525.Az

"Tatar çölü"ndə qalan insan - Taleh Eminoğlunun essesi


 

"Tatar çölü"ndə qalan insan - <b style="color:red">Taleh Eminoğlunun essesi </b>

İtaliyalı rəssam, jurnalist və məşhur yazar Dino Bussati 1933-cü ildə qələmə aldığı ilk romanı "Dağların adamı Barnabo" romanında altı il sonra baş verəcək və milyonların ölümü ilə nəticələnəcək qanlı müharibəni əvvəlcədən xəbər verir, 1940-cı ildə yazdığı "Tatar çölü" romanında isə bütün bu proseslərin qarşısının əvvəlcədən alına bilinməyəcəyini, bunun dünyanın qismətinə yazılmış olduğunu bir insanın alın yazısı ilə ortaya qoyur.

"Dağların adamı Barnabo"nu oxuyarkən onun bu romanın təsiri ilə irəlidə daha əhatəli bir şey yazacağını əvvəlcədən hiss edə bilirsən. Romanda hadisələr İtaliyanın San Nikola qəsəbəsi yaxınlığındakı Palazzo təpəsində baş verir. qəsəbənin ətraf ərazilərlə əlaqəsini yaxşılaşdırmaq üçün dağların yamacı ilə yol çəkilməsi nəzərdə tutulur. Tikinti üçün lazım olan avadanlıqlar və dağların partladılmasında istifadə olunacaq partladıcı maddələr Palazzo təpəsində gizli, gözdən uzaq bir mağarada toplanır. Amma oğurluq hallarının başlaması və qış fəslinin gəlməsilə yol çəkilişi dayandırılır. Hadisələr bundan sonra öz məcrasını dəyişir və daha sirli, mistik, amma bir o qədər də aydın şəkildə cərəyan edir.

Silah-sursatla dolu anbarın mühafizəsi üçün meşə qoruqçularından ibarət əlavə dəstə yaradılır. Onlar növbə ilə anbara keşik çəkir və ürəklərinin dərinliklərində hələ tikinti başlamamış buradan oğurluq edən quldurların bir daha geri dönəcəklərini hiss edirlər. Gecdə olsa bu, baş verir.

Anbarı qarət edən quldurlar "biz geri qayıdacağıq" demişdilər və qayıtmalı idilər. Barnabo onları gözləyirdi. Bəs onlar gəldimi?!

Dino Bussati hər şeyi əvvəlcədən görmüşdü. O, bu romanı yazarkən öz vətəni İtaliyada Benito Mussolini artıq neçə illər idi ki, hakimiyyətdəydi və xalqı öz ardınca bataqlığa çəkib aparırdı. Bir neçə il sonra isə Adolf Hitler ilə ittifaq quracaq və onun başlatdığı amansız müharibəyə, ölümlərə və dağıntılara ortaq olacaqdı. Buzzati bu faşistlərin aydın şəkildə görünən addımlarını, gizli şəkildə bir təpədəki silah anbarının və onu qoruyan sıravi keşikçi Barnabonun taleyi üzərindən qələmə alırdı. İkinci dünya müharibəsinə qədər də bu dünya saymaqla bitməyəcək müharibələr görmüşdü. Kimisi qalib gəlmişdi, kimisi məğlub olmuşdu. Amma sonda sülh imzalanmışdı. Silahlar bir "anbara" yığılmış, qapılar "möhürlənmiş" və qapıya da "keşikçi" qoyulmuşdu. Amma illər keçir, haradansa iki quldur peyda olub anbarı qarət edir, müharibə yenidən başlayır. Silahlı keşikçi isə nə güllə ata, nə də səs salıb onları qorxuda bilir. Bu, onların taleyidir. Birinin alnına bu anbarı qarət edib, müharibəni başlatmaq, digərinin alnına isə buna susmaq yazılıb. Bu müharibə mütləq olmalıdır. Çünki insan kimi bu dünyanın da öz taleyi var. Elə o da bizim kimi bundan qaça bilməz.

Ancaq Barnabo bu anbarın keşiyini çəkməklə kifayətlənmir. O, illər sonra qarşımıza Covanni Droqo kimi çıxır.

Dino Bussati "Tatar çölü" romanını tamamlayanda İkinci Dünya Müharibəsi iki il idi ki, davam edirdi. Barnabo Droqoya çevrilmiş, zabit olmuş və ölkənin ucqarında yerləşən Qalaya təyinat almışdı. Bu, onun üçün həyatının dönüş nöqtəsi idi. Çünki deyilənə görə. bu Qalaya barbarlar hücum edə bilərdilər. Amma Covanni Droqonun zamanında da Qalaya hücum olmadı.

