525.Az

“Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə” mövzusunda beynəlxalq simpozium


 

“Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə” mövzusunda beynəlxalq simpozium <b style="color:red"></b>

Noyabrın 28-də Daş Salnamə Muzeyində “Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə” mövzusunda beynəlxalq simpozium təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun təşəbbüsü, “BP Azerbaijan”, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Avstriyanın “Atelier Erich Pummer” şirkətinin təşkilatçılığı ilə keçirilib.

Simpoziumun məqsədi müxtəlif müəssisə və təşkilatların mədəni irsin qorunması istiqamətində həyata keçirdikləri layihələrin ictimaiyyətə təqdim edilməsi, bu sahədə görülən işlərə dair təcrübə mübadiləsi, eyni zamanda, qazıntı işləri zamanı üzə çıxarılan arxeoloji tapıntıların daha dərindən öyrənilməsi və təbliğidir.

Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə eksperti Emin Məmmədov çıxış edərək, Fondun mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. Qeyd olunub ki, mədəni irs və arxitektor abidələrin qorunması, eyni zamanda, arxeoloji araşdırmaların aparılması üzrə izlərə Fond müntəzəm olaraq müvafiq dəstək göstərir.

Tədbirdə çıxış edən “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi qurum tərəfindən həyata keçirilən layihələrdən danışıb.

Bildirib ki, şirkətin daxilində mədəni irsin qorunması planı mövcuddur. Qeyd edib ki, “BP” şirkəti neft boruların quraşdırılması zamanı və digər tikinti işləri apararkən arxeoloji tapıntılarla üzləşir. Ümumilikdə 23 min artefakt aşkar olunub: “Bu, bizim tarixi irsimizdir, bir növ milli pasportumuzdur. İrsimizi gələcək nəsillərə ötürmək hamımızın borcudur. Çünki tarixi tapıntıların qiyməti xərclənən vəsaitdən daha vacibdir”.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov bildirib ki, İçərişəhər dünya mədəniyyətinin ayrılmaz bir hissəsidir. Qeyd olunub ki, Azərbaycan mədəni irsinin qorunub saxlanılması və təbliği ölkə başçısının daim diqqət mərkəzindədir. Bununla bağlı İçərişəhərdə ötən əsrin 60-cı illərindən başlayaraq irimiqyaslı qazıntı işləri aparılıb və üç mədəni təbəqənin mövcudluğu müəyyən edilib. Bildirib ki, 2016-cı ildə başlanan qazıntılar zamanı Qoşa Qala Qapısı yanında XVII əsrə aid və dövrümüzə dəyişilməz halda çatan hamam və Bakı xanlarının evi tapılıb. Qeyd edib ki, hazırda bu tikililərin restavrasiyası davam etdirilir və işlər başa çatdıqdan sonra ərazi abadlaşdırılaraq ziyarətçilərin ixtiyarına veriləcək.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, təmsil etdiyi şirkət qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Qeyd edib ki, “AzerGold” QSC AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlıq edir: “Qazıntılar zamanı təqribən 6 min eksponat aşkarlanıb və Heydər Əliyev Fondunun dəstəyi ilə müvafiq razılaşmaya əsasən qəbirlərdən aşkarlanan sümük nümunələrinin izotop və radiokarbon analiz üçün xarici laboratoriyalara göndərilməsi ilə bağlı işlər görülür”.

Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze konfransda iştirakından məmnunluğunu ifadə edib: “Heydər Əliyev Fondunun gördüyü işlər əvəzsizdir. Bizim Muzeyin Azərbaycanla əməkdaşlıq etməsi əlbəttə ki, çox sevindiricidir. Əsas tərəfdaşımız “BP” şirkətidir, ancaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri olmasaydı bizim onlarla əməkdaşlığımız mümkün olmazdı”.

Sonra konfrans işini plenar sessiyalarla davam etdirib. “Azərbaycanda ixrac boru kəmərlərinin marşrutu boyu arxeoloji abidələrin araşdırılması”, “Gürcüstan Milli Muzeyində həyata keçirilən layihələrin icmalı”, “Çovdar nekropolu”, “Ətraf arxeologiyasının xilas edilməsi və İçərişəhərdə arxeoloji turizmin inkişaf etdirilməsinə dair tədqiqat” və digər mövzularda məruzələr dinlənilib.

Tədbir çərçivəsində, həmçinin qazıntılar zamanı aşkarlanmış maddi-mədəni irs nümunələrindən ibarət xüsusi ekspozisiyanın açılışı olub. Sərgi-ekspozisiya 6 ay müddətində Daş Salnamə Muzeyində nümayiş etdiriləcək.

 





29.11.2019    çap et  çap et