525.Az

İllərin al-veri.., yaxud ömür sarayı - Esse


 

İllərin al-veri.., yaxud ömür sarayı - <b style="color:red">Esse </b>

İnsan gənc olanda hələ nələr olacaq, arzularımı həyata keçirmək üçün önümdə uzun illər var deyir. Bir də gözünü açır ki, artıq "bu illər ərzində nə edə bildim?" - deyə düşünür.

Beləcə, aylar, illər bir-birini qova-qova ömür adlı bir tarixçə yaranır. Amma nədənsə həmişə bu zaman axını bəzən kədər, ruh düşkünlüyü yaradır və belə bir fikir formalaşır ki, keçmiş gələcəkdən daha dəyərli, daha maraqlıdır. Hətta atalarımız da deyib ki, "ötən günə gün çatmaz, calasan günü günə". Yaxud bir nəğmədə oxuyurlar:

Keçən günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim.

Mübahisə eləmirəm, ancaq anlamıram ki, niyə gələcəyi keçmişə bənzətmək istəyirlər, onu təkrar yaşamaq istəyirlər. Bəs bu gələcək nə vaxt gələcək? Əlbəttə, illər artır, bir gün gəlir bədən zəifləyir, arzular tükənir, sonunun gəldiyini hiss edirsən. Bəlkə də belə bir hissin məhsuludur bu bayatı:

Lələnin harayından,
El yatmaz harayından.
Gündə bir kərpic düşür,
Ömrümün sarayından. 

Ancaq məsələnin başqa bir tərəfi də var axı və onu görməz gözə qoymaq olmaz. Bu bayatını hər dinləyəndə düşünürəm: illər ötdükcə insan ömrünün sarayı qurulur, yoxsa sökülür? Axı, insan doğulanda hazır bir sarayda oturmur ki, illərlə o da sökülə və bu dünyadan köçən insan xarabalıqdan yola düşə? İllərlə qurub yaradan insanın ömür sarayının kərpicləri niyə düşsün? Bəs elə isə illər insandan nə alıb, nə verir? Bu alış-verişin mahiyyəti nədir? Leonardo da Vinçinin məşhur bir kəlamı var: "Gənclikdə elə bir şey qazan ki, qocalığın illər ərzində verdiyi zərəri qarşılaya bilsin. Anlayanda ki, qocalığın qidası müdriklikdir, gənclikdə elə et ki, qocalığın ac qalmasın". Əcəba, insanlar "ac qalandamı" keçmişi arzulayırlar? Zərəri xeyrindən çox olandamı ömür sarayının kərpicləri laxlayır? Bir balaca dərinə gedək...

Bütün dinlərdə ortaq bir fikir var - bu maddi dünya bir sınaq müddətidir. Və burada mütləq iki həyat yolundan danışılır: maddi və ruhani. Hətta Xristianlıqda buna iki cür doğulmaq deyilir: nəslin artmasını və davam etməsini təmin etmək üçün iki insanın əlaqəsindən dünyaya gəlmək və sırf fərdi ruh olaraq "göylərdə" doğulmaq. Birincini çox vaxt günahla, rəzilliklə eyniləşdirdiklərinə görə, bəzən onu sevincli gün kimi qeyd etmək günah sayılır. O da xüsusilə vurğulanır ki, yalnız İlahi qanunlara riayət edənlərin "həyat ağacına ixtiyarı çatır" (Apokal. 22:14). Vacib olan məhz ikinci doğuluşdur - "dərk edəndə ki, İsa onun üçün əzab çəkib, onun yerinə əzablı ölümü qəbul edib... İnsan dərk edəndə ki, Rəbbi onu necə çox sevir ki, belə bir qurbana gedib..." (Matv. 5:40). Qurani Kərimdə də mahiyyətcə oxşar fikirlərə rast gəlmək olur. Buradan da məlum olur ki, "insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa" (Quran 103/2-3). Xristianlar insanoğlunun daim ilk günah daşıyıcısı olduğunu və bundan qurtulmaq üçün ömrü boyu İsa Məsihə - bütün insanların günahını öz boynuna götürən şəxsə dua etməlidir. Yəni insan doğulanda özündən də böyük bir günah artıq onu gözləyir. O da onu yüklənib düzəlir bu ağır, zülmlü yola. İslamda isə insan heç bir günahla yüklənmir, ancaq burada da çox incə bir məqam var. Qurani Kərimin dediyinə görə, maddi olaraq "insanı nütfədən yaratdıq" (Quran 16/4). "Daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq tək xəlq etdik" (Quranı 23/14). Ruh gələcək insana daha sonra üflənir, yəni heç ana bətnində də ruh və bədən sinxron deyil. Deməli, insanın maddi varoluşu onun ruhani doğuluşu ilə üst-üstə düşmür. "Kitabi Dədə Qorqud"da əhəmiyyətli bir məqam var: bir şəxs özünü cəmiyyətə tanıtmayana, ruhunun nəyə qadir olduğunu göstərməyənə qədər ona ad verilməzdi. Məhz özünü tanıdandan sonra biri Boz ayğırlı Bamsı Beyrək, biri Buğac, o biri də Şir Şəmsəddin adına layiq görülüb. Əslində, onların adları məhz bu məqamdan sonra xalqın dastanına yazılmağa başlayır. Maraqlıdır ki, məsələyə bu baxış bucağından baxanda, belə qənaətə gəlmək olur ki, xalq eposları, dastanlar məhz ikinci doğuluşunu yaşaya bilmiş şəxlərin həyat nəqlidir - onların savaşlarının, mübarizələrinin, sevgilərinin, nifrətlərinin.

