525.Az

"Gəncədən Turan yoluna - Əhməd Cəfəroğlu" elmi konfransı Gəncədə davam edib - Foto


 

"Gəncədən Turan yoluna - Əhməd Cəfəroğlu" elmi konfransı Gəncədə davam edib - <b style="color:red">Foto</b>

Məşhur türkoloq-alim, dilçi, ədəbiyyatşünas, türkologiyanın müxtəlif sahələri üzrə 360-dan çox elmi əsərin müəllifi professor Əhməd Cəfəroğlunun 120 illik yubileyi ilə bağlı "Gəncədən Turan yoluna - Əhməd Cəfəroğlu" adlı üç günlük elmi-praktik konfrans öz işini bu gün Gəncə şəhərində davam etdirib.

Tədbir İstanbul Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Türk İş Adamları Birliyi (ATİB), İstanbul və Azərbaycanın "Türk ocağı"nın birgə təşkilatçılığı ilə həyata keçirilir.

Tədbirə Ə.Cəfəroğlunun qızı Nazan Cəfəroğlu Ölçər də qatılıb. Xatırladaq ki, Nazan xanım ilk dəfədir ki, atasının anadan olduğu Gəncə şəhərini görür.

Qeyd edək ki, konfrans dünən Bakıda keçirilən açılış mərasimi ilə işinə başlayıb. Bu gün tədbir Gəncə Dövlət Universitetində davam etdirilib. Toplantıda Türkiyə və Azərbaycandan olan alimlər, Gəncə Dövlət Universitetinin müəllim və tələbə heyəti iştirak edib.

Konfransın ikinci gününü giriş sözü ilə Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva açıb.

Prorektor, alimin qızı Nazan xanımı ata yurdu Gəncədə görməkdən fəxarət hissi keçirdiyini deyib. Qeyd edib ki, Ə.Cəfəroğlu kimi böyük bir alimi türk dünyasına bəxş etdiyi üçün Azərbaycan və Gəncə fəxr edir.

Daha sonra Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk çıxış edib.

O, Ə.Cəfəroğlunun elmi-siyasi fəaliyyətindən bəhs edərək deyib ki, alimin Səmərqənd, Kiyev, Bratislavadakı çalışmaları türk elmi üçün böyük töhfədir.

İstanbul "Türk ocağı"nın başqanı Cezmi Bayram bildirib ki, hər zaman Türk dünyasının firavanlığını, birliyini diləyən Ə.Cəfəroğlunun arzuları çin olur:

"Bu gün Əhməd bəyin doğulduğu Gəncədə toplanıb, belə bir tədbir keçirmək qürurvericidir. Əhməd bəy Türkiyəyə və Türk dünyasına böyük xidmətləri olan dəyərli alimimizdir. Onun qoyduğu elmi mirasa bütün Azərbaycan, Gəncə sahibdir".

C.Bayram qeyd edib ki, bugünədək dünyada təkbaşına ayaqda qalmağı bacaran dövlət yoxdur:

"Bu gün, Türk dünyasında ən sağlam dostluq, birlik Azərbaycan-Türkiyə birliyidir, qardaşlığıdır. Bu dostluq, qardaşlıq daimi davam edəcək".

C.Bayram daha sonra Azərbaycan "Türk ocağı"nın fəaliyyətindən danışaraq, Ə.Cəfəroğlu kimi böyük alimlə bağlı elmi konfransın təşkilatçılığında iştiraka görə təşəkkürünü bildirib.

Azərbaycan "Türk ocağı"nın başqanı, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı çıxış edərək bildirib ki, Gəncə bu gün tarixi günə şahidlik edir:

"Əhməd bəyin 120 illik yubleyi ilə bağlı bu gün Gəncə Dövlət Universitetində baş tutan tədbir, Azərbaycanın digər elm və təhsil ocaqlarında da keçirilməlidir. Ə.Cəfəroğlunun şəxsiyyəti və bütün elmi-siyasi fəaliyyəti haqqında Azərbaycan xalqına məlumat verilməlidir, bu böyük alim tanıdılmalıdır. Əhməd bəy hər zaman Azərbaycana, öz tarixi köklərinə bağlı insan, alim olub. Turan yolunda böyük işlər görmuş Ə.Cəfəroğlu, mübariz, mətin bir şəxsiyyət olub. Anadolunu qarış-qarış gəzmiş Əhməd bəy türk dilinin əsasını qoyan elm adamlarımızdan biridir".

