525.Az

Xalçaçılıq sənəti şifahi və yazılı ədəbiyyatda


 

Xalçaçılıq sənəti şifahi və yazılı ədəbiyyatda<b style="color:red"></b>

Xalçaçılıq sənəti Azərbaycanın ən qədim və yaşadılan məşhur el sənətləri növlərindən biridir. Bu sənət növü Azərbaycanda çox qədim tarixə malikdir.

Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu 5 min il bundan əvvəl meydana gəlib. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Musa Kalankalatlı "Alban tarixi" əsərində Azərbaycanın şimal hissəsində ipək parçalar və müxtəlif rəngli parlaq xalçaların hazırlanmasını yazır. Klassik şair Bədr Şirvaninin "Divan"ında Şirvanşahlar Sarayının divar və döşəmələrinin əsrarəngiz xalılarla bəzədilməsi qeyd olunur.

Xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Bu cəhətdən böyük mədəni irsə malik Azərbaycan xalqının yaratmış olduğu xalçalar naxış, kompozisiya, texniki xüsusiyyətlərinə görə dünyada çox məşhurdur. Xalça gözəl əl işi olmaqla yanaşı, həm də məişətdə istifadə oluna biləcək qiymətli əşyadır. Xalçaçılıq sənətində xalqımızın məişəti, düşüncəsi, adət-ənənəsi, mənəvi dünyası öz əksini tapır. Bu yaşadılan el sənəti bizim milli-mənəvi dəyərlərimizdən biridir.

Xalçaçılıq sənəti izlərini bədii ədəbiyyatda, xalq yaradıcılığında da yaşadır.  

Xalçaçılıq şifahi ədəbiyyatda  

Xalçalar haqqında məlumata "Kitabi-Dədə-Qorqud" dastanında, nağıllarımızda, atalar sözlərində, xalq deyimlərində rast gəlirik. Xalça haqqında söylənmiş bir neçə atalar sözlərinə nəzər salaq: "Xalına bax, xalı toxu", "Xalını xovuna sığallarlar", "Xalça salan özü oturar", "Xalçalı gəl, xalçalı get".

Xalq ifadələrində "Şal-Şəddə", "Gərdəklik qırmızı kilim", "Şəddə-kilim", xovsuz "Şəddə" kimi xalça növlərinin adları ilə tanış oluruq. "Dama-dama Şəddə" Novruz bayramı ərəfəsində İlaxır çərşənbədə istifadə olunur. Qız-gəlinlər qırmızı "Dama-dama Şəddənin" üstündə arzularını söyləyər, açıq havaya sərib Ay və ulduz şüaları altında diləklərinin Tanrı dərgahına tez çatacağına inanırdılar.

Xalçaçılıq sənətinə aşıq yaradıcılığımızda, dastanlarımızda da rast gəlirik. "Koroğlu" dastanından verilmiş nümunəyə diqqət edək: "Koroğlunun gözü uzağı çox yaxşı görürdü, anası onu üç yaşınadək xalça üstündə böyütmüşdü. Ayağı torpaq görməmişdi..." Bu sətirlərdə Koroğluya mənəvi güc verənlərdən biri kimi xalça da simvolik olaraq nəzərə çatdırılır.

Şifahi xalq ədəbiyyatının geniş yayılmış şəkillərindən olan tapmacalarda da xalçaçılıq sənətinə aid müxtəlif izlər tapmaq olar. Xalça haqqında onlarca tapmaca yaranmışdır:

"Hapı-hapı,
Zəncir sapı.
Dörd budağı,
Bir yarpağı".

Bayatılar, sayaçı sözlərində də xalçalara aid nümunələr vardır.

"Hanam haçaq kəsilib
Üzü saçaq kəsilib,
Üstə çinar toxunub
Əyri budaq kəsilib".

Nağıllarımızda məşhur "uçan xalça" ifadəsi bizlərə çoxdan tanışdır. Bu xalçaların xüsusən sehirli nağıllarda işlənməsi çox məşhurdur. Bu tip nağıllarda cadugər qarılar bir yerdən başqa yerə getmək üçün "uçan xalçadan" istifadə edərdilər. Nağıllarımızda Şah Abbasın məşhur xalça toxuyan olması da nəzərə çatdırılır. 

Xalçaçılıq yazılı ədəbiyyatda 

Yazılı ədəbiyyatda dahi şair Nizami Gəncəvinin, Xaqani Şirvaninin əsərlərində daha çox xovlu və xovsuz xalçalar tərənnüm olunur. N.Gəncəvinin "Leyli və Məcnun", "Xosrov və Şirin" poemalarında dolğun xalça süjetləri yaradılıb. "Leyli və Məcnun" poemasında "Leyli ilə Məcnunun görüşməsi" hissəsində xalçaçılığa aid elementlər, dolğun təsəvvürlər vardır. Qeyd etməyi vacib bilirik ki, Nizaminin "Leyli və Məcnun" , "Xosrov və Şirin" poemalarının motivləri əsasında çəkilmiş süjetli xalçalar da məşhurdur. Məsələn, "Sirlər xəzinəsi", "İsgəndərnamə" poemalarının motivləri əsasında "Bəhram Gur ovda", "Bəhram Gur və çoban", "Bəhram Gur və Fitnə ovda", "İsgəndərin cadugərlərlə döyüşü" adlı xalçalar toxunub.

