525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı)


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış <b style="color:red">(davamı)</b>

İdris ABBASOV 

 Sünni kəlam məktəbinin qurulmasına paralel olaraq bir tərəfdən Kindi və Fərabi ilə fəlsəfə ənənəsinə bağlı görüşlər özünə yer tapdı, digər tərəfdən təsəvvüfi düşüncələr sufiyyə məktəbi ilə qurumlaşmağa başladı. X əsrin ortalarından etibarən İslam dünyasında Şərqdə maturidiyyə, Orta Şərq və Şimali Afrikada əşariyyə alimləri və bəzi idarəçilərin iştirakı ilə sünni kəlam get-gedə yayıldı.

Kəlamçıların mütəqaddimun dövrü əşariyyədə Qəzali, maturidiyyədə Əbü-l-Muin ən-Nəsəfi ilə sona çatır. Bu dönəmin önəmli kəlamçıları arasında Bakillani, İbn Furəq, Əbu Bəkir əl-Beyhaki, Cüveyni, Hakim əs-Səmərqəndi, Əbu-l-Yusr əl-Pezdəvi və Əbu-l-Muin ən-Nəsəfi yer alır. Mütəqaddimun kəlamının ən bariz özəlliyi klassik məntiq və fəlsəfədən uzaq duraraq son təhlildə Quranda mövcud olan rasionallıqla islami prinsiplərin təməlləndirilməsi, islami məntiq və üsul elminin formalaşdırılmasıdır. Buna görə də dövrün kəlamı fəlsəfi bir metafizika olmaqdan çox bir üsuli-d-din elmidir. Bu çərçivədə əqli və nəqli dəlillərdən ibarət orijinal bir istidlal metodu qəbul olunmuş, təmsili qiyas, qiyasü-l-qaib alə-ş-şahid (duyğularüstünü duyulan aləmlə qarşılaşdırma), inikasu-l-ədillə (dəlilin keçərsizliyi ilə mövzunun da keçərsiz qəbul edilməsi) kimi istidlal vasitələri istifadə olunmuşdur. Bunlardan inikasu-l-ədillə inancların əsaslandırılmasına vasitəçilik edən dəlillərin inanc əsası kimi qəbul edilməsindən qaynaqlanmışdır. O dövrdə Allahın varlığı hüdus dəlili ilə təməlləndirilmiş və daha çox sifət mübahisələrinə ağırlıq verilmiş, mütəşabih ayələr təvil edilmiş, mütəvatir olmadıqları halda - qəbul edilən bilgi anlayışına zidd olaraq - bəzi əhəd rəvayətlər (tək adamın rəvayət etdiyi hədis) nəqli dəlillər arasına daxil edilmişdir. Dövrün kəlamçıları məzhəb qurucularının görüşlərini ehkam halına salmağa yönəlmiş, məntiq və fəlsəfəyə aşina olmadıqlarından bu elm sahələrinə aid tənqidlərində uğur qazana bilməmişdirlər.

Qəzali ilə başlayan bu dövrün kəlamçıları arasında Əbu-l-Muin ən-Nəsəfi, Nəcməddin ən-Nəsəfi, Siracəddin əl-Uşi, Şəhristani, Nurəddin əs-Sabuni, Şəmsəddin əs-Səmərqəndi, Fəxrəddin ər-Razi, Seyfəddin əl-Amidi, Qazi Beyzavi, Adududdin əl-İci, Əbu-l-Bərəkət ən-Nəsəfi, Təftəzani, Cürcani, İbnu-l-Humam, Cəlaləddin əd-Dəvvani kimi adlar yer alır. Qəzali ilk öncə klassik məntiqi İslam elmləri arasına alaraq məntiq qaydalarına zidd düşən inikasü-l-ədilləni rədd etmiş, əqaidlə üst-üstə düşməyən fəlsəfi görüşləri tənqid etmək məqsədilə bu elm sahəsinə üstünlük vermiş, ayrıca təsəvvüflə kəlamı uzlaşdırmağa səy göstərmişdir. Qəzalinin kəlam elmində başladığı bu yeniliklər ondan sonra gələnlər tərəfindən qəbul edilib inkişaf etdirilmişdir. İsbati-vacibdə imkan dəlilini önə çıxaran Fəxrəddin ər-Razi, Seyfəddin əl-Amidi və Qazi Beyzavi ilə kəlam əsərlərinin mahiyyətində fəlsəfi bəhslər kəlami mövzulardan artıq bir həcm tutmağa başlamışdır. Bu dövrdə İbn Teymiyyə və İbn Qəyyum əl-Cevziyyə kimi mütəaxxir sələf alimləri kəlam, fəlsəfə və təsəvvüfdən ibarət islami düşüncə sahəsinə tənqidlər yönəltmiş və mühafizəkar ənənəni, ağla tamamilə biganə qalmadan, qoruyub saxlamağa çalışmışdırlar. Təsəvvüfi düşüncə Muhyiddin İbnu-l-Arabi ilə fəlsəfiləşərək geniş bir çevrə tapmışdır. Digər islami elmlərə paralel olaraq kəlamda Adududdin əl-İcidən etibarən şərh və haşiyə ənənəsi başlayıb Təftəzani, Cürcani və Dəvvaninin şəxsində zirvəyə çatmış, dolayısı ilə kəlam elmi geriləmə dövrünə daxil olmuşdur.

