525.Az

Fuad Nağıyev: "Bakıda turistlər üçün dəstək mərkəzi yaradılacaq"


 

Fuad Nağıyev: "Bakıda turistlər üçün dəstək mərkəzi yaradılacaq"<b style="color:red"></b>

Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən Bakıda turistlər üçün dəstək mərkəzi yaradılacaq.

Bunu "APA-Economics"ə  Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, turistlər onları maraqlandıran məlumatları həm mərkəzdə, həm də istifadəyə veriləcək dörd rəqəmli “qaynar xətt” vasitəsilə əldə edə biləcəklər.

"Mərkəzin yerləşəcəyi yer artıq müəyyənləşib və konsepsiyası hazırlanıb. Hazırda mərkəzin digər dövlət qurumlarının da prosesdə iştirakını nəzərə alaraq fəaliyyətinə dair tələb olunan zəruri proqram təminatının yaradılması istiqamətində işlər aparılır. Düşünürük ki, bu mərkəz gələn ilin turizm mövsümünə qədər fəaliyyətə başlayacaq", - deyə F. Nağıyev qeyd edib.

Agentliyinin sədri əlavə edib ki, bu gün paytaxtda (Bakı Dənizkənarı Parkda, hava limanında və Nizami küçəsində) üç turizm informasiya mərkəzi fəaliyyət göstərir.

"Mərkəzlərdə Agentliyin əməkdaşları turistləri maraqlandıran mövzular ilə bağlı onları məlumatlandırırlar. Bəzən isə elə məsələlər olur ki, turistlərə  agentliyin səlahiyyətinə aid olmayan məsələlər ilə bağlı köməklik göstərə bilmirik. Yaradılmasını nəzərdə tutduğumuz dəstək mərkəzinin, informasiya mərkəzlərindən fərqli olaraq əsas funksiyası, turistlərin müraciətlərinin vahid mərkəzdən koordinasiya edilməsinə nail olmaqdır", - deyə, agentliyin sədri bildirib.

 





11.12.2019    çap et  çap et