525.Az

Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur


 

Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2014-cü ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur. 

Dövlət başçısının tövsiyəsi ilə BBMM sadəcə ölkə daxilində deyil, eyni zamanda bir sıra xarici ölkələrdə də Azərbaycandakı etno-mədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata kecirilməsi, habelə  mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol mövzusunda konfranslar, dəyirmi masalar, seminarlar, təqdimatlar,  görüşlər həyata keçirib. Tədbirlərdə Azərbaycandakı etnik qruplar, onların əsrlər boyu qarşılıqlı anlaşma şəraitində yaşaması, eləcə də, multikultural cəmiyyətdəki inteqrasiya və idarəetmə siyasəti barədə geniş məlumat verilib, müzakirələr aparılıb.

2019-cu il ərzində ölkə daxilində gerçəkləşən 40-a yaxın yerli və beynəlxalq əhəmiyyətli  tədbir içərisində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Multikulturalizm Mərkəzinin 5 illiyinə həsr edilmiş yubiley mərasimi, “Holokost və Xocalı – müasirlərin gözü ilə” adlı dəyirmi masa, “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “1918-ci il mart soyqırımı və yəhudilər” mövzusunda II Beynəlxalq konfrans, V Ümumdünya mədəniyyətlərarası dialoq forumu çərçivəsində “Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti” mövzusunda beynəlxalq dəyirmi masa,  “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı dünya gənclərinin I Forumu, eləcə də, “Qafqaz Albaniyası : tarix və müasirlik kontekstində” mövzusunda II beynəlxalq elmi konfransı xüsusi qeyd etmək lazımdır.

Xarici ölkələrdə isə ABŞ-ın Arizona ştatında  baş tutan “Multikulturalizm harmoniya və sülhün açarı” adlı beynəlxalq konfrans,  Los - Anceles şəhərində  “Azərbaycan multikulturalizm modeli”nə həsr olunmuş dəyirmi masa, Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə Parisdə keçirilən beynəlxalq tədbir, Almaniyanın Pirna və Drezden Universitetlərində “Cənubi Qafqazda almanların məskunlaşması”, Mərakeş Krallığının İbn Zöhr və Cadi Ayyad Universitetlərində isə “Azərbaycanda dini, etnik, dil müxtəlifliyi və tolerantlıq”, “Azərbaycan multikulturalizm modeli dünya ölkələrinə nümunə kimi” mövzularında təqdim edilən mühazirələr, Ümumukrayna esse müsabiqəsi, Braziliya, Argentina və Uruqvayın ali təhsil ocaqlarında təşkil olunmuş silsilə multikulturalizm seminarları və digər bu qəbildən olan tədbirlər geniş rezonans doğurmuşdu. Bundan başqa, 2019-cu ildə Mərkəzin 9-cu nümayəndəliyi Rumıniyada açılmışdır. Bütün nümayəndəliklərdə ölkəmizlə bağlı əlamətdar günlər xüsusi tədbirlərlə qeyd edilmişdir.

Ənənəvi olaraq, hər il həyata keçirilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərində bu il müxtəlif ölkələrdən, eləcə də Azərbaycandan  200 nəfərədək gənc iştirak etmişdir. Artıq IX dəfə təşkil olunan Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəblərinə bir sıra beynəlxalq qurumlar və fondalar da həmtəşkilatçı kimi qoşulmuşdur.

BBMM və XİN nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin birgə həyata keçirdiyi “Xarici təqdiqatçılar” layihəsi çərçivəsində qazaxıstanlı tarixçi və jurnalist Arman Süleymanov, eləcə də Mərakeş Krallığından olan araşdırmaçı jurnalist Feysəl Əl-Daoudi Mərkəzdə 2 ay müddətində Azərbaycan multikulturalizmi ilə bağlı müstəqil araşdırma aparmış və hesabat təqdim etmişlər.

Cari ildə Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti qrant müsabiqəsi üçün əməkdalığı çərçivəsində QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunmuş və müsabiqə elan edilmişdir.

