525.Az

“E-gov”dan “M-gov”a doğru


 

“E-gov”dan “M-gov”a doğru<b style="color:red"></b>

 Azərbaycanda elektron hökumətdən mobil hökumətə keçid başlayır. Hökumət bu addımı “Asan imza” vasitəsilə həyata keçirəcək.

 

Asan imza nədir?

 

Asan İmza (Mobil imza) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyi təsdiqləyən mobil identifikasiyadır. İmza bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir.

 

Asan İmza əslində elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SİM-kartıdır. Asan İmza (Mobil imza) ilə şəxsiyyəti təsdiq etmək və sənədlərə rəqəmsal imza atmaq olar.

 

Asan imza internet istifadəçiləri üçün güclü, bütöv rəqəmsal identifikasiyanın yaradılması üçün təşkilati və texniki tədbirlər toplusudur. İndi Azərbaycanın qabaqcıl mobil bazarında, təhlükəsizlik funksionallığının SIM karta daxil edilməsi ilə mobil telefonun fərdin kimliyini müəyyənləşdirməsi, kimliyinin qorunması və hüquqi cəhətdən əsaslandırılmış rəqəmsal “imzanın” yaradılması mümkündür.

 

İmzanı istifadə etmək üçün istifadəçilər xüsusi SIM kart (mobil operatorlarda mövcuddur) əldə etməli, əlavə təhlükəsizlik xidmətini isə ASAN-da və ya Vergilər Nazirliyində aktivləşdirməlidirlər. Artıq Asan İmza (Mobil imza) identifikasiya və rəqəmsal imzalama üçün hər hansı uyğun gələn internet saytında, yaxud başqa cihazlarda istifadə üçün hazırdır. Bu xidmət Açıq Açar İnfrastrukturuna (AAİ) uyğun olaraq həyata keçirilir və Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) ilə əməkdaşlıq əsasında mobil operatorlardan təqdim olunur.

 

Vergilər Nazirliyindən verilən məlumata görə, ASAN İmza 1 may 2013-cü il mayın 1-dən təqdim olunur.  Oktyabrın 30-na verilmiş "Asan İmza" sertifikatlarının sayı 21.423-dür.

 

Asan İmza (Mobil imza) xidmətini mümkün edən SIM-kartın əldə olunması

 

Asan İmza-ya müraciət etmək üçün sizə Asan İmza (Mobil imza) xidmətini mümkün edən SIM-kart lazımdır. Abunəçi olmaq üçün şəxsiyyət vəsiqə ilə (şəxsiyyət vəsiqəsi Asan İmza (Mobil imza) xidmətini aktivləşdirmək üçün lazımdır) “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən Azercell ofisinə, Azercell Ekspres və Müştəri Xidmətləri ofislərinə (yaxın gələcəkdə isə digər mobil operatorların ofislərinə) müraciət etmək oıar. Abunəçi olandan sonra istifadəçiyə mobil telefona daxil edilməli olan yeni Asan İmza (Mobil imza) SIM kartı verilir.

Asan İmza (Mobil imza) PIN kodları Asan İmza (Mobil imza) SIM kartının üzərində çap olunaraq, pozulan qat altında gizlədilir. Yeni Asan İmza (Mobil imza) SIM kartının pozulan sahəsi zədələnməməlidir. Yadda saxlayın ki, şəxsiyyətin təsdiqlənməsi üçün PIN1 və imza üçün yalnız PIN2 tələb olunur.

 

SIM kartda elektron imza sertifikatlarının aktivləşdirilməsi

 

Növbəti mərhələdə əldə edilən SIM kartda elektron imza sertifikatlarınızı aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edilməlidir. İstifadəçi özü ilə şəxsiyyəti təsdiqləyən sənədi gətirməlidir (FIN nömrəsini daxil edən). Sonra o sertifikatın alınması üçün müvafiq ərizəni doldurmalı və imzalamalıdır. Ərizə və digər sənədlərin formaları ilə ASXM-in saytının Sənədlər bölməsindən tanış olmaq olar. Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) qeydiyyat ərizənizi təsdiqləyəcək və istifadəçiyə aid məlumatı sistemə daxil edəcək. Daha sonra Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin (ASXM) qeydiyyat operatoru sizə Asan İmza-nın (Mobil imza) şərtlərini izah edəcək və Müqavilə formasını çap edəcək. Bu Müqavilə formasını imzalayan şəxs Asan İmza (Mobil imza) xidmətinin şərtlərini qəbul edir və müraciət etdiyi sertifikatları aldığını təsdiqləyir. Bununla sertifikatlar aktivləşdirilir və Asan İmza (Mobil imza) xidmətlərindən artıq istifadə edilə bilər.

 

Asan İmza (Mobil imza) elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün elektron imza sertifikatları və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Bu sertifikatdan yalnız şəxsi identifikasiya üçün istifadə oluna bilər. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

 

Əlavə məlumat almaq üçün ASXM-ə e-poçt vasitəsilə müraciət etmək və ya Azercell-in internet səhifəsindən yararlanmaq olar.

 

Asan İmza (Mobil imza) sertifikatları 3 il ərzində etibarlıdır.

 

Ümumi Problemlər

 

“Asan İmza (Mobile imza) vasitəsilə sənədləri necə imzalamalı?” imzalama təlimatının 6-cı mərhələsində, müəyyən səbəblərdən, mövcud sertifikatların siyahısının bərpası mümkün olmadıqda, neqativ vəziyyət yarana bilər. Qoşulma ilə əlaqədar problem mövcud ola bilər, lakin ən geniş yayılmış səbəb “Mobil nömrə” və ya “İstifadəçi İD-si” bölməsində səhvə yol verilməsindən və sistemin şəxsi təyin edə bilməməsindən irəli gəlir. Bu halda  internet əlaqəsini, “Mobil nömrə”ni və ya “İstifadəçi İD-si” bölməsini yoxlamaq tələb olunur.

