525.Az

Multikulturalizm - Azərbaycan Respublikasının irsi


 

Multikulturalizm - <b style="color:red">Azərbaycan Respublikasının irsi</b>

"Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasətidir"

(İlham Əliyev) 

Şərqdə ilk demokratik respublikanı qurmuş Azərbaycan hər zaman müxtəlif xalqların, fərqli sivilizasiyaların qovuşduğu məkan olub. Əsrlərdən bəri fərqli dinə, fərqli düşüncəyə və fərqli həyat tərzinə sahib xalqlar burada rahat, dinc şəraitdə ömür sürüb, öz mədəniyyətlərini əmin-amanlıqla yaşatmaq şəraitinə sahib olublar. Onlar yalnız bununla kifayətlənməyib, öz canları, qanları bahasına "Azərbaycan" adlı məmləkətin yaranmasında sıx yumruq kimi birləşiblər. Çoxmillətli Azərbaycan xalqının bu əzmini tarix kitabları, şifahi və yazılı ədəbiyyat nümunələri də təsdiqləyir. Demək ki, Azərbaycan xalqının multikultural irsi özünü yalnız həyat tərzində, yaşantısında deyil, elmi-ədəbi, siyasi-hüquqi sənədlərdə də göstərir.

"Çoxlu mədəniyyətlər" mənasını daşıyan multikulturalizm ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilib.

Bu aspektdən çıxış edərək, Azərbaycanın hələ əsrlər öncədən multikultural dəyərlərə sahib ölkə olduğunu deyə bilərik. Məhz bu səbəbdən bu gün dünyada artıq Azərbaycan multikulturalizmi modelinin formalaşması heç də təsadüfi deyil.

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilib.

Bunu xüsusi qeyd etmək lazımdır ki, Heydər Əliyevin Azərbaycana I rəhbərliyi (1969-1982) zamanı etnik-milli və mədəni məsələlərə xüsusi diqqət yetirilmiş, dövrün multimədəni dəyərlərinin inkişafında ciddi sıçrayış baş vermişdi.

Heydər Əliyev milliyyətlərin hər birinin bu müqəddəs yurdda, torpaqda haqqı və hüququ olmasını "azərbaycançılıq" ideyasında tərənnüm etmək kimi bir missiyanı öz üzərinə götürmüşdü.

Heydər Əliyevin həyata keçirdiyi etnik-milli siyasət "üçlü kimlik" prinsipinə əsaslanırdı:

1. Sovet kimliyi (Sovet ittifaqının tərkibində bu vacib və məcburi faktor idi).

2. "Azərbaycan" milli-siyasi kimliyi.

3. Etnik-mədəni kimlik.

Məhz bu siyasətin nəticəsi idi ki, sovet dövründə, XX əsrin 60-cı illərinin sonu, 80-ci illərinin əvvəllərində Azərbaycanda yaşayan heç bir milli azlıq, etnik qrup və sosial birlik assimilyasiyaya məruz qalmamış və öz adekvat kimliyini qoruyub saxlamışdı.

1993-cü ildə Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdanda, həyata keçirdiyi ilk tədbirlərdən birincisi ölkənin etnik-siyasi birliyini təmin etmək üçün davamlı və təsirli tədbirlərin görülməsi oldu. O, azərbaycançılıq ideyasını ən ali milli dəyər elan etdi. O, tolerantlığı və multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmaqla, son dərəcə gərgin olan etnik-siyasi və geosiyasi şəraitdə, nəinki multikultural təhlükəsizliyi təmin etdi, hətta etnik siyasətdə yeni bir etalon - "Azərbaycan multikulturalizmi" etalonu formalaşdırdı.

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında, ölkə ərazisində yaşayan bütün xalqların, etnik qrupların hüquq və azadlıqları bütöv şəkildə təsbit olundu. "Bərabərlik hüququ", "Milli mənsubiyyət hüququ", "Ana dilindən istifadə hüququ".

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımızın təbii həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Məhz bu özəl siyasi xəttin davamı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 noyabr 2009-cu il tarixində imzaladığı xüsusi Qanunla ölkəmizin "Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqi haqqında" UNESCO Konvensiyasına qoşulmasını göstərmək olar.

Prezident İlham Əliyev multikulturalizmi "alternativi olmayan mədəni siyasət, gələcək inkişaf üçün ən məqbul variant kimi" dəyərləndirməklə, təkcə Azərbaycanda deyil, bütün dünyada multikulturalizm meyllərinin gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd edib.

Prezident İlham Əliyevin etnik tolerantlığa, yeni multikulturalizm ideyalarına verdiyi mədəni-siyasi dəyərlərin dünya miqyasında real elmi, mədəni və sosial müstəvilərə çıxarılması işində Heydər Əliyev Fondunun və fondun prezidenti, ölkənin birinci xanımı, Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Multikulturalizm ideyalarının təbliği və təşviqi ilə bağlı baş tutan bütün yerli, regional və beynəlxalq miqyaslı və xarakterli tədbirlər Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi strukturların təşkilatçılığı və iştirakı ilə reallaşdırılır.

Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilmiş, 15 may 2014-cü il tarixli sərəncamı ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il "Multikulturalizm ili" elan edilib.

Hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmi tədris edilir.

Azərbaycanın dünyanın multikultural mərkəzi kimi qərarlaşmasında onun Şərqlə Qərbin qovuşağında yerləşməsinin və neçə-neçə dövlətləri birləşdirən böyük İpək yolunun Azərbaycan ərazisindən keçməsinin də müstəsna rolu var. Dini dözümlülük, dini tolerantlıq, millətlərarası sivil münasibət onu dünyada multikulturalizmin modelinə çevirməklə qalmayıb, eyni zamanda, siyasi güc kimi formalaşmasına təkan verib.

Ölkə Prezidenti və Birinci vitse-prezident bu sahəyə xüsusi önəm verməklə dünyaya Azərbaycanın sülhpərvər, humanist ideyaların daşıyıcısı və bunu həm həyat tərzində, həm də isyasi müstəvidə layiqli şəkildə sərgiləyən bir dövlət olduğu mesajını ötürürlər. 26 noyabr 2015-ci ildə Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasında çıxış edən Prezident İlham Əliyev deyib: "Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə olaraq bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz. Ona görə, biz bu bölgədə öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq".

Artıq uzun illərdir ki, multikulturalizm çoxmillətli Azərbaycan xalqının həyat tərzini təşkil edir. Dövlətin yaxından dəstəklədiyi multikulturalizm siyasəti Azərbaycanın tolerantlıq prinsipləri və humanizm ideyalarına sadiqliyinin dünya qarşısındakı daha bir təsdiqidir.

Emin ŞAHKƏRİMOV
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası 2-ci kurs tələbəsi

 





04.12.2019    çap et  çap et