BBMM-in 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində hazırda dünyanın 21 aparıcı universitetində (Bolqarıstan, Rusiya, Çexiya, Litva, Almaniya, İndoneziya, Gürcüstan, Portuqaliya, Polşa, Türkiyə, İtaliya, İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Ruminiya, Braziliya) “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur. 2019-cu il ərzində  9 xarici ölkə universitetində (La Sapienza Universiteti – İtaliya, Ural Federal Universiteti - Rusiya, Aleksandr İoan Kuza Universiteti – Rumıniya, İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universiteti – Gürcüstan, Şri Şri Universiteti –

Hindistan,  Hokkaydo Universiteti - Yaponiya, Vrotslav Universiteti     - Polşa, Braziliya Federal Universiteti – Braziliya, Erciyəs Universiteti - Türkiyə) Azərbaycan multikulturalzimi fənninin tədrisi davam etmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə 2019-2020-ci tədris ilindən etibarən, ölkəmizin bütün universitetlərində və bütün ixtisaslar üzrə “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunmağa başlanmışdır. Bu ilin sentyabrında fənni tədris edəcək müəllimlər üçün treninqlər təşkil edilmişdir. Eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə hazırladığı "Multikulturalizmə giriş" dərsliyi ictimaiyyətə təqdim olunmuşdur.

Cari ildə də Multikulturalizm Mərkəzi multikulturalizm sahəsində aparılan araşdırmaların, eləcə də bu istiqamətdə təşkil olunan yerli və xarici konfrans materiallarının nəşrini də həyata keçirmişdir. Fransız, italiyan və ispan dillərinə tərcümə edilərək nəşr olunmuş “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Multikulturalizmin Azərbaycan modeli haqqında”, BBMM-in Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təqdim etdiyi ingilis dilində hazırlanmış "Azərbaycan Multikulturalizmi. Etnik müxtəliflik xəzinəsi", Azərbaycan, rus və  ingilis dillərində nəşr olunmuş “Qafqaz Albaniyasının etno-mədəni irsi” adlı kitablar, habelə ali məktəblər üçün rus dilində “Azərbaycan multikulturalizmi” adlı dərs vəsaiti də 2019-cu ildə işıq üzü görmüşdür. Azərbaycan, rus və ingilis dillərində təqdim olunan “Multikulturalizm” jurnalının nəşri cari ildə də davam etdirilmişdir      .

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu il ərzindəki fəaliyyəti, layihələr çərçivəsində həyata keçirdiyi tədbirlər müntəzəm olaraq, yerli telekanallar tərəfindən işıqlandırılmışdır. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTac), eləcə də yerli mətbuat orqanları və  onların internet səhifələrində BBMM-in ölkə daxilində, habelə xaricdə keçirilən bütün tədbirləri haqda məlumatlar davamlı olaraq dərc edilərək yayılmışdır.

2018-ci ilin oktyabr ayından etibarən yayımlanan və BBMM-in Azərbaycan Televiziyası ilə birgə telelayihəsi olan “Multikulturalizm” verilişi 2019-cu ildə davam etmişdir. Ayda iki dəfə olmaqla il ərzində 20 televiziya verilişi hazırlanaraq efirə verilmişdir. Verilişlərdə BBMM-in fəaliyyəti - görülən işlər, həyata keçirilən layihələrlə yanaşı, bütövlükdə Azərbaycanın multikulturalizm siyasəti öz əksini tapmışdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  2019-ci il ərzində fəaliyyəti barədə bütün informasiya məlumatları Mərkəzin  3 dildə - azərbaycan, rus və ingilis dillərində yayılan http://multikulturalizm.gov.az rəsmi saytında, eləcə də rəsmi facebook, Twitter və Youtube səhifəsində yerləşdirilmişdir. 

Billurə Aslanqızı
BBMM-in aparıcı məsləhətçisi

 





10.12.2019    çap et  çap et