525.Az

On ikinci qurban - Mir Çingiz Ağazadədən yeni hekayə


 

On ikinci qurban - <b style="color:red">Mir Çingiz Ağazadədən yeni hekayə </b>

Gecənin bir aləmində hamımız qutu boyda yerimizdən qalxıb tələb olunan sıralara düzüldük. Başımızın üstünü komandirə bənzər bir adam kəsdirib elə hey "Bir azdan məhv ediləcəksiz" dediyi ana qədər həmin günün, az qala, yarısından çoxunu ölüm haqqında düşünmüşdüm.

Mən, hələ gəncdim, ətrafımdakılara baxanda üzümün saqqalabənzər çıxıntılı tükləri hələ qaralmağa tələsmirdi. Mən, öz kimliyindən birxəbər növcavan, bəlkə də, uşaqdım, fəqət indi edama göndərilirdim. Mənə demişdilər ki, səni ölümə qurban verməyə məcburuq, yoxsa başqalarının öldürülməsi üçün yetərli səbəb qıtlığından sistem süqut edəcək. Hə, məni belə inandırmışdılar. Axmaq başım, gör, kimlərə uymuşam. Sonra bizim sıradakı adamların hamısını çevrə şəklində düzülməyə məcbur elədilər. Ahıl, saqqallı bir kişi düz ortada dayanıb usanmadan, bezmədən üz-gözümüzə baxır, sanki halımıza acıyırmış kimi havada yellədiyi əlinin küləyi ilə saçlarımızı tərpətməyə çalışır, üzündəki o mənfur gülüşü sifətimizə çırpırdı. Mən, yəqin, o şəxsin simasını heç vaxt unuda bilməyəcəm. Hə, əsla, unutmayacam. Nə üçün unudum ki? Axı, insan öz taleyini yadırğamamalıdır, bu, keçmişə xəyanət olar. Əgər bayaq sizə gecədən xeyli keçdiyini demişəmsə, əlavə edim ki, bu çevrəyəoxşar sıramızın tən ortasında dayanan məxluq az sonra bizi növbəylə sorğu-sual etməyə başladı. Cümlələri monoton, sıxıcı, bir o qədər də vahiməliydi. Məsələn, əvvəlcə solumda tir-tir əsən yazıq bir oğlandan soruşdu ki, sən kim ola bilməmisən?! O da susdu, susdu, susdu... Nəhayət, hamımız tirtap halda yerə uzanmış cənabi fəqirin cəsədinə zilləndik; gözlərindən qan axırdı, nəfəsinin gedib-gəlmədiyi hərəkətsiz sinəsindən bəlli olan bu gənc, an içində qocalmış, başında yenicə ağarmaq istəyən telləri, az qala, bütün saçlarına yayılmışdı - O ölmüşdü. Cəmi bircə sual qarşısında susub, susub... sonra da həmin sualdan asmışdı özünü. Aqibətimiz artıq bəlli idi. Sadəcə, gözləyirdik...

Saat istiqamətində, asta-asta addımlayan ahıl kişi başqa bir fəqirin qarşısına dikildi. Soruşdu ki, sən özünü bədbəxt etmək naminə neynəmisən? Və... eynilə o da bayaqkının son nəfəsi kimi tükənib yerə çırpıldı. Həyəcandanmı, cavabsızlıqdanmı? Bilmirəm, həqiqətən heç bir fikrim yoxdur. Məndən öncəki 11 nəfərin cavabsız-filansız qurban verildiyi bu sualların mahiyyəti haqda heç nə bilmirəm! Tək bildiyim odur ki, ahıl adam sonuncu şəxs kimi mənə yaxınlaşdı. Nəfəsini üzümdə hiss edirdim - soyuq idi, gözlərim yaşarırdı, elə bil, kimsə yanımda soğan doğrayırdı. Üzülürdüm, sevinirdim, həyəcan vücudumu sardıqca nəfəsim kəsilirdi. Onun ilk və bəlkə də, son sualını, axırıncı qurbanını yola salacağı, mənimsə körpəlikdən anamla atamın həyatımın başlanğıcı deyə təlqin etdiyi, ruhlar aləmi kimi təsvir olunan bu məkana addım atacağım o müdhiş an yaxınlaşırdı... Susurdum. Domino daşları kimi aşırılan 11 nəfər qarşısında dikəlirdim, daha arıq, daha sısqa görünür, fəqət qürurumu sındırmamaq uğrunda apardığım daxili mübarizədən məğlub ayrılmadığımı ciddi cəhdlə özümə isbat etməkdən də usanmırdım. Nəhayət, qoca ağzının kilidini açdı. Dodaq hərəkətlərindən anladım ki, nəsə deyir, amma təəccüb qarışıq qorxu ucbatından sualını eşidə bilmədim.

