525.Az

Özü kimi işıqlı... - Əlisəfdər Hüseynov yazır


 

Özü kimi işıqlı... - <b style="color:red">Əlisəfdər Hüseynov yazır</b>

İllərdən bəri içində vurnuxan, tez-tez yaddaşımın, yazmaq təbimin qapısını döyüb "Məni yaz, məni azad et" deyə haray salan, nə sirri-xudadırsa, yazmaq istəsəm də, kağıza köçürməkdə çətinlik çəkdiyim bu yazının axır ki, azad olmaq məqamı yetişdi...

Qəribədir, Rövşən müəllimin böyük sənətə gəlişi, sonralar bu hüdudsuz sənət dünyasının olimpinə doğru yüksəlişinin müəyyən məqamları mənim gözlərim qarşısında baş verib, onunla kifayət qədər ünsiyyətdə olmuşam, həmişə mənə elə gəlib ki, bir sənət adamı, adi bir insan kimi onun necə deyərlər, cikinə də, bikinə də bələdəm və yazmaqda az-çox səriştəsi olan şəxs kimi barəsində fikirlərimi asanlıqla kağıza köçürə bilərəm. Amma sən demə, belə deyilmiş. Əyalətdə yaşayan, heç bir təmənna-filan güdmədən sənətə vicdanla xidmət edən, özü iddiasız olsa da, yaradıcılığı, tar ifaçılığı sənətində gördüyü işlər xüsusi çəkiyə malik olan bu şəxs haqqında qələmə alacağım yazı, sən demə, mütləq onun özünə oxşamalı, onun stantart parametrlərə sığmayan obrazını yaratmalı və 65 illik yubileyində doğulmalıymış...

Nə isə... Bu gəzişmələri bir tərəfə qoyub xəyalən qayıdıram 1973-cü ilə.

O vaxtlar bütün məktəblərdə bədii özfəaliyyət kollektivləri fəaliyyət göstərirdi və hər il onların müsabiqəsini keçirmək ənənəyə çevrilmişdi. Mən məktəbimizin özfəaliyyət ansamblının "konsertmeysteri" idim. Dəqiq yadımdadır, müsabiqə ərəfəsində o vaxt rayonda Müəllimlər Evi statusunda fəaliyyət göstərən binanın kiçik konsert zalında məşq edirdik və elə o dəmdə zala 19-20 yaşlı ortaboylu, qarayanız bir oğlan daxil oldu. Nə sirr idisə, adını, kimliyini bilməsək də, onun gəlişi ilə zala qəribə bir aura çökdü. Sakitcə əyləşib bizim ifamızı maraqla izləyən bu gəncin nəinki mehriban nəzərlərindən, hətta mən deyərdim ki, bütün vücudundan ətrafa qəribə bir enerji yayılırdı. O, sanki öz baxışları, göz işarələri ilə bizim ifamızı, hərəkətlərimizi korrektə edirdi və məni təəccübləndirən həm də bu idi ki, gözlərim tarın qolunda, pərdələrdə gəzən barmaqlarımda olsa da, mən onun bizim peşəkarlıqdan 100 qat uzaq bir tərzdə səsləndirdiyimiz melodiyalara reaksiyasını - jestlərini, hətta üzünün mimikasını da görürdüm, tarı onun oturduğu yerdən gələn mesajın tələblərinə uyğun tutmağa, barmaqlarımı pərdələrin üstünə düzgün qoymağa çalışırdım.

Məşqimiz başa çatan kimi, o, ayağa qalxıb bizə yaxınlaşdı. Əslində, hətərən-pətərən danışıq misallı ifamızı, "məharətimizi" bizi ruhdan salmağa yox, həvəsləndirməyə hesablanmış bir tərzdə təhlil etdi, məsləhətlərini verdi və "Sabah yenə gələcəyəm" - deyib getdi.

Həmin gənc oğlan haqqında danışdığım  Rövşən Zamanov idi. A.Zeynallı adına Musiqi texnikumunu bitirib işləmək üçün doğma Göyçaya gəlmişdi və ilk addım kimi müsabiqənin bədii hissəsini tənzimləmək, yoluna qoymaq vəzifəsini ona həvalə etmişdilər. Hadisələri qabaqlayıb deyim ki, o, bu vəzifənin öhdəsindən layiqincə gəldi: həmin il müsabiqə o vaxtacan görünməmiş yüksək səviyyədə keçdi, hətta bəziləri təəccübləndilər də. Amma indi aradan 47 il keçəndən sonra fikirləşirəm ki, əslində, təəccüblənməyə dəyməzdi - o ürək ki, Rövşən müəllimin sinəsində döyünürdü, o sevgi ki, o ürəkdə yaşayırdı, mütləq öz sözünü deməliydi. Çünki əsl sənət ürəkdən və sevgidən başlayır, sonrası, ruslar demişkən, texniki məsələlərdir.

