525.Az

Multikulturalizm: seçim, yoxsa zərurət?


 

Multikulturalizm: <b style="color:red">seçim, yoxsa zərurət?</b>

Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Multikulturalizm yaxın zamanlarda populyarlaşan termin olsa da, onun ifadə etdiyi anlayışın tarixi qədimdir. Əslində, Yer kürəsi özü multikultural - çoxmədəniyyətli, etnik, irqi, dini və mədəni müxtəlifliyin mövcud olduğu bir məkandır. Bu baxımdan, multikulturalizm, hər şeydən əvvəl, bəşəriyyətə məxsus dəyərdir. Lakin tarixi inkişafın gedişində dövlətlərin yaranması və onların çoğrafi hüdudlarının müəyyənləşməsi çoxmədəniyyətliliyi həm də öz müqəddəratını təyin edən millətlərin siyasi dəyərlər sisteminin tərkibinə daxil etdi. Bu gün etnik, irqi, dini və mədəni müxtəliflik - multikultural mühit dünya dövlətlətinin əksəriyyəti üçün səciyyəvidir. Ulu öndər Heydər Əliyev deyirdi: "Azərbaycanın vətəndaşları dini, irqi, siyasi, dil mənsubiyyətindən asılı olmayaraq, hamısı eyni hüquqa malikdir və onların hüquqları Azərbaycan tərəfindən qorunur və mühafizə olunur. Siz əmin ola bilərsiniz ki, biz bu məqsədlərimizə, bu prinsiplərimizə daim sadiq olacağıq və gələcəkdə də Azərbaycan vətəndaşlarının dini mənsubiyyəti, yaxud dil mənsubiyyəti, siyasi mənsubiyyətindən asılı olmayaraq, bir-birilə münaqişəyə girməsinə yol verməyəcəyik".

Müxtəlif mədəniyyətlərin birgə mövcudluğu məsələsinin hazırda mühüm əhəmiyyəti vardır. Çünki mədəniyyət ictimai inkişafın güclü amillərindən biri kimi maddi istehsaldan ta mənəviyyatadək insan həyatının bütün aspektlərinə nüfuz edir. Mədəniyyət fərdi və ictimai fəaliyyətin bütün sahələrinə - əməyə, məişətə, asudə vaxta, düşüncə və yaşayış tərzinə təsir göstərərək, demokratikləşmə prosesində, vətəndaş cəmiyyətinin formalaşmasında və möhkəmlənməsində, insanların yaradıcılıq qabiliyyətinin aşkara çıxarılmasında, hüquqi dövlət quruculuğunda mühüm rol oynayır.

Müxtəlif mədəniyyətlərin bir-birinə qarşılıqlı təsirinin bir neçə üsulu mövcuddur: bir mədəniyyət digərini məhv edə və ya özündə əridə, yaxud da onunla eynihüquqlu dialoqa girə bilər. Müasir şəraitdə mədəniyyətlərin qarşılıqlı təsirinin ən əhəmiyyətli nümunəsi dövlətin etnik-mədəni siyasətində öz ifadəsini tapan multikulturalizm konsepsiyasıdır.

