525.Az

Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası


 

Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası<b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Paris Füsunkar Yelenaya vurulduğuna görə vətəni Troyanı, onu viran qoyan müharibənin başlanmasına və acı nəticələr gətirməsinə səbəb olmuşdu. Böyük ailədən yalnız Priam sağ qalmışdı, iki oğlu - Hektor və Paris döyüşdə həlak olmuş, arvadı Gekuba və qızı Kassandra işğalçı yunanlar tərəfindən əsir götürülmüşdü. Ona görə də Priamın taleyi tarixdə qarğış, lənət rəmzi kimi istifadə olunur. VIII Henrinin övladları da taxt-taca yüksəlsələr də, bədbəxt oldular, VI Eduard ailə qurmamış, qızı I Mariya dünyaya övlad gətirməmiş, Elizabet isə ərə getməməklə övladsız taleyi yaşamaqla həyatdan getmişdilər. Bəlkə də, lap elə sülalənin banisi VII Henrinin üzərinə düşən lənət, Yorkçulara qarşı qəddarlığı, bu, nəzərə alınmasa belə, sülalənin taleyində az rol oynamamışdı. VIII Henrinin təkcə arvadlarının deyil, həm də dövrün məşhur xadimləri və ziyalıları olan böyük mütəfəkkir Tomas Morun və yepiskop Con Fişerin ölümünə bais olması heç də onun ailəsinə xoşbəxtlik gətirə bilməzdi. Onun özü də ömrünün son 11 ilini dəhşətli ağrılarla və xəstəliklərlə mübarizədə keçirmişdi.

Onun bacısı Marqaret də, elə bil ki, bədbəxtlik mənbəyi, talesizlik simvolu idi. O, Şotland kralı olan əri ilə on il yaşamış, kral IV Ceyms İngiltərəyə qarşı başladığı müharibədə həlak olmuşdu. Sonra qadın iki dəfə ərə getməklə, həyatında böyük çətinliklər yaratmışdı. Onun oğlu, kral V Ceyms körpə ikən taxt-taca çıxsa da, yeniyetməliyini dustaqda saxlanmaqla və digər çətinliklər içərisində keçirmiş, anasının və Olbani hersoqunun regentliyindən azad olub, müstəqil idarəçiliyə başlasa da, atası kimi İngiltərə ilə müharibəyə girişmiş, məğlub olmuş və az sonra 30 yaşında ölmüşdü. Onun 6 gün əvvəl doğulmuş qızı Mariya Styuart kraliça elan edilmişdi. Marqaretin nəvəsi olan bu qızın taleyi də ağır olmuş, fransız printsi, sonrakı kral II Fransiskə ərə getmiş, evləndiklərindən bir qədər sonra əri ölmüşdü. Dul qadın kimi Mariya Styuart Şotlandiyaya qayıtmış, burada iki nəfərə ərə getmiş, gələcək Şotlandiya kralı VI Ceymsi - İngiltərə kralı I Ceymsi dünyaya gətirmiş, intriqalara aludə olduğundan iflasa uğramış və sığınacaq almaq üçün İngiltərəyə qaçmış, orada dustaq edilmiş və doqquz il sonra, 1587-ci ildə kraliça Elizabetə qarşı sui-qəsddə iştirak ittihamı üzrə təqsirləndirilərək edam edilmişdi. Marqaretin nəslinin bədbəxtlikləri bununla da yekunlaşmamışdır. Mariya Styuartın nəvəsi, I Ceymsin oğlu, İngiltərə kralı I Karl da, parlamentlə münaqişə zəminində başlanan inqilab nəticəsində 1649-cu ildə edam olunmuşdu.

İngiltərədə və Avropa dövlətləri tarixində kralın edam olunması ilk hadisə idi, lakin sonralar kiçik də olsa, bir ənənə şəklini aldı.

Tüdor sülaləsinin ailə üzvlərinin bədbəxtlikləri qədim yunan mifologiyasını yada salır, ona görə də ədəbiyyatın da diqqətindən kənarda qalmamışdır. Sülalələr bir-birini əvəz etdi, 1714-cü ildə kraliça Annanın ölümü ilə Styuartlar sülaləsinə də son qoyuldu, heç bir varis olmadığından, alman qohumları olan I Corc - Hanoverlər sülaləsi İngiltərə taxt-tacına çıxdı. Bu sülalənin adı I Dünya müharibəsi vaxtı almanlarla ingilislərin düşmən kimi vuruşmalarına görə dəyişdirilib, Vindzor sülaləsi adlansa da, indiyədək taxt-tacda qalmaqla, İngiltərədə ən uzun ömürlü sülaləyə çevrildi, onun artıq 300 ildən yuxarı yaşı vardır.

