525.Az

"Bütün gecələri Xocalı bildim..." - Yəhya Paşazadənin şeirləri


 

"Bütün gecələri Xocalı bildim..." - <b style="color:red">Yəhya Paşazadənin şeirləri </b>

Cavab verim

Gündüzə günəş ol, gecəyə ay ol,
Göylərin üzünə mən cavab verim.
Ulduzlar söz alsın baxışlarından,
Hər sözün düzünə mən cavab verim.
Oyat çiçəklərin təzə, tərini,
Çəksin yanağına üfüq zərini...
Aç, dağıt buluddan hörüklərini,
Əsən küləklərə mən cavab verim.
Göl olub, incitmə, qəlbi küsdürmə,
Söndürüb taparsan məni tüstümə...
Dəniz ol, qoy gəlsin, göndər üstümə,
Coşqun dalğalara mən cavab verim.
Nədən həsrət qalıb gözün, cavab ver,
Nədən tikanlıdır, sözün, cavab ver.
Sevginin yerinə özün cavab ver,
Ayrılıq yerinə mən cavab verim.
Demərəm, bu ömrü hədər sərf elə,
Kimi günahkar say, kimi əfv elə.
Gülüm, eşqimizdə nə sən səhv elə,
Nə də əvəzinə mən cavab verim.

Yanıb qurtarmışam...

Bu qədər çəkdiyim zülümmüş demə, 
Mən nələr çəkmişəm zülümdən qabaq.
Xəzan soldurubdur bağçanı, bağı,
Dərdlərim açılıb gülümdən qabaq.
Ayrılıq böyüyüb cəm bölünəndə,
Ümidlər azalıb kəm bölünəndə...
Elə bil, kədərlə qəm bölünəndə
Mənə pay düşübdür bölümdən qabaq.
Fikrim çarpışmadan üstün çıxmayıb,
Hansı yol tutmuşam, düzgün çıxmayıb.
Elə alışmışam, tüstüm çıxmayıb,
Yanıb qurtarmışam külümdən qabaq...

Mən düşəcəm ayrılıqda...

Sənə dayan, qal deməmiş,
Yanan dilim, ağzım olar.
Neyləyim ki, yol üstəsən,
Al qəlbimi, lazım olar...
Bu həyatda yük yox imiş
Həsrət yükü ağırlıqda. 
Qatar səni qoy, aparsın,
Mən düşəcəm ayrılıqda.

Gərək bir də dönüm geri,
Əzabları bölüb, gedim.
Sən ayrılıq dərdini çək,
Mən həsrətdən ölüb, gedim.
Qol çəkəmmərəm!
     
Bir işıq ucu da qalmayıb daha,
Səninlə özümü barışdırmağa...
İkimiz birlikdə yadıq, elə bil,
Adam axtarırıq danışdırmağa...
Biz elə çoxdanın ayrısıymışıq,
Edir üstümüzə axın ayrılıq.
Həyatda olmayıb biztək, bəlkə də,
Heç kimə bu qədər yaxın ayrılıq...
Sanki nizam verir ömrün pilləsi,
Əzəl durduğumuz yeri qaytarır.
Səni uzaqlara aparır zaman,
Məni lap yaxından geri qaytarır...
Qulaqlar dinləmir deyilənləri,
Ən şirin kəlmə də xoşa gəlməyir.
Yanaşı gəlirik, addımlayırıq,
Ancaq taleyimiz qoşa gəlməyir...
Vaxt tapa bilmirəm baxışlarıma,
İnan, ürəyinə yol çəkəmmərəm!
Dilini çaşdırıb, sevirəm, demə,
O sözün altından qol çəkəmmərəm!..

Dəniz qızı

Dənizçinin Dəniz qızı
Özünü bir dəniz bilir.
Çünki bu qız, bu dənizin
Dilini çox təmiz bilir...
Sahilinə gəlib hər gün
Onu şövqlə danışdır
Söhbətində sözlərini
Küləklərlə qarışdırır...
Qız dindikcə su üzündə
Təlatümlü fikirləri,
Xəyalları dalğalanır.
Cavabını almadıqca
Sualları dalğalanır...
Dalğalanır hər baxışda
Dəniz rəngli gözləri də,
Dalğalanır, elə bil ki,
Dodağının sözləri də.
Yaxınlaşır, çaşıb qalır,
Dalğaların özləri də...
Göy sularda kövrək qəlbin
Arzuları ləpələnir.
Üfüq boyu hər tərəfə
Şən gülüşlər səpələnir...
Bu qız həm də şeir yazır
Nəğmə qoşur min həvəslə,
Qanadlanan kəlmələri
Qağayıtək qatarlanıb,
Səmalarda sıralanır.
Nəzmə çəkib vəsf etdikcə
Damla-damla, damcı-damcı
Bütün dəniz misralanır...

Xatirətək...

Dəniz səndən üz döndərib,
Gözlərindən doyub, gedir.
Xatirətək sahillərdə
Dalğaları qoyub gedir...
Külək tutub ləpələrdən
Çalxalayır göy suları.
Elə bil ki, yelkənləyir
Qəlbindəki arzuları...
Sən gedirsən, dəniz gedir,
Nolar, dön, bax geriyə sən.
Dəniz olsan, neyləyərdin?
Özünü qoy bir anlığa
O dənizin yerinə sən...
Səninləyəm!

