525.Az

Efir dalğalarında milli sədalar


 

İCTİMAİ RADİONUN YAYIM SİYASƏTİ VƏ PROQRAMLARI HAQQINDA TƏƏSSÜRAT

Efir dalğalarında milli sədalar<b style="color:red"></b>

filologiya elmlər doktoru,
professor 

Bəziləri elə düşünür ki, televiziya olan yerdə radio artıq radio media vasitəsi olmaqdan çıxıb, evlərdə heç məişət cihazı kimi də yer tutmur və onu yalnız maşınlarda dinləyirlər. Bu yanaşmada, bəlkə də müəyyən həqiqət var, amma statistika başqa şey deyir: hazırda dünyada 2 milyarda yaxın radioqəbuledici var və bu göstərici televizor cihazlarının sayından təxminən 2,5 dəfə çoxdur. ABŞ-da və Avropanın bir çox ölkələrində hər il yeni radiostansiyalar işə düşür, yeni nəsil diceylər meydana çıxır.

İnsan nitqi də daxil olmaqla səslər dünyası ilə elektromaqnit dalğalarının birləşməsi radionun kəşfinə (M.Maklüen) gətirib çıxartdı. 19-cu əsrin sonlarına yaxın "elektrik möcüzələri"ndən faydalanan Q.Markoni fəza dalğalarının fatehinə çevrildi. Boloniyalı (İtalya) 20 yaşlı mühəndis 1894-cü ildə tarixə radionun banisi kimi düşdü, onunla təxminən eyni vaxtda rus mühəndisi A.Popov da ordu zabitləri qarşısında  radio ixtirasını nümayiş etdirdi. Lakin Rusiya bu kəşfi bir müddət hərbi sirr kimi saxladığından Avropa Markoninin radio sınaqlarına geniş qucaq açdı.

Radio ilk dövrlərdə insanlar üçün hər şey idi, ona bir möcüzə kimi baxır, heyrətlənir, yanından əl çəkmirdilər. Radio çox böyük auditoriyaları fəth edirdi, onun verilişlərinə görə ABŞ-da və Avropa ölkələrində, hətta kilsələr moizənin vaxtın dəyişirdilər. Təbii ki, bu gün radio həmin gücdə deyil. Onun əvvəlcə kino, sonra televiziya, bu günlərdə isə internet kimi rəqibləri meydana çıxmışdır. Bütün bunlara baxmayaraq, radio yenə də ona könül vermiş insanların qəlbində öz yerini və sehrini saxlayır. Bu gün də radionun öz sədaqətli dinləyiciləri, daimi auditoriyası, əks-səda yaradan verilişləri vardır. Mən buna neçə vaxtdan bəri davamlı izlədiyim İctimai radionun proqramlarını dinləyərkən bir daha əmin oldum.

lll

İctimai radio 8 ilə yaxındır ki, fəaliyyət göstərir, çox mürəkkəb formalaşma dövrü yaşayıb, bir müddət ənənəvi, Qərb klassik radioları və üstəgəl ictimai yayım prinsiplərinə istinad edən radio tipləri arasında ləngər vurub, nəhayət bu gün çox aydın yayım siyasəti və maraqlı proqramları ilə ortadadır. İndi  bu radio FM diapazonunda həm Azərbaycan milli efirinin ən yaxşı ənənələrini yaşadan, həm dünya ictimai radiosunun yerli şəraitdə mümkün olan formatlarından uğurla bəhrələnmiş, həm də Avropa efir məkanının "informasiya üstəgəl musiqi" prinsipinə səriştə ilə yiyələnmiş ən yaxşı media qurumdur.

Yaxşı xatırlayıram ki, 5-6 il əvvəl aparılan monitorinqində bu radio reytinqinə görə ən aşağı pillələrdən birində dayanırdı. Bu gün isə birmənalı şəkildə demək olar ki, İctimai radio dəqiq və ağıllı qurulmuş proqram strategiyası, materialların efir düzümü, peşəkarlıq baxımından diqqəti cəlb edən verilişləri, maraqlı kompozisiyası və dəyişməz elementləri olan veriliş formatları, dinləyicini yormayan, efiri yaxşı duyan səviyyəli aparıcıları ilə öndə dayanır. Bu radio "Yeni gün", "Xəbərdar", "Qorqud ata", "Axşam oldu", "Gecənin aydınlığı", "Əyləncə saatı", "Həmişə istirahətdə", "Ədəbi fraqmentlər" və s. proqramları ilə qocaman Azərbaycan radiosuyla ciddi rəqabət aparır, hətta bəzi hallarda və bir sıra cəhətləri ilə onu üstələyir.