Təzyiq göstərmədən, əsasən, izah və inandırmaq metodları ilə müxtəlif maraqların və baxışların dərkini, uzlaşdırılmasını özündə ehtiva edən tolerantlıq multikulturalizm konsepsiyasının təməl prinsipidir. Multukulturalizm tolerantlıq ideyasını dərinləşdirirək onu dialoq səviyyəsinə yüksəldir. Multikultralizm konsepsiyası fərdi və kollektiv hüquqların ədalətli kompromisinə əsaslanaraq müasir cəmiyyətdə fərdi eyniyyətin rəngarəngliyini təmin edir, milli özünüdərkin inkişafına təkan verir, vətəndaşın əsas hüquq və azadlıqlarının təfsirini genişləndirir. Bəşəriyyətin qarşılıqlı hörmət və inam əsasında inkişafı naminə mədəniyyətlərin və sivilzasiyaların nəzarət olunan və yönəldilən çuğlaşmasını bəyan etmək və etnik-mədəni rəngarəngliyin ləğvinin qarşısını almaqla multikulturalizm millətçiliyə antitez kimi çıxış edir, bununla da bir ölkənin hüdudları daxilində müxtəlif etnik-mədəni qrupların dinc yanaşı yaşamasının ən səmərəli vasitəsinə çevrilir.  Multukulturalizm siyasətinin başlıca məqsədi şəxsiyyətlərin və etnik qrupların cəmiyyət həyatının bütün sahələrində bərabərhüquqlu iştirak imkanlarının və mədəni özünəməxsusluqlarının dəstəklənməsini təmin etməkdir. Bununla yanaşı, multukulturalizm ideyası etnik ehkamlardan və yanlışlıqlardan qurtularaq müxtəlif etnik qrup və azlıqlara hörmət və dözümlülüyün tərbiyə edilməsinə, ksenefobiyadan və şovinizmdən imtina olunmasına əsaslanır. Cəmiyyətdən təcrid olunmaq deyil, ona inteqrasiya etmək lazımdır ki, bütün sosial sferalara və institutlara birbaşa və bərabər çıxış əldə olunsun. Məhz bununla hər bir kəs fərqlənmək, özünü ifadə etmək hüququnu gerçəkləşdirmək imkanı qazana bilər.

Multukulturalizm hər bir şəxsə öz inam və etiqadına uyğun baxış bucağı seçmək haqqı tanıyır. Multukulturalizm ideologiyasını qəbul edən və bu istiqamətdə siyasət yeridən dövlətin əsas vəzifəsi elə bir tərbiyə və təhsil sistemi qurmaqdır ki, vətəndaşlar şüurlu şəkildə tolerantlığı seçsinlər. Bu konsepsiya həyata keçirilərkən fərdin və dövlətin maraqlarında hər münaqişənin yaranmasına yol vermək olmaz.

Dövlətin ardıcıl tolerant siyasət yeritməsi, mədəni və dini fərqliliyin mövcudluğuna razılaşması yetərli deyildir. Multikultural dəyərlərin qorunmasına və zənginləşməsinə maliyyə, hüquqi və mənəvi yardım göstərilməsi dövlət siyasətinin tərkib hissəsi olmalıdır.

Azərbaycanda multikulturalizmin məhz bu prinsiplərə əsaslanan modeli tətbiq edilir. Təbii ki, bu modelin təməlində də xalqımızın tarixi ənənələri, ölkəmizin coğrafi mövqeyi, əhalinin milli tərkibi, mövcud dini-etnik mühit dayanır. Multikulturalizmin Azərbaycan üçün seçim, yoxsa zərurət olduğunu müəyyənləşdirmək üçün bu amilləri nəzərdən keçirmək vacibdir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, "Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir".

Min illər boyu müasir Azərbaycanın ərazisi müxtəlif etmosların vətəni olub. İndinin özündə ölkəmizdə 30 adda milləti və etnik qrup mövcuddur. Onların arasında Altay ailəsinin türk qoluna məxsus azərbaycanlılar, tatarlar, ahısqa türkləri, həmçinin, hind-avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz (udilər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar), slavyan (ruslar, malakanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri vardır. Yaşayış üçün əlverişli təbii şəraitin mövcud olması çoxsaylı qəbilə, tayfa və xalqların bu ərazidə məskən salmasını şərtləndirib. Tarixi gedişat Azərbaycan türklərinin etnik dominantlığını təmin etsə də, ona məxsus olan ədalətlilik, mərdlik, cəsurluq, özündən zəiflərə rəhmdillik, qonşuluq münasibətlərində səmimiyyət, dostluğa sədaqət, ədalətli və bərabərhüquqlu birgəyaşayış vərdişi digər azsaylı xalqların və etnik qrupların bu coğrafiyada özlərinə rahatlıqla güzəran qurmasına şərait yaradıb. Təəssüf ki, belə şəraitdən sonralar xəyanətkarlıqla sui-istifadə edən ermənilər yerləşdikləri torpaqları ələ keçirmək, onun həqiqi sahiblərini öz yurdlarından didərgin salmaq yolunu tutdular. Yeri gəlmişkən, qeyd edək ki, erməni separatizminə qarşı mübarizədə Azərbaycanın bütün digər xalqlarının və etnik qruplarının nümayəndələrinin birlikdə iştirak etməsi yüz illər boyu formalaşmış multikultural mühitin dayanıqlılığının mühüm göstəricisi oldu.

