525.Az

Naxçıvanda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının xətti ilə beynəlxalq konfrans - Foto


 

Naxçıvanda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının xətti ilə beynəlxalq konfrans - <b style="color:red">Foto </b>

Noyabrın 30-da Naxçıvan şəhərində "Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri" mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu məqsədlə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Akerin başçılıq etdiyi, Assosiasiyanın üzvlərindən Ali Hancerlinin, Nurhan Günsevin, Nik Nvolisanın daxil olduğu nümayəndə heyəti noyabrın 30-dan dekabrın 2-dək Muxtar Respublikada səfərdə olublar.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Şuranın sədr müavini Umud Rəhimoğlunun, İdarə Heyətinin üzvləri - "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin və "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin də qatıldıqları tədbirin iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər.

Sonra qonaqlar Heydər Əliyev Muzeyində olublar. Burada onlara muzeydəki eksponatlar, Heydər Əliyevin həyat yolunun müxtəlif istiqamətlərinə dair ətraflı məlumat verilib. Muzeydə Ulu öndərin həyat və fəaliyyətini əks etdirən dəyərli eksponatlar sərgilənir. Qonaqlar Ümummilli lider Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti ilə xüsusi maraqlanıblar. Bildirilib ki, muzeyin kitabxanasında 538 adda 1100-dən çox ədəbiyyat nümayiş etdirilir.

Ulu öndər Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi vaxtlara aid eksponatlar diqqəti cəlb edib. Ali Məclisin mətbuat xidmətinin həmin dövrə aid məlumatları, "Şərq qapısı" qəzetinin nüsxələri də muzeydə qorunub saxlanılır.

Qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.

Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi ilə yaxından tanış olmuş konfrans iştirakçıları universitet televiziyasına müsahibə veriblər. Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrlə keçirilən görüşdə isə gənclərə müasir dövrdə medianın fəaliyyət tərəflərindən ətraflı söhbət açılıb, dünyada Mətbuat Şurası institutunun missiyasının önəmli cəhətlərinə nəzər salınıb. Burada həmçinin, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Rəşad Məcid özünün yeni çapdan çıxan "Qələmsiz yazılanlar" kitabını gənc jurnalistlərə bağışlayıb.

Universitetin İnformasiya Kommunikasiya Texnologiyaları və Elektron Təhsil Şöbəsi ilə tanışlıq zamanı məlumat verilib ki, universitet ərazisində elektron imtahanların keçirilməsi mərkəzi burada yerləşir. Ali təhsil ocağının sosial şəbəkə hesabları, saytı, elektron sənəd dövriyyəsi buradan idarə olunur.

Universitetin media mərkəzi ilə yaxından tanış olan qonaqlara məlumat verilib ki, mərkəzin maddi texniki bazası möhkəmlənib, bütün lazımi avadanlıqlar, ötürücülər istifadəyə verilib. Tələbələrin iştirakı ilə burada verilişlər, xəbər, videoçarx və sənədli filmlər hazırlanaraq təqdim olunur. Qonaqlar universitet televiziyasında veriliş aparıblar. 

***

Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilmiş "Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri" mövzusundakı beynəlxalq konfransı Muxtar Respublika Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli açaraq bildirib ki, Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da kütləvi informasiya vasitələrinin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Ötən illər ərzində mediaya göstərilən dövlət qayğısı nəticəsində muxtar respublikada peşəkar jurnalist ordusu formalaşıb. O bildirib ki, bir əsrə yaxın tarixi olan Naxçıvan mətbuatı bu gün əsl inkişaf dövrünü yaşayır. Muxtar respublika mediası ən müasir avadanlıqlarla təmin olunub. Burada Universitet televiziyası və radiosu da daxil olmaqla 3 televiziya, 3 radio, 9 qəzet, ali təhsil və elm müəssisələrinin qəzet və jurnalları, "Nuhçıxan" İnformasiya Agentliyi fəaliyyət göstərir. Son illərdə media qurumlarının saytları yenilənib, onlar geniş oxucu və izləyici kütləsi qazanıblar.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. O bildirib ki, Assosiasiya 1992-ci ildə ABŞ-ın müxtəlif ştatlarının, Türkiyənin, Hindistanın, Pakistanın, Banqladeşin, Nigeriyanın, Nepalın, Tanzaniyanın və digər ölkələrin jurnalistlərinin birgə yaratdıqları təşkilatdır. 2003-cü ildə təsis edilmiş Azərbaycan Mətbuat Şurası 2005-ci ildən həmin qurumun üzvüdür. Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının məqsədi üzv ölkələrdə, habelə dünyada söz və ifadə azadlığı ilə bağlı məsələləri diqqətdə saxlamaqdan, bununla əlaqədar hökumətlərə tövsiyələr ünvanlamaqdan ibarətdir. Ə.Amaşov vurğulayıb ki, 2019-cu il üçün Assosiasiyanın toplantısı Bakıda keçirilib. Həmin tədbirdə ümumilikdə 40-dan çox nümayəndə iştirak edib. Toplantı çərçivəsindəki müzakirələrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın Mətbuat Şurasının da assosiasiyaya inteqrasiyası ilə əlaqədar ideya yaranıb. MŞ sədri Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması ilə bağlı qeyd edib ki, yeni memorondumun imzalanması ölkəmizin media mühitində əlamətdar hadisədir.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Aker bildirib ki, informasiyanın getdikcə daha qlobal mahiyyət daşıdığı dünyamızda söz və ifadə azadlığı kimi dəyərlərin qorunması çətin prosesə çevrilməkdədir. Çətinlik bir tərəfdən internetin verdiyi imkanlardan sui-istifadə ilə bağlıdırsa, digər yandan sahənin özünün dinamik xarakteri nəzərə çarpır. Bu gün ən önəmli problemlərdən biri sosial medianın tənzimlənə bilməməsi və müəllif hüquqlarının pozulmasıdır. Bu problemin aradan qaldırılması üçün tənzimləyici hüquqi bazasının formalaşması bütün dünyada öndə duran məsələlərdəndir.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyası da məhz bu mərama xidmət edən qurumdur. M.S.Aker rəhbərlik etdiyi assosiasiyanın gələcəkdə Naxçıvan Mətbuat Şurası ilə sıx əməkdaşlıq şəraitində çalışması üçün konfansın mühüm zəmin yaratdığını dilə gətirib.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvü, Nigeriyadan olan beynəlxalq media eksperti Nick Nvolisa Nigeriyada və Orta Afrikada sosial medianın tənzimlənməsi və bu sahədə olan problemlər barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxışına rəhbərlik etdiyi media qurumunun texniki imkanları barədə geniş məlumat verməklə başlayıb. O bildirib ki, Naxçıvan teleradiosu 19 saat televiziya, 19 saat radio verilişləri yayımlayır və gələcəkdə mövcud göstəricinin artırılması planladırılır. Bunun üçün hər cür texniki imkanların olduğunu vurğulayan S.Tahirli çıxışında telekanalın təqdimat xüsusiyyətlərinə nəzər salıb. S.Tahirli əlavə edib ki, bu gün Muxtar Respublikanın informasiya blokadası tam yarılıb. Naxçıvan televiziyası və radiosu dünyaya açılıb və hər bir nöqtədə izlənilir. Mətbuat orqanlarının, "Nuhçıxan" İnformasiya Agentliyinin saytları və sosial şəbəkə hesabları dünyanın 140 ölkəsində oxunur. Onlar ingilis və rus dillərində əhəmiyyətli xəbər və məqalələr  hazırlayaraq yayırlar. S.Tahirli onu da deyib ki, Naxçıvan mediası sürətlə gəncləşir, gənc jurnalistlər onlayn media üzərindən Naxçıvan həqiqətlərinin yayılmasında yaxından iştirak edirlər. Təkcə son 5 ildə Naxçıvan Dövlət Universitetinin jurnalistika ixtisası üzrə bitirən 20 nəfər gənc Naxçıvan teleradiosunda işlə təmin edilib.

