525.Az

Musiqili Teatrda "Ey Vətən" adlı konsert keçirilib


 

Musiqili Teatrda "Ey Vətən" adlı konsert keçirilib<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, Atilla Məmmədovun "Ey Vətən" adlı ilk solo konserti keçirilib.

Konsertdən öncə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev teatrın kiçik yaşlı aktyorunun yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, gələcək yaradıcılığında uğurlar arzulayıb. Bundan öncə olduğu kimi, növbəti aylarda da teatrda çalışan Prezident təqaüdçülərinin konsertlərinin mütəmadi şəkildə təşkil ediləcəyini söyləyib.

"Azərbaycanda xüsusi qabiliyyəti ilə seçilən uşaqlara dövlət tərəfindən həmişə diqqət və qayğı göstərilir. Səs imkanlarına, görə yaşıdlarından fərqlənməyi bacaran Atilla Məmmədov da onların sırasındadır. Hələ 6 yaşında ikən ifaçılığa başlayan, bir çox beynəlxalq müsabiqə və festivalların qalibi olan bu balaca oğlanın adı 2017-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə gənc istedadların "Qızıl kitabı"na yazılıb və Prezident təqaüdünə layiq görülüb. Elə həmin ildən Akademik Musiqili Teatrda çalışan Atilla ötən mövsümdə premyerası olan "Balaca Şahzadə" tamaşasında Balaca Şahzədə obrazını canlandırmaq üçün müsabiqə vasitəsilə qəbul edilib və bu gün də tam məsuliyyətlə vurğulaya bilərəm ki, biz seçimimizdə yanılmamışıq", - deyə Ə.Lalayev vurğulayıb.

Konsertdə Atilla Məmmədovu 3 nömrəli Musiqi Məktəbinin müəllimləri - Sevinc Əzizova, Həsənağa Səmədov, Aytən Cəfərovanın rəhbərliyi ilə həmin məktəbin "Divizi" xoru və Azərbaycan Milli Konservatoriyasının iranlı tələbəsi Ruzbeh Talebi müşayiət ediblər. İfaçı konsertdə səslənən estrada mahnılarını, həmçinin, bu yaxınlarda Moskva şəhərində keçirilən "Vo vesğ qolos" adlı beynəlxalq televiziya müsabiqəsindəki çıxışlarını ukraynalı pedaqoq Anastasiya Budakva ilə birgə hazırlayıb.

Sonda onun təhsil aldığı Arif Hüseynzadə adına 20 nömrəli Məktəb Liseyin direktoru Səadət Veysova və Cövdət Hacıyev adına 3 nömrəli Musiqi Məktəbinin direktoru Mehin Orucova çıxış edərək, Atilla Məmmədovun nümunəvi şagird olduğu ilə fəxr etdiklərini bildirib, onu rəhbərlik etdikləri təhsil müəssisələrinin müəllim və şagird heyəti adından təbrik ediblər.

Şahanə MÜŞFİQ

 





30.11.2019    çap et  çap et