Azərbaycanda tolerantlıq da burada yaşayan xalqların, millətlərin bir-birinin mənəvi dəyərlərinə, dini etiqadlarına hörmət və ehtiramının aydın təzahürüdür. Əhalinin 96 faizi müsəlman olsa da, xristian və yəhudi dinlərinin nümayəndələri heç vaxt sıxışdırılmayıb, təzyiqlərə məruz qalmayıb. Hər bir dini təlimin ölkəmizin ərazisində özünü yaşatması, onların tərəfdarlarının dini ibadətlərini azad şəkildə icra etməsi, bunun üçün məbədlər tikməsi tolerantlığın həyat tərzinə çevrildiyini təsdiqləyir.

Xalqımızın əvəzsiz milli sərvəti olan dövlət müstəqilliyi dövründə mədəni, etnik, dini, mədəni müxtəlifliyin qorunub saxlanması tarixi zərurət idi. Hələ Xalq Cümhuriyyətinin qurucuları uzun illərin müstəmləkəçilik siyasətindən qurtulmaq imkanı qazanmış Azərbaycanın vahidliyini təmin etmək üçün dövlət idarəçiliyində əhalinin etnik tərkibini də nəzərə almışdılar. Ötən əsrdə ikinci dəfə Azərbaycanda dövlət müstəqilliyinə qovuşması çox mürəkkəb tarixi-siyasi şəraitdə baş verdi ki, onun ilk illərində hakimiyyətin naşı və səriştəsiz adamların əlinə keçməsi respublikada bütün sahələrdə, o cümlədən, milli münasibətlərdə böhranın yaranmasına, Dağlıq Qarabağda sovet hakimiyyətinin süqutu ərəfəsində başlanmış separatizmin respublikanın digər bölgələrinə sirayət etməsi təhlükəsinə gətirib çıxardı.

Yalnız Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından və dövlət quruculuğunun başlanmasından sonra bu sahədə yaranmış təhdidlərə də birdəfəlik son qoyuldu, millətlərarası münasibətlər səhmana salındı, multikultural dəyərlərin qorunması və zənginləşdirilməsinə dövlət qayğısı göstərildi. 

Azərbaycanda multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi Ulu öndər Heydər Əliyevin siyasi-mənəvi irsinin tərkib hissədir. Müasir dövrdə bu siyasəti Prezident İlham Əliyev ardıcıllıqla həyata keçirir. Ölkəmiz dünyada multukulturalizm mərkəzi kimi tanınır və onun bu sahədəki təcrübəsi yüksək qiymətləndirilir və öyrənilir. Bu gün Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri öz ana dillərində sərbəst danışırlar. Bir çox ali və orta məktəblərdə ana dillərinin işlənilməsi təmin olunur, hər bir xalqın, etnik qrupun adət-ənənələrinə hörmətlə yanaşılır.

Multukulturalizm siyasəti Azərbaycan dövlətçiliyinin inkişafı, xalqımızın milli birliyinin və həmrəyliyinin təmin edilməsi üçün zəruri idarəçilik üsuludur. Prezident İlham Əliyev çoxkonfessiyalılığı, çoxmillətliliyi Azərbaycanın böyük sərvəti kimi səciyyələndirərək qeyd edir ki: "Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır".

Ölkəmizin inkişafını şərtləndirən multikulturalizmin nüvəsini Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası təşkil edir ki, müstəqil dövlətimizin bütün vətəndaşları bu ideya ətrafında sıx birləşiblər. Çünki bizim hamımızın bir vətəni var - bu, Azərbaycan dövlətidir. Ulu öndərin sözləri ilə desək, azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır!..

Zaur İBRAHİMOV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 1-ci kurs tələbəsi

 





05.12.2019    çap et  çap et