- Nə? Çox üzr istəyirəm, həqiqətən, bağışlayın məni. Ancaq sizi eşitmədim. Xahiş edirəm, təkrar eləyin.

- Susmaq naminə nə qədər sükutdan imtina etmisən?

Bu, məgər sualdır? Əşi, belə də sual olar? Öldürürsüz, adam kimi öldürün! Rəzalət! Nə qəddar adamlarsız siz! Yox e, siz heç adam da deyilsiz! Ayıbdır, vallah!

İçimi parçalayan bütün müəmmalı ifadələrə rəğmən yenə susdum. Ruhumu dolaşan ölüm qorxusunun soyuğu ayaqlarımdan yapışıb yuxarı dırmaşırdı. Hiss etdikcə əzab çəkirdim. Heç bir reaksiya ilə, hərəkətlə bu hissin içimə dolduğunu açıqlaya, göstərə bilmirdim. Məni incidən ölməyim yox, naməlumca ölməyim idi. Zamanım azdır, ya qurban gedəcək, ya da cavab vermədən intihar edəcəm. Hər iki seçimin yolu birdir... Susmaq naminə... Hə, susmaq... Naminə? Susmaq üçün? Mənim susmağım? Susmaq məgər sükut deyil? Sükutdan ötrü susuruq ki? Axı, sükutdan imtina edəndə... Hmm... Dayan görüm! Danışaraq susmaq da! Sual beləymiş! Sən, demə... Tapdım! Bənizi ağarmış üzümdə paralel qırış əmələ gəldi, mən təbəssüm sərgilədim, ancaq qırışlar elə dərin yayıldı ki, dodaqlarım əvvəlki halına qayıdanda da onlar peyda olduqları yerə pərçimlənib qaldılar. Soyuq, vücudumun istisini əmir, zirvəyə, düşüncələrimə dırmaşır, məni təhrik edirdi ki, cavab verməyim. Ancaq yox, on bir nəfər məsum qurban edilib, onların hamısını aldadıblar, onların hər biri artıq ölüdür. Kimin naminə? Nəyin naminə?! Naminə? Bir dəqiqə, susmaq naminə, 11 nəfər...

- Mən, cavab verəcəm! - Udqundum və ...

- Susmaq naminə nə qədər sükutdan imtina etmisən?

- 11 insan ömrü qədər sükutdan imtina etmiş, bir insanlıq danışmışam. Ancaq heyf ki, siz murdarlar bizi məhv eləyirsiz, öldürür, hansısa ali varlıq adına qurban verirsiniz. O, kimdir?! Kimdir sizin başçınız?! Mənə nə olur belə? Niyə donuram, axı? Niyə ölürəm?! Cavab verin! Çox üzr istəyirəm, özümü itirdim. Bağışlayın. Allah xatirinə...

