525.Az

Azərbaycanda multikulturalizm Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır


 

Azərbaycanda multikulturalizm Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır<b style="color:red"></b>

Azərbaycanda multikulturalizmin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Onun hakimiyyəti dövründə ölkədə dinindən və milliyətindən asılı olmayaraq bütün xalqlar rifah və firavanlıq içərisində yaşayıb.

Ümummilli Lider Heydər Əliyev respublikamızda multikulturalizm siyasətini uğurla həyata keçirmiş və ölkəmizi dünya miqyasında multikulturalizm ölkəsi kimi tanıdıb. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural adətlərinin qorunması sahəsində həyata keçirilən siyasət hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Cənab İlham Əliyev ölkəmizdə multikulturalizmin inkişaf etdirilməsində və multikulturalizmin ölkənin sosial iqtisadi inkişafında rolunun artırılmasında misilsiz xidmətləri olub. Belə ki, ölkədə multikulturalizmin daha da inkişaf etdirilməsi məqsədilə Cənab İlham Əliyevin 15 may 2014-cü il tarixli sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas vəzifələri Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirməkdən, multikultural həyatda müxtəlif bölgələrə aid mədəniyyətlərin bir-birinə təmas dərəcəsini öyrənmək və təşviq etməkdən, müxtəlif dinlərə mənsub gənc din xadimlərinin peşəkar dini, dünyəvi biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən və multikulturalizm üzrə dünya mütəxəssislərinin, eyni zamanda, keçmiş və müasir siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini təhlil etmək və yaymaqdan, eləcə də multikulturalizmin ölkənin sosial iqtisadi inkişafına təsirini təhlil etməkdən ibarətdir. Azərbaycan Respublikasında multikulturalizmin bir siyasət olaraq inkişaf etdirilməsi, dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri ilə iqtisadi əlaqələrin möhkəmlənməsinə də təsir göstərir.

Ölkəmizdə yaşayan müxtəlif millətlərin və etnik azlıqların bərabərhüquqlu olması, yəni onlara yerli əhali ilə müqayisədə fərq qoyulmaması ölkədə multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinin əyani sübutudur. Hazırda Azərbaycanda ölkənin əsas və çoxluq təşkil edən əhalisiazərbaycanlılarla yanaşı, bir sıra digər millət, xalq və etnik azlıqlar da yaşayır. Azərbaycanda yaşayan millətlər əsasən ləzgilər, ruslar, talışlar, avarlar, türklər, tatarlar, gürcülər, yəhudilər və kürdlərdən ibarətdir. Respublikamızda turizmin inkişafı əsas etibari ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən multikulturalizm siyasətinin müsbət bir nəticəsidir. Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi və gözəl iqliminin olması burada turizmin inkişafına təkan vermişdir. Multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də  liberalizmin azadlıq, bərabərlik və qarqaşlıq kimi dəyərləri təşkil edir. Bu səbəbdən də multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa nail olmaq mümkündür, həm də burda irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol verilmir. Lakin multikulturalizmlə liberalizm arasında bir mühüm fərq vardır. Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir.

Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.

1) Multikulturalizm - pozitiv sosial təzahürdür. O, cəmiyyətin inkişafı üçün münbit şərait yaradır; etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir;

2) Multikulturalizm - cəmiyyətin mədəni müxtəliflik əleyhinə etirazını səngitmək üçün alternativ siyasət kimi meydana gəlmişdir;

3) Demokratiya multikultural cəmiyyətin formalaşmasında ən mühüm amillərdən biridir;

4) Bölgələrin tarixi inkişafının xüsusiyyətləri multikulturalizmin    fərqli modelinin yaranmasını müəyyən etmişdir;

5) Multikulturalizmin müxtəlif modelləri arasında bəzi fərqlərin olmasına baxmayaraq, heç şübhəsiz ki, multikultural cəmiyyətinin formalaşmasında və multikultural ətraf mühitin dəstəklənməsində aparıcı rol dövlətə məxsusdur.

Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Bundan başqa, multikulturalizmi dövlət siyasəti kimi qəbul edən digər ölkələrdən fərqli olaraq Azərbaycanda etnik-mədəni müxtəlifliklər multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir. Bunun əsas göstəricisi kimi ölkəmizdə etnik-dini zəmində heç bir qarşıdurmanın olmamasıdır. Təsadüfi deyil ki, Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur. "Multikulturalizmin Azərbaycan modeli" və ya "Azərbaycan multikulturalizm modeli" kimi terminlər siyasi leksikona, elmi ədəbiyyata daxil edilib.

Azərbaycanda multikulturalizm siyasətinin əsasını Ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev multikulturalizm siyasətini yeni tarixi şəraitdə inkişaf etdirərək onu ölkənin daxili və xarici siyasətinin mühüm istiqaməti kimi təqdim edib.

Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam  tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Multikulturalizm ingilis dilindən tərcümədə "çoxlu mədəniyyətlər" deməkdir. Multikulturalizm ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus  insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərinin milli mədəniyyətinə inteqrasiyasına yönəldilib.

Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc  yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Multikultural və tolerant dəyərlər ümumbəşəri  xarakter daşıyır. Tolerantlıq müxtəlif mədəniyyətlərdə çoxşaxəli və birmənalı anlayış deyil. Tolerantlıq latınca "tolerare" kökündən törəyib "dözmək, səbr etmək, tab gətirmək, göz yummaq, icazə vermək, fikir verməmək, yaxşı qarşılamaq" mənalarını verir. Tolerantlıq türk dilində "xoşgörü", ərəb dilində "musamihə" terminləri ilə paralellik təşkil edir. Tolerantlığın başqalarının inanc və düşüncələrinə hörmət etmək mənaları mövcuddur.

Müasir dövrdə tolerantlıq problemi ilə məşğul olan tədqiqatçılar tərəfindən tolerantlığa bir neçə məna verilir. Alimlərin bir qismi tolerantlığı "ideal və həyatın vacib prinsipi" kimi qəbul edir, sivilizasiya mövcudluğuna bir şans kimi qiymətləndirir. Tədqiqatçıların o biri qismi isə tolerantlığı bəşəriyyətdə hökm sürən parçalanma və laqeydliyi gizlədən simvolik bir pərdə kimi göstərir.  Tolerantlıq problemini araşdıran tədqiqatçı Uoltser ictimai şüurda tolerantlıq ideyasınının yaranmasını və inkişafını bir neçə mərhələyə bölür: I mərhələ - XVI-XVII əsrlər dini tolerantlıq (katolik və protestantların arasında müharibə İspaniyada Kordof) krallığı sülhün qorunması naminə - fərqliliklərə - təmkinli və dözümlü olmaq; II mərhələ - passiv etap, digərlərə və fərqliliklərə laqeydlik; III mərhələ - mənəvi stoisizm, yəni digərlərin, fərqlilərin də hüquqları var, qəbul edilməz də olsa onu qəbul etmək. IV mərhələ - münasibətlərdə açıqlıq, hörmətlə yanaşma, bir-birini öyrənmək və maraq göstərmək; V və sonuncu mərhələ - fərqliliyi mədəniyyətlərarası qəbul etmək, müxtəlifliyə heyran olmaq və tolerantlığın bir individlə ölçülməməyi.

Azərbaycan Respublikasının uğurla apardığı xarici siyasətin, o cümlədən, ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafında həyata keçirdiyi böyük layihələr nəticəsində artdığı nüfuzun məntiqi nəticəsi olaraq 2011-ci il 24 oktyabr tarixində BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan bu təşkilatın Təhlükəsizlik Şurasına üzv seçildi. 155 ölkənin dəstəyi ilə Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT Təhlükəsizlik Şurasında təmsil etmək imkanı qazandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək, ölkəmizin 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi "aydın göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycana etibar edir və belə bir vacib səsvermə prosesində öz mövqeyini ifadə edir".

Həqiqət Şükürova
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Menecment" ixtisası üzrə II kurs tələbəsi 

 





06.12.2019    çap et  çap et