525.Az

Tanıyaq və tanıdaq: Səxavət İzzəti-Əndəlib


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Səxavət İzzəti-Əndəlib</b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik. Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad
Filologiya elmləri doktoru

Tanınmış şair, tərcüməçi Səxavət İzzəti-Əndəlib 1966-cı ildə Cənubi Azərbaycanda, Qaradağ mahalında doğulub. İki yaşında atasını itirib.

1977-ci ildə ailəsi Təbrizə köçüb, Qaradağ mahalının başqa uşaqları kimi ədəbiyyata marağı laylalarla, nağıllarla, dastanlarla oyanıb.

On yeddi yaşında şeir yaradıcılığı ilə diqqət çəkən Səxavət İzzəti  əsl ədəbiyyat adamı kimi tezliklə cəmiyyətdə tanınır. İyirmi iki yaşında "Nəğməli dastanlar" kitabını nəşr etdirir, bir il sonra məhəbbət dastanlarına dair kitabı çıxır, bunun ardınca isə "Aşıqlardan işıqlar" adlı kitabını çap etdirir.

Bir çox Azərbaycan şairinin şeirini istər kitab şəklində, istər internet saytında yayımlayıb.

Səxavət İZZƏTİ-ƏNDƏLİB

At çapar

Yiyəsiz qalan zəmidə,
Talan at çapar, at çapar.
Yallı gedər çəritgələr,
İlan at çapar, at çapar,
 
İlqar, iman puç olanda,
Qayda-qanun heç olanda,
Düz danışmaq suç olanda,
Yalan at çapar, at çapar,
 
Xeyir yox fikirsiz işdə,
İş gedər fikirdə, huşda,
Fikri düz olmayan başda,
Gələn at çapar, at çapar,
 
Qədərimlə şərik küçə
 
Bu şəhərdə bir qocalmış küçə var,
Məni görcək xumar-xumar danışır,
Bir nağıl var bu küçənin yadında,
Kərpic-kərpic, divar-divar danışır.
 
Burdan nə çox qış ötüşüb, yaz gedib,
Aşiq gedib, dastan gedib, saz gedib,
İllərdi ki, bir çatmaqaş qız gedib,
Arxasınca burda nə var, danışır.
 
Bu küçəylə qədərimiz birdi, bir,
Gəlişimiz, gedərimiz birdi, bir,
Ay Əndəlib, kədərimiz birdi, bir,
İkimizdə bir ahuzar danışır.
 
Ay ana
 
Ay ana, məzar daşını,
Versənə, geyim, ağlayım.
Səsimi atıb başıma,
Bayatı deyim, ağlayım.
 
Hələ var ayaq, gəzirəm,
Əlimdə çıraq gəzirəm.
Bir isti qucaq gəzirəm,
Başımı qoyum, ağlayım.
 
Hər işi çaş bir zamanda,
Ayağı baş bir zamanda.
Çörəyi daş bir zamanda,
İçimi yeyim, ağlayım.
 
Tapmadım şənliyin yerin,
Axtarsam da dərin-dərin.
Heç olmasa bir çöl verin,
Dərdimi sayım ağlayım.
 
O üz
 
Aşmaqdayam bu dağı,
Görən o üz hamarmı.
O üzdə bu üz kimi
Həyat yolları darmı.
 
Göyərdi yolumuzda,
Min uçurum, min gədik.
Dərdin dağarcığına,
Çarəsiz həyat dedik.

Süründük dizin-dizin,
Bəlkə aşaq bu dağı.
Mən ki yaman özlədim
O üzdə yaşamağı.
 
Görəsən oranın da,
Dəni tuşda əkilir?
Atı sümük gəmirir,
İtinə yem tökülür?
 
Görəsən oranın da,
Ciziyi var, cizi var?
Günə çıxan əyrisi,
Qandallanan düzü var?
 
Meydan açırmı orda
Vədə qəhrəmanları?
Əjdahalar əlində
Əsir qalıb suları?
 
Oranın da görəsən
Acı çoxdur toxundan?
Tələsirəm bu üzdən,
Gedib görəm yaxından.

Dolanır
 
İlin günün harasıdır,
Gözümdə yağış dolanır.
Ürəyim yanır, yaxılır,
Başımda qar-qış dolanır.
 
Nə imiş dərdi fikrimin,
Dərdi göyərdi fikrimin.
Dağılıb yurdu fikrimin,
Çöl gəzir, örüş dolanır.
 
Dinir bir qız ürəyimdə,
Gülür bir göz ürəyimdə.
Gecə-gündüz ürəyimdə,
Bir əziz görüş dolanır.
 
"Əndəlib"əm, totdu dolu,
İtirdim çəməni gülü.
Könlümün sarı bülbülü,
Yerində bayquş dolanır.
 
Gedirəm

Gəldim günəşli bir gündə,
Dumanda, çəndə gedirəm.
İzimi görənlər bilər,
Nə halda-gündə gedirəm
 
Gedən dostlarıma deyin,
Bu qədər yeyin getməyin.
Siz Allah, məni gözləyin,
Dayanın mən də gedirəm.
 
Eh dünya, nəsən, unutma,
Çöp olub gözümə batma.
Qəbirdən məni qorxutma,
Mən ora gündə gedirəm.

 

 





29.11.2019    çap et  çap et