A.Aşırlı vurğulayıb ki, Ə.Cəfəroğlu Avropaya gedib orada oxuyub:

"Almaniyada təhsil alan Əhməd bəy, orada doktorluğu müdafiə edib. Ömrünün demək olar ki, böyük hissəsini Azərbaycandan kənarda olsa da, heç vaxt doğma Vətənini unutmadı. "Yurd bilgisi" dərgisində Azərbaycan Cümhuriyyətinin müstəqilliyi ilə bağlı məqalələrlə çıxış edərək, müstəqillik üçün mübarizə apardı. Onun ən böyük istəyi Azərbaycanın müstəqilliyini görmək olub. Bu gün Əhməd bəyin ruhu şaddır ki, müstəqil Azərbaycanda, onun anadan olduğu Gəncədə, 120 illik yubleyi ilə bağlı konfrans keçirilir. Bu gün biz də xoşbəxtik ki, Əhməd bəyin arzuladığı müstəqil Azərbaycanda yaşayırıq, vurğunu olduğu üç rəngli bayrağımız ucalarda dalğalanır".

Konfransda ən maraqlı məqamlardan biri də, Ə.Cəfəroğlunun yadigarı, qızı Nazan xanımın çıxışı olub. İlk dəfədir ki, atasının yurdu Gəncədə olmaqdan qürur hissi keçirdiyini söyləyən Nazan xanım qeyd edib ki, çox duyğulu anlar yaşayır.

Alimin qızı ekranda görünən ağ-qara şəkillər vasitəsi ilə atasının həyat və fəaliyyətinə işıq salıb: "Atam çox çalışqan insan idi, onun bir dəqiqə belə boş vaxtı yox idi. Elm üçün, Türk dünyası üçün çox işlədi. Bununla yanaşı, atamın hər zaman qəlbi Azərbaycanla döyündü. Son nəfəsinə kimi, Azərbaycanın üç rəngli bayrağı başının üstündə oldu".

Ə.Cəfəroğlunun tələbəsi olmuş türkiyəli alim Nuri Yuce çıxış edərək, tələbəlik illərindən, Əhməd bəyin elmi fəaliyyətindən danışıb.

Daha sonra konfrans məruzəçilərin çıxışı ilə davam etdirilib.

Professor Fikrət Turan "Əhməd Cəfəroğlunun türk dili tarixi çalışmalarının metodologiyası", professor Nuri Ünlü "Cəfəroğlunun universitet dərsləri", doctor Nazan Ölçər "Cəfəroğlunun Anadolu arzularını derileme üsulları", professor Bədirxan Əhmədov "Əhməd Cəfəroğlu araşdırmalarında Azərbaycan ədəbiyyatının dövriləşməsi problemləri", Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova "Azərbaycan siyasi mühacirətinin istiqlalçı alimi - Əhməd Cəfəroğlu”, Tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Bağırzadə “Əhməd Cəfəroğlunun ictimai-siyasi mühiti: Gəncə XX əsrin əvvəllərində Azərbaycan
Milli Azadlıq Hərəkatının Mərkəzi kimi”, Filologiya üzrə fəlsəfə doktoru, Solmaz Məmmədova "Əhməd Cəfəroğlu və onun "Yurd bilgisi" dərgisi", Tarix üzrə fəlsəfə doktoru, Lətif Babayev "Əhməd Cəfəroğlu
yaradıcılığında Cümhuriyyət", Odər Əlizadə "Əhməd Cəfəroğlu fikir adamı və istiqlalçı alim kimi", professor Almaz Həsənqızı "Əhməd Cəfəroğlunun folklorşünaslıq irsi Sovet ideoloji basqıları kontekstində", Filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı "Əhməd Cəfəroğlunun radio çıxışları", Tarix üzrə elmlər doktoru, Nəsiman Yaqublu “Əhməd Cəfəroğlunun “Odlu Yurd” məcmuəsindəki yazıları”, Filologiya üzrə fəlsəfə doktoru, Qətibə Vaqifqızı "Əhməd Cəfəroğlu yaradıcılığında lüğətçilik məsələləri", Filologiya üzrə fəlsəfə doktoru, dossent Səba Namazova "Əhməd Cəfəroğlunun publisistikası", Baş müəllim Fatma Saralova "Əhməd Cəfəroğlunun dilçilik görüşləri" mövzüsunda məruzələri dinlənilib.

Konfransın sabah işini yekunlaşdıracaq.

 





11.12.2019    çap et  çap et