Bu gün müğənni Ayan sözləri Rəşad Məcidə, musiqisi Xanım İsmayılqızına məxsus olan "Məni anla" mahnısına çəkdirdiyi klipi jurnalistlərə təqdim edib.
525.az-ın məlumatına görə, üslub və janr baxımından tamamilə fərqli olan klipdə olduqca həyacanlı və cəsarətli səhnələr yer alıb. Qrafika üslubunda çəkilən klipdə rejissorlar Ceyhun İbrahimoğlu və Vüqar İslamzadə mövzunun mahiyyətini sətiraltı mənalarla tamaşaçıya çatdırmağa çalışıblar.
Belə ki, klipdə Ayan “sevgi manyakı”olan professorun toruna düşmüş xanım obrazını canlandırıb. Beyni ilə idarə olunan qıza professor zorla öz hisslərini yeritməyə çalışır və nə qədər müdaxilə etsə də, istəyinə çatmır. Çarəsiz “qurban” zorla məhəbbətin mümkünsüz olduğunu təkrarlayıb, dönə-dönə “Məni anla” söyləyir.
Klipin çəkilişlərinin Qəbələ rayonunda keçirildiyini bildirən Ayan çəkiliş proseslərinin olduqca çətin keçdiyini, hətta çəkilişlər zamanı müəyyən tramvalar aldığını deyib. Olduqca həyəcanlı olduğunu bildirən müğənni “Məni anla”nı bir müddət öncə ifa etdiyi “Ya ona dön” mahnısının davamı kimi hiss etdiyini deyib və yaradıcı heyətə, o cümlədən mahnını ərsəyə gətirən Xanım İsmayılqızına və Rəşad Məcidə öz təşəkkürünü bildirib: “Aylardan bəri çəkdiyimiz zəhmət bu gün öz bəhrəsini verdi.Yaradıcı heyətin işinə məsuliyyətlə yanaşması məni çox sevindirir. Kifayət qədər maliyyə vəsaiti xərclənsə də, qiymət açıqlamaq fikrim yoxdur. Əsas odur ki, ürəyim istəyən klipdir və tamaşaçıların da bəyənəcəyinə əminəm. Belə bir mahnını ərsəyə gətirdikləri üçün Xanım İsmayılqızına və Rəşad Məcidə öz təşəkkürümü bildirirəm”.
Tədbirdə həmçinin mahnının müəllifləri olan Rəşad Məcid və Xanım İsmayılqızı da kliplə bağlı düşüncələrini bölüşdülər. Müəlliflər müğənninin əzmkar, özünəməxsus və istedadlı olduğunu, dayanmadan öz üzərində çalışdığını vurğulayıblar, gənc müğənnini və yaradıcı heyəti uğurlu klip təqdim etdikləri üçün təbrik ediblər.
Qey edək ki, klipin art direktoru Azər İbrahimoğlu, səs rejissoru Vüsal Həsənov, stilisti Səbinə İmanovadır.
Tədbir zamanı klip çəkilişlərinin pərdəarxası məqamlarını özündə əks etdirən "making off" da nümayiş etdirildi.
GÜNEL