiman-peşiman bir zaman içimdə doğulmuş və ölmüş gənclik sevgimi yenidən qaytarırdı? 

Nə olsun ki, sənə "bağışla" dedim.
Nə olsun qayıtdım, əlindən tutdum,
Bağışlama məni, qurbanın olum,
Məni bağışlama, qoy çıxım gedim. 

Baxma, sevgi dolu baxışlarınla
Mən sənin dünyanı yıxıb getmişəm.
Sən həsrət qaldığın baxışlarıma
Özgə bir həsrəti yığıb getmişəm. 

Bu, etirafdırmı, Kəmalə xanım, yoxsa poetik qüdrətin çəkib gətirdiyi xülyadır? Bəlkə heç biridir, sevən insanların son elegiyasıdır? Bu, yozum da deyil. Mənim, onun haçansa itirdiyi bir həsrətdir? Bəlkə bu, sevən bir insana məxsus enerjidir - vaxtında yanmayanda, yaxud vaxtsız sönəndə kiçik bir təmasdan zamanı çağırıb gətirir. Bəlkə bu, yalnız sevənlərə xas ali müdriklikdir - üz çevirəndə ən əzizlədiyinə belə "Məni bağışlama" demək cəsarətinə gəlir. Mən indi də bilmirəm niyə "Məni bağışla" dedim və sanki yüngünləşdim, bu, düşündüyüm və özümə arxayın olduğum peşimançılıq idi. Kəmalə xanım isə qadın qəlbilə etiraf edir, kişilərdən ürəyinin daha dözümlü olduğuna inandırır. O, həssas duyumla itirilmiş sevginin ürəkdə ölməmiş, ruhunu - canını heç vaxt tapşırmamış bir möcüzəsinə baş əyir. Sevən birisi (kişi) təmasa - "əlindən tutmuşuq" fiziki oyanış kimi yanaşa bilər və buna sevginin ilk simptomları gözüylə yanaşırdı. Antik filosof Platonda belə nəvaziş hissiyyatın gözəlliyi kimi səciyyəlnir, dərk olunmağa səsləyir. Şərqdə isə hələ məhəbbət - sevgiyə çevrilməmiş vurğunluğun ilkin əlamətləri nəzərə çarpır; əldən tutma oğlanda (kişidə) zahiri gözəlliyin cizgiləri birbaşa şüura - yaddaşa ötürülür və hissiyyata çevrilir. Təbii ki, bu fenomenal nəsnə həyata əksərən keçirilmir, ya kişi, ya da qadın tərəfindən və bu, həsrətdə toxdayır. Şairlərdə (Kəmalə xanım da istisna deyil) həsrət anlamı poetik obrazı özündə ehtiva edir, mənəvi yaşantı olaraq maddiləşir. Şair neçə-neçə illərdən sonra bu mövzuya təsadüfi qayıtmır, keçmiş sevginin oyanışı təsiri altında da olur, yaxud bir təsadüfi rastlaşma zamanı da. İkincidə şeir daha həzin, kövrək və kədər bağışlayır; müəllifə də, oxucuya da! Bu "rastlaşma" - mən bu cür düşünürəm: Şairə Kəmalə xanım şeirin yaranması faktorundan belə unikal şeiri yaza bilib; keçmişlə indisinin xəyali müşahidəsində: 

Sənin üzündəki qəmin izləri,
Mənim üzümdəki qəmdən dərindi.
Ağarmış saçların, nəmli gözlərin
Qatili olduğum ayın-ilindi. 

Bəlkə bu etiraf deyil, itirilmiş sevginin - mənəvi cinayətin atributudur, bunu hər qadın şairə ümumiləşdirmək səlahiyyətinə, daha doğrusu, cəsarətinə malik olmur. Şeirin cövhərində sadəcə lirik təəssürat, içimizi göynədən pafos - poetik ehtiras dayanmır, sevən tərəflərin münasibətlərindəki fiziki görüm və ruh. Bir sevgi daşıyıcısının (oğlanın) zövqü və cinsi instikti üz-üzə gəlir və şairin fəlsəfi təsəvvüründə poetikləşir. Birinci tərəf oğlan impressiv - təəssüratoyadıcı olur. İkinci tərəf - qız ondan xəbərsiz yaşlaşmış, saçları ağarmış, sevgisinə biganə qalmamış qeyri günahkarın qarşısında özünü təmizə çıxarmağı belə bacarmır. Müəllifin qəlb genişliyini, həsrətə bələnmiş sevgiyə verdiyi ən ülvi qiyməti duymaya bilmərik. Şair bununla özünü sığorta etsəydi nəyi xatırladardı: emosionallığı, yoxsa intellektuallığı? Kiçik haşiyə: itirilmiş sevgi (bu, onun taleyidir) iki canla, obyektin - tərəf-müqabillərin birləşməsini - simbioz münasibətini şərtləndirir, necə ki, şairlə (ümumiyyətlə, yaradıcı şəxslərlə) şeir, (poeziya) arasındakı sevgi bənzəyişi, oxşarlığı mövcuddur. Şairənin təxəyyülündə "Məni bağışla" təsadüfdən doğulmamışdır - motivləşmişdir, bu, psixoloji anların hesabınadır. Psixoloq Leon Edel yazırdı ki: "Ədəbiyyatla (şeirlə - A.E.) psixologiya ortaq zəmində yüksəlir, ikisi də insan motivlərilə, davranışları ilə bağlıdır, birinin nifrətilə ayrılmasının, digərinin sevgilə birləşməsini incələyir". Şairin hər iki amili nəzərdə tutması belə, əzəmi misraları ürəyində bəsləyib intellektinə ötürə bilməz, bunu yalnız ilhamı oturuşmuş şairlər yaradar. Belə bir prizmadan bircə şeiri lap "Məni bağışlama"nı necə hasilə gətirmək olar? Təsəvvür etmirəm ki, mən oxucu olaraq şeiri ruhumun çağırışında yaşamağı bacarmışam. Kəmalə xanımın o hissləri var - poeziyanın ilahi pıçıltısında yazdığına möcüzə kimi baxdım: 

Ömründə yer vermə, indi sən məni
Ölən arzuların qoy arasına.
Mənim öz dünyam var qoy çıxım gedim,
Gedim xəyalların xarabasına. 