Saf hissimi, duyğumu
Bir eşqə döndərmişdim.
Sevginin yollarını
Mən sənə göndərmişdim...
Ümid qanadlanırdı
Diləyinə çatmağa.
Nə qalmışdı, ay gözəl,
Ürəyinə çatmağa...
Yetirdiyim salamlar
Hər an ünvanındaydı.
Verdiyim güllər deyil,
Gözlərim yanındaydı...
Həyatımın ümmanı
Coşurdu tək sözünlə.
Fikrimin sahilini
Aparmışdın özünlə...
Susma ruhum önündə,
Vaxt yox, səni dinləyəm.
Xəyalıma cavab ver,
Cavab ver, səninləyəm...

Bütün gecələri Xocalı bildim...

Ölümün adını mən o gecədə
Qadınlı, uşaqlı, qocalı bildim...
Hər gecəm, elə bil, alışdı, yandı
Bütün gecələri Xocalı bildim.
O necə gecəydi, sübh açılmadı,
Kor oldu zamanın bəbəklərində.
Tuşlandı silahlar üfüqlərədək,
Bağrı güllələndi fələklərin də.
Torpaq qışqırırdı, göy qışqırırdı,
Bu, nalə deyildi, fəryad deyildi.
O vaxt insanlığın məhşər anıydı,
O vaxt yaşananlar həyat deyildi!..
Yerə qan yağırdı qar əvəzinə,
Ölməyən nə bir ev, nə küçə qaldı.
Yumuldu gözlərin son işıqları,
O gün yer üzündə tək gecə qaldı.
Ölümün adını mən o gecədə,
Qadınlı, uşaqlı, qocalı bildim.
Hər gecəm, elə bil, alışdı, yandı,
Bütün gecələri Xocalı bildim...

Xarıbülbül

Kollar bitib həsəd kimi,
Yol bağlanıb sərhəd kimi...
Boylanırsan həsrət kimi,
Bir bax mənə sarı, bülbül,
Xarıbülbül.
  
Çəmən tutmur həyəcanın,
Narahatdır ruhun, canın.
Qoy süzülüb axsın qanın,
Çək sinəndən xarı, bülbül,
Xarıbülbül.

Az yanıb, gəl, az tökül sən,
Yoxsa görərsən ki, külsən.
Sən vətəndən ayrı gülsən,
Biz vətəndən ayrı bülbül,
Xarıbülbül.

Dərdlərimiz quz bağlayıb,
Göz yaşımız duz bağlayıb...
Zaman donub buz bağlayıb
Baxt yağdırıb qarı, bülbül,
Xarıbülbül.
Dillən, orda sən təkmisən,
Nağılmısan, gerçəkmisən?
Mən billəm ki, nə çəkmisən,
Yad bilməsin, barı, bülbül,
Xarıbülbül...

Mən elə həminki adamam...

Zamanı tökmüşəm qarşıma,
İlləri yığmışam başıma,
Günləri tutmuşam arşına,
Mən elə həminki adamam...
Mən elə həminki adamam,
Əlləri göylərə açılı,
Sözləri ağrılı-acılı,
Ayağı torpağa sancılı...
Baxma ki, ağarıb saçlarım,
Qəlbimdə bir uşaq kövrəlir.
Gah gəlib dayanır yanımda,
Gah düşür çox uzaq, kövrəlir...
Həminki adamam, ay atam,
Sevincim ovcumdan qapılır,
Kədərim sinəmdən çapılır,
Yollarım həsrətdə tapılır...
Keçmişdən gəlmişəm bəlkə də,
Bəlkə də, sabahdan gələnəm.
Düşmürəm şeytanın dilindən,
Əməli Allahdan gələnəm...
Öyrəşə bilmirəm ruhuma,
Qarışqa darışır yuxuma.
Adımı tərsinə oxuma,
Qismətin yazısı yozulmur,
Yazılan bir daha pozulmur,
Mən elə həminki adamam...
Ünvanı taleyim seçsə də,
Gedirəm, tezsə də, gecsə də...
Ömrümdən min payız keçsə də,
Mən elə həminki adamam...
 
Nərdivan

Qalxmaq arzulayan oynamalıdır,
Bildiyi havanı çalır nərdivan.
Başının üstünə qaldırdığını
Yenə ayagına salır nərdivan.

Kimisi yüksəkdən baxmaq istəyir,
Kimisi qalxdıqca qalxmaq istəyir,
Kimisi göyləri yaxmaq istəyir,
Gözlərin odunu alır nərdivan.

Kimisi ucalır, dərd divan tutur,
Kimisi yıxılır, nərdi xal tutur.
Kimisi özünə nərdivan tutur,
Kimi də ömürlük qalır nərdivan...

Qorxu

Qəlb uzaqdır sevinməkdən, gülməkdən çox,
Göz dərd çəkir, əzab çəkir görməkdən çox.
Necə deyim, bu həyatda ölməkdən çox,
Qardaş, indi yaşamaqdan qorxur adam...
Karsız ömrün günü artır, ayı artır,
Bədbəxtliyin səadətdən payı artır.
Daşladıqca şeytanların sayı artır,
Şeytanı da daşlamaqdan qorxur adam...
Boş buludlar çox pərişan olub gedir,
Sərt küləklər çəmənliyi yolub, gedir.
Hansı gülü xoşlayırsan, solub gedir,
Çiçəkləri xoşlamaqdan qorxur adam...

 





03.12.2019    çap et  çap et