Başda verdiyimiz suala təkrar qayıdaq: həyat - saray tikməkdir, yoxsa hazır binanın günbəgün, kərpic-kərpic sökülməsi? Hər şeydən əvvəl bir həqiqətlə yola çıxaq ki, ruh və bədənin doğuluşu fərqli olduğu üçün onların tikdikləri binalar da fərqlidir.

Qurani Kərimdə deyildiyinə görə, "Hər bir kəs qazandığının girovuna çevrilir" (Quran 74/38). Bunu belə də ifadə etmək olar: insan tikdiyi, memarı olduğu evin sakinidir. Təbii ki, hər kəs öz ömür sarayını öz düşüncəsinə, mənəviyyatına uyğun tikir. Hətta bir körpə də özü boyda tikilinin sahibidir. Deməli, birmənalı olaraq, həyat tikməkdir, kərpic üstə kərpic qoymaqdır. Və hər insan ömrü boyu iki ev tikməli olur: biri daşdan, digəri mənəviyyatdan. Qurani Kərimdə də buyurur ki, "Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir" (Quran 18/46). Qəribədir... hər nə qədər real maddi evlə, ömür sarayının memarı insan özü olsa da, onların arasında bədənlə ruh qədər fərq daim qalır. Ancaq bir şey dəqiq məlumdur ki, ömür sarayı adlanmağa məhz ikinci layiqdir. Niyəsini deyək.

Bəzən görürsən, möhtəşəm villada kef edən bir insanın ömür sarayı uşağın qurduğu qum evcikdən də kövrəkmiş. Gecə-gündüz hər kəsi inandırır ki, topdağıtmaz "imarəti" var, amma illər sübut edir ki, əsl evi gecəqondudan da bərbad durumda imiş. Necə ki, belə tikililər olduqları məkanın estetik görkəminə xələl gətirir, ümumi ab-havasına üfunət qatır, eləcə də bu "insanlar" var olduqları tarixi səhifənin ləkəsinə çevrilir, yad səs kimi ümumi ahəngi pozur. Xalqın özünübərpa proqramı ilk imkanda ondan xilas olur. Elə insan da var ki, kiçik bir otaqda, dörd divar arasında, hətta pianinosunun arxasında, ya da səliqəsiz emalatxanasında özünə elə bir imarət ucaldır ki, zaman belə çökür onun qarşısında.

Bəzən birinin tikdiyi sarayda onun yaxını, övladı rahat-rahat yaşamağa iddialanır. Atasının ad-sanı, qazandığı hörməti halal dədə malı kimi xərcləmək istəyir. Yəni onu maddi sarayla səhv salır və unudur ki, öz ömür sarayını tikməlidir, yoxsa "çöldə qalar". Bəlkə də bu səbəbdən deyirlər ki, "təbiət dahilərin övladlarında dincəlir". Çox maraqlıdır, başqasının imarətində məskunlaşmaq istəyənin öz ruhu, heç olmasa, doğulurmu? Doğulsa, divarsız bir evdə oturduğunu dərk edərdi. Deməli, doğulmur, elə ölü qalır. İşin ən dəhşətli tərəfi budur ki, ömür sarayı anlayışının təhrifi o biri dünyaya köç edəndən sonra da davam edir, bu dəfə yaxınları tərəfindən. Vətəninə necə bir daş olduğuna deyil, sandığındakı daş-qaşına güvənib onun son mənzilinin başına sal bir daş.., bir qara mərmər qoymaqla borcu ödəmiş zənn edirlər. Ancaq anlamırlar ki, bu quru mərmərin onun özünün qurduğu ömür sarayına heç bir dəxli, yaxından-uzaqdan bənzəyişi, təsiri belə yoxdu.

