525.Az

"ADU-nun Türkiyə Araşdırmaları Mərkəzinin açılışını YÖK sədri Yekta Saraçın etməsi böyük şərəfdir"


 

"ADU-nun Türkiyə Araşdırmaları Mərkəzinin açılışını YÖK sədri Yekta Saraçın etməsi böyük şərəfdir"<b style="color:red"></b>

Bu günlərdə Azərbaycan Dillər Universitetində (ADU) Türkiyə Araşdırmaları Mərkəzinin (TAM) açılışı olub. Yeni açılan mərkəzin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Aynur Beşkonak TAM-ın  fəaliyyəti istiqamətləri, aparılacaq araşdırmalar, reallaşdırılması nəzərdə tutulan layihələr haqda ətraflı məlumat verib.  

- Aynur xanım, ADU-da fəaliyyət göstərən mərkəzlərə Türkiyə Araşdırmaları Mərkəzinin əlavə olunması bu təhsil ocağının elmi-pedaqoji həyatı, eyni zamanda, beynəlxalq əlaqələri üçün əlamətdar hadisədir. Xüsusən, mərkəzin Yüksek Öğretim Kurulunun (YÖK) sədri, Professor Dr. Yekta Saraç tərəfindən açılması ADU-ya xüsusi münasibətin göstəricisidir. Bütün bunlarla bağlı nə deyə bilərsiniz?

- Azərbaycan Dillər Universitetinin son illərdə qazandığı uğurlar sözün həqiqi mənasında böyükdür. Universitetin elmi-pedaqoji həyatı günü-gündən inkişaf edir, beynəlxalq əlaqələri genişlənir. Son vaxtlarda ADU-ya gələn qonaqların sayı, imzalanan müqavilələr, beynəlxalq mübadilə proqramlarında iştirak bunun bariz nümunəsidir. Ölkəmizin elm həyatında saysız-hesabsız nailiyyətlərə imza atan universitetimiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi ilə bərabər, bir çox qiymətli elm adamlarını da qonaq edib. Maria Elisabetta Alberti Kasellati, Aleksandr Vuçiç, Buyar Nişani, Mövlud Çavuşoğlu, Jolt Çutora, Herman Van Rompuy, Vidiadxar Suracpasad Naypol, Aleksey Konstantinoviç Puşkov, Devid Harris kimi alimlərə və dövlət xadimlərinə universitetimiz tərəfindən Fəxri doktorluq adı verilib.

Növbəti Fəxri doktorumuz Türkiyə Cümhuriyyətinin Yüksek Öğretim Kurulunun (YÖK) sədri, Professor Dr. Yekta Saraç oldu. Bu, bizim üçün böyük şərəfdir. Professor Yekta Saraç Azərbaycan ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində, həmçinin, təhsil, mədəniyyət və elm istiqamətində əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə universitetimizin Fəxri doktoru adına layiq görülüb. Qeyd etdiyiniz kimi, Yekta Saraç universitetimizdə Türkiyə Araşdırmaları Mərkəzinin açılışını etdi. Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ilə birlikdə mərkəzin açılışını edən Yekta Saraç və digər qonaqlar ortaq dəyərlərin qarşılıqlı öyrənilməsi və araşdırılmasının vacibliyini qeyd etdilər. Mərkəzin məhz onun iştirakı ilə açılması bizim üçün böyük qürurdur, universitetimizin həyatı üçün əlamətdar hadisədir. Mərkəzin açılışından çox məmnun olduğunu söyləyən YÖK-ün sədri Professor Dr. Yekta Saraç yeni mərkəzin fəaliyyətə başlamasını yüksək qiymətləndirdi.

- Türkiyə Araşdırmaları Mərkəzi gələcək fəaliyyətini hansı istiqamətdə quracaq?

