525.Az

Güldanda nar ağacı bitirən şair...


 

ADİL MİRSEYİDİN "SON ŞEİR - SON VƏSİYYƏT" KİTABININ TƏQDİMATINA SÖZARDI

Güldanda nar ağacı bitirən şair...<b style="color:red"></b>

Kitablar müxtəlif olur, kitab təqdimatları da. Həyatımda ilk dəfə təqdimatını gözlədiyim kitab üçün getdim. Ayanın atası Adil Mirseyidin kitabının təqdimatına.

Onun poetik dünyasının sirlərinə, mənalarına nüfuz edəcək çıxışları dinləmək üçün getdim. Ayan səbəbini bilir, çox istəsəm də, gəlişim alınmaya bilərdi. Allah yol verdi amma, gəldim. Orda olmağı çox istəyirdim və ola bildiyim üçün sevindim: ruhən özümü borclu sayırdım qərinələri dolaşan o şair ruhunun, onun uca mənəvi mövqeyinin qarşısında. Ayanın sevincini görmək istəyirdim, doğrudur, amma Adil Mirseyid dünyasına açar olacaq sözləri eşitmək bir daxili ehtiyacdır mənim üçün. Yaradıcılığını çoxmu oxumuşam, dərindənmi bilirəm - deyil. Amma bildiklərimin çərçivəsində İlahi məqamını, yerə göydən baxdığını, son kitabının təqdimatında da, yanılmıramsa, Xanım İsmayılqızının söylədiyi kimi, "yer adamı" olmadığını yaxşı bilirəm.

İnsan gözüylə görünməyən
başqa bir dünyadayam mən
burda başqa bir zaman içindəyəm
mənim vaxtım sizin vaxtla uzlaşmır
burda ulduz uçqunları olur hər gecə
bu dəfə də sağ çıxmışam bir ulduz uçqunundan
bir zamanlar orda sizin dünyada
yaşadığıma peşman deyiləm
əfv eləmişəm sizi heç kimə düşman deyiləm
burda yalnız gerçəkləri göstərir mənə güzgülər
yazdığım şeirlərə görə utanmıram özümdən
amma bir damla umud sürüşür gözümdən.

Bu şətirləri yazdıran Həqiqətin kim və nə olduğunu anlatmasını istəyirdim bir ədəbiyyatşünasın, tənqidçinin, tədqiqatçının. Gözlədiyim çıxışı eşitmək müəssər olmadı, yanlış anlaşılmasın. Sevənləri gəlmişdi, dostları, oxucuları iştirak edirdi. Gələ bilməyənlər də var idi, üzrlü səbəblərdən. Mənim də tədbirdə yalnız bir neçə çıxışı dinləmək fürsətim oldu. Ayana əl edib, başımla sağollaşıb, zaldan çıxdım. Bir saatlıq müzakirədən yaddaşımda yapışıb qalan tezislərlə binadan uzaqlaşdım. Yüküm iki kitab idi: "Son şeir - Son vəsiyyət" və "Amor fati". Yaddaşımda asılıb qalan isə ağrılı, nisgilli tonda səslənən cümlələr idi:

Adil Mirseyid gələcəyin şairidir.

Adil Mirseyid keçmişin, indinin və gələcəyin şairidir.

Adil Mirseyid yer adamı deyildi, heç kimə bənzəmirdi.

Adil Mireyid Avropada yaşamalı idi.

Adil Mirseyid haqqını tələb etməyən adam idi.

Adil Mirseyid güzgüdəki adamdır, o, özünə xəyanət eləmədi.

Adil Mirseyid azadlıq içində azadlığı tapan adam idi.

... Bu fikirlərin sonunda bəzi durğu işarələri qoymaq və bununla da onlara öz münasibətimi bildirmək istəyirəm, amma işarədən anlamaq ki var, onun olmamasından qorxduğum üçün bunu etmirəm. Həm də fikir çoxluğu yeknəsəqlikdən yaxşıdır. Məncə, hərə öz işarəsini tapıb qoysun bu tezislərin sonuna. Hərənin öz münasibəti ortaya çıxar o zaman, hərənin öz baxış bucağı. Adil Mirseyidə yerdən durub baxmaq günahdır. Mənim baxış bucağımı "azadlıq içində azadlıq tapan" (Kamran M.Yunus), Allaha yaxın bir Söz adamı ömrü yaşayan şairin yazı şəkli də təsdiq etmiş olur: "Son şeir - Son vəsiyyət" kirtabında Adil Mirseyidin əlyazmaları verilib. Misraları düz xətt ilə deyil, yuxarıdan aşağı meyllənmiş istiqamətdə yazırmış..

... Çox qəribə bir zamandayıqmı, yoxsa mənimlə bağlı bir axsayan durum var, bilmirəm. Yazıçılar Birliyinin "Natavan" klubunun qapısında ilk qarşılaşdığım, tanımadığım orta yaşlı bir qadından "Görəsən necə təqdimat olacaq, tədqiqatçısı varmı çıxışçıların içində?", - soruşdum. Niyə görəsə elə bildim ki, bu suala mütləq o cavab verməlidir, qarşıma ilk çıxan adam. O isə nəinki cavab verdi, mənə qəribə baxışlarla baxdı, qəribə adama baxan kimi. Sualımda bir yanlışlıqmı vardı, ya mən sualın ünvanını səhv salmışdım. Olsun... Adını mürəkkəbdən ayıra bilirəm.Niyə gəldiyimi bilirdim, önəmli bu idi. Tələskənliyim təlaşımdan irəli gəlirdi. Təlaşım əbəs deyildi...

Şairdirmi Adil Mirseyid (yəni şair olduğu məlum haldır), şairliyin düsturunu bilən varmı?! Sözü ona kim verdi, necə və nə vaxt aldı Sözü, alıb hansı məkanlara, hansı insanlara, hansı zamanlara, hansı fəsillərə, hansı ağaclara, hansı dünyalara köçdü... Bulud adam oldu, Nəğmə adam oldu, Güzgüdəki adam oldu. Bəs biz ...Onu ədəbiyyat tarixi kitabına adını belə salmayacaq qədər ondan uzaq, ona yad. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı tarixində adı belə keçməyən Ad - Adil Mirseyid. Kitab təqdimatında səslənən bu məlumat qaranlıqda işıq axtarmağın günümüzdə nə qədər vacib olduğunu bir daha üzə çıxarmış oldu.

P.S. Mən o işığı Adil Mirseyid nümunəsində, fenomenində və söz dünyasında arayacaq o ədəbiyyatçını, o alimi təbrik edirəm.

Kəmalə UMUDOVA
Bakı Slavyan Universitetinin dosenti 

 





05.12.2019    çap et  çap et