Ömür sarayları fərqli olur. Bəzisi tək otaqlı mənzildir, təkadamlıqdır - insan doğulur, bəlli müddət ərzində mövcud olur və çıxır gedir bu dünyadan. Belələrinin ömrünü yataqxananın bir otağına, yaxud kirayə götürülmüş mənzilə də oxşatmaq olar. Bəziləri daha böyük ev qurur, yalnız öz adına, elinə yox, xalqına da bir xidmət göstərmiş olur. Çünki ondan sonra bu ev bir qürur mənbəyinə, ləyaqət nümunəsinə, qəhrəmanlıq abidəsinə çevrilir. Lap milli qəhrəmanların ömür sarayı kimi. Maraqlıdır ki, vətəni, xalqı üçün canından keçən belə şəxsiyyətlərin imarəti sanki bir göz qırpımında ucalır. Hətta doğmaları onun bu dünyadan erkən köçməyinə yanıb-yaxılsalar da, çox keçmədən həmin möhtəşəm abidənin şahidi olurlar, heyran qalırlar. Anlayırlar ki, belə bina inşa edən yalnız onlara yox, bütün xalqa mənsubmuş.

Bəzilərinin tikdiyi ömür sarayı elə bir şedevrə çevrilir ki, bütün bəşəriyyət ondan yararlana bilir - bir tarixi və ya sənət muzeyi kimi. Adətən böyük muzeylərə gedəndə oranın kiçik modelini alırıq, xatirə üçün. Elə şəxslər var ki, onların ömür sarayına ayaq basanda könlümüzdə o sarayın modelinin əksi düşür, qazınır. Təsəvvür edin ki, Platonun "mağarası" əsrlərdir hikmət mənbəyidir. Yaxud Bethovenin notlardan qurduğu saray özü boyda bir kamertondur - çoxları ürəyinin simlərini ona uyğun kökləyir. Eynşteynin, Teslanın formullardan qurulmuş divarlarının dibində yuxusuz gecələr keçirənlər reallığı belə unudurlar. Az əvvəl dastanlar haqqında dediyimiz həqiqət burada da keçərlidir: belə möhtəşəm abidələrin sütunları xalqın, hətta bəşəriyyətin varlığının təminatıdır. İnsanlıq, ülviyyət, müqəddəslik duyğusu belə saraylarda yaşayır axı.

İnsan ömrü ilk baxışda dəqiqələr, saatlar, illərdir. Əslində, zamanın axını dayanıqlı olmadığına görə, onun nə isə inşa etməsi qeyri-mümkündür. Bəli, yuyub apara, dağıda bilər. Ancaq tikə bilməz. Əcəba, bayatı doğrumu söyləyir? Xeyr. Tikən zaman deyil, onun özü ilə gətirdiyi hikmətdir. Bu axında hər kəs özünə aid "tikinti materialı" tapa bilir. Bax, elə ki, o axını özbaşına qoydun, özünü onun hökmünə verdin, onda nəinki tikdiklərini yuyub aparar, heç yerində ot-əncərin bitməyinə də imkan verməz.

Qayıdaq tikinti materiallarına. Əsrlərdir insanoğlu zamanın ona gətirdiyi hikmətləri yazmaq üçün necə kəşflər edib: daş, papirus, perqament, ipək, heyvan dərisi, nəhayət, bizə bu gün məlum olan adi kağız. Bu kitabələr, yazılar bir şəxsin, bir elin-obanın ömür kitabı olur və onlarla tanışlıq həmin dövrün mənzərəsini canlandırmağa imkan verir. Beləcə bir "kitabın" yazılarının sətirləri altında neçə ömrün hekayətini oxumaq olur.

