525.Az

Ankara Valiliyi: “Ankarada “Xocalı soyqırımı” adlı muzey yoxdur”


 

Ankara Valiliyi: “Ankarada “Xocalı soyqırımı” adlı muzey yoxdur”<b style="color:red"></b> “Hazırda Mədəniyyət və Turizm Nazirliyinin nəzdində “Xocalı soyqırımı muzeyi” adlanan özəl bir muzey yoxdur. Bələdiyyələr özəl muzey açmaq üçün Ankara valiliyinin mədəniyyət və muzeylər şöbəsinə rəsmi müraciət etməlidirlər”.
 
Bu sözləri Lent.az-a açıqlamasında Ankara valiliyinin müzeylər şöbəsinin rəsmisi Öndər Çakır deyib. O, Türkiyənin paytaxtı Ankaranın valisinin bu şəhərin Qızılcahamam rayonu ərazisində Xocalı faciəsi ilə bağlı yaradılan muzeyə “Xocalı soyqırımı muzeyi” adının verilməməsi ilə bağlı təlimat haqqında danışarkən deyib.
 
Ö.Çakır bildirib ki, Qızılcahamam rayonunda bu adda bir muzey açılmış ola bilər, ancaq muzeyin fəaliyyəti rəsmilik qazanmayıb: “Hazırda bizim nəzdimizdə 40-a yaxın rəsmi muzey var. Ancaq o siyahıda dediyiniz adda muzey yoxdur. Muzeyin özəl statusu alması və rəsmi  fəaliyyət göstərməsi üçün bələdiyyənin bizə müraciət etməyi lazımdır. Ancaq bu günə qədər belə bir rəsmi müraciət yoxdur. Özəl muzey statusu almaq üçün rəsmi olaraq Ankara İl Mədəniyyət və Turizm Müdirliyinə yazılı olaraq müraciət edilməlidir. Bələdiyyə öz daxilində nəsə iş görmüş ola bilər, bundan xəbərsizəm. Lakin Qızılcahamam bələdiyyəsindən bizə belə bir müraciət daxil olmayıb”.
 
Ö.Çakırın sözlərinə görə, Ankara valisi ilə Qızılcahamam bələdiyyə başqanı yəqin ki, məsələ ilə bağlı görüşüblər. Lakin onlarda bu barədə ətraflı məlumat yoxdur.
 
Valilik rəsmisi bildirib ki, bələdiyyələr özəl muzey açmaq səlahiyyətlərinə sahib deyil. Ancaq belə bir məkan açıblarsa da, ora özəl muzey statusu daşımır: “Qanuna görə, özəl muzeylərin açılması Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətlərinə daxildir. Ancaq əgər onlar özəl muzey statusu almaq istəmirlərsə, açdıqları qurumu dəstək mərkəzi və ya mədəniyyət mərkəzi adlandıra bilərlər”.
 
Xatırladaq ki, Ankara valisi “Xocalı soyqırımı muzeyi”nin adının dəyişdirilməsini tələb edib. Vali bunun səbəbini diplomatik problem yarana biləcəyi ilə açıqlayıb.
 
Qeyd edək ki, Türkiyədə valilər yerlərdə ali dövlət hakimiyyətini təmsil edirlər və hökumət tərəfindən təyin olunurlar.
 





06.11.2013    çap et  çap et