Böyük şair Xaqani Şirvani əsərlərinin birində qiymətli ipək parçadan tikilmiş paltarı ucuz, miskin xalça ilə müqayisə edərək yazır: "Hökmdarların geydiyi sədrə və xara paltar əvəzinə bir palaz geyib daşlar üzərində əyləşərəm". Şairin "Quşların söhbəti" qəsidəsində işlətdiyi xalça təsvirinə baxaq:

"Yığıb qızıl oxları kəhərinin tərkinə,
Günəş səhər üfüqdən vüqarla qalxdı yenə.
Göyün gözündə bulud - çalma döndü zəncirə,
Ud əvəzi bitkidən xalça döşəndi yerə

Şair burada yerə döşənən xovlu xalçadan söhbət açır, xovlu xalça dedikdə yerə döşənən və ya göydən asılan xalçalar nəzərdə tutulur.

Böyük yazıçı Mir Cəlalın "Bir gəncin manifesti" əsəri xalqımızın xalçaçılıq sənətinə olan sevgisinə ən gözəl nümunədir. Sona xanımın dilindən deyilən "İtə ataram, yada satmaram" ifadəsi xalçaya olan sevginin ifadəsidir.

Azərbaycan xalçası poeziyamızda da xatırlanır, qədim və həmişəyaşar bir sənət növü kimi oxucuya təqdim olunur. Çağdaş poeziyada Fikrət Sadığın, Məmməd Arazın, Zəlimxan Yaqubun, Musa Yaqubun şeirlərində təbiət xalçaya bənzədilir. Fikrət Sadığın bir şeirinə nəzər salaq:

Xalça naxış-naxışdı.
Bu bulud, bu yağışdı.
Yeri güllü bahardı,
Köbəsi qarlı qışdı.
Xalçada tağ görmüşəm.
Tağda çıraq görmüşəm,
Aydımı ya qaşdımı,
Yoxsa oraq görmüşəm?

Fikrət Sadıq bu şeirində təbiəti Azərbaycan xalçasına bənzədir.

Xalq şairi Zəlimxan Yaqubun "Həzrəti Süleymanın xalçası kimi" şeirində xalçaçılıq sənəti şair qələmində ecazkar təsvir edilir, şair sanki sözlə xalı toxuyur: 

Xanım qız, xanım qız, toxucum sən ol,
Mənə xalı toxu, əlvan bir xalı.
Gəlindən ismətli, qızdan həyalı,
Ətri, təravəti çiçəkdən olsun. 

Bütün keçidləri, döndərmələri,
Bütün ilmələri ürəkdən olsun.
Əlvan bir dünyaya döndər rəngini,
Ərişi, ağacı ipəkdən olsun. 

Sənin toxuduğun yaşıl xalıda,
Görünsün torpağın bütün rəngləri.
Nurlu gözümüzə versin işığı,
Çiçək topaları, gül çələngləri. 

Sənin toxuduğun yaşıl xalıda,
Üfüqdən-üfüqə süzmək istərəm.
Həzrət Süleymanın xalçası kimi,
O xalça üstündə gəzmək istərəm.

Şeirdəki bədii ovqat mükəmməldir. Şair xalçaçılıq sənətinin gözəlliyini oxucuya bədii boyalarla çatdırır.

Xalq şairi Musa Yaqubun "Un işığı" poemasında müharibənin, aclığın dəhşətlərini yaşayan Güllü xala bir xalçanı bir nimçəlik una dəyişməyə gəlir. Poemada həm də şair nağılvari epizod yaradaraq xalça üzərində keçmişə uçur, keçmiş günlərini xatırlayır, atasının müharibədə həlak olmasını ürək ağrısıyla qeyd edir.

Bir xalçanın üstündəyik
Səlimlə mən.
Xalça bizi
Uçururdu hərdən-hərdən.
Amma atam qarşıdaydı,
Bir ağ qoçun belindəydi.
Deyəsən, bu ağ cığır da
Elə onun əlindəydi.
Anamla da Güllü xala
Bizdən bir az aşağıda,
Yaşıl tərə işığında gedirdilər.
Düşünürəm indi-indi...
Xatirələr qırıq-qırıq,
O cığırlar kəsik-kəsik.
İndi atam
Torpaq altda rahat yatır,
Həmin o un işığında
Yol gedirəm mən hələlik 

Azərbaycanda dövlət tərəfindən də xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilir. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, Azərbaycan Prezidentinin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq olunmuşdur. Sadalananlar Azərbaycan dövlətinin xalçaçılıq sənətinə olan diqqət və qayğısının nəticəsidir, xalçaçılığın həm tarixi-mədəni, həm də sosial-iqtisadi faktor kimi yüksək qiymətləndirməsinin önəmli nümunəsidir. "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılması bu sahədə görülən işlərin davamıdır. Ölkəmizdə "Azərxalçanın" 10 filialı fəaliyyət göstərir ki, cənab Prezidentin göstərişinə əsasən gələcəkdə daha 20 filialın açılması nəzərdə tutulur. Azərbaycan mədəniyyətinin yorulmaz təbliğatçısı və böyük hamisi kimi məşhurlaşan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə xalçalarımızın milli və dünyəvi dəyəri daha da artmaqdadır. Qeyd edək ki, Azərbaycan xalçaçılıq sənəti YUNESKO-nun Ümumdünya Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib. Bu, Azərbaycan mədəniyyətinin böyük uğurudur.

 





28.11.2019    çap et  çap et