Bu obrazlar assosiativ çevrilmələr, sözlərin zərif ucundan sızan bənzətmələr - daha nələr - şairə - müəllifə həm nicat, həm də həsrət hissi bağışlayıb ayaq saxlamamışdır. Belə məqamlarda gizlin deyil, qadın şairələrdə ovqat - əhval-ruhiyyə sevgi həsrətini özündə ehtiva edir, hətta onu reallıqdan uzaqlaşdırıb "xəyalların xarabalığına" aparır. Çünki qadın şairlər şeirə köklənərkən sevgi (bu, poeziyaya aiddir) hissindən asılı olur, elə bir əsər yaranır ki, oxucunun məmnunluq payına düşür. Unutmayaq ki, şair qadınlar yaradıcı enerjinin səfasını görür: meyl, ovqat azaddırsa, hələ ki onun poetik məhvərindən uzaqlaşmayıbsan, ürəyində doğulan və yenidən oyanan sevgisi qarşısında "köhnə yaraları" təzələmək istəmirsən. Poetik enerjisi şeiri duyğularda ifadə edir. 

Bağışlama məni, başına dönüm,
Bir də bu yaralar köz bağlamaz ki.
Qoy öz günahımın oduna yanım,
Cəzam günahımdan ağır olmaz ki.

Bu poetik etirazdır iki sevən arasında, tərəflərdən kimsə nə səbəbdənsə (yuxarıda vurğulamışdım) birgə ömür yolunu keçmək istəməmişdir, görünür, iqtidarı, yaxud iradəsi çatmaqdan qorxmuşdur, özünü fədaya rəva görməmişdir, yaxud hazır olmamışdır. Lev Tolstoyun "Anna Karenina"dakı Anna - Vronski və "Levin - Kiti" xətlərini xatırlayaq. Oxucu dərhal təsəvvürünə gətirir cütlüyün axıracan getməyin məsuliyyətini - hətta həqiqi sevgi olsa belə. Birinci xətdə həzin hissin  fiziki məhəbbətə xidmətini, ikinci xətdə məhəbbətdə valideynlik məsuliyyətinin idrakı. "Məni bağışlama" deyərkən sevən tərəfin səmimiyyətinə oxucu inanır, peşimançılığından çəkinir, daha o çağlar, o günlər... arxada qalmamışdır, bəlkə də o ehtiraslar sönmüşdür!

Sevib qovuşmayanlar da yaşın artımında həyatın qayğıları ilə əhatə olunmuşlar, o vaxt bir-birini anlamamışlar, bu günsə varlıqlarını saran müəmmalı bir hissin baş qaldırmasını istəmirlər, əslində, heç də müəmmalı deyil, maddiləşməmiş münasibətlərin harmoniyasıdır ki, ölməmişdir, yaşamaqdadır. Halbuki bir zaman qeyri-rəsmi cütlər mənəvi-sosial münasibətlərin qiymətini ölçüb-biçməmişlər, lakin fiziki və mənəvi dəyərlərini qorumuşlar, qadın tərəf şahlığından düşməmişdir. Şairə Kəmalənin poetik hünəridir, - desəm yanılmaram!

"Məni bağışlama" şeirinin son misralarını oxumaq istəmədim - bilərəkdən, onu da kəsdirmədim səbəbi nədir... Düzü, şeirin təsirilə təhtəlşüur "qatına" düşmüşdüm, bir yandan da günəş sübhdən ara-lanmışdı, şəfəqləri zeytun ağaclarının yarpaqlarını dəlib budaqlardan torpağa süzülürdü. Açıq pəncərədən səmanın buludsuz azadlığını görürdüm, bu isə məni şeirin təsirindən azad etdi və inandırdı ki. 

Ömrün baharı qarlı qış oldu,
Bir də o bahara dönə bilmərik.
Bağışlama məni, qurbanın olum,
Biz xoşbəxt hekayə yaza bilmədik. 

Peşmanlamadım: şeirin poetik ruhu təbiətlə ahəng yaradırdı, itmiş sevgi qış ovqatında qalmışdı, əli bahara çatmırdı. Qarşıda isə yaz gəlirdi, beləcə fəsillər bir-birini əvəz edir, təzələnir. Sevgisə... Təzələnmir. Nə yaxşı belədir, yoxsa "Məni bağışlama" şeiri qələmə gəlməzdi, poeziya isə yalnız itirərdi! Kim axtaracaqdı onu: Kəmalə xanım Abıyeva, yoxsa bir oxucu?! Kim belə bir möcüzəli poetik hekayəni yazacaqdı?! Bu cür şeiri ilahidən pay olan, yaradıcılığına hörmətlə yanaşan şairə xanım Kəmalə yarada bilərdi.

Yaradıcılıq mürəkkəb və dolanbac işin son mərhələsi, dağınıq, səpələnmiş fikirlərin, ideyaların, dəlillərin bir-birini bağlayan nostalji hisslərin əks-sədasıdır.

09.11.2019

 





26.11.2019    çap et  çap et