Şotlandiya kralı IV Ceymsin öz arvadı Marqaretə, Tüdorlar nəslinin və ata qatili kimi özünün də lənətə gəlməsi barədə dəfələrlə dedikləri heç də əbəs deyildi, sonrakı hadisələr onun öncə görməsini, demək olar ki, bütünlüklə təsdiq etdi. Həqiqətən də Tüdor sülaləsi və Şotlandiya kralnın özü və ailəsi çox sayda bədbəxtliklərlə üzləşməli oldu. Lənətə gəlməni bəziləri mistika əlaməti, onun ortaya atılmasını cəhalət nümunəsi hesab edir. Əgər tarix boyu real hadisələr bunu təsdiq edirsə, onlara necə saxta bir izah yarlığı vurmaq olar. Bir sıra misallar lənətin ağır zərbəyə çevrildiyini heç bir şübhəyə yol verilmədən sübut edir.

Bizim eradan əvvəl XIII əsrdə, Homerin də "İliada"da yazdığı kimi Troyanı məhv edən Aqamemnonun törətdiyi amansızlıqlar cavabsız qalmamış, onun  ailəsində ardıcıl faciələr baş vermişdi. Ata qızını Troyaya yollanarkən allahlara qurban vermiş, arvadı qızının qisasını almaq üçün on il sonra vətəninə qayıdan ərini məşuqu ilə birlikdə öldürmüş, sonra atanın qisası naminə oğul Orest öz doğma anası Klitemnestranı və onun məşuqunu qətlə yetirmişdi. Lənətə gəlmiş ailədən ata, ana və qız övladı vaxtından əvvəl həyatla vidalaşmalı olmuşdu.

Qədim Romada vətəndaş müharibələri vaxtı dövlət hakimiyyətini tutmaq üçün b.e.ə. 60-cı ildə Qney Pompey, Yuli Sezar və Mark Krass birinci Triumvirat adlanan ittifaq yaratdılar və çox şeyə nail oldular. Lakin hər üçü böyük ambitsiyalarla yaşadığından Triumvirat 53-cü ildə dağıldı. Onlar öz əməlləri ilə lənətə gəlmişdilər və həyatlarını acı sonluqla başa vurdular.

Mark Krass qətllərdən ilham alan diktator Sullanın tərəfdarı kimi edamlardan və proskriptsiya siyahısına düşənlərin əmlaklarının müsadirəsindən böyük var-dövlət toplamışdı. B.e.ə. 71-ci ildə isə çox qan tökməklə Spartak üsyanını yatırtmışdı. O, Appi yolunun üstündə Kapuyadan Romaya qədər olan 130 km məsafədə əsir götürülmüş 6 min qulu çarmıxa çəkdirmişdi. Romada ən qatı düşmənlər üzərində də belə dəhşətli cəza tətbiq edilməmişdi. Krass 53-cü ildə Mesopotamiyada parfiyalılarla döyüşdə məğlubiyyətə uğramış, özü də həlak olmuşdu. Düşmən Krassın başını teatr səhnəsində dığırladıb, əhalini əyləndirirdi.

Qney Pompey (Böyük Pompey) də lənətin nəticəsi olan faciədən yaxa qurtara bilmədi. O da gəncliyində Sulla tərəfdarı olmuş, Spartak qul üsyanının yatırılmasında iştirak etmişdi. Axır mərhələdə üsyançılarla vuruşsa da, onunla öyünürdü ki, bu zərərli alaq otunu kökündən məhz o çıxarmışdır. 49-cu ilin yanvarında Yuli Sezar qanuna məhəl qoymayaraq Rubikonu keçib, Romanın dövlət ərazisinə girdikdə, ölkədə vətəndaş müharibəsi başlandı. Sezar Romaya doğru irəliləyəndə Pompey panikaya düşüb, tərəfdarları və hərbi dəstəsi ilə birlikdə Yunanıstana qaçdı. Sezar onun arxasına düşdü və 48-ci ildə Fessaliyadakı Farsal döyüşündə Pompey qüvvələrini məğlubiyyətə uğratdı. Pompey bu dəfə Misirə qaçdı və Ptolomey sülaləsinin axırıncı gənc çarının göstərişi ilə orada öldürüldü. Onun başı Aleksandriyaya gələn Sezara hədiyyə kimi verildi. Krass və Pompey təkcə öldürülməmişdi, onların kəsilmiş başları müvafiq olaraq təhqir və hədiyyə əşyasına çevrilmişdi.

Yuli Sezar b.e.ə. 58-51-ci illərdə Alp dağlarından şimaldakı bütün Qalliyanı Romaya tabe etdirmişdi. 49-45-ci illərdə Pompeyin tərəfdarlarını darmadağın etdi və mühüm dövlət vəzifələrini öz əlində cəmləşdirdi. O, faktiki olaraq monarxa çevrilmişdi, 44-cü ildə ömürlük diktator elan edilmişdi. Lakin respublika quruluşunun qatı tərəfdarları buna dözməyib, qəsd hazırladılar və 44-cü ilin martında Sezarı Senat binasında qətlə yetirdilər. Sezarın ölü bədəni Pompeyin büstünün aşağısında uzanmışdı. Nəhayət, çarlıq eşqinə düşən Sezar da hədsiz ambitsiyasının qurbanına çevrildi. Digər tərəfdən, Sezar heç də az qanlar axıtmamışdı. Tarixçi Plutarxın yazdığına görə, Sezar Qalliyada hücumla 800 şəhər tutmuş, 300 tayfanı özünə tabe etmiş, 3 milyon nəfərdən ibarət düşmənlə vuruşmuş, onlardan 1 milyonunu döyüş cəbhəsində məhv etmiş və həmin saydada adamı əsir götürmüşdü. Göründüyü kimi, Sezar Qalliyanı qan gölünə çevimişdi.