Əslində mənim İctimai radio haqqında  bu qənaətlərim, demək olar ki, hər gün qulaq asdığım "Qorqud ata" verilişinin təsiri altında formalaşıb, sonra radionu davamlı dinlədikcə efirdəki bir çox proqramların da auditoriya üçün ciddi məlumat və mənəvi zövq mənbəyi olması fikrinə gəlmişəm. Bu gün bütövlükdə solğunluq dövrünü yaşayan teleradio məkanımızda mənəvi oriyentirlərə istinadı və üstəgəl bunu həm də müəyyən peşəkar səviyyədə gerçəkləşdirməyi təkcə ciddi publisistika hadisəsi yox, həm də müəyyən mənada peşə fədakarlığı hesab etmək olar.

İctimai radionun TRT ilə birgə uğurlu  layihəsi olan "Qorqud ata" verilişi, məhz Azərbaycan dinləyicisinin həsrətini çəkdiyi faydalı bilgi və mənəvi zövq ehtiyacını ödədiyinə görə populyarlıq qazanıb. Bir az ləngərli tempi, xüsusi aurası, özünü doğruldan ayrıca efir arxitektonikası, çox cazibədar mövzuları olan "Qorqud ata" dinləyicilərdə təkcə etnik birlik duyğusu yaratmır, həm də onların qarşısında əsrarəngiz bilik və milli özünüdərkə xidmət edən bir duyğu dünyası açır. Bu dünyada tarix də, mədəniyyət də, şəxsiyyətlər də, türk-Oğuz elləri də, onların yaratdığı mənəvi abidələr də, hətta Qarabağ probleminin özü də bizlərə fərqli çalarlarda və həm də dupduru görünür.  Verilişin dəyərli cəhəti, təkcə eyni kökdən olan türk xalqlarının tarixinə işıq salması deyil, həm də onların qədim mədəniyyətlərinin təbliği, parlaq şəxsiyyətlərinin tanıdılması, siyasət, sənət və fikir adamları haqqında dərin bilgi verilməsi, bu gün bütün türk dünyasında gedən mürəkkəb və dinamik proseslərin sistemli şəkildə işıqlandırılmasıdır.

Həftə boyu efirə gedən "Xəbərdar" proqramı 2-3 saat ərzində günün sosial-iqtisadi mənzərəsini yaratmağa çalışır. Düzdür, burada iqtisadiyyat, maliyyə və birja xəbərlərinin yükü hədsiz çox görünür, amma yaxşı cəhət odur ki, ən aktual məsələlər diqqətdə saxlanılır. Avrasiya bölgəsi və türk dünyasından xəbərlər,  Azərbaycanın hərb tarixi, sirli salnamələr, milli problemlər və başqa radiolarda az-az toxunulan mövzulardan bəhs etməsi proqrama geniş dinləyici kütləsi qazandırır. Amma arzu olunardı ki, bu verilişin yollar, tıxaclarla bağlı olan hissəsi ayrıca ekspress-informasiya buraxılışı, yaxud bələdçi kimi "Xəbərdar"dan ayrılsın, çünki bu mövzu, onun çatdırılma tərzi, seçilmiş forma və ünsiyyət elementləri, bütövlükdə sanballı proqram təsiri bağışlayan "Xəbərdar"ı, sanki yuxarıdan aşağı dartır, onu səviyyə və miqyasca daraldır.

