525.Az

Falesin "su söhbəti" - Taleh Eminoğludan daha bir esse


 

Falesin "su söhbəti" - <b style="color:red">Taleh Eminoğludan daha bir esse </b>

Antik dövrün filosoflarını düşündürən əsas məsələ arxenin, yəni başlanğıc maddənin nə olması idi. Bu suala ilk cavabı verən və fəlsəfə tarixinə ilk filosof kimi düşən Milet məktəbinin banisi Fales idi. Onun haqqında əlimizdə yüz faizlik dəqiqliyə malik bilgilər olmasa da, haqqında ondan sonra gələn filosofların əsərlərindən, fraqmentlərindən məlumatlar əldə edə bilirik.

Yeddi yunan müdrikindən biri olan Fales e.ə.624-e.ə.546-cı illərdə afinalı şair, siyasi xadim Solon və Lidiyanın sonuncu kralı Karunla eyni dövrdə yaşamışdı. Bunu Herodotun e.ə.585-ci ildə, Lidiyanın Midiya ilə müharibədə məğlub olduğu, yeni təqvimlə 28 may günündə, Falesin Günəş tutulmasını əvvəlcədən xəbər verdiyini deməsi ilə bilirik.

Fales haqqında fəlsəfə tarixində bir çox rəvayət var. Öncə onu qeyd etmək lazımdır ki, Fales o dövr üçün böyük sayılacaq səfərlərdə olmuş və hamısından "əli-dolu" qayıtmışdı. Həndəsənin Misirdən Yunanıstana gətirilməsi onun adına yazılır. Falesin Misirə səfər etdiyini isə Nil çayının daşması zamanı ətrafa, əkinə və insanlara zərər vurmaması üçün hazırladığı plan sayəsində qəbul edirik.

Falesin həndəsə sahəsində irəli sürdüyü nəzəriyyələrə yunan dünyasında ilk riyaziyyat və astronomiya kitabının müəllifi Rodoslu Evdemusun kitabında rast gəlirik. Bu şərh Falesin orta məktəbdə riyaziyyat fənnindən yaxşı bildiyimiz "Fales teoremi"ni ifadə edir. O, bu teorimdən Misir səfərindən qayıdarkən gəmilər arasındakı məsafəni hesablamaqda istifadə etmişdi.

Falesin ayağına yazılan, amma dəqiq olub-olmadığını bilmədiyimiz bir neçə hadisə də var: lidiyalıların Midiyaya hücumu zamanı ordunun Qızılırmağı keçə bilməsi üçün çayın kənarlarında kanallar qazdıraraq suyun səviyyəsini aşağı salıb üzərində körpü tikərək hərəkəti təmin etməsi, Misir piramidalarının hündürlüyünü kölgə vasitəsilə ölçməsi, Nil çayının daşma səbəbinin küləklər olması fikrini irəli sürməsi, Milet dənizçilərinə yollarını azmamaq üçün Kiçik Ayı bürcünü istiqamətverici işarə kimi götürməyi məsləhət görməsi.

Platon da "Teetet" əsərində Falesin adını çəkir. Platonun təsvirinə görə Fales o qədər dalğın adam olub ki, hətta bir dəfə gedə-gedə ulduzları tədqiq edərkən ayağının altındakı quyunu görməyib və ora düşüb.

Aristotelin yazılarında isə biz başqa Faleslə qarşılaşırıq; zeytunun bir il bol, bir il də qıt olduğunu bilən Fales, bunu dəqiq hesablamış, pulunu ətraf ərazilərdə olan zeytun əzən maşınları kiralamağa yatırmış və zeytun yığımından sonra onları zetunyağı hazırlayan insanlara daha baha qiymətə kirayə verərək bundan sərvət qazanmışdı.

Sizə mənasız və qəribə gəlsə də, fəlsəfə Falesin "hər şey sudur" müddəası ilə başlayır. Bu halda düşünə bilərsiniz ki, indi ekranından bu yazını oxuduğunuz kompyuter də sudurmu? "Hər şey sudur" ifadəsini hərfi mənada başa düşməməliyik. 

Falesin müddəasındakı "hər şey sudur" bir cavabdır və özündə elə də çox bilgi daşımır. Lakin bu cavabı ortaya çıxaran sualı, arqumenti və nəticəni o dövrün şərtlərinə uyğun olaraq bərpa edib cavabda nə demək istədiyini aydınlaşdıra bilərik. Bir çox filosof düşünür ki, Fales, "hər şey sudur" ifadəsini belə bir suala cavab olaraq verib: "Dəyişikliklər zamanı daimi qalan maddə nədir və müxtəliflikdə vəhdətin mənbəyi  nədədir?" Fales müşahidəyə əsaslanaraq hər şeyin dəyişikliyə məruz qaldığını bilirdi və bu dəyişiklik içində daimi olaraq dəyişməz qalan bir element vardı. Bu element ilkin başlanğıc - "kainatın təməlidir". Yəni dəyişiklik içində daimi dəyişməz qalan bu element elə bir arxedir ki, dünya ondan yaranıb. Fales üçün bu arxe su idi.

