525.Az

BDU 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr verib


 

BDU 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr verib<b style="color:red"></b>

Bir neçə gün əvvəl Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib və geniş nitq söyləyib. Dövlət başçısı öz nitqində BDU-nun tarixinə, onun ölkəmizin inkişafına verdiyi töhfələrdən, Azərbaycanda elmə, təhsilə göstərilən diqqət və qayğıdan ətraflı danışıb. Eyni zamanda, Prezident Ümummili lider Heydər Əliyevin həm sovet, həm müstəqillik illərində ölkəyə rəhbərliyi zamanı digər sahələrlə yanaşı, təhsilin inkişafına xüsusi qayğısından söz açıb.

Məlumdur ki, Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilib. Bu qərar bir daha Azərbaycan Xalq Cümhuriyyətinin xalq qarşısında böyük xidmətlərini göstərir. Əlbəttə ki, təhsil hər bir xalqın, dövlətin inkişafı, güclənməsi üçün başlıca şərtlərdən biridir. Xalq Cümhuriyyətinin qurucuları da məhz bu məqamı çox gözəl anlayırdılar. BDU qərar 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr verib. Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Bakı Dövlət Universiteti yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi. Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxıb.

Ümummilli lider Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev hər zaman təhsil sahəsinə çox böyük diqqət göstərib, Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səylər göstərib. Belə ki, hər il təqribən 800-ə yaxın Azərbaycan gənci Bakıda imtahanlar verməklə Sovet İttifaqının aparıcı ali məktəblərinə ezam edilirdilər. Bununla da Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı.

Heydər Əliyevin qərarı ilə 1970-ci illərin əvvəllərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması Ulu öndərin uzaqgörənliyini göstərir.

Prezident mərasimdə bildirib ki, ölkəmizin müstəqilliyə qədərki dövründə də, müstəqillik dövründə də Heydər Əliyev daim xalqın yanında idi və xalqa xidmət etmək onun başlıca missiyası idi. Dövlət başçısı deyib ki, müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır: "Əgər Heydər Əliyev müstəqilliyin ilk illərindən Azərbaycanda rəhbər olsaydı, heç vaxt torpağımız işğal altına düşməzdi".

Dövlət başçısı vurğulayıb ki,  Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə: "Baxın, indi Bakı Dövlət Universitetində minlərlə gənc var, müəllim var. Müəllimlər biliklərini bölüşürlər, gənclər öyrənirlər, sabah onların yerini tutacaqlar. Belə inkişaf etməliyik. Əlbəttə, kadr islahatları bundan sonra da aparılmalıdır. Ancaq bu, kampaniyaya çevrilməməlidir.

O ki qaldı, müəllimlərin fəaliyyətinə, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm. Müəllim peşəsi çox şərəfəli, məsuliyyətli, çox ağır peşədir. Müəllim hər zaman tələbə qarşısında öz biliyini göstərməlidir. Tələbələr də indi hər şeyi görürlər, hər şeyi seçə bilirlər. Ona görə müəllimlər daim öz biliklərini artırmalıdırlar. Mən deyim ki, biz müasir dövrdə köhnə baqajla yaşaya bilmərik. Ona görə indi internet dövrüdür, hər bir məlumatı əldə etmək üçün imkanlar var. Daim müəllimlər yeniliklərə baxsınlar, onların peşəsində hansı proseslər gedir, dünyada hansı proseslər gedir, texnoloji inkişaf nədən ibarətdir ki, tələbələrə keyfiyyətli biliklər versinlər. Ona görə müəllim peşəsi şərəflidir, hörmətlidir, ancaq eyni zamanda, müəllimlər də daim öz üzərlərində işləməlidirlər.

Mən də müəllim olmuşam. İnstitutu bitirəndə mən bir xarici ölkəyə təyinat aldım, ancaq ondan imtina etdim, xaricə getmək istəmədim. Qaldım institutda, aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim və 23 yaşımda dərs verməyə başlamışdım, özü də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, 23 yaşında, 5 il ərzində. Ona görə müəllim peşəsi mənim üçün yad peşə deyil. Mən də müəllim olmuşam, müəllim kimi sizi salamlayıram".

Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Cavid Osmanov Prezidentin çıxışının çox ətraflı, proqram xarakterli olduğunu vurğulayıb. O deyib ki, hər bir dövlət maraqlıdır ki, həmin ölkədə sağlam müxalifət olsun, ölkənin inkişafı üçün təklif versin: "Çox təəssüf ki, Azərbaycanda belə bir müxalifət yoxdur. Həmin satqınlar, xəyanətkarlar bu gün də ayrı-ayrı dəstələr, qruplar şəklində çalışırlar ki, ölkəmizdə sabitliyi pozsunlar. Sosial şəbəkələr üzərindən ayrı-ayrı vasitələrlə gənclərimizi düzgün yoldan çəkindirsinlər, dövlətçiliyimizə, müstəqilliyimizə qarşı qaldırsınlar. Təbii ki, bu adamlar bu missiyasın öz üzərlərinə götürməklə bir daha öz xəyanətkar satqın missiyalarını həyata keçirmək istəyirlər. Çalışırlar ki, dövlətimizə, dövlətçiliyimizə, müstəqilliyimizə zərbə vursunlar".

