525.Az

"Uğur qazanmaq tənbəllikdən daha asandır" - Müsahibə


 

"Uğur qazanmaq tənbəllikdən daha asandır" - <b style="color:red">Müsahibə </b>

Müsahibimiz Biznes təlimçisi, yaddaş texnikaları üzrə mütəxəssis, Azərbaycanda ilk dəfə olaraq  "Super yaddaş" layihəsinin rəhbəri Elnur Rəhimovdur.

- Yaddaşın inkişafı üçün müəyyən vaxt tələb edən müxtəlif metodlar və texnikalar mövcuddur. Metodologiyamıza görə, texnikaların öyrənilməsi prosesinin birinci mərhələsinin müddəti 14 gündür. İlk iki həftə ərzində hər gün bir texnikadan istifadə olunmaq şərti ilə nəzəri biliklər artırılır. 14 gün bitdikdən sonra isə 1-2 gün ara vermək lazımdır. İki günlük fasilədən sonra praktiki məşğələlərə keçmək lazımdır. Fasilənin ardınca 24 günlük məşğələ proqramı gəlir. 24 günlük məşğələ proqramı kitabda oxucuya təqdim edilir. 24 günlük məşğələdən sonra, artıq siz öyrənməyin yolunu öyrənmiş olursunuz. Bütün bunların hamısı bu kursu alan insanın potensialından asılıdır. Burada xatırlatmaq istəyirəm ki, düzgün təkrar vasitəsi ilə öyrənilən məlumat onun daha yaxşı mənimsənilməsinə kömək edir.

- Bu üsul ən çox hansı yaş üçün optimaldır? Yəni hansı yaşda olan insanlar texnikanızdan istifadə edərək yadda saxlamaq bacarıqlarını inkişaf etdirə bilərlər?

- Metodologiyamızdan istifadə edərək yaddaşı inkişaf etdirməyə 7 yaşından, yəni uşağın məktəb həyatına qədəm qoymasından sonra başlaya bilərsiniz. 7 yaşdan 12 yaşadək olan uşaqlar üçün təlim bir ilədək davam edə bilər. 12 yaşdan 17 yaşa qədər olan insanlar təxminən 6 ay ərzində yaddaşlarını gücləndirə bilərlər. Orta məktəbdən sonra texnikanı mənimsəmə müddəti azalır. Yəni 17 yaşdan sonra, insan 3 ay ərzində super yaddaş texnikalarını öyrənə bilər. Burada qeyd etmək istərdim ki, ən effektiv yaş aralığı 12 yaşdan 18 yaşa qədər olan insanlar üçündür. Bu dövrdə təhsil prosesi yeniyetmənin həyatında daha mühüm yer tutur. Bu yaş dövründə o, kurikulumu öyrənmək və asanlıqla qəbul imtahanlarından keçmək üçün yaddaşını gücləndirmək ehtiyacını hiss edir.

- Müasir dünyada smartfon telefonlardan istifadənin artması, sosial şəbəkələr və s. digər səbəblərdən hər iki və ya üç insandan birinin yaddaş problemi olduğunu söyləyə bilərik. Xüsusilə də gənc nəsil arasında daha çox nəzərə çarpır. Ancaq heç kim onu problem kimi qəbul etmir. Bu problemin mübarizə aparılması mümkün olabilən bir çətinlik olduğu qənaətinə necə gəldiniz?

- Düzünü desəm, insan bir problemi özündə yaşayanda hiss edir. Məsələn, magistraturanı bitirdikdə yaddaşın inkişaf etdirilməsi texnikalarını öyrənməyə başladım. Yaddaşımı inkişaf etdirməyin ən yaxşı yolunu axtarırdım, amma təəssüf ki, mənə uyğun olanı tapa bilmirdim. Məlumat aclığı vardı. İnternetdə, kitablarda tapdığım materiallar əskik idi nəyinsə çatışmadığının fərqində idim. Buna görə fərqli metodları öyrənməyə və öz üzərimdə tətbiq etməyə başladım. Hər şey tibb sahəsində olduğu kimidir. Bir insan xəstə olduqda, başlanğıc mərhələdə bir çox insan həmin xəstəliyin ilk simptomlarını başa düşmür. Həkim isə xəstənin bədənində nə baş verdiyini görür və başa düşür və müvafiq müalicəni təyin edir. Xəstə yalnız sağalma görəndə müalicənin effektivliyinə inanır. Eyni şey təhsil sistemində də baş verir. Doğru texnika seçildikdə materialı mənimsəmək daha asan olur. Sualınıza qayıdıram. Yaddaş texnikalarının bütün mövcud mərhələlərini keçdikdən sonra bir şeyi başa düşdüm: düzgün xatırlamaq metodikası bizə uşaqlıqdan öyrədilsəydi, tədris prosesində əldə olunan bəzi biliklər itirilməzdi.

