525.Az

Azərbaycan və Ermənistan arasında qarşılıqlı səfərlər lazımdırmı?


 

Azərbaycan və Ermənistan arasında qarşılıqlı səfərlər lazımdırmı? <b style="color:red"></b>

Məlum olduğu kimi, 17-22 noyabr tarixlərində Ermənistan, Azərbaycan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan jurnalistlərin qarşılıqlı səfərləri baş tutub.

Bu səfər iki ölkənin xalqları, o cümlədən, icmalar arasında humanitar əlaqələrin qurulması, etimad mühitinin yaradılması məqsədilə həyata keçirilib.

Erməni jurnalistlər Bakı, Quba və Gəncə şəhərlərində, azərbaycanlı jurnalistləri isə Yerevan, Dilican və ölkəmizin işğal altında olan Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər.

Əlbəttə ki, bu səfərdən sonra Azərbaycanda hər kəsi belə bir məqam maraqlandırırdı: qarşı tərəf sülh istəyirmi? Erməni xalqı, Qarabağın erməni icması sülhə hazırdırmı? İndi ən vacib olan məhz budur.  Çünki gələcəkdə həm iki xalq, həm icmalar əvvəllər olduğu kimi yenə də yaxın qonşuluq münasibətləri qurmağa, bir yerdə yaşamağa məcburdurlar. 

Səfərlə əlaqədar erməni mediasında, sosial şəbəkələrdə çoxsaylı materiallar təqdim olundu və fərqli fikirlər nümayiş etdirildi.

Səfərdə iştirak edən Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Elçin Vəliyev öz təəssüratlarını bölüşərkən qeyd edib ki,  erməni jurnalistlər və bu səfəri bilavasitə kurasiya edən Ermənistan Xarici İşlər Nazirliyi və Baş nazir aparatı təbliğat maşınını işə salmağa çalışdı. Onun qənaətincə, yazılanları, xüsusilə səfərdə iştirak etmiş erməni jurnalistlərin müsahibə və materiallarını diqqətlə izləyərək belə nəticəyə gəlmək olur ki, nə matəm tutmağa, nə də ki, xüsusi sevinməyə əsas var. “Belə baxanda nə baş verib ki? Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyib və münaqişə həll edilməyib. Üç nəfər sadə jurnalist qarşılıqlı səfər edib.

Ermənistanın özünün bu səfərin həyata keçirilməsi üçün çoxsaylı xahiş və minnət etməsinə baxmayaraq, yekunda bu səfəri təbliğata çevirməyə cəhd göstərdi. Nəyə görə? Cavab çox sadədir. Erməni jurnalistlərinin davamlı təbliğatı əsasında Azərbaycan haqqında inandıqları bir virtual reallıq var idi. Bu reallıq 90-cı illərin əvvəllərində olan Azərbaycandır. Onlar Azərbaycanda xaos, qatı ksenofobiya, hərc-mərclik, yoxsulluq və kasıblıq, İslam fundamentalizmi və sair neqativ hallar görmək arzusunda idilər. Onların fikirləri bəzi antiazərbaycan medianın stereotipləri əsasında formalaşır. Ona görə də qrupun tərkibində olan və təxribatçı olduğu bilinən erməni jurnalistlərin Azərbaycana gəlməsinə etiraz edilmədi. Gördüklərinə inanmayan və virtual reallıq hissi məhv olan erməni jurnalistlər əsl reallığı, müasir, inkişaf edən və gələcəyə baxan Azərbaycanı və onun regionlarını gördülər. Erməni jurnalistləri Azərbaycanda mövcud olan multikultural mühit ilə tanış oldular, dinamik vətəndaş cəmiyyəti və tələbkar media nümayəndələri ilə görüşdülər", - deyə jurnalist bildirib.