- Əsas məqsəd Türkiyə Cümhuriyyətinin tarixi, mədəniyyəti, ədəbiyyatı, iqtisadiyyatı istiqamətində araşdırmalar aparmaq, ölkənin dilinin və mədəniyyətinin universitetimizdə fərqli etnik köklərə sahib Azərbaycan Dillər Universiteti tələbələrinə daha yaxından tanıtmaq və tədris etməkdir. Mərkəzimiz bununla yanaşı, hədəf olaraq, bir neçə istiqaməti müəyyənləşdirib. Məsələn, mərkəzimizin təmsil etdiyi Türkiyə Cümhuriyyəti ilə müvafiq sahələrdə əlaqələrin inkişafına dəstək olmaq, Türkiyə ali təhsil müəssisələri və tədqiqat mərkəzləri ilə əlaqələrin qurulması və mövcud əlaqələrin genişləndirilməsi, ölkənin təhsil, mədəniyyət, incəsənət sahəsindəki nümayəndələrini universitetimizə dəvət etmək, onların universitetimizdə keçirilən konfranslarda iştirakını təmin etmək, eyni zamanda, ADU əməkdaşlarının Türkiyədəki konfranslarda iştirakını istiqamətləndirmək. Bura əlbəttə, müəllim, tələbə və işçi heyətinin mübadiləsini müəyyən layihələr çərçivəsində həyata keçirmək də daxildir. Vacib istiqamətlərimizdən bir qismi də Azərbaycanda təhsil alan Türkiyə vətəndaşları ilə sıx əlaqələr qurmaq, Türkiyə Cümhuriyyətinin özəl günlərini qeyd etmək, mətbuatda mərkəzin fəaliyyəti ilə bağlı çıxış etməkdir.

- Mərkəz ortaq layihələr olaraq hansı istiqamətləri özü üçün müəyyənləşdirib?

- Ortaq layihələr çərçivəsində Türkiyə ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət sahəsindəki əməkdaşlığın inkişafı istiqamətində çalışmaları hədəfləyən mərkəzimiz ortaq mədəni mirasların tədqiqi sahəsində də faydalı əməkdaşlıqlar quracaqdır. Çünki tarix, mədəniyyət və soy baxımından qardaş iki ölkə olan Azərbaycan və Türkiyə arasındakı münasibət müstəsna bir özəlliyə sahibdir və bu iki mədəniyyətin, tarixin birgə araşdırılması nəticəsində daha dolğun və faydalı nəticələrə nail olacağına ümid edirik. Mərkəzimizin bir digər önəmli layihəsi Azərbaycan multikulturalizminin Türkiyə Cümhuriyyətində tanıdılması və tədris edilməsidir. Ölkə inkişafının mühüm bir sahəsini əhatə edən multikulturalizm Türkiyə elm sahəsinə Azərbaycan multukulturalizmini tanıtmağı və dərs olaraq tədris etdirməyi qarşısına məqsəd qoyub.

- Türkiyə Araşdırmaları Mərkəzi elm sahəsinə hansı töhfələri verə bilər?

- Elm insana işıqlı aləmin qapıların açan, onu mənən zənginləşdirən bir həqiqətdir. Bu həqiqətin işığı nə qədər gurdursa, müəmması və cəlbediciliyi də bir o qədər çoxdur. Hər kəs elmdən ala bildiyi payla bir ahəng içindədir və bu ahəngin ritmini pozan yenə də elmdir.

Elmin, biliyin məbədi sayılan ali təhsil ocaqları həm yönəltdikləri topululuqla, həm də aid olduqları dünyayla ahəng halındadır - dünyadan aldıqlarını cəmiyyətə verməklə hökmlüdür. Bu hökm dünyadakı elm, bilimlə qarşılıqlı bir tarazlıq içindədir və bir ali təhsil ocağının, elm və araşdırma mərkəzlərinin dünya ilə ahəng içində ola bilməsi təhsil, akademik iş və qarşılıqlı araşdırmalarla mümkündür. Mərkəzimizin eyni etnik-mədəni dəyərlərə sahib Türkiyə-Azərbaycan elmi istiqamətləri üçün faydalı olacağını düşünürük.

S.QARAYEVA

 





29.11.2019    çap et  çap et