525.Az

Bakı Mühəndislik Universitetində beynəlxalq konfrans


 

Bakı Mühəndislik Universitetində beynəlxalq konfrans<b style="color:red"></b>

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə "Azərbaycanın innovativ inkişafında mühəndisliyin rolu: hədəflər və perspektivlər" adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda beynəlxalq ekspertlər, dövlət və özəl sektorun, ali məktəblərin, həmçinin, AMEA-nın müvafiq qurumlarının nümayəndələri iştirak ediblər.

BMU-nun rektoru, professor Havar Məmmədov ölkəmizin elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirən BMU-nun yaranma tarixinə qısa nəzər salıb. H.Məmmədov beynəlxalq konfransın Azərbaycanın innovativ inkişafında mühəndisliyin rolu mövzusuna həsr olunmasının təsadüfi olmadığını söyləyib. "Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamına toxunan rektor bildirib ki, sərəncama əsasən, ali təhsil müəssisələri də ölkənin innovativ inkişafına öz töhfəsini verməlidir. Rektor qeyd edib ki, dünyada olduğu kimi, ölkəmizdə də mühəndislik və digər elmi sahələrin sürətlə dəyişməsi və inkişaf etməsi ilə əlaqədar yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal, idarəetmə sahələrinə tətbiq edilməsi zərurəti yaranır. O, Azərbaycanın iqtisadi inkişafında innovasiyanın əhəmiyyətini və mühəndislik elmlərinin vacibliyini önə çəkmək, innovativ idarəetmədə resurslardan optimal istifadə etməklə strateji planlara effektiv və səmərəli şəkildə nail olmaq baxımından konfransın son dərəcə əhəmiyyətli olduğunu nəzərə çatdırıb. H.Məmmədov, həmçinin, 5-ci sənaye inqilabına çağırışlar çərçivəsində mühəndislik ixtisaslarında mövcud vəziyyət və gələcək  tendensiyaları müzakirə etmək məqsədi ilə keçirilən konfransın mühüm nəticələr əldə edəcəyini bildirib.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev çıxışında BMU-da bütün ixtisaslar üzrə, o cümlədən, innovativ inkişaf üçün mühəndis kadrlarının yetişdirilməsi istiqamətində mühüm işlər görüldüyünü bildirib və bu işlərin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib. "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Nazim Talıbov sənaye parklarının yaranması və hədəfləri, görülən işlər haqqında ətraflı məlumat verib. O, istehsal müəssisəsinin layihələndirilməsində, məhsulun istehsal olunmasında mühəndislik ixtisasının rolu haqqında danışıb, BMU ilə sənaye parkının əməkdaşlığının əsas istiqamətlərini diqqətə çatdırıb.

Plenar iclasda müxtəlif mövzularında məruzələr dinlənilib.

Sonra konfrans 8 bölmə üzrə işini davam etdirib.

 





30.11.2019    çap et  çap et