O, burada ömrünün ən gözəl illərini boş yerə, nə zaman baş verəcəyi məlum olmayan hadisəni gözləməklə keçirirdi. Hər gün hücum haqqında məlumatlar gəlir, amma heç nə baş vermirdi. Hətta bir dəfə onun gözünə uzaqlarda, lap uzaqlarda hərəkət edən qaraltılar görünmüşdü. Gəlirdilərmi?

Həqiqətənmi faşizm bu işıqlı dünyaya hakim ola bilərdi? Dünyanın alnına qaranlığın idarəsi altında olaq yazılmışdı? Qalanı (dünyanı) bu adamlardan qorumaq mümkün idimi? Sıravi, bu qaladan qaçmağa, xidmətini şəhərdəki hərbi hissədə etməyə çalışan Droqo bunun qarşısını ala bilərdimi? Ən əsası isə romanın məğzini ifadə edən alın yazısından qaçmaq mümkün idimi? Bu suallar romanda cavabsız qalsa da, reallıq onları cavablandırdı. Amma yazar əsərin sonluğunda oxucu üçün cavabı tapmaqda köməkçi olacaq işığı göstərir.

Ədəbi tənqidçilər "Tatar çölü"nü kafkasayağı roman hesab edirdilər. Onu hətta Kafkanın "Qəsr"i ilə də müqayisə edənlər də olurdu. Amma unutmaq olmaz ki, Kafka üçün bu dünya qara rəngdədirsə, Dino Bussati üçün dünyanın rəngi fərddən fərdə dəyişir. Hamı bir deyil və hərənin nə zamansa ortaq nöqtədə kəsişsə də, öz alın yazısı var.

Dino Bussatinin romanlarında müharibə izləri nə qədər aydın görünürsə, onun alt qatında bir o qədər də mistika və sirr var. Bu sirrin adı "taledir". Hamının məhkum olduğu, bəraət ala bilmədiyi və sonuna qədər çəkməli olduğu "tale". Yazar üçün bu romanları yazmaq belə alın yazısından qaça bilməmək idi. Ona görə Dino Bussatinin roman dili insan ömürləri kimi bəzək-düzəksiz, sadə və qısadır. O, sizi mürəkkəb, dolanbaclı cümlələrlə yormur. Sirrini hər kəsin başa düşəcəyi, amma asanlığını görüb arxasında sirr ola biləcəyindən şübhələndiyi cümlələrin ardında gizlədir. Ona bu işdə rəssamlığı da kömək edir.

Bussati romanlarında nəyisə və ya kimisə gözləyir və bu gözləntilər olduqca uzundur. O qədər uzundur ki, bir insan ömrünə sığmır, əsərin qəhrəmanının ömrünü belə adlayıb keçir və digər bir romanda, başqa adla ortaya çıxan qəhrəman bu ömrü Herakl göy qübbəsini çiyinlərinə götürəntək götürür və gözləməyə başlayır. Dino Bussatini romanlarında insan deyil, zamanın ürək döyüntülərini eşidilir. Onun qəhrəmanları sakit, zamanı isə həyəcanlıdır. Onun üçün hər şey irəliyə gedir və geriyə yol yoxdur, səhvlər də bağışlanmır. Onun qəhrəmanları əllərində silah, silahla dolu bir anbarı, qalanı və ya başqa bir yeri, digər silahlı adamlardan qoruyur. Və bu qəhrəmanlar tez-tez yuxu görürlər. Adətən daha çox dağların görüldüyü bu yuxular haqqında yazar belə deyirdi: "Yuxu görmək mənim üçün qidalanmaq kimi bir şeydir. Gecələr dağlarla əlaqəli çox yuxu görürəm. Onların hamısında narahatlıq var".

Dino Bussatinin sevilən yazar olmasında təəccüblü də olsa faşizmin böyük rolu var. Bəli, bu, belədir. Belə ki, yazarın ədəbiyyata qədəm qoyduğu dövr İtaliyada Mussolinin başçılığı altında faşizmin yüksəldiyi dövr idi. Reallıqlar olduğu kimi deyilə və yazıla bilmirdi. Bu senzuradan Bussati də öz nəsibi almışdı. Amma o, gördüklərini başqa dillə, özünün yaratdığı "sehrli reallıq" üsulu ilə çatdırmağa başladı. Buna görə də onu heç bir ədəbi cərəyana və "izm"ə aid etmək olmur.

İnsan övladı özünü dərk edəndən narahatlıq içindədir, kimisə və ya hansısa qeyri-adi bir hadisəni gözləyir. Tatar çölündə sonlanacaq bu gözləntinin baş verəcəyi ana kimi əli-qolu bağlı dayanmaqdan başqa da çarə görünmür.

 





07.12.2019    çap et  çap et