525.Az

Təhsil kreditləri ilə bağlı məsələ təxirə düşdü


 

Təhsil kreditləri ilə bağlı məsələ təxirə düşdü<b style="color:red"></b>

Təhsil kreditləri ilə bağlı qanun layihəsi yenidən düyünə düşüb. "Təhsil kreditləri haqqında" qanun layihəsinin hazırlıqlarının sürətləndirilməsi və ən azı ilkin variantda payız sessiyasının sonlarına kimi komitə səviyyəsində müzakirələrdən keçirilməsi gözlənilsə də, son anda sənədin hazırlıq işləri dayandırılıb.

"525"ə açıqlamasında akademik, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bu haqda məlumat verərək bildirib ki, təhsil kreditləri gündəmdə qalsa da, qanun layihəsinin hazırlıqlarının davam etditilməsi dayandırılıb: "Bu sənədin hazırlıqları və müzakirələri növbəti illərə qaldı".

"Ali təhsil haqqında" qanun layihəsinin də payız sessiyasında birinci oxunuşda müzakirəsi baş tutmayacaq. Komitə sədri bunu qanun layihəsilə bağlı yeni sənədlərin müvafiq İşçi Qrupuna və komitəyə daxil olması ilə əlaqələndirib. "Ali təhsillə də bağlı qanun layihəsinin plenar iclasda birinci oxunuşda müzakirəsi hələlik alınmayacaq. Çünki qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupuna və komitəmizə xeyli yeni sənədlər daxil olmaqdadır. Odur ki, qanun layihəsinin bir daha təkmilləşdirilməsinə ehtiyac var. Dekabr ayında həm İşçi Qrupunda, həm də komitəmizdə müzakirələr aparacağıq, ancaq sənədi plenar iclasa tövsiyə etməyəcəyik. Qanun layihəsi üzərində işləri yaz sessiyasına qədər də davam etdirəcəyik və çox güman ki, onu gələn ilin yaz sessiyasında bir daha komitəmizdə müzakirədən keçirib, plenar iclasa tövsiyə edəcəyik. Hələlik tələsmək istəmirik, işləri davam etdiririk", - deyə İ.Həbibbəyli sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





27.11.2019    çap et  çap et