525.Az

Kadr ehtiyatı bankı yaradılacaq


 

MƏLEYKƏ ABBASZADƏ: "STRUKTUR VƏ KADR İSLAHATLARI STANDARTLARIN DƏYİŞMƏSİNƏ DƏLALƏT EDİR"

Kadr ehtiyatı bankı yaradılacaq<b style="color:red"></b>

Kompetensiya (səriştə) əsasında qiymətləndirmənin tətbiqi dövlət qulluğunda seçimi və qiymətləndirməni daha da gücləndirir, nəticə etibarı ilə idarəetmənin şəffaflığını və səmərəliyini təmin edir.

Bunu "Dövlət idarəçiliyində səriştə modeli: "Çətinliklər və həll yolları" mövzusunda seminarda Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, dövlət idarəetmə sistemində start verilmiş struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir. Bu, öz növbəsində 2018-ci ilin sonunda qəbul edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyasında (2019-2025-ci illər)" öz təsdiqini tapıb. Strategiya dövlət qulluğunun müxtəlif sahələrində, o cümlədən, kadr siyasətində kompleks islahatları, dövlət qulluğu sisteminin inkişafı üçün institusional quruculuğu, dövlət qulluqçularının rotasiyasını, dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəsini artırmaq məqsədilə səriştə və motivasiya modellərinin tərtib olunmasını, xidməti fəaliyyətin qiymətləndirilməsini və s. nəzərdə tutur.

M.Abbaszadə deyib ki, insan kapitalının səmərəli istifadə olunması, əməkdaşların potensialının üzə çıxarılması, dövlət orqanlarında vakant vəzifələrin tutulması, eləcə də dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafı dövlət qulluğunda islahatların aparılması prosesində mövcud olan aktual məsələlərdir: "Prezident İlham Əliyev hələ 2003-cü ildə Cenevrə şəhərində "İnformasiya cəmiyyəti" mövzusunda keçirilən beynəlxalq Sammitdə səsləndirdiyi "Neft kapitalını insan kapitalına çevirək" devizinə uyğun olaraq aparılan siyasət bu gün dövlət qulluğunda da tətbiq edilir. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış gənclərimiz dövlət qulluğuna müsabiqədən kənar qəbul edilir, onların bilik və bacarıqlarından dövlət qulluğunda istifadə edilir".

DİM Direktorlar Şurasının sədri bildirib ki, müasir dövrdə bacarıq və kvalifikasiya anlayışları kompetensiyaların (səriştələrin) qiymətləndirilməsi konsepsiyası ilə əvəzlənir: "Şərq Tərəfdaşlığı çərçivəsində müxtəlif tədbirlərin həyata keçirilməsi mövcud problemləri, çağırışları, dövlət qulluğu sahəsində region ölkələrinin müsbət təcrübəsini öyrənməyə, eləcə də kompetensiya modelinin Azərbaycanda uğurlu tətbiqi üçün mümkün həll yollarının birgə müzakirəsinə imkan yaradır".

O əlavə edib ki, Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq: "Bu il intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə "Yüksəliş" müsabiqəsi təsis edilib. Hazırda bu istiqamətdə çox ciddi hazırlıq işləri aparılır".

M.Abbaszadə özəl sektor tərəfindən kompetensiyalar modelinin inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin vacibliyini də qeyd edib. O əlavə edib ki, belə təcrübənin öyrənilməsi və sonra müvafiq modellərin tətbiqi dövlət qulluğuna namizədlərin seçimini daha da çevik və səmərəli edəcək.

O deyib ki, hazırda dövlət qulluğuna qəbul üçün edilən müraciətlər daha çox aşağı kateqoriyalı vəzifələr üzrədir, çünki orda iş stajı tələb olunmur. O bildirib ki, dövlət qulluğuna ilk dəfə qəbul üçün müraciət edənlər, əsasən heç vaxt işləməyən gənclər olurlar: "Ona görə də həmin imtahanlarda kütləvilik olur. Amma yuxarı vəzifələrə imtahanlarda ilkin tələb kimi iş stajı tələb olunduğundan müraciətlərin sayı azdır. Bir qurumda işləyən şəxslər daxili müsahibə elanı ilə vəzifələrini artıra bilirlər. Ona görə də onlar imtahan verməkdənsə, daxili müsahibəyə üstünlük verirlər. Hər hansı bir dövlət qurumunda işləyən də başqa quruma keçməkdə maraqlı olmur. Çünki onlar öz qurumlarında vəzifədə yüksəlmək istəyində olurlar".

Onun sözlərinə əsasən, doktoranturaya qəbul olmaq istəyənlər üçün ingilis dilindən imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməyə başlanıldıqda namizədlər üçün ödənişli olacaq. Doktoranturaya qəbul imtahanı verənlər üçün ingilis dilindən imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi ilə bağlı qaydalar hazırda müzakirə olunur. M.Abbaszadə əlavə edib ki, namizədlər üçün ingilis dilindən olan standart imtahanlar hazırlanır.

DİM sədrinin bildirdiyinə görə, birinci mərhələdə yazı işləri və dinləmə, anlama səriştələri yoxlanılacaq: "Gələcəkdə danışmaq səriştəsi də yoxlanılacaq. Yəqin ki, yanvar ayında ilk imtahanları keçirəcəyik və təbii ki, bu, ödənişli olacaq. Qaydalar təsdiq olunduqdan sonra bununla bağlı müvafiq proqram və texniki tapşırıqları dərc olunacaq".

Xatırladaq ki, bu ilin oktyabrında "Doktoranturaların yaradılması və doktoranturaya qəbul" qaydalarında dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, doktoranturaya qəbul zamanı mərkəzləşdirilmiş formada xarici dil imtahanının Dövlət İmtahan Mərkəzi tərəfindən, fəlsəfə imtahanlarının isə müəyyən olunmuş bir və ya bir neçə təhsil və elmi müəssisələrində keçirilməsi nəzərdə tutulub.

M.Abbaszadə vurğulayıb ki, doktoranturaya qəbul zamanı xarici dil üzrə beynəlxalq sertifikatlarına malik olanlar dil üzrə qəbul imtahanından azad ediləcəklər. Növbəti il üçün qəbul imtahanlarının vaxtı müəyyən olunmasa da, müzakirə olunur. O qeyd edib ki, 2020-ci ildə Bakı "Formula-1" yarışları ilə yanaşı, həm də Avropa Çempionatı oyunlarına ev sahibliyi edəcək:

"Ölkədə kütləvi tədbirlər keçirilən zaman imtahanların da keçirilməsi çox mürəkkəb olur. Bakıda keçirilən tədbirlərin vaxtı müəyyən edildikdən sonra qəbul imtahanlarının da tarixlərini elan edə biləcəyik".

S.QARAYEVA

 





06.12.2019    çap et  çap et