525.Az

"Qəfil gün doğsa bir gecə"yə hazırlıq uğurla davam edir


 

SƏNƏTSEVƏRLƏRİ XALQ ŞAİRİ RAMİZ RÖVŞƏNİN ŞEİRLƏRİ ƏSASINDA MÖHTƏŞƏM BİR KONSERT PROQRAMI GÖZLƏYİR

"Qəfil gün doğsa bir gecə"yə hazırlıq uğurla davam edir<b style="color:red"></b>

Dekabrın 18-də Heydər Əliyev adına Sarayda Xalq artisti Nəzakət Teymurovayla Əməkdar artist Ehtiram Hüseynovun Xalq şairi Ramiz Rövşənin şeirlərinə bəstələnmiş mahnılardan ibarət konserti olacaq. "Qəfil gün doğsa bir gecə" adlı konsertə hazırlıq işləri uğurla davam etməkdədir. Konsertdən öncə layihənin yaranma ideyası ilə bağlı konsertdə adı keçən, zəhməti olan insanlarla danışıb fikirlərini öyrəndik. 

Xalq artisti Nəzakət Teymurova konsert barədə məlumat verərkən dedi: "Çoxdan bu layihə üzərində işləyirik, ciddi şəkildə hazırlaşırıq. Konsertdə Ramiz müəllimin ən gözəl şeirlərinə bəstələnmiş mahnılar səsləndiriləcək. Bu "Hicaz" qrupunun növbəti uğurudur. Əsas iş qrupun rəhbəri Eyvaz Həşimovun üzərinə düşür. Əməkdar artist Əliağa Sədiyevin də zəhməti böyükdür. Ehtiram Hüseynovla həm duetimiz olacaq, həm də ayrı-ayrı ifalarımız. On beş nəfərlik musiqi qrupunun müşayiəti ilə yanaşı, aktyorlarımız da çıxış edəcəklər. Düşünürəm ki, bu konsert öz yeniliyi ilə tamaşaçılar üçün də maraqlı olacaq. Yəni burda təkcə biz xanəndələr muğam ifa etməyəcəyik. Eyvaz Həşimovun çox gözəl ifaları var ki, bizim üçün, məhz o konsert üçün yazılıb. Ehtiram Hüseynovla məni tamaşaçılar fərqli ampluada görəcəklər. Bu zamana kimi belə bir janrda ifa etməmişik. Bu da ondan irəli gəlir ki, Ramiz Rövşən şeirlərinə yazılmış mahnılar da onun özü kimi fərqli, orijinaldır. Biz də çalışırıq ki, bu ilki, bu nəğmələri tamaşaçılarımıza sevdirə-sevdirə onların zövqünü oxşayaq. Bizim özümüz üçün də çox maraqlı, yaddaqalan layihədir. Hazırlıq prosesimiz də maraqlı keçir".

Nəzakət Teymurova bundan öncə də Ramiz Rövşən şeirlərini sevərək mütaliə etdiyini, hətta son konsertində onun şeirindən birinə yer verdiyini də açıqladı: "Ramiz Rövşənin şeirlərini hər zaman sevərək, böyük məhəbbətlə oxumuşam. Axırıncı konsertimdə onun "Qara paltarlı qadın" şeirini mənim xahişimlə aktyor ifa etmişdi. Onun şeirlərini kim sevmir ki?! Bu şeirlərdə o qədər dəyərli fikirlər, dərin mənalar var ki, kimin oxumasından asılı olmayaraq, hər kəs o şeirlərdə özündən, öz hisslərindən nələrsə tapır. Ramiz Rövşən poeziyası insanın ruhunu oxşayır".

Həmkarının sözlərini, xoş düşüncələrini dəstəkləyən Əməkdar artist Ehtiram Hüseynov da Ramiz Rövşən poeziyasını çox sevdiyini, konsertə böyük həvəs və sevgiylə hazırlaşdıqlarını dedi.

"Hicaz" qrupunun bədii rəhbəri Eyvaz Həşimov açıqlamasında bildirdi ki, konsertdə ifa olunacaq bütün mahnılar  yenidir: "On yeddi mahnı bəstələnib. Onlardan üçü İffət Əsgərova, qalan on dörd mahnı isə bizə, "Hicaz" qrupuna məxsusdur. Musiqilərin tətibatı qrupun pianoçusu Elnur Hüseynov və bas ifaçısı Azad Usubova məxsusdur. Musiqilərdə həm Şərq, həm də Qərb elementləri var. Repdən, rokdan tutmuş bəhri təvil, muğama qədər. Bir sözlə, necə ki, Ramiz Rövşənin şeiriyyatı ümumbəşəridir, onun şeirlərinə yazılan mahnılar da hər hansı çərçivəyə sığmır".