Təəccüblü bu ola bilər ki, o vaxt öz yaşından müdrik, ağır, yaşlı görünən R.Zamanov indi ömrünün 65-ci payızında  yaşından şux, cavan təsir bağışlayır. R.Zamanov illər keçdikcə cavanlaşan nadir adamlardan biridir. Bu, sizə adi görünməsin, əziz oxucular. Qocalma "mərhələsinin" bitdiyi, başa çatdığı məqamın "gəncləşmənin" başlanğıcına çevrilməsi çox qəliz məsələdir və hər adama nəsib olmur. Yaşından böyük görünənlər o şəxslərdir ki, onların daxilində, içində axan zaman sürətdə çöldəki fiziki zamanı qabablayır, ondan öndə gedir və bu axını vaxtında dayandırmasan uğur gətirməsi bir yana, acı fəsadlarla nəticələnə bilər. Lakin tale ürəyinin təmizliyinin, sənətə olan təmənnasız məhəbbətinin əvəzi kimi ona hamıya qismət eləmədiyi bir xoşbəxtlik əta etdi - Rövşən müəllimin içində axan zaman dayanmadı, sənətin zamansızlıq parametrlərinə qovuşub yeni keyfiyyətə - insan kimi kamillik, sənətkar kimi ustalıq mərhələsinin atributuna çevrildi. Vaxtilə kövrək addımlarını atdığı məktəbdə sonralar müəllim kimi çalışan, gözəl ifaları ilə Göyçayda tanınan Rövşən müəllim tezliklə Konservatoriyanı da uğurla bitirdi. İndi A.Məmmədov adına uşaq musiqi məktəbinin direktorudur, öz yetirmələrinin uğurlarına uşaq kimi sevinən gözəl pedaqoq, ifa etdiyi muğamlar, mahnılar həmin o hüdudsuz məkanda dövr edərək dünyanın müxtəlif ölkələrində - Türkiyədə, Kanadada, İtaliyada, Rumıniyada, İranda, Rusiyada... neçə-neçə dinləyicini feyziyab edən, əsl sənəti küçə, bazar "sənətindən" ayıra bilən dostlara malik xoşbəxt bir tarzəndır. Tarda instrumental ifaçılığın xronikasını, şəxsən Rövşən müəllimin yaradıcılığını izləyən bir şəxs kimi deyə bilərəm ki, ötən illər ərzində o, ürəyinin hərarəti, sənət yanğısı ilə barmaqlarının vəhdətinə nail olub muğamlarımızı, xalq mahnılarımızı, milli rəqslərimizi yeni naxışlarla süstləndirən, öz orijinal ifa tərzini təsdiq edən kamil bir musiqiçiyə çevrilib. İndi ifaçılıq məsələlərinə həsr olunmuş rəsmi və qeyri- rəsmi məclislərdə "Rövşənin "Segahı", "Rövşənin "Çoban bayatısı", "Rövşənin "Rastı", "Rövşənin barmaqları", "Rövşənin xalları" kimi ifadələr tez-tez eşidilir. Bakıda yaşayan gənc tarzənlər tirajlamaq istədikləri lent yazılarını öncə Rövşən müəllimə göndərir, onun rəyini öyrənir, yalnız bundan sonra istəklərinin öz imkanlarına nə dərəcədə uyğun olması barədə qərar verirlər. Elə mən özüm də musiqi mövzusunda yazanda hansısa nüansı dəqiqləşdirmək, hansısa bir ifada vurulan mizrabın adını, işlənən barmağın sirrini öyrənmək üçün ona telefon açıram, necə deyərlər, "Rövşən Zamanov ensiklopediyası"nı vərəqləyirəm və çox vaxt bu telefon ünsiyyəti Rövşən müəllimin elə telefona ifa etdiyi melodiyalarla müşayiət olunur.

Rövşən müəllim ustad dərslərinin yeni - telefon formatını kəşf və tətbiq edən ilk tarzəndir - desəm, qətiyyən yanılmaram.