İslam dünyasının Qərb mədəniyyəti ilə təmasa girdiyi XIX əsrdə fəlsəfədə böyük dəyişikliklər meydana gəldi, pozitiv elmlərdə irəliləyişlər nəzərə çarpdı və Qərb toplumları dünyəviləşmə prosesinə girdi. Bu proseslə birlikdə materializm, təkamülçülük, pozitivizm və freydizm kimi müqəddəsliyi inkar etməyə varan cərəyanlar ortaya çıxdı. Bu cərəyanlar tərfindən dinə yönəlik olmaqla bəzi nəzəriyyə, yaxud ssenarilərdən bəslənən fəlsəfi, bioloji və sosioloji tənqidlər meydana gəldi. Elmi örtüyə bürünmüş bu tənqidlər Avropa və Latın Amerikasında dini düşüncəni qəti şəkildə sarsıtdı. Qərbdə təhsil almış ziyalıların etdikləri tərcümələr və yazdıqları kitablar vasitəsilə inkarçı düşüncələr qısa zamanda İslam dünyasına daşındı. Bu düşüncələr qarşısında klassik kəlam elminin bəzi dəlil və istidlal şəkilləri artıq yetərsiz qaldı. Hüseyn Kazım Qədri və Mustafa Səbri Əfəndi kimi adlar istisna olmaqla, dövrün bütün alimləri yeni bir kəlam elminin inşa edilməsi ehtiyacını hiss edərək dinə qarşı yönəldilən tənqidlərin qarşısını almaq məqsədilə İslam elmlərində izah etmə texnikasını formalaşdırdılar və İslamın ilk qaynaqlarına dönməklə əsl mahiyyətini ortaya qoymağa çalışdılar. Yeni dövr kəlamçıları arasında izmirli İsmayıl Haqqı, İsmayıl Fənni ər-Toğrul, Almalılı Muhəmməd Həmdi, Cəmaləddin Əfğani, Muhəmməd Abduh, Seyyid Əhməd Xan, Şibli Numani, Əmir Əli və Muhəmməd İqbal diqqəti cəlb edir. Seyyid Əhməd Xan və Fərid Vəcdi kimi alimlər elm adına irəli sürülən nəzəriyyə, yaxud ssenarilərdən bəslənən düşüncələri təslimiyyətçi bir yanaşma ilə doğru qəbul edib dini bu istiqamətdə izah edərkən alimlərin çoxu İslam dininin dünyəviləşmiş Qərb anlayışlarına görə izah edilməsini tutarsız hesab etdi. Yeni dövrdə kəlam məsələləri ilə bağlı olaraq ortaya çıxan yanaşmalar belə sadalana bilər: Üluhiyyət mövzusunda zat-sifət əlaqəsi yerinə Allahın varlığı təməl problem kimi götürülüb elmi faktlarla təsdiq edilən qayə və nizam dəlilinə önəm verildi. Mexanizm fikrinin təməlsizliyi üzərində durulub materialist təkamülün elmi metodlarla əsaslandırıla bilmədiyinə diqqət çəkilərək təkamülçülük, insanların dindən vaz keçmələrinin qeyri-mümkünlüyü bildirildi. Anormal və xəstə tiplər üzərində aparılan araşdırmalara istinad etdiyinə görə freydizm tənqid edildi. Nübüvvət, hissi möcüzələr əvəzinə peyğəmbərlərin gətirdikləri hidayətlə bağlı biliklərlə təməlləndirildi və bu bilgilərə çatmaq yalnız peyğəmbərlərə aid bir qabiliyyət kimi qəbul edildi. İnancın elmiləşdirilməsi mövqeyindən çıxış edən bəzi kəlamçılar isə mələk və cin kimi qeybi varlıqları duyğularla dərk olunan mikrob və bədəvi insan növündən olan maddi varlıq kimi izah etdi. Klassik dövrdə mübahisə mövzusu olmayan din - elm münasibəti ilə qadının ictimai və fərdi statusu kimi yeni mövzular kəlamın əhatə dairəsinə daxil olunaraq,  İslamın elmlə ziddiyyət təşkil etmədiyi, qadını hüquqlarına təminat verdiyi, ona psixoloji və fizioloji yaradılışına uyğun şəkildə davranıldığı açıqlandı.