Millət vəkili vurğulayıb ki, hər birimiz 1992-1993-cü illərdə ölkəmizin başına min bir bəla açan həmin şəxslərin həyata keçirdikləri siyasəti bugünkü gənclərə danışmalı, onları maarifləndirməyə çalışmalıyıq: "Gənclər də bilsinlər ki, bugünkü müasir Azərbaycan heç də asanlıqla qurulmayıb. Azərbaycanın qurucuları öz canı, qanı bahasına bu dövləti inşa ediblər. Biz də gənclərə bütün bunları başa salmalıyıq ki, Azərbaycan heç də birdən-birə belə qüdrətli dövlət olmayıb. Müasir gənclər əmin-aman bir ölkədə gözlərini açıblar. Günbəgün inkişaf edən ölkədə yaşayırlar. Dünənki tarixdən onlar yalnız ayrı-ayrı vasitələrlə xəbərdar olurlar. Maarifləndirmə işini aparmağa ehtiyac var, çünki gənclər bilməlidirlər ki, Azərbaycan bu günlərə gələ bilməsi üçün heç də asan yollardan keçməyib".

Deputat onu da vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin səyləri, siyasəti və həyata keçirdikləri tədbirlər nəticəsində ölkəmizə qarşı yönəlmiş təhdidlərin qarşısı alınaraq, bugünkü sabitliyimiz qorunub, müstəqilliyimiz möhkəmlənib: "Bu gün Azərbaycan artıq dünyada inkişaf etməkdə olan, dünyada söz sahibinə çevrilən bir ölkədir. Hazırda Azərbaycan dünyanın enerji təhlükəsizliyi baxımından yeni cızılan coğrafiyasında rolu olan bir ölkəyə, Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizinə çevrilib. Azərbaycanın razılığı olmadan bölgədə heç bir beynəlxalq layihə həyata keçirilmir. Bu baxımdan Azərbaycanı müəyyən dairələr sevmir. Eyni zamanda, heç bir ölkədən asılı olaraq siyasət yeritmir, tamamilə müstəqil siyasət həyata keçirir. Bu da Azərbaycanı sevməyən qüvvələrin heç də xoşuna gəlmir. Onlar çalışırlar ki, hər hansı bir vasitə ilə Azərbaycanı özlərinin müstəmləkəsinə çevirsinlər. Bu mənada Azərbaycan gəncliyinin üzərinə böyük missiya düşür ki, hər zaman olduğu kimi, onlar bundan sonra da cənab Prezidentimizin ətrafında sıx birləşməlidirlər, dövlətçiliyimizi, dövlətimizi, müstəqilliyimizi, ərazi bütövlüyümüzün qorunmasında onların öz rolu, böyük payı olmalıdır".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat, BDU-nun kafedra müdiri Kamilə Əliyeva isə vurğulayıb ki, Bakı Dövlət Universiteti bizim həm milli, mənəvi həm də elmi, siyasi dəyərimiz, sərvətimizdir:

"Ulu öndər Heydər Əliyev də BDU haqqında fikir söyləyəndə bildirmişdi ki, bu ali təhsil müəssisəsi bizim milli sərvətimizdir. Ötən gün BDU-nun 100 illik yubileyi ilə keçirilən təntənəli mərasim bir daha bu fikrləri təsdiq etmiş oldu".

O bildirib ki, BDU təhsil, elm ocağı olmaqla yanaşı, bir həyat məktəbidir: "Orada təhsil alan hər bir tələbə elm öyrənməklə yanaşı, həm də həyat məktəbi keçmiş olur. BDU-suz dövlətimizi, dövlətçiliyimizi, tariximizi, inkişafımızı təsəvvür etmək mümkün deyil. 1 əsrə yaxın müddətdə Azərbaycanın əldə etdiyi bütün uğurlarda BDU-nun payı və rolu var. Universitet bizə Cümhuriyyət qurucularımız tərəfindən böyük sərvət, nemətdir. Ona görə də onu dəyərləndirmək lazımdır".

Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyi ilə bağlı təntənəli mərasimdə iştirak etməsinin sevindirici hal olduğunu deyən kafedra müdiri söyləyib ki, ölkə başçısının mərasimdə geniş nitqlə çıxış etməsi yaddaşlarda silinməz iz buraxdı: "Bununla yanaşı, dövlət başçısı tərəfindən təhsil ocağında fəaliyyət göstərərn əməkdaşlarımız, müəllimlərimiz təltif olundular ki, bu, onların əməyinə dövlət tərəfndən verilən qiymətdir. Buna görə hər birimiz dövlət başçısına minnnətdarıq, qürur duyuruq".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı çox mühüm, hətta bu günə qədər toxunulmayan bəzi məqamlara da toxundu: "Cənab Prezidentin çıxışında diqqəti çəkən əsas məqamlardan biri milli-mənəvi dəyərlərimizlə bağlı çağırışları idi. Hesab edirəm ki, bu məqamların dövlət başçısının dilindən səsləndirilməsi çox şərəfli idi. Biz bilirik ki, mənəvi dəyərlərimiz yüz illərdir ki, nəsildən nəsilə ötürülərək bu günə qədər gəlib çıxıb. Bu gün onları qorumalıyıq. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır".

K.Əliyeva qeyd edib ki, ümumiyyətlə, ölkə başçısının ötəngünkü nitqi hər kəs, amma ən əsası isə gənclərimiz üçün əhəmiyyətli mesaj idi.

PƏRVANƏ

 





29.11.2019    çap et  çap et