Qədim Romanın üç görkəmli xadimi öz dəhşətli əməllərinin haqqını ödəmək məcburiyyətində qalaraq, ömürlərini faciəli şəkildə baş vurmuşlar, məgər bu, azmı şeyi deyir.

Roma imperatorlarının xeyli hissəsi də öz sələfləri kimi ömürlərini qətllərlə, intiharla başa vurmuşdu. Kaliqula öldürülmüş, Klavdini arvadı Aqrippina zəhərləyib öldürmüş, Neron özünü intihar etmişdi. Onun ölümündən sonra baş verən Aralıq dövründə - b.e. 69-cu ilində üç imperator - Qalba, Otto və Vitelli bu vəzifəyə elan edildiklərindən az sonra öldürülmüşdülər.

Rusiya çarları da Roma imperatorlarının taleyini yaşamalı olmuşdular. III Pyotr arvadı II Yekaterinanın təşkil etdiyi qəsd nəticəsində devrilmiş və qətlə yetirilmişdi.  İmperatriçə II Yekaterinanın oğlu, çar Pavel öz oğlu I Aleksandrın razılığı ilə qurulan qəsd nəticəsində həyatdan getmişdi. Napoleon üzərində qələbənin mühüm müəlliflərindən biri olan I Aleksandrın özünün ölümü də müəmma pərdəsinə bürünmüşdü. Onun 1925-ci ilin sonunda yoxa çıxması barədə ölkədə şayiələr gəzirdi. Ölümündən əvvəl imperatorun ruhi sağlamlığı həqiqətən də pozulmuşdu, ətrafındakılardan daha çox şübhələnir və daha dindar olmuşdu. Bəzi tarixçilər belə nəticəyə gəlmişlər ki, bu, şizofreniyanın bir növüdür. 1925-ci ilin avqustunda arvadının şiddətlənən xəstəliyinə görə Rusiyanın cənubuna səfər etmişdi. 19 noyabrda (1 dekabrda) Taqanroqda tif xəstəliyindən ölmüşdü. Lakin şayiələrə görə, o, ölməmiş, başqa ad altında rahibə çevrilmişdi. I Nikolay Krım müharibəsindəki ağır məğlubiyyətə dözə bilməmiş, 1855-ci ildə ölmüşdü. Çar II Aleksandr xalqçılar tərəfindən 1881-ci ildə qətlə yetirilmişdi. Onun nəvəsi II Nikolay isə bolşeviklər tərəfindən arvadı və uşaqları ilə birlikdə 1918-ci ildə Yekaterinburqda güllələnmişdi. Görünür, Romanovlar sülaləsi lənətlənibmiş və 300 illik hökmranlıqdan sonra axırıncı varisinin də qətli ilə tarixdən silinmişdi.

Həmin XIX və XX əsrlərdə lənətlər bir sıra başqa dövlət rəhbərlərini də təqib etmişdi. 1848-ci ildən Avstriya impertoru olan Frants İosifin ailəsinə də ağır faciələr üz verirdi. Onun kiçik qardaşı I Maksimilian Habsburq 1864-cü ildə ingilis-fransız müdaxiləsi nəticəsində Meksikada prezident olmuşdu, 1867-ci ildə Meksikanın milli qəhrəmanı və prezidenti Benito Xuaresin göstərişi ilə güllələnmişdi. Frants İosifin gənc oğlu Rudolfla münasibətləri pis idi. Rudolf sevgilisini öldürməklə yanaşı, özü də intihar etmişdi. 1898-ci ildə Cenevrə gölünün sahilində imperatorun arvadına güllə atılmış və o ölmüşdü. Yaxın qohumu, ershersoq və imperatorluğa namizəd olan Frants Ferdinand arvadı ilə birlikdə 1914-cü ildə Sarayevoda gənc serb millətçisi Qavrila Printsip tərəfindən qətlə yetirilmişdi. Bu hadisədən I Dünya müharibəsinin başlanması üçün bəhanə kimi istifadə edilmişdi. İmperator Serbiyaya müharibə elan etməsi ilə I Dünya müharibəsinə start verilmişdi. Frants İosif iki il ərzində müharibənin dəhşətlərini müşahidə etmişdi. Müharibəni başlamaqla əslində, imperiyasının gələcək məhvinə imza atmışdı. 68 illik taxt-taca sahib olmasını 1916-cı ildəki ölümü ilə başa vuran Frants İosifdən sonra hakimiyyətə gələn I Karl I Dünya müharibəsindəki məğlubiyyət hesabına imperiyanın ləğv edilməsi ilə əlaqədar iki il sonra taxt-tacla vidalaşmalı olmuşdu və daha dörd il sonra 35 yaşında Portuqaliyaya məxsus olan Madeyra adasında sürgündə ölmüşdü.

(Ardı var)

 





10.12.2019    çap et  çap et