Nə yalan deyim, qorxumdan əsirdim, donurdum, nəfəsim kəsilirdi, başım dönürdü. Ancaq heç deyilsə, mən cavab verə bilmişdim axı. Onda yəqin, ölməyəcəkdim, hə? Hə? Açığı, çox istərdim, əksər hekayələrdə olduğu kimi, bu hadisənin də sonluğu xoşbəxtliklə bitsin, mənim qurban edilmədiyim bir əhvalata dönüşsün, haqqımda əfsanələr dolaşsın ki, guya 11 qurbanın 12-cisi olan mən xilaskaram. Ancaq heç nə düşündüyüm kimi olmadı. Qoca qəfildən gəncləşməyə, təbəssümü cazibəli bir xanımınkı qədər çəkici olmağa, qaməti şux, siması bəyaz nur topası qədər aydınlaşmağa başladı... Özümü itirdim. Onun qarşısında yıxıl... yox, elə, yerə çırpıldım, sifətim çox pis əzildi, ağrısından çığırmaq həddinə gəldim. Deyəsən, hətta alnımın sol tərəfindən qan da açılmışdı, hər yer başıma fırlanır, yanımda uzanmış cəsədlər bir-bir buxarlanırdı. Özümsə hərəkətsizcə uzanmaqdaydım. Nə olmuşdu? Qoca gözəlləşdikcə gözəlləşir, nurlandıqca nurlanır, parladıqca parlayır, sanki məmnunmuş kimi səmalara qalxırdı. Dözmədim. O, bizi, məni bu müəmmalar diyarında tək qoya bilməzdi! Qeyri-iradi ətəyindən yapışdım. O isə heç bir müqavimət göstərmədən ucalmağa davam etdi. Tutunduğum əbasıyla birgə yavaş-yavaş mən də onun arxasınca nurlu bir təbəqəyə keçdim. Burada nurdan savayı heç nəyi və kimsəni görmürdüm, düzünə qalsa, heç görmək də istəmirdim. Bayaqkı donuq buzlaşma hissi yoxa çıxmışdı. İndi susmaqdan başqa bir şeyə gərəyim qalmamışdı. Məndən olsa, deyərdim, lap elə, daha yüksək zirvələrdə pərvazlanaq... Ancaq sonra, biz artıq təbəqənin nəhayətinə çatıb, yaşlı cavan əvvəlki mənfurluğuna geri qayıdanda üzünü çevirib mənə - ətəyindən bərk-bərk yapışmış məzlum vücuda baxdı. Bəbəkləri yaşımtıl idi...

- Yalan danışırdın - dedi - sən həmin 11 nəfərin bircəsini də tanımırsan, onlar haqqında heç nə bilmirsən, onları yaşamamısan, onlarda ölməmisən, onlardan yaranmamısan, onlarla tükənməmisən və nəhayət, ay bədbəxt, sən axı, heç öz adından da danışmamısan! Bu qədər cahil, bilgisiz, axmaq, bu cür rəzil bir varlığı kimin hüzuruna çıxaraq? Əgər sən bilsəydin ki, o müqəddəslər niyə suallarım qarşısında qurbana dönür, onda bəlkə öz rəzalətindən utanar, xəcalət çəkərdin. İnsan həyatı boyu ancaq bir suallıq həyat yaşayır və o, elə bu suala cavab verə bilmədiyi qədər gerçəkdir.

... İndi öz adi həyatımı yaşayıram. Təkcə psixologiyam pozulub, deyəsən. Aylıq müalicə üçün seminarlara, konsultasiyalara yazılmışam. Psixoloqum hər görüşümüzdə məndən elə hey kim olduğumu soruşur. Nəhayət, deyəsən, həqiqiləşirəm. Çünki o, mütəmadiyən mənim qaneedici cavablar vermədiyimdən şikayətlənir. Bütün günü deyinir ki, guya ağlımı itirmək üzrəyəm. Mən isə təkcə "amin!" deyir və susuram. Bacardıqca çox kəlmədə gizlənir və daha çox ölürəm. Axı, mən sonuncu qurbanam... Eh! O nurlu təbəqə!.. O mənfur gözəllik!..

 





30.11.2019    çap et  çap et