525.Az

Zakir İbrahimov: "Arxeoloji qazıntılar zamanı aşkarlanan 156 qəbirdən 6000-dən çox eksponat tapılıb"


 

Zakir İbrahimov: "Arxeoloji qazıntılar zamanı aşkarlanan 156 qəbirdən 6000-dən çox eksponat tapılıb"<b style="color:red"></b>

Hazırda ölkəmizdə Azərbaycanın zəngin mədəni irsinin qorunması istiqamətində uğurlu fəaliyyət həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi-mədəni abidələrin tədqiqi və təbliği ilə bağlı çoxsaylı layihələr icra olunur. Görülən işlər Azərbaycanın tarixi və mədəni irsinin təbliği imkanlarının genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə” adlı beynəlxalq konfransında iştirak edən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

“Cari ilin fevral ayında Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı sahəsində aparılan tikinti işləri zamanı “AzerGold” QSC-nin əməkdaşları tərəfindən bir neçə qədim qəbir aşkarlanıb. Vaxt itkisi və maliyyə baxımından əlavə risklər yaratmasına baxmayaraq, ərazidə tikinti işləri dərhal dayandırılıb. Müvafiq qurumlara faktla bağlı məlumat verilib və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əldə edilmiş razılığa əsasən, cari ilin may ayından etibarən ərazidə arxeoloji qazıntılara başlanılıb. 5 ay davam edən arxeoloji qazıntılar zamanı aşkarlanan 156 qəbirdən 6000-dən çox eksponat tapılıb. Bugünkü tədbir çərçivəsində yaradılan xüsusi ekspozisiyada məişət, bəzək əşyaları, silahlar və digər arxeoloji tapıntıların sadəcə bir qismi sərgilənir. Alimlərin ilkin qənaətinə görə, tapıntılar son tunc-erkən dəmir dövrünə aiddir və sözügedən qazıntıların Azərbaycan ərazisində qədim insanların həyatı və məişəti haqda geniş məlumat almağa imkan verən ilk kompleks arxeoloji tədqiqatdır”, - deyə Z.İbrahimov bildirib.

 





29.11.2019    çap et  çap et