Fəlfəsə tarixçiləri Falesin su barədə olan təlimini Aristotelin  yazdıqları əsasında üç maddədə toplayır: Su hər şeyin arxesi, təbiəti və səbəbidir; Dünya suyun üstündə üzür; Hər şeydə tanrılar var...

Birinci və ikinci maddələr bir-biri ilə yaxından əlaqəli olduğu üçün onlara birlikdə nəzər salacam. Su tempraturdan asılı olaraq buxara və buza çevrilir. Çayda, dənizdə yaşayan varlıqlar orda yaranır, yaşayır və ölür. Duz, bal və bir çox maddə suda əriyib yox olur. Bütün bunlardan daha vacibi, insan və digər canlılar suya möhtacdır. Bütün bu müşahidələr Falesə suyu dəyişiklər zamanı dəyişməz element və ilk başlanğıc qəbul etməyə əsas vermişdi. Falesin suya olan münasibətini bir az daha açsam belə, deyə bilərəm ki, Fales üçün suyun iki əsas vəziyyəti var idi: adi maye halı və forma dəyişdiyi - buza, buxara çevrildiyi, ağac, torpaq, balıq, bulud olduğu - halı. Onun təliminə əsasən su kainatı yaradır, formasını dəyişir, amma öz vahidliyi saxlayır və yenidən ilkin formasına qayıdır.

Falesin bütün bu müşahidələrindən əlavə ona bu fikrə gəlməkdə kömək edəcək başqa bəzi şeylər də var. Özünə qədərki dövrü yaxşı bilən Fales çox güman ki, Mesopotamiya mədəniyyətinə aid olan "Yaradılış nəğməsi"ni və Homerin  dünyanın əslində, okeanın ortasında üzən ada olduğu fikrini də eşitmişdi. Burada haşiyəyə çıxıb bir şey qeyd etmək istəyirəm ki, səmavi dinlərində olan "tufan" əfsanəsi də çox güman ki qaynağını "Yaradılış" nəğməsindən götürür.

Hər şey tanrılarla doludur fikrinə Aristotel, "De Amima" (Ruh haqqında) əsərində ətraf aləmin ruha sahib olduğu fikrini dəstəkləyən filosofları tənqid edərkən toxunur. Bu fikir Falesin tanrıtanımaz olub olmadığı mübahisəsinə yol açır. Burda diqqət etməli olduğumuz şey "tanrı" sözüdür. Falesin tanrıya olan münasibəti o dövrün, eyni zamanda, bugünün insanlarının ona olan münasibətindən fərqlənir.

Fales suya canlı, ruha malik olan maddə kimi yanaşırdı. Amma burada bir səhvə yol vermişdi - o, maddə və ruh arasında fərq qoymamışdı. Bu isə oxucunu çaşdıra bilər. Maddə ilə ruh arasında fərq qoyulmaması bəzi fəlsəfə tarixçilərinin fikrinə görə Demokritə, bəzilərinə görə isə Plotona qədər davam etmişdi. 

"Kainatın arxesi, ilk başlanğıcı nədir?" sualını ortaya qoymaqla və ona mifologiyadan, əfsanədən uzaq, təbiətdən bir nümunə verməklə Fales özü fəlsəfədə başlanğıc nöqtə rolu oynayır və bu sahədə böyük əhəmiyyət daşıyır. Onun cavabı qədər ortaya qoyduğu sual da vacib və unikaldır. Ən azından ona görə ki, ilk başlanğıc və arxe anlayışı, "heçlikdən heçnə yaranmır" düşüncəsinə ən bariz nümunədir. Falesin təlimi bir şeyin yaranması üçün bir şeyin (başlanğıc nöqtənin) olmasının vacibliyini vurğulayır.

Fales təlimini qısa şəkildə ifadə etsək yəqin ki, əminliklə belə deyə bilərik: Fales mifologiyadan, dünya haqqında təsəvvürlərdən suyun tanrı (və ya mifoloji varlıq) olaraq hər şeyin mənbəyində olduğu düşüncəsini götürərək, onu mifoloji qəlibdən çıxarıb təbiətdə var olan, istifadə etdiyimiz, hətta asılı olduğumuz fiziki su üzərindən arxe halına salmışdır.

Falesin seçdiyi arxe - su idi. Amma ondan sonra gələn filosoflar bu ilk başlanğıc maddənin yerinə öz nəzəriyyələrinə uyğun digər elementləri qoydular.

 





03.12.2019    çap et  çap et