Naxçıvandakı "Şərq qapısı" qəzetinin baş redaktoru Mehriban Sultanova bildirib ki, media qurumlarının sosial şəbəkələrdəki çoxminlik səhifələrinin yaradılması Muxtar Respublika barədə operativ, dəqiq və qərəssiz informasiyaların yayılmasını təmin edir.

Naxçıvan Muxtar Respublikasının Mətbuat Şurasının sədri Rövşən Hüseynov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açaraq diqqəti təşkil olunan müxtəlif yaradıcılıq müsabiqələrinə, jurnalistika və söz sənəti ilə əlaqədar hazırlanmış nəşrlərə yönəldib. O, jurnalistika sahəsindəki tendensiyaların öyrənilməsi və tətbiqi baxımdan Ümumdünya Mətbuat Şuraları Assosiasiyası ilə əməkdaşlığın önəmini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, MŞ sədrinin müavini Umud Rəhimoğlunun və toplantıdakı ayrı-ayrı şəxslərin çıxışlarında bildirilib ki, Naxçıvanda maddi-texniki bazanın gündən-günə gücləndirilməsi buradakı KİV-lərin fəaliyyətinin müasir dövrün tələbləri səviyyəsində qurulması üçün geniş imkanlar açıb.

Konfransın sonunda Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması ilə bağlı Əməkdaşlıq Memorandumu imzalanıb.

***

Dekabrın 1-də Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvləri Naxçıvanın tarixi ənənələrə malik "Şərq qapısı" qəzetinin və "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin, həmçinin, Naxçıvan Dövlət Televiziyasının və "Nuhçıxan" İnformasiya Agentliyinin fəaliyyəti ilə tanış olublar.

"Şərq qapısı" qəzetinin redaksiyasında olan qonaqlara məlumat verilib ki, 2010-cu ildə "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks istifadəyə verilib. Burada müasir şərait yaradılıb, yeni çap avadanlıqları quraşdırılıb.

Qeyd olunub ki, 2012-ci ildən istifadəyə verilən "Şərq qapısı" qəzetinin internet saytı bu ilin sentyabr ayında yenilənib. Qonaqlar qəzetin əməkdaşları ilə söhbət edib, burada yaradılan iş şəraiti ilə daha yaxından tanış olublar.

"Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində qonaqlara məlumat verilib ki, 1997-ci ildə yaradılan nəşriyyat 2010-cu ildə yeni binada yerləşdirilib və burada yüksək poliqrafik göstəricilərə malik Almaniya istehsalı olan çap avadanlıqları quraşdırılıb.

Görüşlərdə əsas diqqət sözügedən media qurumlarının kadr potensialı ilə təminatına yönəlib. Məlumat verilib ki, Naxçıvan MR Ali Məclisi sədrinin göstərişinə əsasən Naxçıvan Dövlət Universitetinin məzunlarının konkret sahələr üzrə işə götürülməsi həyata keçirilir. Mövcud prosedur jurnalistika sahəsi üzrə də tətbiq olunur və effektiv nəticələr verir.

 

 





04.12.2019    çap et  çap et