Onun sözlərinə görə, Qarabağdan olan erməni əsilli vətəndaşımızın Bakıya gəlməsi və hökumətin vətəndaşlara göstərdiyi DOST və ASAN xidmətlərlə tanış olması onun Azərbaycanla fəxr etməsinə imkan yaradacaq. Onun bu səfəri və Bakıda Dağlıq Qarabağın Azərbaycan icması ilə görüşü, eyni zamanda, icmalararası dialoqun tərkib hissədir. Artıq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bu xüsusda bəyanatla çıxış edib.

"Erməni jurnalistlər öz gözləri ilə gördülər ki, Azərbaycan cəmiyyətində münaqişənin həlli ilə əlaqədar bir mövqe var. Bu da Azərbaycanın ərazi bütövlüyüdür və bu, qırmızı xətdir. Bu çərçivədə digər məsələlər müzakirə oluna bilər.

 Əldə etdiyim məlumata görə, səfərlə əlaqədar ilk olaraq həmsədrlər bəyanatla çıxış etmək istəyirdilər. Sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bəyanatla çıxış etməli idi. Guya Azərbaycan tərəfi buna razılıq verməyib. Əgər Azərbaycan razılıq verməyibsə, düşünürəm ki, düzgün qərar qəbul edib. Axı nə baş verib ki, bununla əlaqədar bəyanat verilsin? Həmsədrlərin 25 ildən artıq səfərinin yeganə nəticəsi yalnız elə bu jurnalistlərin səfərinin təşkil edilməsidir?", - deyə baş redaktor əlavə edib.

Jurnalistin təəssüratlarından bəlli olub ki, Ermənistanda elə bir ailə yoxdur ki, xaricdən ianə almasın. İqtisadiyyatın əsasını da bu təşkil edir. Təmasda olduqları şəxslər də bunu etiraf ediblər.

"Ermənistan cəmiyyətində kəskin antirusiya meylləri vardır. Bunun Nikol Paşinyan komandasından qaynaqlandığını demək olar. Ermənistanda İnformasiya Texnologiyaları sektorunun inkişafı ilə bağlı səslənən fikirlər şişirdilirdi. Təbii ki nəsə var. Amma bunu "Silikon vadisi" kimi təqdim etmək, sadəcə, təbliğatdır. Bu sahədə Azərbaycan Ermənistandan azı bir on il qabaqdadır. Paşinyanın isə bir qədər komik rəhbər olduğunu artıq qəbul etməyə başlayıblar. Onun komandasının zəif və qeyri-peşəkar olduğu da qeyd olunur. Eyforiya dövrünün başa çatdığını başa düşürlər. Sarkisyan və Köçəryan mafiyasından hələ də qorxu var. Amma bundan sonra nə? Növbəti inqilab? Bunlar erməni cəmiyyətini narahat etməyə başlayıb".

İşğal olunmuş ərazilərdə isə demoqrafik problem daha aydın görünür. Yol boyu boşluqdur. Şuşa şəhərində canlı həyatdan danışmaq çətindir...

Jurnalist guya səfərin "qondarma rejimin "XİN"i təşkil edib" - deyə fikirləri də cəfəngiyyat adlandırıb:

"Biz ATƏT-in nəqliyyat vasitələrində hərəkət etmişik. Eyni zamanda, jurnalist olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması nümayəndələri ilə təmaslar da vacibdir. Düşünürəm ki, orada olan sadə insanlarla təmaslar artırılmalıdır. Əminəm ki, təbliğatdan kənar onlar gəlib Azərbaycanı görsələr, yenidən Azərbaycan daxilində yaşamağa ikiəlli razı olarlar".

Sonda vurğulamaq lazımdır ki, bu cür səfərlərdən dərhal nəticə gözləmək mümkün deyil. İki ölkə arasında müxtəlif səviyyələrdə təmasların, qarşılıqlı səfərlərin olmasının əleyhinə çıxanlarla yanaşı, onu  dəstəkləyənlər də var. Hər halda bu təmasların, get-gəllərin hansı əhəmiyyəti olacağını görmk üçün də bir müddət gözləmək lazımdır.

PƏRVANƏ

 





29.11.2019    çap et  çap et