525.Az

Novruz Məmmədov: "Azərbaycanda 450-yə yaxın fransız dili müəllimi var"


 

Novruz Məmmədov: "Azərbaycanda 450-yə yaxın fransız dili müəllimi var"<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində Beynəlxalq fransız dili müəllimlərinin peşə gününə həsr olunan tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Universitetin prorektoru Novruz Məmmədov bildirib ki, Azərbaycan Dillər Universiteti fransız dili mütəxəssislərinin, müəllimlərinin formalaşmasında əsas rol oynayır:

"ADU-da fransız dilinin tədrisinin çox dərin tarixi var. Azərbaycanda fransız dilinin tədrisinə ötən əsrin 20-ci illərindən xarici dillər fakültəsi formasında başlanılıb".

N. Məmmədov bildirib ki, fransız dili bu gün də gənclərin diqqətini cəlb etməkdədir:

"Fransız dili mədəniyyət, şeir, poeziya, təhsil dilidir. Azərbaycan Dillər Universitetində bu dilə böyük maraq var. Universitetin mütəxəssisləri, məzunları Azərbaycanın idarələrində, müxtəlif ali və orta təhsil müəssisələrində çalışırlar".

Prorektor bildirib ki, bu gün 1 milyona yaxın müəllim fransız dilini tədris edir:

"Azərbaycanda isə 450-yə yaxın fransız dili müəllimi var. Azərbaycan Dillər Universitetində 50-dən çox fransız dili müəllimi var və 500-dən çox tələbə bu dili öyrənməkdir. Universitetlərin əsas rolu tədrislə yanaşı tələbələrin yaradıcılıq xüsusiyyətlərini inkişaf etdirməkdir. Bu mənada ADU da yeni nəslin formalaşmasında mütəxəssislər yetişdirmək üçün çalışır".

Təhsil Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli bildirib ki, Fransa ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq və fransız dilinin Azərbaycanda tədrisi sahəsində bir sıra fəaliyyətlər var.  Onun sözlərinə görə, ən mühüm layihələrdən biri  2016-cı ildə yaradılan Azərbaycan-Fransız Universitetidir:

"UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Strasburq Universitetinin rəhbərlik etdiyi universitetlər konsorsiumu arasında yaradılan ikili diplom proqramıdır. Bu Universitet iki ölkənin prezidentlərinin təşəbbüsü ilə yaradılan çox uğurlu layihədir. Bu tədris ilinin sonunda universitetin 120 nəfərlik ilk buraxılışı olacaq. Onlar həm Neft və Sənaye Universitetinin, həm də Strasburq Universitetinin diplomunu əldə etmiş olacaq. Eyni zamanda  Prezident İlham Əliyev tərəfindən "2019-2023-cü illərdə Azərbaycan ali təhsil sisteminin beynəxalq rəqabətliliyinin artırılması" haqqında yeni Dövlət Proqramı təsdiq olunub. Proqramın  istiqamətlərdən biri xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsidir. Bu gün biz ikili diplom proqramlarının təsis olunmasında UFAZ modelini nümunə və əsas model olaraq götürürük. Xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan bu aydan verilib və yanvarın 10-na qədər davam edəcək".

Şöbə müdiri bildirib ki, Proqramda qeyd olunan  dünyanın ən yaxşı 500 Universiteti sırasında bir sıra Fransa Universitetləri də var:

"Fransa ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq təkcə ali təhsil səviyyəsini əhatə etmir. Eyni zamanda, müxtəlif təhsil pillələri üzrə bu əməkdaşlıq kifayət qədər geniş inkişaf edib. Təkcə bir faktı demək kifayət edir ki, bizim təxminən 345-ə yaxın orta təhsil müəssisəmizdə 60 minə qədər şagird fransız dilini xarici dil kimi öyrənir".

N. Məmmədlinin sözlərinə görə, bundan əvvəl 2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə ali təhsil proqramı var idi. Bu proqram çərçivəsində 126 azərbaycanlı Fransanın müxtəlif universitetlərində təhsil alıblar:

"Bütün bunların hamısı Fransa səfirliyinin və hökumətinin dəstəyi nəticəsində mümkün olub. Əminəm ki, Azərbaycanla Fransa arasında təhsil sahəsində əməkdaşlıq bundan sonra da davam edəcək. Biz Təhsil Nazirliyi olaraq bunda maraqlıyıq".

 





28.11.2019    çap et  çap et