"Axşam oldu" proqramı İctimai radionun son illərdə ortaya çıxardığı ən uğurlu formatlardan biridir. Əvvəla, verilişin forması, mövzu düzümü və vaxtı uğurlu seçilib, ikincisi auditoriyaya təsirin dinamikası düz hesablanıb, üçüncüsü ümumu temporitm dəqiq müəyyənləşdirilib və nəhayət yaxşı aparıcılar tapılıb. Müasir estrada və xalq musiqisinin təqdimatı ilə başlayan veriliş, aşıq musiqisi ilə (bir neçə gündür "Telli saz" adı altında) meydanı genişləndirir və nəhayət, yaradıcı adamlarla olan maraqlı söhbət və efir görüşlərilə davam etdirilir.  Proqram boyu bir-birini əvəzləyən aparıcılar verilişə xüsusi ahəng qatır, ciddi hazırlıqları və mövzuya dərindən bələd olmaları ilə dinləyici auditoriyasında rəğbət yarada bilirlər. Ümumiyyətlə, bu radio aparıcı işi baxımından başqa radiolardan yaxşı mənada fərqlənir. Və bu barədə ayrıca danışmaq lazım gəlir.

Televiziyadan fərqli olaraq, radio aparıcısının auditoriyanı cəlb etmək imkanları azdır. O, Tanrının verdiyi səsə, efirin tələb etdiyi qaydalara, bir də özünün qazandığı intellektə və danışıq qabiliyyətinə əsaslanmalıdır. Bu baxımdan radionun fərqlənən aparıcıları az deyildir. Məsələn, "Yeni gün"ün aparıcıları - Pərvanə Nadirqızı və Fərəh İsmayılova günü başlayarkən dinləyicilərdə yaxşı ovqat yarada bilirlər. Günün müxtəlif vaxtlarında efirə çıxan informasiya buraxılışlarında səsləri eşidilən Xuraman Məmmədova və Nigar Sabirqızının xəbər oxuma tərzi ürəyəyatandır, çünki onlar təkcə xəbəri inamla oxumur, həm də ritmi, intonasiyanı və məntiqi vurğunu dəqiq müəyyənləşdirə bilirlər. Fikrimcə, "Telli saz" həm də Qorxmaz Tofiqoğlunun aparıcılığı sayəsində bu qədər populyarlıq qazana bilib, çünki bir aparıcı kimi aşıq sənətinə dərindən bələddir və odur ki, hər addımda maraqlı improvizasiyalar edə bilir. Eyni sözləri dinləyicinin elmi-bədii dünyagörüşünü genişləndirməyə xidmət edən "Ədəbi fraqmentlər" verilişinin aparıcısı ustad jurnalist-yazıçı İmir Məmmədli haqqında da demək olar. Qayəsi elm, mədəniyyət və incəsənət sahəsində çalışan insanları tanıtmaq və bizi onların həyat, yaradıcılıq və ictimai baxışları ilə tanış etmək olan "Həmsöhbət" proqramının aparıcısı Kamil Məhərrəmoğlu da maraqlı aparıcılar sırasındadır.

lll  

Bütövlükdə İctimai radioda diqqətimizi cəlb edən əsas müsbət meylləri belə ümumiləşdirmək olar: informasiya yayımı forma və məzmunca dəyişir. Xəbər verilişlərinin tipoloji spektri genişlənir. Mədəniyyət, maarifçi və öyrədici mövzular ön plana çıxıb və bu mövzudakı proqramların söhbət, müsahibə və reportajların analitik səviyyəsi yüksəlir. Auditoriya ilə fəal əməkdaşlıq istəyi daha çox nəzərə çarpır. Təkcə musiqi mövzusunda deyil, ictimai-siyasi proqramlarda da interaktivlik artıb. Nəhayət, onu qeyd edək ki, ənənəvi janrlar üzərində qurulan proqramlarda müəllifin rolu və onun fəal iştirakı artıb. Eyni zamanda efirdə aparıcıların rolu xeyli yüksəlib. İctimai radio, bəlkə də yeganə audiokanaldır ki, burada aparıcılar proqramın əsl sahibinə çevrilərək həm efir vaxtından səmərəli istifadə edir, həm də auditoriya ilə əlaqəni uğurla tənzimləyirlər. 

Deməli, bu gün radionu dəfn etməkdən yox, onun sürətlə texnoloji şəraitə uyğunlaşmasından  danışmaq lazım gəlir. Digər tərəfdən, radioya nə qədər "musiqi qutusu" kimi yanaşılsa belə, bu gün onun insanları məlumatlandırmaq kimi tarixi missiyası öz gücündə qalır.

 





06.11.2013    çap et  çap et