- Yəni yaddaşın yaxşılaşdırılması texnikasından istifadə edərək təhsil proqramının mənimsənilməsi prosesini sürətləndirmək mümkündürmü?

- Müasir təhsil sistemimiz çox mürəkkəbdir və uşaqlar həddən artıq yüklənir. Misal üçün fərz edin ki, 17-ci əsrdə yaşayırsınız və sizə bir hektar ərazini 1 saata şumlamaq tapşırılıb. Hər hansı bir texnikanın (traktor) varlığından xəbəriniz yoxdursa, anında məsələni həll etmək üçün sizə 100 nəfər və yüz ədəd də bel lazım olduğunu deyərdiniz. Amma texnikadan istifadə etməklə siz (1 nəfər) 1 hektar ərazini 20-30 dəq ərzində şumlaya bilərsiniz. Bu üsullardan hansı ən effektivdir? Təbii ki, texnikadan istifadə olunan. Təhsil həyatında olduğu kimi. Super Yaddaş texnikalarından istifadə edərək, bir insan istənilən materialın mənimsənilməsinə sərf olunan vaxtı xeyli azaldar. Beləliklə, insan vaxtını daha məhsuldar şəkildə idarə edə bilər. Prinsipcə, yadda saxlama prosesini sürətləndirmək üçün müxtəlif texnikaların tətbiqi insan həyatını asanlaşdırmaq üçün xüsusi olaraq hazırlanmışdır.

- Sizcə, müasir təhsili sisteminin əsas problemi nədir? Niyə uşaqlar bu gün, sovet təhsil sistemindən daha çətin öyrənirlər?

- Əslində, bu gün təhsil sistemi Sovet sistemində olduğundan daha çox yüklənir. O zamanki təhsil daha səthi daha yüngül idi. Məktəbdə, universitetdə əldə olunan biliklərin daha yaxşı yadda qalması üçün uşağın beyni daha çox istirahət etməlidir. İkinci sinif şagirdi ilə işlədim. Bütün tədris ilində yaddaş texnikaları ilə məğul olduq və ilin sonuna kimi sinif yoldaşları arasında birinci yeri tutdu. Yaddaşını inkişaf etdirən bir insan ümumiyyətlə həyatının keyfiyyətini və xüsusən də öyrənməyi yaxşılaşdıra bilir. Texnikalardan istifadə edib mükəmməl nəticəni görəndə düzgün yolda olduğunuzu başa düşürsünüz.

- Hansı metodlardan istifadə edirsiniz?

- Məsələn, Leonardo Da Vinçinin Loci texnikasını misal olaraq verə bilərəm, room metodu olaraq da bilinir. Kökü lap qədimə yunanlı natiqlərə qədər gedib çıxır. Yunanlı şair Simonidesin adı ilə bağlıdır. Link texnikası, Number shape system texnikası, peg metodu, beyin xəritələri, xarici dildəki sözləri öyrənmə metodu və s. metodlardan istifadə edərək öyrənmə fəaliyyətini daha da yaxşılaşdırırıq. Yəni qısacası yeni və köhnə məlumatlar arasında şüurlu bir əlaqə yaradaraq uzunmüddətli, qalıcı bir yaddaş formalaşdırırıq.

- Bu texnikanı inkişaf etdirmək üçün nə qədər vaxt lazım oldu?

- Ümumiyyətlə, texnikaların inkişafı bir il çəkdi. Bu müddət ərzində onu sistemləşdirdim və 14 günlük bir kursa uyğunlaşdırdım. Fərqli müəlliflərin fərqli sistemləri var. Lakin apardığım araşdırmalara görə, 14 gün yaddaş metodlarını mənimsəmək üçün ən optimal müddətdir. Biz uğurlu bir gələcək üçün yola çıxdıq. Sahib olduğumuz bilik və bacarıqlarımızı bir-birimizlə paylaşmalıyıq ki, gələcəyimiz gözəl şəkillənsin. Əla bir yaddaşa sahib olmaq, uğur qazanmaq tənbəllikdən daha asandır.

S.QARAYEVA

 





29.11.2019    çap et  çap et