Bəli, maddi sarayların nədən tikilməsi onun ömrünün uzunluğunda, tətbiqində böyük rol oynayır, axı, etibarlı tikinti materialı həmin binanın da etibarı deməkdir. Ömür sarayı könül gözü ilə görüldüyünə görə, düşünmək olar ki, daş-kərpic orda işləmir. Ancaq elə deyil. Hər şeydən əvvəl, bu sarayın memarı, hələ Zərdüşt peyğəmbərdən bizə əmanət qalan müqəddəs üçlükdür: xoş niyyət, xoş söz və hər ikisini tamamlayan xoş əməl. Bunlardan biri vəhdəti pozanda o bina uçulmağa məhkum olur. Bu binanın tikinti materialı isə hikmətdən kəsilir. Bunlar hələ də sirri açılmayan Xeops ehramının çoxtonnajlı piltələri, yaxud Stounhenjin hələ də mahiyyəti anlaşılmaz qalan sütunları formasında da ola bilir, eramızdan əvvəl 4-cü əsrdə yaşayan Platonun bu gün də düyünləri açan dialoqlarındakı sözlər şəklində də. Fərqi yoxdur, daşdan ya taxtadan. Vacib olan budur ki, ömür sarayının "materialı" mütləq hikmətlə yoğrulmalıdır. Olmasa, onun sıradan bir bina ilə fərqi qalmır və bir gün sökülüb yerini başqa birinə verməyə məhkumdur. Dediyimizin ən yüksək nümunəsi kimi bir sevginin abidəsi olan Tac Mahalı xatırlatmasaq günah olar. Belə demək mümkündürsə, burada sadə mərmərə bir az sevgi, bir az hikmət qatılıb və həmin tikili dönüb olub "ömür sarayının" yerdə təcəssümü. Bəzən belə hikmət bütün dövrün ruhunu əks etdirir. Məsələn, erkən orta əsrlərdə Avropada böyük arxitekturalardan tutmuş kitabların tərtibatına qədər nüfuz edən qotika üsulu Renessansı Orta əsr üslubundan fərqləndirmək məqsədi daşıyırdı. Renessansın son dövrlərində dəbə düşən barokko isə zahiri təmtəraqla göz qamaşdırmaq, "zahiri zəifliyin arxasında böyük bir mənəvi güc var" ismarıcı idi. İstənilən tikilidə, yaxud sənət əsərində bu üslub ilk məlumatı çatdıran detallardır. Bunlar artıq bir şəxsin deyil, bütöv bir dövrün ruhunun "ömür sarayıdır".

Kimə isə uzun ömür verilir, kimə isə qısa. Vacib olan budur ki, hər birinin öz mənası, öz missiyası var. Qurani Kərimdə deyilir ki, "Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər? (Quran 36/68). Hərəyə bir zaman kəsiyi verilir, ancaq bu zaman kəsiyinin bir gizli hikməti olduğunu hər adam bilmir: iki tərəfdən məhdud olsa da, üstdən sonsuzluğa açıqdır. Bunu ilk dəfə mövləvixanaların tikiliş mexanizmini öyrənəndə dərk eləmişdim: dairəvi binanın qübbəsinin ortası açıq olur. Mərasim zamanı hər dərviş öz çevrəsi ətrafında fırlanmaqla yanaşı, həm də ümumi dairəyə qoşulur və bu kiçik zamanın içini ilahidən aldığı hikmətlə mümkün qədər, könlü tutduğu qədər doldurmağa çalışır. Beləcə bir anı əbədiyyətə çevirə bilir. Bu mərasim əslində, bütün bir ömrün modelidir. Zamanın nə qədər zəngin olarsa, bir o qədər tikdiyin binanın təkadamlıq yataqxana otağından böyüyüb bir saraya çevrilmək ehtimalı çox olur. Qurani Kərimdə deyilir ki, "Biz ona yolu göstərdik. İstəsə şükr edər, istəsə nankörlük edər" (Quran, 78/3). Beləcə, hər kəs bu dünyaya gələr, hərə öz (!) ömrünü yaşayar gedər. 

Bəli, ruh və bədənin doğulması və ölməsi fərqlidir. Kərpic-kərpic sökülən bədəndir, lap qocaldıqca bir-bir laxlayıb düşən dişlər kimi. Əvvəldən bu binanın gözəlliyinə aldanıb əsl ömür sarayını tikməyi unudanların vay halına... Zaman selinin hər şeyi silib süpürməyə gücü çatır, kərpicləri ilahi hikmətlə yoğrulmuş ömür sarayından başqa. Çünki onun inşası illərin al-verinin fövqündədir. 

 





10.12.2019    çap et  çap et