 

 “Asan İmza (Mobile imza) vasitəsilə sənədləri necə imzalamalı?” imzalama təlimatının 7-ci mərhələsində açıqlanmış imzalama prosesi səhvlərin aşkarlanması barədə dialoqla başa çata bilər. Səhvlərin aşkarlanması barədə dialoqun yaranmasının ən çox rast gəlinən səbəbi “Ləğvetmə” (“Cancel”) düyməsinin seçilməsi ilə əlaqədardır. Səhvlər barədə təfərrüatları “Təfərrüatları göstərin” (“Show details…”) düyməsi basıldığı zamanı görünə bilər. “Bağlamaq” (“Close”) düyməsini basıldıqda, yenidən “Asan İmza (Mobile ID) vasitəsilə sənədləri necə imzalamalı?” imzalama təlimatının 5-ci mərhələsinə dönmək olar.

 

AsanDoc Təlimatının 2-ci mərhələsində hər hansı  sənədi açarkən, həmin sənəd AsanDoc formatında olmaya bilər. Bu halda səhv barədə mesajı görünəcək. “Təfərrüatları göstər…” (“Show details”) düyməsini seçməklə, səhvin yaranması səbəbi barədə daha ətraflı informasiya əldə etmək imkanı yaranır.

 

Asan İmza-nı nə üçün istifadə etmək olar?

 

Asan İmza (Mobil imza) ilə şəxsiyyətinizi təsdiq etmək və mobil telefondan istifadə edərək sənədləri imzalamaq mümkündür.

 

Müştərinin mobil telefonu və onlayn xidməti arasındakı məlumat mübadiləsi təhlükəsiz kodlu bağlantı vasitəsi ilə həyata keçirilir. Mobil telefonların çoxu Asan İmza (Mobil imza) xidmətinin istifadəsi üçün yararlıdır. İstifadəçinin mobil telefonu mobil rabitə şəbəkəsi mövcud olan yerdə dünyanın istənilən nöqtəsində istifadə oluna bilər.

 

Hökumət Asan İmza (Mobil imza) ilə demək olar ki, bütün maliyyə əməliyyatlarının elektron variantda həyata keçirilməsini təmin etmək niyyətindədir. Banklar da daxil olmaqla, maliyyə sektoru yeni yaradılan e-Azərbaycan üçün yaxşı zəmin ola bilər. Asan İmza (Mobil imza) ilə hər hansı səbəbdən e-imza smart kartı və ya e-İmza kartı mövcud olmadığı halda, ödəniş və m-parkinq həyata keçirmək, şirkət yaratmaq, vergi ödəyə, vergi bəyannamələrini göndərə, ictimai nəqliyyatdan və digər e-xidmətlərdən istifadə etmək olar. Bundan əlavə, tələbələr üçün m-formasında e-xidmətlər icra oluna bilər. Dövlət imtahanından keçmiş tələbə Asan İmza-dan (Mobil imza) istifadə edərək SMS göndərməklə, imtahan nəticələrini öz mobil telefonuna sifariş verə və nəticəni real zamanda görə bilər.

 

Ümumiyyətlə, bu xidmət sayəsində vətəndaşlar istər mobil telefon, istər kompüter və digər mobil qurğular vasitəsilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə edə bilərlər. Bütün dövlət və qeyri-dövlət qurumları, vətəndaşlar bu xidmətdən yararlanaraq bir-birilərinə imzalanan sənədləri göndərə biləcəklər. Bu isə nəticədə nağdsız ödənişlərin artmasına, vətəndaşla dövlət arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinə təkan verəcəkdir.

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mGov-un üstünlüyü aşağıdakılardır:

 

- Mobil  texnologiyalar vətəndaş – hökumət münasibətlərinin daha effektiv qurulmasına yardım edir, hökumət vətəndaşa daha yaxın olur.

 

- Mobil texnologiyalar xidmətlərin daha asan və rahat üsulla, distant olaraq əldə olunmasına kömək edir.

 

- Təmaslar aradan qalxır, korrupsiyanın qarşısının alınmasına kömək edir, vaxta qənaət edilir və s.

 

- Dövlət qurumu özəl sektorla əməkdaşlıq şəraitində bunu edirsə, bu özü də elə şəffaflıq və açıqlıqdır.

 

Osman Gündüz  hesab edir ki, aşağıdakı addımların atılması vacibdir: 

 

- İcra orqanları rəqabətli Mobil imza infrastrukturunun qurulmasına yardım etməli, akkreditasiya məsələlərində qısqanclıq olmamalıdır.

 

- Bütün xidmətlərin paralel olaraq mobil tətbiqlər üzərinə gətirilməsinə başlanmalıdır, mGov –la bağlı ciddi maliyyə təminatı olan konkret tədbirlər müəyyən olunmalıdır.

 

- Pərakəndə formada olan İnternet bankçılıq Mobil İmzaya inteqrasiya olunmalıdır.

 

- Mobil xidmətlər Portalı hazırlanmalıdır.

 

- Mobil xidmətlərə keçidlə bağlı mobil operatorlar, kontent operatorlar və dövlət qurumları arasında işbirliyi yaradılmalıdır.

 

- Maarifçilik işi təşkil olunmalıdır, konkret plan olmalıdır ki, əhalinin neçə faizi hansı müddətdə xidmətlərdən istifadəyəm başlayacaq.

 

- Xidmətlər və mallar üçün mobil ödəniş sistemi qururlmalıdır.

 

- Mobil imza əlçatan və sərfəli olmalıdır.

 

PressForum.az

 

 





07.11.2013    çap et  çap et