Əməkdar artist Əliağa Sədiyev Ramiz Rövşən poeziyasının orijinallığından söz açdı, belə bir ideyanın çoxdan yarandığını vurğuladı: "Bu gün istər ədəbiyyata, poeziyaya həvəsi olan, istərsə də ömründə bir şeir oxumuyan adam olsun ən azı bir dəfə Ramiz Rövşənin şeirini oxuyub, dinləyib, diqqət ayırıb. Biz də, təbii ki, sənət adamları olaraq sevimli şairimizi çox sevirik. Belə bir ideya çoxdan var idi. İstər Ramiz müəllimin dostları, istərsə də sənət camiəsi belə bir konserti çoxdan arzulayırdı. Ona görə də, Nəzakət xanım, Ehtiram Hüseynov və başda da Eyvaz Həşimov olmaqla, "Hicaz" qrupu ilə qərara gəldik ki, Ramiz Rövşən poeziyasını sevənlərin qarşısına "Qəfil gün doğsa bir gecə" adlı konsert-tamaşa ilə çıxaq. Konsert-tamaşa niyə dedim, ona görə ki, bu gecədə dostumuz rejissor Mir Sahib Ağazadənin quruluşu ilə dəyərli, istedadlı aktyorlarımızın təqdimatı da yer alıb. Həm qiraət, həm də kompozisiyalar vasitəsilə maraqlı bir gecə yaşanacaq. Hər birinizi 18 dekabrda Heydər Əliyev Sarayında keçiriləcək səmimi və ruh oxşayan gecəyə dəvət edirəm".

Rejissor Mir Sahib Ağazadə dedi ki, bu, "Hicaz" qrupu ilə artıq dördüncü işbirliyidir: "Bundan qabaq mərhum sənətkar dostumuz Novruz Novruzlunun xatirə gecəsini, sonra Xalq artisti Nəzakət Teymurovanın Nəsimi ilə bağlı konsertini və yenə də Nəsiminin qəzəlləri əsasında Xalq artisti Eyyub Yaqubovun "Külli zaman içrə saat yarım" adlı konsertini birgə hazırlamışdıq. Ramiz Rövşənin şeirləri əsasında konsert-tamaşa təklifi gələndə çox sevindim. Çünki həmişə arzum olub ki, nə vaxtsa Ramiz müəllimin xeyir duası ilə onun şeiriyyatına konsert, bədii gecə və ya tamaşa formasında müraciət edim. Xoşbəxtlikdən elə bir iş ortalığa gəlib ki, burda həm sevdiyim şair, həm sevdiyim ifaçı-musiqiçilər, həm də sənəti və şəxsiyyətilə mənə doğma olan aktyorlar bir aradadır. Bu konsert tamaşada nisgildən satiraya qədər sərhədsiz hal sayrışması var. Eyvaz Həşimovun rəhbərliyilə "Hicaz" qrupunun çox böyük zəhməti var. Ayrıca Əməkdar artistlər tarzən Əliağa Sədiyev, kamança ustası Elşən Mansurov, balaban ustası Şirzad Fətəliyev, bu konsertdə üç mahnının bəstəkarı kamança ustası İffət Əsgərov da xüsusi əmək sərf ediblər. Ramiz müəllim ustadım Vaqif İbrahimoğlu ilə həm dost olub, həm də şairin yaradıcılığını teatr səhnəsinə açan ilk sənətkar Vaqif müəllim idi. Ona görə də Ramiz müəllim eşidəndə ki, mən və bütün aktyor heyyəti Vaqif İbrahimoğlunun tələbələriyik, çox sevindi. Biz də bu etimadın və sevginin müqabilində əlimizdən, ruhumuzdan gələni əsirgəməyəcəyik".

