525.Az

"Əsgər andı"nın qüdrəti - Kənan Novruzovun essesi


 

"Əsgər andı"nın qüdrəti - <b style="color:red">Kənan Novruzovun essesi </b>

Nəzəriyyə kitablarında medianın əhəmiyyətindən danışılarkən onun üç funksiyası qeyd edilir: maarifləndirmək, bilgiləndirmək və əyləndirmək. Bizcə, hazırda müharibə şəraitində olduğumuz bir vaxtda KİV-in əsas vəzifələrindən biri də insanlarda hərbi-vətənpərvərlik ruhunu inkişaf etdirməkdir. Axı jurnalistika həm də ictimai rəyi formalaşdırır, ictimai düşüncəyə təsir edir.

Lakin təəssüflə qeyd etməliyik ki, bu gün mediada hərbi-vətənpərvərlik ruhunda hazırlanan materialların sayı arzuolunan sayda deyil. Buna baxmayaraq, konkret mövzunu özü üçün prioritet hesab edən jurnalistlər, telekanallar da var. Məsələn "Lider" Tv-nin efirində yayımlanan "Əsgər andı" verilişi bu cəhətdən səciyyəvidir. Əksər telekanallardan fərqli olaraq hər gün səhər saat doqquzda, "Lider"in studiyası mətbəxə çevrilmir. Nə yemək bişirilir, nə də qadınlara şirniyyat reseptləri verilir.

Aparıcı Anar Şuşalı hər dəfə müxtəlif hərbi hissələrə, sərhəd bölgələrinə gedir, əsgər və zabitlərimizlə görüşür, onların təlimlərində iştirak edir. Əlbəttə, hərbi-vətənpərlik ruhunun aşılanması baxımından müasir Azərbaycan tamaşaçısına, xüsusilə gənclərə lazım olan da məhz budur. Belə ki, yeniyetmə və gənclər hərbçilərimizlə qürur duyur, onları özlərinə nümunə götürürlər.

Biz bu veriliş vasitəsilə eyni zamanda, müəyyən qədər hərbi işin sirlərinə yiyələnir, Azərbaycan silahlı qüvvələrinin döyüş imkanları, ordumuzun şücaəti ilə tanış oluruq. Yəni maariflənir, bilgilənirik. Görürük ki, Azərbaycan hərbçisi həm fiziki, həm də mənəvi baxımından hər an döyüşə, hətta vətən uğrunda canından, qanından keçməyə də hazırdır. Sərhədçilərimizin arasında yüzlərlə Mübarizlər, Fəridlər var. Bunu təkcə onların zahiri görkəmləri, üzlərindəki təbəssüm, gözlərindəki işıq yox, eləcə də müxtəlif tapşırıqları dəqiqliklə, məharətlə icra etmələri sübuta yetirir. Necə deyərlər, torpaq uğrunda ölən varsa, vətəndir!

"Əsgər andı" həm də müəyyən mənada valideynlərin, qardaş-bacıların ürəyinə su səpir. Proqramda öz oğullarını, qardaşlarını izləyən əzizlərin, yaxınların narahatlığı nisbətən azalır. Onlar görürlər ki, əsgərlər vətənə borclarını ləyaqətlə yerinə yetirirlər. Hərbçilər isə öz növbələrində fürsətdən istifadə edib doğmalarına ürək sözlərini deyirlər.

Yəni adını çəkdiyimiz veriliş hər cəhətdən Azərbaycan tamaşaçısı üçün lazımlıdır. Çünki "Əsgər andı" səngərlərə qədər gedib çıxır. Arzu edək ki, nə vaxtsa sərhəddən o tərəfi də görmək qismət olacaq...

***

Yəqin ki, yuxarıda aparıcının təxəllüsünə diqqət yetirdiniz - ŞUŞALI. Əsl soyadı Həsənov olan telejurnalist doğulub, boya-başa çatdığı, hazırda işğal altında olan doğma şəhərinin adını özünə təxəllüs seçib. O, Bakıda universitetin dördüncü kursunda oxuduğu illərdən televiziyada müxtəlif kanallarda çalışıb. Amma bu illər ərzində bir dəfə belə olsun, nə qalmaqal, yüngül sensasiya arxasınca qaçıb, nə də onsuz da görməkdən yorulduğumuz, efirlərdən əskik olmayan şou-biznes nümayəndələrini verilişinə dəvət edib. Anar Şuşalını həmişə hərbçilərimizin taleyi maraqlandırıb, vətən həsrəti narahat edib, istər müxtəlif illərdə "And yerimiz Vətən", "Vətən sağ olsun", "Marş" verilişini hazırlayanlardan biri olanda, istərsə də artıq uzun illərdir "Əsgər andı"nın aparıcısı olarkən. Bu mənada o da sərhəd keşikçilərimiz qədər şərəfli bir iş yerinə yetirir, bəzən əsgərlərimizlə birlikdə ən təhlükəli strateji məntəqələrə yollanır. Sadəcə əsgərlərimizdən fərqli olaraq onun əlində avtomat yox, kamera və mikrofon olur. Eyni ilə adını tarixə qızıl hərflərlə yazan jurnalist, Milli qəhrəman Çingiz Mustafayev kimi.

Anar Şuşalı hələ ki, Şuşasızdır. Çoxumuz kimi. Amma inanırıq ki, qələbə xəbərini də nə vaxtsa ondan eşidəcəyik. Həmişəki kimi saat 9-da efirə çıxacaq və hərbi geyimdə bütün dünyaya bəyan edirmişcəsinə sözə başlayacaq: "Biz Qarabağda, Şuşadayıq..."

***

Mən nə teletənqidçiyəm, nə də jurnalist. Bu yazını heç BDU-nun Jurnalistika fakültəsinin tələbəsi kimi də yazmıram. Bir qarabağlı, şuşalı olaraq yuxarıdakıları qələmə almışam. Və indi bu sözlərlə fikrimi yekunlaşdırıram: Atalar yaxşı deyib ki, torpaqdan pay olmaz. İtirilən torpaqlarımızı geri qaytarmaq üçün bizim biləyi qədər ürəyi də güclü gənclərə ehtiyacımız var. Bunun üçünsə gərək Anar Şuşalıların, "Əsgər andı" kimi verilişlərin sayı çox olsun.

 





30.11.2019    çap et  çap et