Azərbaycan tar ifaçılığı sənətində məktəb yaratmış unudulmaz tarzən Hacı Məmmədov haqqında yazı üzərində işləyərkən Rövşən müəllimin telefon açıqlamaları ilə kifayətlənməyib Göyçaya onun ziyarətinə getdim, üzbəüz oturub xeyli söhbət etdik, Rövşən müəlim novator sənətkarın ifaçılıq sənətimizə gətirdiyi yenilikləri elmi nüstəvidə elə məharətlə şərh etdi ki, heç vaxt ünsiyyətdə olmadığım Hacı Məmmədovu az qala hər gün söhbət etdiyim tay-tuş kimi yenidən kəşf etdim.

Rövşən müəllimin sənətdə yeniliyin mahiyyəti, ifaçının missiyası ilə bağlı orijinal fikirləri var. Birini deyim, siz də bilin: "İfaçılıq sənətində yenilik, novatorluq sənə qədər olanı, yəni köhnəni öyrənmək, mənimsəmək və yaradıcılıqla davam etdirməkdir. Artıq fakta çevrilmiş irsi öyrənib öz yaradıcılığında yeni forma və biçimdə yaşatmasan sənin yeniliyin əndrabadilikdən, hoqqabazlıqdan başqa bir şey deyil. İfaçının missiyası artıq dadı hamıya bəlli olan təama təzə dad verən nə isə yeni bir şey tapmaqdır".

Əlbəttə, bu fikirlər elmi, nəzəri mülahizələr statusuna iddiası olmayan sadə fikirlərdir. Amma dəqiqdir, mübahisəyə əl yeri qoymur.

Böyük vokalçımız Şövkət Ələkbərova vaxtilə Göyçayda o vaxt gənc olan Rövşən müəllimin müşayiəti ilə oxuduqdan sonra ona ünvanlanmış alqışlara görün necə reaksiya verib: "Siz məni yox, bax bu cavan oğlanı, cavan tarzəni alqışlayın!"

O, paytaxtın qaynar mədəni həyatından bir qədər uzaqda yaşayıb yaratsa da, bu kiçik şəhərlə dünyanın neçə-neçə uzaq məmləkəti arasında mənəvi körpü salmağı bacarıb, Göyçayın çinar və nar simvolları sırasına xalqımızın ruhunu mükəmməl tərzdə əks etdirən tarı da əlavə edib, dostlarının uğurlarına uşaq kimi sevinən böyük ürək sahibi, dəyər verdiyi sənətkarları həmişə 5 ballıq şkala ilə qiymətləndirən, onları ustad adlandıran, öz ifası haqqında xəsisliklə danışan təvəzökar insan kimi onu tanıyanların hörmət və məhəbbətini qazanıb, Ötən il "Xəzər Universiteti"ndə baş tutan uğurlu solo konserti sübut etdi ki, o, Azərbaycan İfaçılıq sənətini ən mötəbər tədbirlərdə təmsil etmək qüdrətinə sahibdir. Rövşən Zamanov Azərbaycanın bütün ustad tarzənlərinin yaradıcılıq sirlərinə dərindən bələddir, onların zəngin irsinin bədii dəyərini bir peşəkar səriştəsi ilə təhlil etməyi bacarır. Tar bir yana, fortepianoda məharətlə ifa etdiyi muğamlarımızı, xalq mahnılarımızı, milli rəqslərimizi, dillər əzbəri olan bəstəkar mahnılarını dinləmək isə ayrı bir aləmdir və mənə hərdən elə gəlir ki, Rövşən müəllim tarzən yox, kamil pianoçu da ola bilərdi.

Onun pərəstişkarları adından çıxış etmək məsuliyyətini öz üzərimə götürüb cəsarətlə deyə bilərəm ki, Rövşən Zamanov bu gün Azərbaycanın sayılıb-seçilən tarzənlərindəndir. Onun ifasında səslənən "Segah", "Rast", "Şur", "Çoban bayatı" muğamları isə instrumental tar ifaçılığı sənətimizə Rövşən müəllimin verdiyi dəyərli töhfələrdir və ustadın bu ifalarında döyünən ürəyinin hərarəti hələ neçə-neçə dinləyici nəslinin qəlbini isidəcək.

Gözəl ailə başçısı, sadiq dost, təcrübəli pedaqoq və mahir tarzən! Deyəsən, nə isə qaldı axı. İnanırıq ki (gec də olsa), o da gələcək.

Rövşən - işıq, işıq, nur isə - insanlara kömək edən, onlara doğru ünvanı göstərən aydınlıq deməkdir.

Rövşən müəllim adı kimi işıqlı insandır. 65 yaşın mübarək, MÜƏLLİM!

 





27.11.2019    çap et  çap et