Konsertdə müğənnilərlə yanaşı dəyərli aktyorlar da yer alıblar. YUĞ Dövlət Teatrının aktyorlarının ifası gecəyə fərqli rəng qatacaq. Tamaşaçılar Əməkdar artistlər Əbdülqəni Əliyev, Yaqut Paşazadə, Qasım Nağı, aktrisa Natəvan Qeybaninin ifasında Ramiz Rövşən poeziyasının dərinliklərinə səyahətə çıxacaqlar. Buna Əməkdar artist Əbdülqəni Əliyevlə konsert barədəki söhbətimizdən sonra bir daha əmin oldum. O da Ramiz Rövşən şeirini çox əvvəllərdən sevdiyini və bu konsertə böyük həyəcanla, sevgiylə, məsuliyyətlə hazırlaşdıqlarını dedi: "Çox şükür ki, konsertə hazırlıq yaxşı gedir. Əlbəttə, hər birimiz ayrı sahələrin insanlarıyıq, başqa işlərimiz də var. Bunlara baxmayaraq, sürətli keçən gündən bu konsert üçün də vaxt ayırıb görüşürük, hazırlaşırıq. Bunu etmək bizim borcumuzdur. Çünki bu, gözəl şairimizin, böyük sənətkarımızın poeziyasına həsr olunmuş gecədir. Sevərək, arzulayaraq, istəyərək edirik. Çox istərdik, özümüz Ramiz Rövşən poeziyasını necə duyuruqsa, ondan da artığını tamaşaçılarımıza ötürə bilək ki, bu duyğuların ən dərinini onlar da yaşasınlar. Ramiz Rövşən şeiri çox yüksəkdədir. Biz də çalışırıq ki, bu şeirin yüksəkliyinə mane olmayaq, əksinə daha da gözəl şəkildə çatdıraq. Şeir şeirdir, nə qədər dəyişsən də, əsas odur ki, sındırmayasan, axarını dəyişməyəsən. Adicə bir vergülü olduğu yerdən götürüb başqa bir yerə qoysan, onda məna dəyişər. Ona mənanı saxlamaq şərtiylə öz fərdiliyimizdən də qatmışıq. Hər bir insan fərdi olduğu üçün onun ədəbi mətnə yanaşması da fərdidir. Aktyor da çalışmalıdır ki, nə o fərdiliyi itirsin, nə də şeirin məğzini, çatdırmaq istədiyi fikri dəyişsin. Konsertin, aktyorların ifası haqqında indidən detallar vermək istəmirik. İstərdik tamaşaçılarımız özləri gəlib baxsınlar və yerindəcə şahidi olsunlar. Əminik ki, çox gözəl və yaddaqalan layihə olacaq".

Xalq şairi Ramiz Rövşən də konsertin həyəcanındadır. O da yeniliklərlə tamaşaçıların heyrətlənəcəyinə və sevinəcəyinə əmindir: "Siz o konsertdə mənim elə şeirlərimə bəstələnmiş mahnıları dinləyəcəksiz ki, mən o şeirləri yazanda haçansa onlara mahnı bəstələnəcəyini ağlıma da gətirməzdim. Amma "Hicaz" qrupunun rəhbəri Eyvaz Həşimovun bəstələdiyi mahnıları bizim gözəl sənətkarlarımız Nəzakət Teymurovayla Ehtiram Hüseynovun ifasında ilk dəfə dinləyəndə çox təsirləndim. Elə bilirəm ki, konsertdə o mahnıları ilk dəfə dinləyən, eşidən tamaşaçılar da təsirlənəcək, xoş duyğular keçirəcəklər. Ümumiyyətlə, konsert çox fərqlidir. Hardasa bir az rep estetikasına yaxındır. Mahnılar, şeirlər iç-içədir. Şeirləri YUĞ Dövlət Teatrının aktyorları deyirlər. Konsertin rejissoru mənim əziz dostum rəhmətlik Vaqif İbrahimoğlunun tələbəsi Mir Sahib Ağazadədir. Musiqiçilər də, başda bizim əziz sənətkarımız Əliağa Sədiyev olmaqla çox yüksək səviyyəli peşəkarlardır. Ən maraqlısı isə odur ki, mənim çox sevdiyim hər iki müğənnini - Nəzakət xanımı da, Ehtiram bəyi də bu konsertdə tamamilə fərqli yöndən görəcəksiniz".

Bütün bunlardan sonra bizi çox maraqlı və qeyri-adi bir konsertin gözlədiyinə inanmamaq olmaz. Əminliklə demək olar ki, "Qəfil gün doğsa bir gecə" konserti yalnız Ramiz Rövşən sevərlər üçün deyil, eləcə də ədəbiyyat və musiqi sevdalıları üçün unudulmaz olacaq. Hər birinizi konsertdə görmək ümidilə...

Şahanə MÜŞFİQ

 





09.12.2019    çap et  çap et