Qərbdə ortaya çıxan və müasir dövrdə hamı tərəfindən qəbul edilməyən bəzi fikirləri müdafiə etmək kimi mənfilikləri də özü ilə gətirən yeni kəlam hərəkatı İslamın inanc və davranış prinsipləri ətrafında əmələ gələn klassik mədəniyyəti tədqiq etməyə nail olmuş və keçmişlə əlaqəni qoparmadan yeni bir dini düşüncənin təşəkkülünə qapı açmışdır. İslam ölkələrində akademik səviyyədə gerçəkləşdirilən kəlam çalışmalarının bir qismi kəlam tarixi, bir qismi də kəlam problemləri ilə bağlı olaraq reallaşdırılmışdır. Bunların bir bölümü daha çox klassik kəlam mədəniyyətinin təkrarı mahiyyətindədir, digərləri isə müasir cərəyanların ortaya çıxardığı problemləri tədqiq edir.

Dinlər tarixi 

Dinlər tarixi dinlərin digər dinlərlə

 olan əlaqələrini, oxşar, fərqli və ortaq cəhətlərini müqayisə edərək nəzərdən keçirən elm sahəsidir. Bu elm sahəsi istər haqq-batil, istərsə də milli- ümumbəşəri olsun, bütün dinləri tədqiq edir. Dinlərin tarixi inkişafı, görkəmli şəxsiyyətləri, prinsipləri, ibadət, ayin və əxlaq qaydaları, məzhəb, təriqət və qrupları bu elmin başlıca mövzularını təşkil edir. Dinlər tarixinin məqsədi din müəssisəsinin meydana gəlmə səbəblərini, tarixin gedişində müxtəlif cəmiyyətlərdə aldığı formaları, dini təcrübənin qavranılması və ifadə edilməsi biçimlərini obyektiv şəkildə açıqlamaqdır. Dinlər tarixinin din psixologiyası, din sosiologiyası və din fenomenologiyası ilə yaxın əlaqəsi vardır. İlk dəfə Maks Müller 1867-ci ildə dinlərlə bağlı bütün araşdırmaları ifadə etmək üçün "dinlər elmi" təbirini işlətmiş, 1870-ci ildə E. Burnuf dinlərə dair nəşr etdirdiyi bir təcrübəsinə "dinlər elmi" adını vermişdir. Fransız ənənəsində bu yeni elm sahəsi dinlər tarixi, sonralar isə "dinlərin müqayisəli tarixi" adını almışdır. Dinlər tarixi normativ və bir dinin müdafiəsini üzərinə götürən teologiya, apologiya və kəlam kimi elm sahələrindən fərqli iş prinsipinə malikdir. Dinlər tarixi dinləri tədqiq edərkən bəzən qarşılaşdırmalara da yer verir. Bu yanaşma müqayisəli dinlər tarixi deyilən ikinci bir elm sahəsini meydana gətirir. XX əsrin əvvəllərində alimlər müqayisəli dinlər tarixini, keçmişdəki və günümüzdəki dinlərin tarixi inkişafını, təkamülünü, mövcud vəziyyətini başa düşmək məqsədilə istifadə etmişdirlər. Halbuki Biruni XI əsrdə bu metodu tətbiq etdiyi zaman belə bir mühakimə yürütməyi nəzərdə tutmamış, sadəcə dinlərin bir-birindən necə təsirləndiyini, oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək istəmişdir.

(Ardı var)

 





06.11.2013    çap et  çap et